Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

BMT-də rəsmiləşən bayram

18 Mart 2017
 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Novruz bayramı 2009-cu ildən UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib

 

Bəşəriyyətin ən qədim el şənliklərindən və mərasimlərindən olan Novruz yeni gün, yeni həyat mənasını daşımaqla, bir sıra Şərq ölkələrində, o cümlədən Azərbaycanda baharın - yeni ilin gəlişi kimi qarşılanır.
İnsanlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, oyanış, dirçəliş, barışıq günü kimi etmişlər. Çünki Novruzda həyat yenidən canlanır, torpaq qış yuxusundan oyanır, bitkilər baş qaldırır, ağaclar çiçəklənir, havanın hərarəti artır, gecə ilə gündüz bərabərləşir və yeni həyat başlayır. Xalqımızın bu günə qədər qoruyub saxladığı, nəsildən-nəslə ötürərək yaşatdığı, müqəddəsləşdirdiyi bu bayram özündə dünyanın yaranma və yaşam sirlərindən tutmuş, xoşbəxt gələcəyə, mehribançılığa, bolluğa ümidini əks etdirir.

 

Zəngin mənəviyyatımızın təcəssümü

 

Milli-mənəvi dəyərlərimizə söykənən Novruz bayramının uzun əsrlər boyu formalaşmış, müsbət insani keyfiyyətləri özündə birləşdirən bir çox adətləri, inancları və maraqlı oyunları vardır. Xalqımız bayramqabağı mənzillərini, həyət-bacalarını təmizləyir, təmirə ehtiyacı olan hissələr bərpa olunur, adamlar uşaqlara və özlərinə təzə libas alır və bununla da sanki qışdan yığılıb qalan bütün kir-pası atırlar ki, yeni ilə təmiz çıxsınlar.
İnsanların inancına görə, yeni ili necə qarşılasan, bütün ili eyni ovqatla başa vurarsan. Bayram günü yaxınlaşdıqca insanlar biş-düş edər, şirniyyatlar bişirər, çərəz hazırlayarlar.
Novruz gününə aparan yol 4 “mərhələdən” - çərşənbədən keçir. Bunlar su, od, yel və torpaq (ilaxır) çərşənbələridir. Bu günümüzə qədər gəlib çıxan inanca görə, su çərşənbəsində sular, göllər və hövzələr durulur, təmizlənir və təzələnir. Od çərşənbəsi günəşin istiliyinin artmasına, üçüncü çərşənbə torpağın oyanmasına işarədir. Yel çərşənbəsi yaranış prosesinin üçüncü mərhələsini əks etdirir. Əgər torpaq və su insan yaradılışının materialını, maddi əsasını təşkil edirsə, od və yel bu materialın yaradılmasında kənar vasitəçi kimi çıxış edir.
Sonuncu ilaxır çərşənbə torpaq çərşənbəsidir. Torpaq insan yaradılışının əsas maddi əsası olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir.
Torpaq əxlaqi dəyərlər sistemində yurd, vətən, el-oba anlayışı ilə yanaşı, yaradılışın maddi əsası olmasından irəli gələrək mifoloji semantikaya da malikdir. Yazda torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Bu isə ilk növbədə insanın yaradılış mifindən qaynaqlanır.
Çərşənbələrdə və eyni zamanda bayram axşamında hava qaralana yaxın tonqal qalanar və yaşından asılı olmayaraq hər kəs onun üzərindən hoppanar. İnsanlar od üzərindən atlanaraq bu sözləri deyərlər:
“Ağırlığım, uğurluğum burda qalsın!”,
“Dərdim, bəlam odda yansın”.
İnanca görə bu əməlləri etdikdən sonra onlar köhnə ilin dərdindən, bəlalarından, xəstəliklərindən qurtulacaq, yeni ilə paklanmış, təmizlənmiş, sağlam olaraq girəcəklər. İlaxır çərşənbədə və bayram günü insanlar qəbir üstünə gedər, valideynlərinin və yaxınlarının məzarını ziyarət edər, yasin oxutdurarlar. Bu da dünyadan köçən əzizlərə hörmət, keçmişini unutmamaq mahiyyəti daşıyır.
Novruzun gözəl adət və inancları ilə yanaşı, çox maraqlı oyunları da var, bunlardan boyanmış yumurta döyüşü, kəndirbazların və pəhləvanların maraqlı səhnələri, qol gücü yarışları, at çapma, yallı getmə, ənzəli, çovqan, dirədöymə və s. qeyd etmək olar.
Bayram günü süfrəni bəzəyəndə 7 cür nemət masaya qoyulur. Bunlar su (təmizlik), güzgü (paklıq mənasında, yəni, insanlar ona yalandan, paxıllıqdan, xudpəsəndlikdən uzaq olsun deyə baxarlar), səməni (təbiətin oyanması), balıq (bu heyvan çox çevik olduğundan insanların da həyatda çevik olması arzulanır), alma (xoş ətirli olduğu üçün), halva (şirinlik) və fincan içərisində qoyulan qızıldır (bu da var-dövlət rəmzidir). Bundan əlavə, əvvəllər bayram xonçasında 7 rəngdə şam yandırılması da ənənələrdən sayılır. Son zamanlar isə əsasən ailənin üzvlərinin sayı qədər şam yandırılır. Şamı kimsə söndürməməlidir, sona qədər yanmalı və özü sönməlidir. Deyilənə görə, hər yanan şam ailənin bir üzvünün həyat yolunu göstərir.
Yeddi rəqəmi azərbaycanlıların düşüncəsinə görə müqəddəs olduğundan süfrədə 7 cür xörək, 7 cür şirniyyat və 7 cür qovurğanın olması xalqımız tərəfindən vacib sayılır. Müxtəlif bölgələrdə bayram süfrəsi üçün hazırlanan yemək çeşidləri də fərqlidir. Cənub bölgəsində xörək siyahısına plov, balıq ləvəngisi, qatıqlı tərə, göy küküsü, səbzi, yarpaq dolması və şabalıdqovurma daxildir. Şirniyyatlara isə şorqoğalı, şəkərbura, paxlava, badambura, qatlama, qəndçörək aiddir. Bəzi bölgələrdə, bayram ləzizlərinə səməni halvası da daxildir. Səməni halvası həm niyyət üçün bişirilir, həm də sağlamlığa böyük xeyri var. Buğda, çətənə, küncüt, boranı tumu, noxud, mərci və düyüdən ibarət qovurğa bayram simvollarından sayılır.
Novruzun daha bir cəhəti onun simvolik personajları - Keçəl, Kosa və Bahar qızı ilə bağlıdır. Keçəl təbiətin oyanışdan əvvəlki dövrünü, Kosa ruzi-bərəkəti, Bahar qızı isə bitki örtüyünün cücərməsini xarakterizə edir.
İnanca görə hər kəs Novruz bayramını öz evində qeyd etməlidir. Əks təqdirdə, həmin şəxs 7 il bayram axşamı evində ola bilməyəcək. Novruzun əsas elementlərindən biri də küsülülərin barışmasıdır. Bu da xalqın birliyə, həmrəyliyə dəvət olunması xarakterini daşıyır. Qədim azərbaycanlılar yaxşı biliblər ki, parçalanmış xalqı əzmək istəyəndə düşmən üçün asan olur. Amma yumruq kimi birləşən insanları yenmək qeyri-mümkündür.
İlaxır çərşənbədə və bayram günündə qeybətə yol verilməməsi və yalnız xoş sözlər danışmaq tövsiyə olunur. Çünki həmin gün cavan oğlan və qızlar ürəklərində arzu tutaraq qulaq falına çıxar, yəni, qonşuların etdikləri söhbətə gizlincə qulaq asmağa gedərlər. İnanca görə, dinlənilən qapıdan ilk eşidilən sözdən arzulanan niyyətin baş tutub-tutmayacağı bəlli olur. Əgər qulaq asan şəxs xoş söz eşidərsə, onun arzusu yeni ildə yerinə yetəcək.
Novruzun ənənələrindən biri də uşaqların qonşulara, qohumlara papaq atmasıdır. Yeniyetmələr əsasən İlaxır çərşənbədə papaq atarlar. Ev sahibi isə papağı bayram nemətləri ilə doldurar və sahibinə qaytararlar. Bunun da mənası var. İnanca görə, insanlar bu addımları ilə bişirdiklərini paylaşar və kasıb ailələrə əl tutarlar. Çünki Novruz maddi vəziyyətindən asılı olmayaraq hər kəsin şənləndiyi bayramdır.
Bayram günü bütün mənzillərin qapıları açıq olar. Səhərisi isə insanlar bir-birinin evinə gedərək bayramlarını təbrik edərlər.

 

Qadağalar görmüş el şənliyi

 

Sovet imperiyası dövründə üzərinə “dini bayram” damğası vurulub qeyd olunmasına sərt qadağa qoyulan bu əziz bayram respublikamızda uzun fasilədən sonra - 1967-ci ildən təntənəli şəkildə qeyd edilməyə başlanılmışdır. Bu, o vaxtlar Azərbaycan KP MK-nın katibi işləmiş Şıxəli Qurbanovun böyük səyi nəticəsində reallaşa bilmişdi. Nə qədər qəribə olsa da, iki aydan sonra Şıxəli Qurbanov dişini müalicə etdirərkən zəhərlənərək dünyasını dəyişmişdir.
Novruz bayramının ölkəmizdə ilk dəfə dövlət səviyyəsində qeyd olunması isə 1969-cu ildən Heydər Əliyevin hakimiyyətə gəlişi ilə reallaşdı. Bu, ulu öndərin öz xalqına, onun qədim, zəngin tarixinə, milli adət-ənənələrinə tükənməz məhəbbətinin əyani təzahürü idi.
Ümumiyyətlə, hər bir xalqın milli-mənəvi dəyərlərinin qorunmasında və inkişaf etdirilməsində tarixi şəxsiyyətlərin də üzərinə böyük vəzifələr düşür. Bu baxımdan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin sovet hakimiyyəti illərindəki fəaliyyəti də diqqəti xüsusi cəlb edir. Çünki məhz Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə xalqımız sovet ideologiyasının unutdurmağa cəhd göstərdiyi mənəvi irsinin zənginliklərinə yiyələnmiş, milli dəyərlərinə daha hörmət və ehtiramla yanaşmağa başlamışdır. Heydər Əliyevin respublikanın rəhbəri vəzifəsində fəaliyyətinin ilk günlərindən aydın olmuşdu ki, Azərbaycan xalqı onun timsalında əsl milli liderini tapmışdır. Ulu öndər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işlədyi illərdə milli ruhun dirçəlməsinə, Azərbaycan mədəniyyətinin inkişafına və çiçəklənməsinə nail olmaqla yanaşı, həm də Azərbaycan xalqının diqqətini tarixi və mədəni qaynaqlara yönəltmişdi. Məhz bu baxımdan Heydər Əliyevin ölkəyə rəhbərliyinin birinci dövrünü tarixçilər haqlı olaraq milli özünüdərkin oyanmasının, öz kökümüzə qayıdışın və yeni mərhələyə doğru aparan proseslərin başlanğıcı kimi qəbul edirlər. Heydər Əliyevin bütün fəlsəfi konstruksiyası xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanırdı. Hər şey milli şüurun yüksəlişinə təkan verməli, milli dirçəlişin təməlinə çevrilməli idi. Heydər Əliyev həmişə milli ruhun yüksəlişinə təkan verən amillərə xüsusi sayğı ilə yanaşırdı. Elə buna görə də ulu öndərimiz hələ sovetlər dönəmində xalqımızın mənəvi dəyərlərinin qorunub saxlanmasına nail olmuşdu. O illərdə sosial-iqtisadi yüksəlişlə yanaşı, mənəvi dəyərlərə qayıdış da Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyevin başladığı ümumi mədəni hərəkatın tərkib hissəsi kimi milli bayramımız olan Novruz ötən əsrin 70-80-ci illərində əvvəlki dövrlərlə müqayisədə daha kütləvi qeyd olunmağa başladı. Milli özünüdərk prosesinin xüsusilə gücləndiyi 1970-ci illərin əvvəllərində Heydər Əliyev Novruz bayramının keçirilməsi barədə ziyalılara cavab verərək demişdi: “Mənim tapşırığımla deyil, qoy ürəkləri istədikləri şəkildə keçirsinlər”. Sovet ideologiyasının qılıncının ağzının da, arxasının da kəsdiyi bir dövrdə ölkə rəhbərinin belə bir fikir söyləməsi böyük cəsarət tələb edirdi. O vaxta qədər Mərkəzi Komitəyə rəhbərlik edənlərin heç biri geniş ictimaiyyətdə Novruz sözünü dilinə gətirməmişdi. Amma Heydər Əliyev cəsarətli sözləri ilə öz xalqının adət-ənənələrinə, Novruz bayramına son dərəcə bağlı olduğunu nümayiş etdirdi. Bu mənada ulu öndər Heydər Əliyev xalqın inanc və ənənələrini bütün siyasi proseslərin fövqündə saxlayaraq qorumağı bacaran bir lider idi. “Elə vaxtlar, zamanlar olubdur ki, bu bayramı xalqımızın əlindən almaq istəyiblər, bu bayramı keçirməyə mane olmaq istəyiblər. XX əsrdə biz bu dövrü yaşamışıq. Ancaq Novruz bayramının o qədər dərin kökləri var, Azərbaycan xalqının, millətimizin qəlbində o qədər yerləşib ki, heç bir qüvvə, heç bir hakimiyyət, heç bir siyasi sistem bu bayramı Azərbaycan xalqının əlindən ala bilməyibdir” - deyə Heydər Əliyev bildirirdi. Həqiqətən də ulu öndər Heydər Əliyevin Novruz bayramına son dərəcə bağlılığı bu el şənliyinin ulu öndərin ölkəmizə rəhbərliyinin birinci dövründə yaşaması və yaddaşlardan silinməməsi üçün əhəmiyyətli rol oynadı.
Nəhayət, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra müxtəlif qadağalar aradan qalxdı və xalqımız müqəddəs adət və ənənələrin, milli duyğuların, xeyirxahlığın, insana, təbiətə məhəbbətin tərənnümçüsü olan Novruz bayramını könül rahatlığı ilə, adına layiq qeyd etməyə başladı. Beləcə, tariximizin yaddaşından süzülüb gələn Novruz bayramı bir çox çətinliklərdən ötərək bugünümüzə qovuşdu, özünün haqq yerini tutdu. Ümummilli lider Heydər Əliyev Novruz bayramını Azərbaycanın dövlət müstəqilliyinin xalqa verdiyi bəhrələrdən biri kimi səciyyələndirirdi: “Ancaq Azərbaycan dövlət müstəqilliyini əldə edəndən, azadlığa, sərbəstliyə çıxandan sonra bu bayramı biz açıq ürəklə, geniş, el bayramı, xalq bayramı və nəhayət, dövlət bayramı kimi qeyd edirik. Bu, indi müstəqil Azərbaycan dövlətinin ən mötəbər dövlət bayramıdır. Məhz buna görə də ölkəmizin hər yerində, hər guşəsində - hər kəndində, qəsəbəsində, şəhərində insanlar bu bayramı böyük sevinclə, məhəbbətlə keçirir, şənlənirlər. Novruz bayramının keçmiş zamanlardan qalmış adət-ənənələri bu bayram günlərində, bayram şənliklərində nümayiş etdirilir”.
Heydər Əliyevin bayram münasibətilə Azərbaycan xalqına təbrikləri Novruzun ruhundan doğurdu, ona görə də xalqın ürəyindən xəbər verirdi. Ölkədəki ictimai-siyasi durumu, adamların rifah halını, ümumiyyətlə, dövlət quruculuğu prosesini Novruz adətləri ilə bağlayan ulu öndər Novruz bayramının ümumxalq bayramına çevrilməsi, ölkənin hər bir guşəsində bu əziz günün əmin-amanlıq şəraitində, bol süfrə ilə qeyd olunması üçün ictimai-siyasi sabitliyi möhkəmləndirməyə, ölkə iqtisadiyyatının dinamik inkişafını təmin etməyə çalışırdı.
Heydər Əliyev hər il bayram günü İçərişəhərə gəzməyə çıxar, insanlarla bayramlaşar və onlarla yumurta da döyüşdürərdi. Bu, siyasi hakimiyyətlə xalq arasında böyük bağlılığın nişanəsi idi. Onun bayram şənliklərində yaxından iştirakı, atributlara əməl etməsi, Bahar qızla Kosa və Keçəllə, etdiyi məzəli söhbətlər Novruz tədbirlərini daha da şənləndirir, insanların sevincinə sevinc qatardı.

 

Bahar bayramı mədəni irsə qayğıkeş münasibətin rəmzinə çevrilib

 

Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən ölkə rəhbəri İlham Əliyev də ulu öndərin əsasını qoyduğu ənənələrə sadiq qalaraq hər il bayram günü xalqa təbrik ünvanlayır, paytaxt küçələrində təşkil olunan bayram şənliklərində iştirak edir və onlarla öz sevincini bölüşür. Bu addım da xalq tərəfindən böyük rəğbətlə qarşılanır.
Ümumiyyətlə, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 13 ildən artıq bir dövrə nəzər saldıqda onun milli-mənəvi dəyərlərimizə son dərəcə diqqətlə yanaşdığının, mədəniyyətimizin inkişafına xidmət edən lazımi tədbirlərin həyata keçirildiyinin şahidi oluruq. Bu illərdə cənab İlham Əliyev mənəvi irsimizlə bağlı kitabların dərc olunmasından tutmuş yaradıcı şəxslərin fəaliyyətinin qiymətləndirilməsinə qədər müxtəlif sərəncamlar imzalamışdır. Bu, dövlət başçısının ulu öndərin siyasi kursunun layiqli davamçısı kimi həm də mədəni-mənəvi irsimizə bağlılığından xəbər verir.
İlham Əliyev ulu öndərin layiqli varisi kimi Novruzun yüksək səviyyədə qeyd olunmasına çalışır, bu bayram hisslərinin hər bir azərbaycanlının Vətənə bağlılığını daha da gücləndirməsini arzulayır: “Harada yaşamasından asılı olmayaraq, bu bahar bayramını bütün azərbaycanlılar dərin məhəbbət və ehtiramla qeyd edirlər. Qoy onların bu hissləri dünya azərbaycanlılarının doğma Vətənə, ana dilinə və el-obalarına əbədi bağlılıqlarını daha da gücləndirsin”.
Cənab İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkəmizin daha sürətli və davamlı inkişafının əsası qoyulmuş, ictimai-siyasi sabitlik möhkəmləndirilmiş, Azərbaycan Cənubi Qafqazın aparıcı dövlətinə çevrilmişdir. Bütün bu uğurları vətəndaşlarımız gündəlik həyatında qabarıq hiss edir, gələcəyə böyük ümid bəsləyirlər. Xalqımız builki Novruzu da məhz belə bir yüksək ovqatla qarşılayır.
Dövlət başçısı Novruzu hər bir azərbaycanlının daxili aləmində ən ülvi niyyətlərin və saf duyğuların yer tutduğu bayram kimi qiymətləndirir: “Novruz bayramı ulu əcdadlarımızın bizə gözəl yadigarıdır. Azərbaycan torpağında bu bayram çox qədim zamanlardan əsl milli bayram kimi qeyd olunmuşdur. Xalqımız yazın gəlişini ilaxır çərşənbələrdən Novruz axşamınadək kütləvi şənlik və mərasimlərlə qarşılamış, təbiətin canlanması ilə başlayan hər yeni ilin firavanlıq, xoşbəxtlik və əmin-amanlıq gətirməsini arzulamışdır. Novruz bayramı Azərbaycan xalqının gələcəyə inam hissini, ürək-açıqlığını, qonaqsevərliyini, ünsiyyət, mehribançılıq və dostluq duyğularını özündə toplamışdır. Hər kəsin layiqincə qarşılamağa çalışdığı bahar bayramında insanın fikri, əməli və istəyi təzələnir, könüllərdə saf duyğular oyanır. Dünya haqqında ilkin təsəvvürlərlə bağlı olan bu bayram mənəvi gözəlliyi, mərhəməti və xeyirxahlığı təcəssüm etdirir”.
Hər birimiz Novruz bayramına dövlətin verdiyi dəyər və önəmi doğru-düzgün qiymətləndirməli, ona milli dövlət quruculuğumuzda hər bir vətəndaşın yaxından iştirakı üçün verilmiş milli quruculuq töhfəsi kimi yanaşmalıyıq. Çünki xalqımızın mənəvi mədəniyyətinin öyrənilməsində, qədim mifik görüşlərindən tutmuş adət-ənənəsi, həyat tərzi haqqında aydın təsəvvürlər əldə edilməsində Novruzun rolu olduqca əhəmiyyətli və əvəzsizdir.
Azərbaycan xalqı bütün varlığı ilə bu bayrama bağlıdır. Xalqımız indiyədək olduğu kimi, bundan sonra da adət-ənənələrini uca tutacaq, onları qoruyub inkişaf etdirəcəkdir. İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində deyildiyi kimi: “Nəhəng infrastruktur layihələrinin ardıcıl gerçəkləşməsinin nəticəsi olaraq sürətlə modernləşən ölkəmizdə yaz bayramı mədəni irsə qayğıkeş münasibətin və ənənəvi dəyərlərə bağlılığın rəmzinə çevrilmişdir. Müstəqil Azərbaycanın dinamik inkişafla səciyyələnən müasir həyatı və yurdun bütün guşələrini əhatə edən genişmiqyaslı quruculuq-abadlıq işləri isə bayramın yeniləşdirici ab-havası ilə həmahəngdir”.

 

Milli dəyərlərimizə ehtiramın nümunəsi

 

Azərbaycanın adət-ənənələri min illərin o tayından rişələnən, sonrakı dövrlərə kök atan bir mədəniyyətdir. Bu mədəniyyətin qollarını əhatə edən atributlar o qədər zəngin, o qədər maraqlı, o qədər cəlbedicidir ki, əsrlər ötsə də, yenə öz təravətini, gözəlliyini saxlaya bilir. Azərbaycan torpağı tarixən bəşəriyyət üçün maraqlı olub. İstər onun yerüstü sərvətləri, istərsə də mənəvi sərvətləri hər zaman dünya insanının marağını özünə çəkib.
Bu mənada böyük zəhmət hesabına UNESCO-nun Qeyri-maddi irs siyahısına salınan qiymətli arxeologiya, mədəniyyət, mənəviyyat nümunələrimiz dünyada Azərbaycanın eşidilən səsidir. Bu təşkilat bəşəri dəyərlərin dünyada qorunması, onların gələcək nəsillərə çatdırılması istiqamətində ardıcıl iş aparır. Azərbaycanın da qeyri-maddi mədəniyyət nümunələri bu təşkilatın diqqətini çəkib və milli-mənəvi dəyərlərimizdən olan muğam sənəti, aşıq və xalça sənətinin bu təşkilatın Qeyri-maddi mədəni irsin qorunması üzrə reprezentativ siyahısına daxil edilməsi böyük hadisə sayılmalıdır. Çünki xalqımızın yaratdığı sənət incilərinin UNESCO-nun xəttilə təbliğ edilməsi xalqımıza müsbət imic qazandırır.
Hər biri dövlətçilik tariximizin, mədəniyyətimizin nümunəsi olan bu abidələri Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə təbliği məqsədilə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Mehriban Əliyevanın təşəbbüsləri və dəstəyi ilə həyata keçirilən silsilə tədbirlər nəticəsində mümkün olub.
Mehriban Əliyeva daim çıxışlarında mədəniyyətimizin həm milli, həm də bəşəri mahiyyət daşıdığını vurğulayır. Onun sözlərinə görə, milli mədəniyyətimiz Azərbaycan xalqının və dövlətinin varlığıdır: “Əlbəttə, bizim əsas varlığımız mədəni irsimizdir. Azərbaycanın qədim xalçaçılıq məktəbi, nadir miniatürləri, ədəbiyyatı və poeziyası, musiqisi, rəqsləri, təsviri sənəti, memarlıq abidələri var”.
Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq bir neçə ildir ki, UNESCO tərəfindən beynəlxalq səviyyədə qeyd edilir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin yekun qərarına əsasən, Novruz bayramının Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi Azərbaycanın milli siyasətində Novruzun milli özünütəşkil və yaşatma mexanizmi kimi nə qədər böyük gücə malik olduğunun parlaq sübutudur.
Məlumdur ki, ölkəmiz 1992-ci ilin iyunundan UNESCO-ya üzv qəbul olunub. 1996-cı ildə isə UNESCO ilə Azərbaycan arasında əməkdaşlıq sahəsində memorandum imzalanıb. Həmin vaxtdan etibarən BMT-nin elm, təhsil və mədəniyyət üzrə bu nüfuzlu təşkilatı ilə əlaqələrimiz genişlənməkdədir. 2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanması və inkişaf etdirilməsi sahəsində xidmətlərinə görə Mehriban xanım Əliyeva UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. Məhz bundan sonra bu təşkilatla Azərbaycan arasında əlaqələr daha da inkişaf etməyə başlayıb. Onun Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin qorunması və UNESCO - Azərbaycan əlaqələrinin inkişafı naminə göstərdiyi xidmətlər nəticəsində ölkəmiz Qeyri-maddi mədəni irsin qorunması üzrə hökumətlərarası komitəyə üzv seçilib və həmin sahədə əlaqələr daha da möhkəmlənib.
Fəxarət duyuruq ki, BMT tərəfindən 21 mart “Beynəlxalq Novruz Günü” elan edilmişdir. Azərbaycanın təşəbbüsü ilə BMT-nin Baş Məclisində “Beynəlxalq Novruz Günü” adlı qətnamə layihəsinin təqdimatı 2010-cu il fevralın 23-də keçirilmiş və qəbul olunmuşdur. BMT-nin Baş Məclisi artıq martın 21-ni Beynəlxalq Novruz Günü kimi tanıyır.
Novruz bayramı milli dəyərlərin, mahiyyəti etibarilə milli varlığın qorunma vasitəsidir. Bu yanaşma Azərbaycan dövlətinin artıq bütün dünyada böyük əks-səda verən mədəniyyət siyasətinin əsasını təşkil edir. Qürur hissi keçiririk ki, ümummilli lider Heydər Əliyevin böyük səyləri ilə rəsmi dövlət bayramı - əbədi yaşamaq hüququ qazanmış Novruz bayramı artıq dünyada tanınmaqdadır.
Xalqımız özünün milli və tarixi ənənəsinə çevrilmiş Novruzu həmişə olduğu kimi, bu il də böyük sevinclə qarşılayır, xoş əhvali-ruhiyyə nümayiş etdirir. İllər ötdükcə Novruz bayramının öncəki dövrlərlə müqayisədə daha əhatəli keçirildiyi hiss olunmaqdadır. Çünki Azərbaycan xalqı bütün varlığı ilə bu bayrama bağlıdır.

Hadi RƏCƏBLİ,
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri