Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbə Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaradıb, bölgədə sülh və sabitliyin bərqərar olmasına zəmin formalaşdırıb.
Bunu AZƏRTAC-a açıqlamasında Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver bildirib.
“Uzun illər işğal altında qalan Qarabağda insanlar qətlə yetirilib, sağ qalanlar isə doğma yurdlarını tərk etməyə məcbur edilib. 28 il ərzində beynəlxalq ictimaiyyət problemin həlli istiqamətində real addımlar atmayıb, Avropa İttifaqı və Rusiya isə faktiki olaraq Ermənistanı himayə edib. Diplomatik masada həll olunmayan məsələ Prezident İlham Əliyevin liderliyi ilə hərbi-siyasi müstəvidə həllini tapıb. 44 günlük Qarabağ Zəfəri, əslində bir sülh əməliyyatıdır. Bu Qələbədən sonra Qafqaz coğrafiyasına sülh və sabitlik gəlib. Dünənə qədər atəş səslərinin eşidildiyi bu torpaqlarda bu gün quruculuq işləri aparılır. İnanıram ki, yaxın illərdə Şuşa, Ağdam, Füzuli müasir və inkişaf etmiş şəhərlərə çevriləcək”, - deyə Akkan Suver bildirib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması regionun Asiya ilə Avropa arasında mühüm nəqliyyat və iqtisadi körpüyə çevrilməsinə imkan yaradacaq. “Bu proses bütövlükdə Cənubi Qafqazda rifahın və davamlı inkişafın əsasını qoyur. Yaranmış yeni reallıq bəzi regional və regiondankənar gücləri narahat edir. Bu gün baş verənlər region dövlətlərinin deyil, məhz kənar qüvvələrin maraqlarına ziddir. Ermənistan isə artıq anlayır ki, Azərbaycanın öz ərazilərində yaratdığı sülh və sabitlik bölgəyə nəfəs verib”, - deyə A.Suver əlavə edib.
O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan bu sülh mühitini pozmaq istəyən dairələr dezinformasiya kampaniyalarına əl atırlar. “Dünən baş verən qətliamlara susanlar, bu gün əsassız ittihamlarla çıxış edirlər. Onların əsas qorxusu Azərbaycanın tarixi həqiqətləri beynəlxalq müstəvidə gündəmə gətirməsidir”, – deyə Vəqfin sədri vurğulayıb.
Onun sözlərinə görə, Ermənistan uzun illər yanlış siyasət yürütməklə ölkəni yoxsulluğa və təcridə sürükləyib və bu gün artıq həmin yanlışların nəticəsini dərk edir. “Bu reallıq bəzi Qərb dairələrini də narahat edir. Avropa İttifaqı illərlə Ermənistan-Azərbaycan münaqişəsinə seyrçi qaldı. Halbuki Azərbaycan problemi sülh yolu ilə həll etməyə çalışırdı. Nəticədə isə özünümüdafiə hüququndan istifadə etdi”, – deyə A.Suver bildirib.
Müsahib vurğulayıb ki, bu gün Cənubi Qafqazda silah səslərini tikinti texnikasının səsi əvəzləyib. Son beş ildə bölgədə sabitlik hökm sürür. Prezident İlham Əliyev səmimi və humanist siyasət yürüdür. Heç kim yaşadığı torpaqlardan zorla çıxarılmayıb. Əksinə, regionda birgəyaşayış və əməkdaşlıq üçün real imkanlar yaradılıb. Ermənistanın keçmişdə törətdiyi cinayətlər, o cümlədən azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı və vandalizm aktları beynəlxalq hüquq müstəvisində öz qiymətini almalıdır. Bu gün bəzi dairələri narahat edən də məhz budur. Azərbaycan haqqın və ədalətin tərəfindədir. Dünən haqlı idi, bu gün isə haqqının gücü ilə Cənubi Qafqazda sülhün və sabitliyin simvoluna çevrilib.