Cəlilabadlı Bağış kişi ötən əsrin 70-ci illərindən üzü bəri olub-keçənləri xatırlayır
"87 yaşın içindəyəm. Yaşıma görə çox görmüşəm.
60-cı illərdə Cəlilabad respublikamızın taxılçılıq sahəsində ən qabaqcıl rayonlarından biri olsa da, burada quruculuq işləri yox səviyyəsində idi. Rayon mərkəzinin özündə belə tək-tək daşdan tikilən ev tapa bilərdin. Əhalinin 90 faizindən çoxu çiy kərpicdən tikilən alçaq, bir-iki otaqdan ibarət evlərdə yaşayırdı. Cəlilabad şəhərinin küçə və yolları bərbad vəziyyətdə idi. Yağışda-qarda bu küçələri keçib getməkdə adamlar da, maşınlar da əziyyət çəkirdilər".
Bu, cəlilabadlı ağsaqqal Bağış Mustafayevin xatirələridir. Əmək veteranı sözünə davam edir: "Pis günün ömrü az olar", - deyiblər. 1969-cu ildə Ulu Öndər Azərbaycana rəhbər seçiləndən dərhal sonra respublikanın hər yerində olduğu kimi, Cəlilabadda da canlanma əmələ gəldi. Hələ respublikanın Dövlət Təhlükəsizlik Komitəsində işləyərkən Heydər Əliyev sərhəd rayonu olduğundan Cəlilabada tez-tez gəlib-gedərdi. MK-nın birinci katibi işləyərkən bu əlaqə daha da genişləndi. Rayonun inkişafı üçün mühüm qərarlar qəbul edildi. Taxılçılıqla yanaşı, üzümçülük sahəsində böyük işlər görüldü - ucsuz-bucaqsız üzüm bağları salındı, şərab zavodları tikildi. Cəlilabad rayonunda 1981-ci ildə bütövlükdə Ermənistanda istehsal edildiyindən çox üzüm istehsal olundu. Bu, rayon iqtisadiyyatının ümumi inkişafı demək idi. Tikinti-quruculuq, abadlıq işləri heç vaxt olmadığı səviyyəyə çatdırıldı. Cəlilabad şəhərinin, qəsəbə və kəndlərinin siması getdikcə dəyişdi. Yeni müəssisələr, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları, ictimai binalar, yaşayış evləri inşa edildi, yollar asfaltlaşdırıldı. Təsərrüfatın ayrı-ayrı sahələrində qazanılan yüksək nəticələrə görə onlarla qabaqcıl əmək adamı Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldü, orden və medallarla təltif olundu.
O vaxt Ulu Öndər işlərinin çoxluğuna baxmayaraq, yenə Cəlilabada tez-tez səfərlər edir, əhali ilə görüşlər keçirir, əmək qabaqcılları və ictimaiyyət nümayəndələri ilə fikir mübadiləsi edirdi. Onda mən təsərrüfat rəhbəri işləyirdim. Rayon Partiya Komitəsinin birinci katibi İbrahim Qurbanovun göstərişinə əsasən, biz də təsərrüfat rəhbəri kimi həmin tədbirlərdə iştirak edirdik".
Bağış kişi ara verir. Sonra maraqlı bir hadisə danışır: "Heydər Əliyev həm də mahir insanşünas idi. O, iş üstündə həmişə bizimlə dost kimi görüşər, səmimiyyət göstərərdi. Xatirimdədir, 1981-ci ilin yanvarında Azərbaycan SSR Ali Sovetinin deputatı Zinaida Strelsovanın briqadasının ikimərtəbəli tarla düşərgəsində Privolnoye kəndinin əmək adamları ilə keçirdiyi görüşdə Heydər Əliyev Sosialist Əməyi Qəhrəmanı Mürsəl Məmmədovun həyat yoldaşı, "Qəhrəman ana" taxılçı Firuzə Məmmədovanı yanına çağırıb hal-əhval tutdu, uşaqları soruşdu və birdən üzünü Z.Strelsovaya tutdu:
- Neçə uşağınız var?
Zinaida utana-utana:
- Üç uşağım var.
Heydər Əliyev özünəməxsus bir tərzdə gülümsəyib dedi:
- Bax odur, Nüsrət Məmmədovun 16 övladı var. Yarış dostunuzdan nümunə götürün.
Hamımız gülüşdük, ürəyimiz açıldı. Bu söhbətdən bir il sonra Heydər Əliyev Moskvaya getdi. Sonrası məlumdur. Yenidənqurma, aşkarlıq, antialkoqol kampaniyası. Ardınca 20 Yanvar faciəsi, Xocalı soyqırımı, torpaqlarımızın işğalı... Əlbəttə, Heydər Əliyev o zaman Bakıda olsaydı, Azərbaycanın başına bu müsibətlər gəlməzdi. Ermənilərin toruna düşən, onların hiyləsinə uyan M.Qorbaçov çirkin yollara əl ataraq Heydər Əliyevi ölkənin, partiyanın rəhbərliyindən uzaqlaşdırdı.
Gec də olsa, haqq öz yerini tapdı. Azərbaycan xalqının tələbi ilə Heydər Əliyev yenidən hakimiyyətə gəldi. Ulu Öndər möhkəm iradəsi, qətiyyəti, əzmi və mübarizliyi ilə ölkədə baş alıb gedən siyasi qarşıdurmanın, xarici düşmənlərimizdən dəstək alan daxili separatçıların, xaos və hərc-mərcliyin qarşısına sədd çəkib sabitlik yaratdı. Həyata keçirdiyi iqtisadi islahatlar sayəsində xalqın maddi rifah halı yüksəldi. Bu gün qədirbilən xalqımızın bir övladı kimi Heydər Əliyev haqqında keçmiş zamanda danışmaq mənim üçün çox ağırdır. Lakin bir təskinliyim də var ki, Heydər Əliyevin qurub-yatardığı, uğrunda min bir əzab-əziyyət çəkdiyi, ömrünü-gününü, sağlamlığını qurban verdiyi dövlət etibarlı əllərdədir. Xalqın sevimlisi İlham Əliyevin uzaqgörən siyasəti, möhkəm iradəsi sayəsində 30 il düşmən tapdağı altında qalan torpaqlarımız azaddır. Bu gün həmin torpaqlarda böyük quruculuq işləri aparılır. Qaçqın və köçkünlərimiz öz ata-baba torpaqlarına qayıdırlar".
B.Mustafayevin dedikləri Cəlilabadın hər bir sakininin ürək sözləridir. O sakinlər ki, onlar Azərbaycanın ən ağır günlərində belə, dövlətçiliyimizə, dövlətimizə, onun başçısına sədaqət nümayiş etdirmişlər. Öz ənənələrinə sadiq qalan cəlilabadlılar bu gün də doğma Azərbaycanımızı daha xoşbəxt və firavan günlərə çatdırmaq işində Prezidentin yanındadırlar.
Seyran CAVADOV,
"Azərbaycan"