Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qurban Qurbanov: Bu cür oyunlar futbolçularımın təcrübə qazanmaları üçün çox önəmlidir

01 Noyabr 2017
UEFA Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turunda Madriddə 1:1 hesabı ilə başa çatan “Atletiko”-“Qarabağ” oyununda sonra hər iki klubun baş məşqçiləri mətbuat nümayəndələrinin suallarını cavablandırıblar.

AZƏRTAC xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı Qurban Qurbanov oyunla bağlı danışarkən deyib: “Çox çətin oyun oldu. Futbolçularımla fəxr edirəm. Biz çox güclü qrupda mübarizə aparırıq. Bu cür oyunlar futbolçularımın təcrübə qazanması üçün çox önəmlidir. Belə oyunlara ehtiyacımız var. Futbolçular hətta məğlub olsalar da, oyundan həzz almalıdırlar. Belə oyunlarla potensialımızı inkişaf etdirmək istəyirik”.

Pedro Enrikenin qırmızı vərəqə ilə cəzalandırılması barədə danışan baş məşqçi hakimin qərarının ədalətli olduğunu bildirib.

İspaniyalı jurnalistin UEFA-nın gələn ildən qüvvəyə minəcək qərarı ilə “Qarabağ” kimi komandaların Çempionlar Liqasının qrup mərhələsinə gedən yolunun daha çətin olacağı ilə bağlı sualına cavab verən Q.Qurbanov deyib: “Əlbəttə, biz bu turniri gördükdən sonra burada hər il iştirak etmək istərdik. Bunu etmək daha çətin olsa da, potensialımızı artırmağa çalışmalıyıq. UEFA-nın qaydaları nəyi tələb edirsə, ona uyğun hərəkət edəcəyik”.

Xarici ölkə klublarından gələ biləcək iş təklifi ilə bağlı suala cavabında baş məşqçi bildirib ki, indi bu barədə düşünmür və əsas diqqəti hazırda çalışdığı “Qarabağ” komandasındadır.