19 Sentyabr 2025 08:05
748
SİYASƏT
A- A+
ABŞ Prezidentinin dövlətimizin başçısına yüksək ehtiramı

ABŞ Prezidentinin dövlətimizin başçısına yüksək ehtiramı


Dövlətin inkişafı, beynəlxalq nüfuzu və xalqın rifahının yüksək olması təkcə iqtisadi və sosial-siyasi amillərlə deyil, həm də ona rəhbərlik edən şəxsin siyasi, mənəvi və liderlik keyfiyyətləri ilə birbaşa bağlıdır. Lideri güclü olan dövlətə dünyada da ehtiramla yanaşılır. 

Bu, bir tarixi həqiqətdir ki, liderə təmsil etdiyi ölkəyə görə hörmət bəslənildiyi kimi, ölkələrə də onları təmsil edən liderə görə qiymət verilir. Bu baxımdan Azərbaycan xalqı özünü rahat hiss edə bilər. Dünya siyasət meydanına Ulu Öndər Heydər Əliyev kimi dahi bir lider bəxş etmiş xalqımızın bu gün Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevlə qürur duymağa tam haqqı çatır.

Tərəddüd etmədən deyə bilərik ki, Prezident İlham Əliyev bu gün  təkrarolunmaz siyasi manevrləri, uzaqgörən strategiyası və dəqiq hesablanmış addımları ilə XXI əsrin liderlik nümunəsini nümayiş etdirir. Dövlətimizin başçısının  ən mürəkkəb ictimai-siyasi məqamlarda belə, düzgün və rasional qərar qəbul etmək bacarığı dünya liderləri tərəfindən yüksək qiymətləndirilir.

Bu, inkarolunmaz faktdır ki, dövlətimizin başçısının ünvanına ən nüfuzlu tribunalardan xoş sözlər səslənir. Dünyanın məşhur dövlət başçıları və siyasi xadimləri Prezident İlham Əliyevlə dostluq münasibətləri qurmağa, Azərbaycanla əməkdaşlığa xüsusi önəm verirlər. Cənab İlham Əliyev qlobal prosesləri obyektiv təhlil edən, reallıqları düzgün qiymətləndirən nadir dövlət başçılarından biridir. Sözsüz ki, hər bir xalqın, dövlətin strateji yolunu, siyasi taleyini, perspektivlərini müəyyənləşdirən həlledici anlar, tarixi əhəmiyyətə malik məqamlar var. Prezident İlham Əliyevi fərqləndirən başlıca cəhət bu məqamları vaxtında görüb qiymətləndirmək bacarığıdır.

Bu gün Azərbaycanla Birləşmiş Ştatlar arasında münasibətlər artıq ənənəvi diplomatik əməkdaşlıq çərçivəsini aşaraq, keyfiyyətcə yeni - strateji müttəfiqlik mərhələsinə yüksəlməkdədir. Xüsusilə Donald Trampın ikinci prezidentliyi dövründə Vaşinqtonun Cənubi Qafqaz siyasətində Azərbaycanın rolunun daha da artması, enerji təhlükəsizliyi, regional sabitlik və antiterror əməkdaşlığı kimi sahələrdə qarşılıqlı maraqların güclənməsi iki ölkə arasında münasibətlərin daha dərin, qarşılıqlı etimada əsaslanan bir platformaya keçdiyini sübut edir. 

Donald Trampın yenidən prezident seçilməsindən sonra baş verən siyasi hadisələr iki lider arasında münasibətlərin yalnız rəsmi protokol səviyyəsində deyil, həm də şəxsi etimada söykəndiyini nümayiş etdirir. Prezident İlham Əliyevin bu ilin avqust ayında ABŞ Prezidenti Donald Trampın dəvəti ilə həyata keçirdiyi səfər, Ağ Evdə imzalanan sənədlər və dövlət başçılarının dialoqları bu strateji münasibətləri daha da  möhkəmləndirdi.

ABŞ Prezidentinin dövlətimizin başçısına "Siz böyük lidersiniz" kimi yüksək qiymət verməsi həm Prezident İlham Əliyevə, həm də Azərbaycan xalqına verilən dəyərin bariz göstəricisidir. Bütün bunlar Prezident İlham Əliyevin peşəkar, uzaqgörən və praqmatik siyasətinin nəticəsi kimi dəyərləndirilməlidir. Fikrimizi əsaslandırmaq üçün bir qədər geriyə qayıdaq. Prezident İlham Əliyev hələ 2024-cü ilin yayında Şuşada təşkil olunan Qlobal Media Forumunda ABŞ-də keçiriləcək prezident seçkilərinə dair suala cavab verərkən Donald Tramp haqqında səsləndirdiyi müsbət fikirlərlə strateji baxışını və Vaşinqtonda baş verən siyasi proseslərə obyektiv yanaşma tərzini nümayiş etdirdi. Xatırladaq ki, o zaman D.Tramp hələ ABŞ Prezidenti deyildi və qarşıdan gələn seçkilərdə onun qələbəsi çoxlarının şübhə ilə baxdıqları bir məsələ idi.  Prezident  İlham Əliyev D.Trampın prezidentliyi dövründə ABŞ-nin yeni hərbi münaqişələrə qoşulmamasını, ailə və ənənəvi dəyərlərə önəm verməsini xüsusi vurğulayaraq, onun daxili və xarici siyasətindəki sabitlik amilinə diqqət çəkdi. 

Dövlətimizin başçısı bu ilin mart ayında keçirilən XII Qlobal Bakı Forumu çərçivəsində "Euronews" televiziyasına verdiyi müsahibədə də ABŞ-Azərbaycan münasibətlərinə dair eyni mövqeyini bildirərkən xüsusi vurğuladı ki, ABŞ-nin əvvəlki administrasiyası və Azərbaycan arasında münasibətlərin pisləşməsindən məyusluq hissi keçirmişdik. Bu mövqeyin milli maraqlarımıza ədalətsiz yanaşmadan ibarət olduğunu vurğulayan dövlətimizin başçısı qeyd etmişdir: "Buna görə biz Tramp administrasiyası dövründə ABŞ ilə münasibətlərimizin və güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq". Bu açıqlama Azərbaycan tərəfinin strateji əməkdaşlığın bərpası və inkişafı istiqamətində möhkəm siyasi iradəsinin bir daha nümayişi oldu. Azərbaycan Prezidentinin dostluq və əməkdaşlıq çağırışlarına münasibətə ABŞ Prezidenti Donald Tramp Novruz bayramı münasibətilə dövlətimizin başçısına 2025-ci il aprelin 10-da ünvanladığı məktubda belə cavab vermişdi: "Ölkələrimiz uğurlara doğru sürətlə irəlilədikcə Sizinlə işləməyi səbirsizliklə gözləyirəm. Birləşmiş Ştatlar Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olaraq qalır". 

Donald Trampın ABŞ Prezideni seçilməsi ilə iki ölkə arasında diplomatik münasibətlərdə nəzərəçarpacaq dərəcədə dəyişikliklərin olması verilən mesajlardan hiss edilməkdəydi. Azərbaycan Prezidenti III Şuşa Qlobal Media Forumunda Donald Tranpın yenidən ABŞ Prezidenti seçilməsinə münasibət bildirərək vurğulamışdır:  "Mən Trampın qələbəsini proqnozlaşdırmırdım. Sadəcə dedim: onun bizim kimi fundamental dəyərləri, o cümlədən ailə dəyərlərini bölüşdüyünü nəzərə alsaq, Azərbaycan xalqı üçün daha yaxşı olardı. O, müharibələrə başlamamış yeganə ABŞ Prezidentidir. Həm də hakimiyyətdə olduğu qısa müddətdə müharibələrə son qoyan bir adam olduğu aydın görünür. Biz həmçinin Azərbaycana və Ermənistana son nəticədə razılığa gəlməyə kömək etmək səylərinə görə ona çox minnətdarıq. O, beynəlxalq təhlükəsizlik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də diqqət mərkəzində saxlayır. Əlbəttə, onun qələbəsi bir sıra səbəblərdən Azərbaycanda bizi çox sevindirir. Təbii olaraq, arzulayırıq ki, o, işini sona çatdırsın, "Vaşinqton bataqlığı"nı dibinə qədər qurutsun".

Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə ABŞ Prezideti ilə bağlı dövlətimizin başçısının söylədiyi fikirləri Donald Tramp özünün  "Truth Social"  şəbəkəsində paylaşdı. Əslində bu, dövlətimizin başçısının şəxsiyətinə, onun beynəlxalq aləmdə nüfuzuna və sözünün dəyərinə verilən qiymət idi. Xatırladaq ki, Tramp ilk dəfə idi ki,  Cənubi Qafqaz ölkəsinin bir liderinin çıxışını paylaşırdı. Bu həm də Azərbaycan Prezidentinin Xankəndidən verdiyi mesajların dəqiq ünvanına çatmasının təsdiqi demək idi. Dövlət başçısı İlham Əliyev də öz növbəsində Donald Trampa təşəkkürünü bildirdi. Cənab İlham Əliyev bununla bağlı "X" hesabında paylaşım edərək yazmışdı: "Şuşa Qlobal Media Forumunda ABŞ-Azərbaycan tərəfdaşlığı və həmçinin Prezident Donald Trampın həm qlobal, həm də regionumuzda sülh gündəliyinə sadiqliyi ilə bağlı qeyd etdiyim fikirlərimi öz sosial media platformasında paylaşdığına görə ona minnətdarlığımı bildirmək istərdim. Mən bir daha Prezident Trampın bütün dünyada, o cümlədən regionumuzda sülhün və sabitliyin təşviqinə yönəlmiş baxışını və səylərini dəstəklədiyimizi vurğulamaq istəyirəm. Biz həmçinin ailə dəyərlərinin əhəmiyyəti kimi ortaq prinsipləri bölüşürük və onun prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətlərinin daha yüksək səviyyəyə qalxacağına ümid edirik. Ona bu məqsədə nail olmaq yolunda uğurlar arzulayırıq".

Artıq iftixarla deyə bilərik ki, ABŞ-Azərbaycan münasibətləri özünün ən yüksək mərhələsini yaşayır və strateji tərəfdaşlığa doğru sürətlə irəliləyir. İki ölkə arasında qurulan əlaqələr yalnız diplomatik münasibətlərlə məhdudlaşmır, həm də geniş və çoxşaxəli əməkdaşlıq sahələrini əhatə edir.

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı enerji, ticarət və tranzit dəhlizləri, süni intellekt və rəqəmsal infrastrukturun inkişafı, iqtisadi sərmayələr, həmçinin müdafiə sənayesi və silah satışını da əhatə edən təhlükəsizlik sahəsində əməkdaşlığı, eləcə də terrorizmə qarşı birgə mübarizə istiqamətlərini özündə birləşdirir.

Bu əməkdaşlığın institusional əsaslarını möhkəmləndirmək üçün yaradılacaq Strateji İşçi Qrupu regional bağlantılar infrastrukturunun və enerji sahəsində sərmayələrin genişləndirilməsi, regional iqtisadi-ticari əlaqələrin inkişafı, eləcə də süni intellekt və rəqəmsal texnologiyaların təşviqi kimi strateji əhəmiyyətli məsələlərlə məşğul olacaq. 

Dünyanın ən böyük və nüfuzlu dövləti, supergücü ilə münasibətlərin qurulması Azərbaycan Prezidenti İlham Əliyevin uzun illər apardığı uğurlu xarici siyasəti, gərgin və uzaqgörən fəaliyyəti nəticəsində baş verib. Donald Trampın şəxsi imzası ilə İlham Əliyevə hədiyyə etdiyi fotoşəkillər və üzərində yazdığı xoş sözlər ABŞ Prezidentinin dövlətimizin başçısına olan yüksək ehtiramının təcəssümüdür. Biz bundan qürur duyuruq. ABŞ Prezidenti Donald Tramp Azərbaycanla "Truth Social" şəbəkəsində paylaşım edib. Donald Tramp özünün Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə fotosunu paylaşaraq qeyd edib: "Azərbaycan və Ermənistan arasında müharibənin həllinə kömək etmək, eyni zamanda bu iki böyük lider  - Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla dost olmaq şərəfdir. Bu mənim üçün, amma daha da önəmlisi Amerika Birləşmiş Ştatları üçün əbədi dostluq olacaq". Prezident İlham Əliyevə verilən bu yüksək dəyər həm də dövlətimizə verilən dəyərdir.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyada benzin ixracına qadağa qoyulması müzakirə edilir

19:57
25 Mart

İordaniya ötən gün beş raketi və bir PUA-nı zərərsizləşdirib

19:31
25 Mart

Hari Mitsidis: Qarabağda aparılan tikinti və bərpa işlərini görmək həqiqətən təsirlidir  

19:12
25 Mart

UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub  

17:48
25 Mart

Qazaxıstan ilə Özbəkistan arasında yükdaşımaları rekord həddə çatıb

17:13
25 Mart

Azərbaycan, İtaliya və Mərkəzi Asiya ölkələrinin iş adamları arasında yeni əlaqələr qurulub  

16:42
25 Mart

Türkiyədə uşaqların emosional vəziyyətinə zərərli qablaşdırma qadağan edilib  

16:07
25 Mart

Baş Dövlət Yol Polisi İdarəsi yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq edib  

15:48
25 Mart

Xəzərdə zəlzələ olub

15:13
25 Mart

Sahibə Qafarova: Azərbaycan və Çin arasında münasibətlər dostluq, qarşılıqlı hörmət və dəstək üzərində qurulub  

15:01
25 Mart

Azərbaycan universitet reytinqlərində top 100-də yer alıb  

14:43
25 Mart

Milli Məclisin sədri Ümum-Çin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri ilə görüşüb

14:38
25 Mart

BMT-nin Baş katibi: Artıq 400 ildən çoxdur ki, dünyada köləlik nizamı hökm sürür  

14:28
25 Mart

Macarıstan Milli Kitabxanasında Azərbaycan Ədəbiyyatı Bölməsi açılıb 

14:01
25 Mart

Türkiyənin ilk zirehli SUV avtomobillərinin təhvilinə başlanılıb  

13:58
25 Mart

Özbəkistanda Azərbaycanın aqrar inkişafı və elmi potensialı təqdim olunub

13:45
25 Mart

Ali Məhkəmə ekoloji hüquqların müdafiəsi ilə bağlı mühüm izahlar verib  

13:21
25 Mart

“Könüllü DOST” proqramı iştirakçılarının sayı 8 minə yaxındır

13:16
25 Mart

Sabahın hava proqnozu açıqlanıb

13:09
25 Mart

Bakıda və Abşeron yarımadasında yağış yağacaq, bəzi ərazilərdə intensivləşəcək - XƏBƏRDARLIQ

12:44
25 Mart

Prezident İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

12:39
25 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!