19 Fevral 2026 08:15
217
SİYASƏT
A- A+
ABŞ-Azərbaycan strateji tərəfdaşlığı Naxçıvanın inkişafına da mühüm töhfə verəcək

ABŞ-Azərbaycan strateji tərəfdaşlığı Naxçıvanın inkişafına da mühüm töhfə verəcək


Xalqların, ölkələrin, bir qədər də geniş məfhumda yanaşsaq, regionların strateji inkişafı bir çox halda tarixi fürsətlərdən asılı olur. Yaranmış əlverişli imkanları vaxtında dəyərləndirməyi bacaran liderlərin müdrik qərarları, çevik davranışları bu fürsət anlarını böyük coğrafiyaların tarixi taleyindəki dönüş məqamına çevirir. 

Belə bir reallığı bu gün Azərbaycanla ABŞ arasında yüksələn xətlə inkişaf edən münasibətlərdə də aydın müşahidə etməkdəyik. 


Münasibətlərdə yeni mərhələ


Cənubi Qafqazın aparıcı dövləti kimi Azərbaycan ABŞ üçün həmişə regionun əhəmiyyətli subyektlərindən sayılıb. Lakin qarşılıqlı münasibətlərdə bu vacib faktor əksər hallarda gözardına qoyulub. Azərbaycanın artıq 35 ilə çatan müstəqillik tarixində ABŞ ilə münasibətlərin inkişafında hər iki tərəf üçün qarşılıqlı faydalar yaradan nailiyyətlər də əldə edilib. Lakin bu münasibətlər silsiləsində hansısa uğurlarla yanaşı, iki zəmində problemlərin də yaşandığı nəzərə çarpıb. 

Əvvəla, müstəqilliyinin ilk illərindəki səriştəsiz iqtidarlar dövründə Azərbaycanın bu münasibətlərdə itirdiyi imkanlar, ancaq ən mühümü isə məhz onilliklər boyu ABŞ administrasiyalarının, siyasi dairələrinin, mediasının erməni lobbisinin təsiri altında ölkəmizə qarşı yol verdikləri yanlış yanaşmalar ucbatından ikitərəfli əlaqələrdə düyünlü nöqtələr çox olub. 

Bu gün isə Ağ Evin qlobal siyasi-iqtisadi düzənə yeni strateji baxışı, bu fövqəldövlətin dəyişən prioritetləri və bütün bunların yaratdığı böyük fürsətlər fonunda Azərbaycan-ABŞ münasibətləri 35 illik müstəqillik dövrümüzün, demək olar, ən yüksək mərhələsindədir və daha da artan xətt üzrə inkişaf edir.

Burada Prezident İlham Əliyevin diplomatik bacarığının, yaranmış hər imkandan ölkəmizin, xalqımızın milli maraqları, yaşadığımız coğrafiyanın təhlükəsizliyi və dayanıqlı inkişafı naminə istifadə məharətinin, proseslərə əsl strateq reaksiyasının müstəsna rolu vardır. 

ABŞ-nin vitse-prezidenti Cey Di Vensin ailə üzvləri ilə ölkəmizə səfəri, dünyanın ən qüdrətli dövləti ilə Azərbaycan arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması, belə bir tarixi sənəddə qarşıya qoyulan məqsədlər bunun daha bir nümayişidir və iki ölkə arasındakı münasibətləri yeni bir institusional mərhələyə yüksəltdi. 


Azərbaycan ABŞ-nin təkcə regional deyil, həm də qlobal tərəfdaşıdır


Vətən müharibəsindəki tarixi Zəfərimiz nəticəsində ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün tam təmin olunmasından, ötən il avqustun 8-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında sülh sazişinin paraflanmasından sonra sözügedən xartiyada suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinin irəli sürülməsi bir tərəfdən sənədin siyasi legitimliyinin əsası, digər tərəfdən regionun gələcək təhlükəsizliyinə baxış kimi mühüm önəm kəsb edir. 

Sənəddə əməkdaşlığın konkret sahələr üzrə strukturlaşdırılması isə Azərbaycan-ABŞ münasibətlərinin daha böyük niyyətlərini göstərir. Məqsəd təkcə hazırda xoş məcrada inkişaf edən münasibətləri, sadəcə, indiki səviyyəsində qorumaq deyil, onları daha sistemli, institusional və nəticəyönümlü mərhələlərə qaldırmaqdır. 

Strateji Xartiyanın əsas strateji xətlərindən biri regional bağlantıların gücləndirilməsidir. Burada Trans-Xəzər Nəqliyyat Dəhlizinə (Orta dəhliz) xüsusi diqqətin ayrılması Azərbaycanın Avrasiya logistika sistemində əsas qovşaq kimi mövqeyini gücləndirir. Bu, ölkənin yalnız enerji ixracatçısı yox, həm də nəqliyyat və data tranzit mərkəzinə çevrilməsi strategiyasının beynəlxalq səviyyədə dəstəklənməsi deməkdir.

Eyni zamanda sənəddə qeyd olunan multimodal layihələr - xüsusilə 8 avqust 2025-ci il tarixli Vaşinqton Sülh Zirvə görüşünün Bəyannaməsinə uyğun olaraq Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək və regionun beynəlxalq ticarət və tranzit potensialını reallaşdıracaq multimodal bağlantı layihəsi kimi Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) əhəmiyyətinin vurğulanması, bu istiqamətdə əməkdaşlığı genişləndirmək məqsədinin bəyan edilməsi regionda yeni iqtisadi dinamikaya təkan verərək başlıca siyasi-iqtisadi sabitlik alətinə çevrilir.

Enerji sahəsində əməkdaşlığın inkişafı isə münasibətlərin ənənəvi təməlinin daha da möhkəmləndirilməsi mənasına gəlir. Azərbaycan son onilliklərdə Avropanın enerji təhlükəsizliyində müstəsna rol oynayır və ABŞ ölkəmizin bu qlobal statusunu müvafiq xartiya ilə strateji səviyyədə tanımış olur. 


Yeni iqtisadi gündəm etibarlı təhlükəsizliyi də təmin edir


Azərbaycan və ABŞ münasibətlərində diqqəti çəkən ən mühüm məqamlardan biri də bu əməkdaşlıqda yeni iqtisadi gündəmin yaranması, bu gündəmin ənənəvi əməkdaşlıq sahələri ilə yanaşı, müasir dünyamızın əsas çağırışlarından olan texnologiya, süni intellekt və rəqəmsal infrastruktur üzrə sıx tərəfdaşlıqları da özündə ehtiva etməsi, beləliklə, iqtisadi əməkdaşlığın yeni mərhələyə keçididir. 

Əvvəlki dövrlərdə Azərbaycan-ABŞ münasibətləri əsasən enerji layihələri üzərində qurulurdu. İmzalanmış xartiya isə texnologiya və innovasiya əsaslı əməkdaşlığı da ön plana çıxararaq, süni intellekt, data mərkəzləri, rəqəmsal infrastruktura sərmayələr, R&D platformaları və texnoloji transfer mexanizmlərinin nəzərdə tutulması ilə Azərbaycan iqtisadiyyatının struktur transformasiyası üçün yeni imkanlar açır. 

Özəl sektorun aktiv rolunun xüsusi vurğulanması isə Azərbaycan və ABŞ arasında iqtisadi sahədə həyata keçirilməsi nəzərdə tutulan potensial layihələrin praktik xarakterindən xəbər verir ki, bu da münasibətlərin dövlətlərarası səviyyədən biznes-ekosistem səviyyəsinə keçməsi deməkdir.

Xartiyanın təhlükəsizliklə bağlı bölməsi Azərbaycan-ABŞ münasibətlərinin geosiyasi məzmununu daha açıq şəkildə göstərir. Burada müdafiə və hərbi əməkdaşlığın genişləndirilməsi, antiterror və kibertəhlükəsizlik sahəsində birgə fəaliyyət, humanitar minatəmizləmə sahəsində texnologiya və maliyyə dəstəyi kimi diqqəti çəkən üç mühüm istiqamət iki ölkə arasındakı münasibətlərin təhlükəsizlik tərəfdaşlığı formatında da inkişaf etdiyini, qlobal risklərə qarşı güclü cavab reaksiyaları formalaşdırdığını göstərir. 

Xüsusilə kibertəhlükəsizlik və kritik infrastrukturun qorunması kimi sahələrin vurğulanması sənədin müasir riskləri nəzərə almasına dəlalət edir. 


Strateji tərəfdaşlıq münasibətləri Naxçıvana böyük fayda verəcək 


Bu gün Prezident İlham Əliyev Azərbaycanı böyük bir coğrafiyanın mühüm ticarət-tranzit qovşağına, enerji təhlükəsizliyi məkanına çevirir, ölkəmizə qlobal proseslərə ciddi təsir imkanlarına malik geosiyasi, geoiqtisadi aktor statusu qazandırır. Azərbaycanın bu müstəsna mövqeyində ölkəmizin hər bir bölgəsinin, o cümlədən Naxçıvan Muxtar Respublikasının özünəməxsus yeri və rolu var. 

Azərbaycanla ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiyada Zəngəzur dəhlizi - rəsmi adı ilə ifadə etsək, Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) ilə bağlı təsbit olunmuş müddəalar, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın birləşdirilməsi geosiyasi məzmunundan, daşıdığı tarixi-mənəvi dəyərdən əlavə, bölgə üçün həm də mühüm iqtisadi əhəmiyyət kəsb edir. Uzun illər blokada şəraitindən əziyyət çəkmiş Naxçıvanın inkişafı önündə geniş üfüqlər açır. 

ABŞ ilə imzalanmış sənəddə müdafiə sənayesindən bərpaolunan enerjiyə, süni intellekt həllərindən kənd təsərrüfatına, təhlükəsizlik risklərinin idarəçiliyindən kosmik sənayeyə, kommunikasiya məsələlərindən müvafiq müəssisələrin, istehsal sahələrinin yaradılmasına qədər hər nə öz əksini tapıbsa, strateji inkişaf hədəfləri kimi onların reallaşmasında ölkəmizin digər iqtisadi regionları kimi, Naxçıvanın da potensialından geniş istifadə nəzərdə tutulub. Bu isə Azərbaycan Prezidentinin 5 iyun 2023-cü il tarixli müvafiq sərəncamı ilə təsdiqlənmiş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın məqsədlərini də özündə parlaq şəkildə əks etdirir. 

Yeni mərhələdə qarşıya qoyulmuş Prezident hədəflərinin reallaşdırılması məqsədinə xidmət edən dövlət proqramında Naxçıvanın sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə nail olunması üçün məqsədlər və prioritet istiqamətlər müəyyən edilib. Dövlət proqramı prioritet istiqamətlər üzrə tədbirlərin maliyyələşmə mənbələrini, regionun sosial-iqtisadi inkişafı sahəsində əldə olunacaq hədəf göstəricilərini özündə ehtiva edir. 


Prezidentin müəyyənləşdirdiyi vəzifələrin icrası Naxçıvanda fəaliyyət prioritetidir 


Azərbaycanla ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiya ilə müvafiq dövlət proqramının məqsədlərinin uzlaşdırılması cənab İlham Əliyevin məsələlərə necə kompleks şəkildə, bütöv yanaşmasını növbəti dəfə nümayiş etdirir. 

Naxçıvan illərdir ki, dövlətimizin başçısının diqqət mərkəzindədir. Naxçıvanın inkişafı ilə bağlı imzalanan sənədlər, qəbul edilən dövlət proqramları bunu deməyə əsas verir. Ümumilikdə Naxçıvan Ümummilli Lider Heydər Əliyevin arzularının diyarıdır. Zəngəzur dəhlizinin (TRIPP) reallaşması Naxçıvanda inkişaf coğrafiyasını xeyli genişləndirəcək, həm sənaye, özəl biznes, həm kənd təsərrüfatı dirçəldiləcək, həm də ticarət, logistika, turizm sektorlarında böyük canlanma yaradacaq. Zəngəzur dəhlizi (TRIPP) Azərbaycan üçün yeni dövrün başlanğıcı, Naxçıvan üçün isə tarixi izolyasiyanın sonu olacaq. 

Azərbaycan Respublikasının qlobal iqtisadiyyata daha sıx inteqrasiyasını əsas məqsədlər sırasında elan edən Strateji Xartiyanın bu maddəsinin reallaşmasında mühüm sərhəd və tranzit bölgəsi kimi Naxçıvanın önəmi diqqəti xüsusi çəkir və qeyd etdiyimiz dövlət proqramının mahiyyətcə vacib təminatı kimi səciyyələnir. Enerji, ticarət, data, maliyyə, nəqliyyat və logistika şəbəkəsində Azərbaycanın mövqeyinin güclənməsində əlbəttə ki, bu sahələrdə yetərincə təcrübə toplamağa müvəffəq olan Naxçıvanın da əlahiddə töhfəsi olacaq. 

Regional bağlantılar, iqtisadi sərmayə və prosesə özəl sektorların cəlb edilməsi sahələrində əməkdaşlıq sferasında Naxçıvan həm bu tərəfdaşlığa fayda verəcək, həm də özü faydalanaraq, cənab Prezidentin regionların inkişafında yerli təşəbbüslərin vacibliyi çağırışını reallaşdırmış olacaq.  

Strateji Xartiyada təsbit edilmiş quru və hava nəqliyyatı infrastrukturunun inkişafı, ticarət və tranzitin asanlaşdırılması, gömrük nəzarəti və sərhəd keçidi, beynəlxalq multimodal logistika kimi müddəalar əlbəttə ki, daha çox məhz Naxçıvan məzmunludur. Regionun beynəlxalq ticarət və tranzit potensialını reallaşdıracaq multimodal bağlantı layihəsi olacaq Zəngəzur dəhlizi - TRIPP Azərbaycan Respublikasının əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantısını təmin edəcək. Ən əsası isə Naxçıvanın Avrasiyanın mühüm qovşağına çevrilməklə bağlı cənab Prezidentin strateji hədəfinin gerçəkləşməsinə əsaslı şərait yaradacaq.

Dövlət rəhbərimizin Naxçıvana, iqtisadi bölgənin perspektiv inkişafına bu cür əlahiddə münasibəti Naxçıvan əhalisinin, muxtar respublika rəhbərliyinin də qarşısında mühüm vəzifələr, təxirəsalınmaz öhdəliklər müəyyənləşdirir. 

Ötən il noyabrın 12-də cənab İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini qəbul edərkən bu vəzifələri diqqətə çatdırdı, muxtar respublikanın inkişafı ilə bağlı konkret tapşırıqlarını verdi. Bu görüş həm rəhbərlikdə dəyişikliklərin əhəmiyyətini, həm də dövlətin regionlarda davamlı inkişaf siyasətini nümayiş etdirdi. Prezident çıxışında ölkəmizin sosial-iqtisadi uğurlarına, bölgələrdə həyata keçirilən layihələrə və strateji hədəflərə geniş toxundu. Dövlət başçısı qeyd etdi ki, əsas prioritet bölgələrdə sabitliyin qorunması və vətəndaş məmnuniyyətinin təmin edilməsidir. Prezident İlham Əliyev vurğuladı ki, rəhbərlikdə şəffaflıq, ədalət və xalqın rifahı hər zaman ön planda olmalıdır. 

Dövlət başçımızın qarşıya qoyduğu hədəflər, müəyyənləşdirdiyi vəzifələr və bütün bunların məsuliyyəti Naxçıvanda düzgün, aydın, birmənalı dərk edilir. Onların yerinə yetirilməsi Naxçıvan rəhbərliyi tərəfindən prioritet vəzifə kimi qəbul olunur, bu fəaliyyət müvafiq işçi qrupları yaradılmaqla, effektiv icra və operativ nəzarət mexanizmi formalaşdırılmaqla adekvat şəkildə qurulur, nəticə etibarilə iqtisadi region möhtərəm Prezidentimizin müəyyən etdiyi istiqamətdə uğurla irəliləyir. 

Dünyanın ən qüdrətli dövləti ilə yaradılan strateji tərəfdaşlıq Azərbaycanın postsavaş dövründə yeni mərhələyə qədəm qoyan diplomatiyasının ən mühüm nailiyyətidir. Lakin əlamətdar haldır ki, bu diplomatik uğurlar silsilə halını alaraq, bütün qitələri əhatə edir. Yəni Azərbaycanın dostları, tərəfdaşları, müttəfiqləri hər yerdə davamlı şəkildə artır. 

Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Liderinə olan böyük rəğbət və maraq, həmçinin görüşmək üçün ifadə edilən çoxsaylı arzular bir daha təsdiqlədi ki, möhtərəm Prezidentimiz nüfuzlu siyasi liderdir. "İlham Əliyevlə danışanda çox şeyi öyrənirəm, bir çox məsələləri həqiqi liderin fərqli baxış bucağından müşahidə etməyə müvəffəq oluram" bəyanatı isə, əslində, yalnız Serbiya Prezidentinin deyil, onlarca ölkə rəhbərinin qənaəti, düşüncəsidir. 

Prezident İlham Əliyevin mükəmməl diplomatiyasının möhtəşəm nailiyyətləri Azərbaycana daha böyük uğurlar, daha genişmiqyaslı inkişaf bəxş edəcək.


Arzu ABDULLAYEV,

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədr müavini, tarix üzrə fəlsəfə doktoru, dosent

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vaşinqtonda Özbəkistan ilə ABŞ arasında sənədlər paketi imzalanıb  

12:37
19 Fevral

Əlcəzairli müəllim: Mübarizəmiz insan ləyaqəti və ədalət uğrunda aparılır

12:16
19 Fevral

Media: Aİ səfirləri Rusiyaya qarşı sanksiyalarla bağlı razılığa gələ bilmir  

12:11
19 Fevral

ABŞ-nin dövlət qurumlarında süni intellektin tətbiqi üçün min proqramçı işə götürüləcək  

11:54
19 Fevral

Media: Ukraynada demilitarizasiya zonasının yaradılması ilə bağlı müzakirələr gedir  

11:43
19 Fevral

Leyla Əliyeva Tiranada “Hannah və Rosafa” uşaq evini və "Mother Teresa" Universitet Xəstəxana Mərkəzini ziyarət edib  

11:31
19 Fevral

Ötən ay dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə daxil olan vəsait 27 faiz artıb  

11:23
19 Fevral

Cənubi Koreyanın sabiq Prezidenti ömürlük azadlıqdan məhrum edilib  

11:13
19 Fevral

Ötən ay pensiya ödənişlərinə 612 milyon manat vəsait yönəldilib  

11:06
19 Fevral

Çin dünyanın ən mürəkkəb dəmir yolu layihəsini 2030-cu ilədək başa çatdıracaq  

11:03
19 Fevral

İsrail təhlükəsizlik xidmətləri üçün ən yüksək hərbi hazırlıq elan edib  

10:54
19 Fevral

Neftin bahalaşma dövrü başlayıb

10:51
19 Fevral

"Azərsilah"ın Şirvan şəhərində yerləşən zavodunda qəza olub  

10:46
19 Fevral

bp Xəzərdə dəniz əməliyyatları və texniki xidmət üzrə müqaviləsini yeniləyib  

10:38
19 Fevral

Dünya bazarında qızıl və gümüş bahalaşıb 

10:36
19 Fevral

DİN vətəndaşları azyaşlıların sağlamlığına və təhlükəsizliyinə biganə qalmamağa çağırır 

10:28
19 Fevral

Dünya birjalarında neft bahalaşıb

10:24
19 Fevral

Azərbaycan neftinin qiyməti 71 dollara yaxınlaşır

10:21
19 Fevral

Jan-Jakob Bisep: Müharibə təsadüfi bir hadisə deyil  

10:13
19 Fevral

Bakıda “Neokolonializm və qlobal bərabərsizlik” mövzusunda beynəlxalq konfrans keçirilir 

10:11
19 Fevral

Çin - Qırğızıstan - Özbəkistan - Tacikistan dəhlizi ilə ilk yük qatarı yola salınıb  

10:02
19 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!