Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, bu ilin mürəkkəb olduğuna baxmayaraq, Rusiya-Azərbaycan münasibətləri, ilk növbədə, iqtisadi sahədə inkişaf edib.
AZƏRTAC xəbər verir ki, o, bu barədə “İzvestiya” qəzetinə verdiyi müsahibədə Moskva ilə Bakı arasında əməkdaşlığa yekun vuraraq bildirib. Onun sözlərinə görə, ikitərəfli ticarət artmaqda davam edir və bu ilin sonuna qədər 5 milyard dolları keçə bilər.
“Bu il Rusiya-Azərbaycan münasibətləri üçün, əlbəttə ki, olduqca mürəkkəb olub, lakin buna baxmayaraq, biz iqtisadi istiqamətdə irəliləyə bildik. İlk növbədə, söhbət ticarət həcminin artmasından gedir. Keçən il bu, təxminən 4,5 milyard dollar təşkil etdiyi halda, bu gün 5 milyard dolları keçəcəyinə ümid edirik”, - deyə Qaluzin qeyd edib.
O vurğulayıb ki, iqtisadi gündəlik avqust ayında Həştərxanda keçirilən Rusiya-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının iclasında hərtərəfli və səmərəli şəkildə müzakirə olunub. Bundan əlavə, tərəflər “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin şərq qolunun formalaşdırılması üzrə əməkdaşlıqda, o cümlədən İran tərəfdaşlarının iştirakı ilə əhəmiyyətli irəliləyişlər əldə ediblər. “Odur ki, iqtisadi baxımdan ili münasibətlərimiz üçün uğurlu hesab etmək olar”, - deyə RF XİN başçısının müavini bildirib.
Siyasi dialoqdan danışan Mixail Qaluzin ilin ikinci yarısında onun yüksək tempinin bərpa olunduğunu qeyd edib və oktyabrın 9-da Düşənbədə MDB sammiti çərçivəsində prezidentlər Vladimir Putin və İlham Əliyev arasında keçirilən görüşü xüsusilə vurğulayıb.
“Liderlər tərəfindən 2022-ci ilin fevral ayında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannaməyə uyğun olaraq Rusiya-Azərbaycan münasibətlərini bundan sonra da inkişaf etdirmək üçün qarşılıqlı istəyin təsdiqləmələri son dərəcə vacibdir”, - deyə o vurğulayıb.
Diplomatın sözlərinə görə, il ərzində hökumət və parlamentlərarası səviyyələrdə, eləcə də xarici işlər nazirlikləri xətti ilə aktiv əlaqələr davam edib. Xüsusilə, dekabrın 9-10-da Bakıda Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifovla mahiyyətli məsləhətləşmələr, eləcə də Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüş keçirilib.