10 Sentyabr 2024 08:35
776
Mədəniyyət
A- A+
Xalqın mənəvi dünyasına nur saçan işıq

Xalqın mənəvi dünyasına nur saçan işıq

 

2024-cü il bir çox mühüm hadisə kimi, dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530-cu ildönümünün tamamlanması ilə də əlamətdardır.
Xalqımızın tarixi-mənəvi irsini hər zaman uca tutan Azərbaycan Prezidenti İlham Əliyev bu böyük şəxsiyyətin anadan olmasının 530-cu ildönümü ilə bağlı sərəncam imzalamış, sərəncamda Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinin iftixarı kimi Məhəmməd Füzulinin layiqli qiyməti verilmişdir. 
Ədəbiyyatımızın inkişafında mühüm yer tutan və öz əsərləri ilə ümumilikdə Şərq xalqlarının da ictimai fikir tarixinə əhəmiyyətli təsir göstərən M.Füzulinin adı əsrlərdir ki, geniş bir coğrafiyada böyük hörmət və ehtiramla anılır, ədəbi irsi maraqla öyrənilir. 
Azərbaycan Prezidentinin sərəncamında da qeyd edildiyi kimi, dahi şairin həyata, insana dərin məhəbbət aşılayan və daim gözəllik duyğusu, ülvi ideallarla yaşamağa çağıran çoxcəhətli bədii-fəlsəfi irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdəndir. Orta əsrlərin həyat şəraitinin hələ ibtidai səviyyələrdə olduğu dövrlərdə Füzulinin şeirləri əlyazmalar şəklində Şərqin müxtəlif ölkələrində yayılıb əldən-ələ gəzir, əzbərlənib dildən-dilə dolaşırdı. Bu əsərlərin mükəmməlliyi, aşıladığı ideyalar, insanlara doğmalığı sayəsində dahi şairimizi yaşadığı İraq torpaqlarından uzaqlarda - Türkiyədə, Çində, Orta Asiyada, Türkmənistanda, Misirdə, Tatarıstanda, Bolqarıstanda və başqa ölkələrdə də sevə-sevə oxuyur və bu gün də oxumaqdadırlar. 
Şairin divanları, poemaları, alleqorik əsərləri Şərq xalqları arasında o qədər geniş yayılmışdır ki, hazırda dünyanın Şərq əlyazmaları qorunan istənilən muzeyində Füzuli əsərlərinin ən azı bir neçə əlyazmasına təsadüf etmək olar. Yaxın Şərqdə Füzuli əsərlərindən nümunələr qeyd etməyən hər hansı şairə də təsadüf etmək çətindir. Əsrlərin o tayından günümüzə qədər gəlib çatmış şeir məcmuələrində Füzuli əsərlərindən bütöv parçalara rast gələ bilərik. 

 

Füzuli ilə yenidən doğulmuş ədəbiyyat

 

Füzulinin əsərləri Yaxın Şərqin müxtəlif ölkələrində qələmə alınmış təzkirələrin hamısında böyük hörmət hissi ilə xatırlanır. Onun haqqında indiyə qədər dünyanın müxtəlif ölkələrindən olan çoxsaylı elm-sənət adamları, tədqiqatçılar fikir söyləmişlər. Onlardan biri Azərbaycan ədəbiyyatının daha bir dahi siması, böyük dramaturqumuz Cəfər Cabbarlıya məxsusdur. O, Mirzə Fətəli Axundzadə haqqında qələmə aldığı məqaləsində Füzuli irsinə də müraciət edərək yazmışdır: "Füzuli Azərbaycan ədəbiyyatını fars və ərəb girdablarından dartıb çıxarmış və dörd yanını sarmış boşluq içərisində yeni doğulmuş ədəbiyyatı çiyinlərinə almış və yenilməz addımlarla ta yüksəklərə qaldırıb… vaxtına təqdim etmişdir. Füzulinin dörd əsr bundan əvvəl yazdığı sentimentalist əsərlər bu gün belə bütün sentimentalizm ədəbiyyatının ilk sıralarında gedə bilər".
Füzulişünaslığın artıq bir elm kimi formalaşdığı dövrdə - XX əsrdə onun həm alimliyi, həm də ədəbi-estetik fikir tarixində misilsiz rol oynadığı barədə yazılanlar daha bariz şəkildə öz əksini tapmışdır. Professor Mir Cəlal Paşayev "Füzuli sənətkarlığı" monoqrafiyasında yazırdı: "Füzuli dövrünün ən böyük şairi olduğu kimi, həm də ən böyük alimi idi. Özü dediyi kimi, əziz ömrünü zamanının "əqli və nəqli, həkəmi və həndəsi" elmlərini dərindən öyrənməyə sərf etmişdir". 
Füzulini alim kimi səciyyələndirən fikirlərə Firidun bəy Köçərli, Abdulla Sur, Bəkir Çobanzadə, Salman Mümtaz, Həmid Araslı, Məmməd Cəfər, Əkrəm Cəfər, Azadə Rüstəmova, Fuad Qasımzadə, Samət Əlizadə, Sabir Əliyev, Əlyar Səfərli, Rafael Hüseynov, Teymur Kərimli, Hacı Ələmdar Mahir, həmçinin bir sıra türk alimlərinin - M.F.Köprülüzadə, İsmayıl Hikmət və başqalarının tədqiqatlarında da rast gəlirik. Professor M.Quluzadə "Füzulinin şeir haqqında nəzəri görüşlərinə dair" məqaləsində yazırdı: "Füzuli böyük mütəfəkkir alim, istedadlı nəzəriyyəçi kimi öz ədəbi inkişaf istiqamətini, həmçinin müasir dövrün və gələcək ədəbi hərəkatın inkişaf yolunu nəzəri görüşləri ilə işıqlandırmışdır".
Tədqiqatçı alim, filologiya elmləri doktoru Vaqif Yusifli M.Füzuli haqqında qələmə aldığı məqalələrinin birində araşdırmaçıların fikirlərinə əsasən yazırdı: "Füzuli belə bir alim-şair səviyyəsindəydi və onun bir çox əsərlərində, xüsusilə "Mətləül-etiqad", "Həft cəm", "Səhhət və Mərəz", "Rindü Zahid"də bir alim kimi dünya və kainatın yaranması, təbabət, tarix, coğrafiya, din, psixologiya və s. elmlərlə bağlı fikirləri ilə qarşılaşırıq. Onun ruh, əql haqqında fəlsəfi fikirlər deməsi, maddi varlıq, onun mahiyyəti, səbəb və nəticə xüsusunda söylədiyi fəlsəfi mülahizələr şairin elmi təfəkkürünün genişliyini sübut edirdi. Füzulinin "Elmsiz şeir əsası yox divar kimi olur. Və əsassız divar ğayətdə bietibar olur" sözləri əbəs deyilməyib. Bütün bunlar ondan irəli gəlirdi ki, Füzuli Orta əsr elmlərinin əksəriyyətini mükəmməl mənimsəmiş və xüsusilə türk, fars və ərəb mədəniyyətini, özündən əvvəlki əsrlərdə yaranan Yaxın Şərq filoloqlarının, söz ustalarının ədəbi irsini, ona məlum olan poetika kitablarını dərindən mənimsəmişdir".
Tədqiqatçılar yazırlar ki, Füzuli "kəlami-mövzun"un küfr oxunduğu, nəzmin xar olduğu, "Dövran istər ki, xar ola nəzm, Biizzətü etibar ola nəzm" dediyi bir dövrdə sözün, sənətin şərəfini uca tutmuş, şeir sənətinin Allah və peyğəmbər tərəfindən yüksək qiymətləndirildiyini isbat etmişdir. 

 

Sözdən açılmış süfrə

 

Mənbələrə görə, Məhəmməd Füzuli 1494-cü ildə İraqın Kərbəla şəhərində anadan olub. O, Azərbaycanda məşhur olan türk mənşəli Bayat tayfasına aiddir. Məhəmmədin atası Süleymanın İraqa Azərbaycanın Ərəş mahalından köçdüyü də bildirilir. 
İlk təhsilini Kərbəlada alan Füzuli daha sonra Bağdadda təhsilini davam etdirmiş, bir müddət İraqın Nəcəf və Hüllə şəhərlərində də yaşamışdır. Davamlı mütaliə hesabına böyük şair Orta əsr elmlərini, xüsusilə dini-fəlsəfi cərəyanları, ərəb tərcümələri əsasında yunan fəlsəfəsini dərindən mənimsəmiş, klassik türk, ərəb, fars və hind ədəbiyyatını öyrənmişdir. O, Azərbaycan və ümumtürk ədəbiyyatı tarixində divan janrının ən möhtəşəm nümayəndələrindən biri kimi tanınır.
Məhəmməd Füzulinin yaradıcılığı son dərəcə zəngin və çoxcəhətlidir. Hələ gənc yaşlarından lirik şeirləri ilə nəzər-diqqəti cəlb edən bu istedadlı sənətkar Orta əsrin o dövrdə populyar olan bütün janrlarında Azərbaycan, ərəb və fars dillərində əsərlər yaratmış, çox böyük bir ədəbi-fəlsəfi irs formalaşdırmışdır. Özünün də yazdığı kimi, şairin yaradıcılığı nemətlərlə zəngin bir süfrədir: 

Mən gözəl bir süfrə açdım sözdən əhli-aləmə
Onda min zövq artıran hər dürlü nemət düzmüşəm
Süfrəmə hər bir qonaq gəlsə, xəcalət çəkmərəm
Fərqi yox, ya türk gəlsin, ya ərəb, yaxud əcəm
Kim gəlir, gəlsin aparsın, hər nə istər xatiri
Qurtaran nemət deyil, süfrəmdən olmaz heç nə kəm

Füzuli yaradıcılığında qəzəl, qəsidə, müsəddəs, tərkibbənd, tərcibənd, rübai, qitə, mürəbbe və s. janrlar xüsusi yer tutur. O, əsərlərini əruz vəznində, həm nəzmlə, həm nəsrlə, həm lirik, həm də epik növdə yaratmışdır. 

 

Qəzəl de ki, məşhuri-dövran ola

 

Füzulinin yaradıcılığında qəzəl janrı xüsusi yer tutur. Onun qəzələ mühüm əhəmiyyət verməsi heç də təsadüfi deyildi. Bu, hər şeydən əvvəl şairin öz mütərəqqi görüşlərini geniş xalq kütlələri içərisində yaymaq, ürək sözlərini çatdırmaq üçün sənətin bu kütləvi növündən geniş istifadə etmək istəyindən irəli gəlirdi. O çağlarda qəzəl fikirləri təqdim etmək üçün əlverişli bir janr idi. Qəzəl tez əzbərlənir, hafizələrdə dərhal yer tutur, dildən-dilə keçərək xalq arasında sürətlə yayılırdı. Eyni zamanda qəzəl musiqi ilə əlaqədar olduğundan xanəndələr vasitəsilə də tez-tez oxunub dinləyicilərin yaddaşına yazılır, onların düşüncələrinə sirayət edir, müəllifin məqsədinə çatmasına kömək göstərirdi. 
Füzuli üçün mükəmməl səviyyədə qəzəl yazmaq böyük hünər idi. Çünki qəzəl janrının yüksək bədii sənət nümunəsi kimi şöhrətlənməsindən ötrü hər şeydən əvvəl sənətkardan bacarıq, istedad, şeir üzərində ciddi işləmək, münasib sözləri öz yerində düzgün işlədə bilmək bacarığı tələb olunur. 

 

Bədii nəsrin banisi

 

Məhəmməd Füzuli "Şikayətnamə" və ya "Nişançı Paşaya məktub" əsəri ilə ana dilmizdə bədii nəsrin banisi sayılır. Şairin "Bəngü-badə", "Söhbətül-əsmar", "Həfti-cam", "Həqiqətüs-süəda", "Leyli və Məcnun" və s. bu kimi əsərləri təkcə Azərbaycan ədəbiyyatının deyil, ümumən dünya mədəniyyətinin qiymətli inciləridir. 
"Leyli və Məcnun" poeması şairin yaradıcılığının zirvəsi sayılır. Bu əsər Azərbaycan, eləcə də Şərq və dünya poeziyasının çox nadir incilərindəndir. Məlum olduğu kimi, Şərqdə şifahi səviyyədə məşhur olan "Leyli və Məcnun" mövzusunu yazılı ədəbiyyata ilk dəfə Nizami Gəncəvi gətirib. Füzuliyə qədər və Füzulidən sonra da bir çox türk, fars, hind, özbək və tacik şairləri bu mövzuya müraciət ediblər. Amma Füzulinin Azərbaycan türkcəsində yaratdığı əsər orijinallığı ilə bu mövzuda yazılmış bütün poemalardan seçilir. Bu poemada Füzuli sözün qüdrətini ən üstün səviyyədə sərgiləməyi bacarıb.
Füzuli üçün sözün dərəcəsi və rütbəsi çox ucadır və o, sözün qüdrətini həqiqətdə görür. O, şeiri, sənəti varlığı doğru əks etdirmək vasitəsi hesab etdiyi kimi, eyni zamanda yüksək şeirin sənətkarını əbədi yaşadacağını dərk edirdi. Füzuli üçün şeir də, sənət də əbədiyyətdir. Sözün qüdrəti ilə əbədiyyət qazanmaq isə o qədər də asan deyil. Bunun üçün yuxusuz gecələr, rahatlıqdan, əyləncələrdən uzaq həyat lazımdır. Füzuli şeir və sənət əsərlərindən həmişə orijinallıq tələb edir. O, tapdanmış yoldan gedib-gəlməyi hünər bilmir. Məhz buna görə də sənətkarlığı çox çətin peşə hesab edir. 

 

Aşiq sənətkar

 

Füzulinin bütün yaradıcılığı başdan-başa sevgidir. Füzuli insanı dərin bir məhəbbətlə sevən aşiq sənətkardır. Onun bu məhəbbəti çox təmiz, səmimi və yüksək məhəbbətdir. Bu məhəbbət insanı nəcibləşdirən, onda sədaqət, səmimiyyət, vəfa, fədakarlıq kimi yüksək insani hisslər tərbiyə edən bir məhəbbətdir. Burada riyakarlıq, şəxsi mənafe, ikiüzlülük, şöhrətpərəstlik kimi naqis sifətlər yoxdur. Bu məhəbbət təmkin, vüqar, insana etimad, insana məhəbbət kimi hisslərlə yoğrulmuşdur. 
Füzuli əsərlərinin bir özünəməxsus cəhəti də ondadır ki, bu əsərlərdə xəyali yox, həyatda olan real insanlar, real gözəlliklər tərənnüm edilir. Şairin təsvir etdiyi gözəlliklər mücərrəd deyil, konkretdir. O, sevgilisinə xitab edəndə belə öz dərdlərindən danışdığı halda da bəzən sevgilisinin hərəkətlərini, geyimini, gözəlliklərini təsvir edir. 
Füzuli əsərlərinin ictimai motivi də çox böyükdür. Şair Orta əsr həyatını çox düzgün xarakterizə edərək ayrı-ayrı ictimai təbəqələrin çəkdiyi iztirabları doğru göstərir. Bu iztirabların səbəblərinə işıq salır, cəmiyyəti inkişafa, tərəqqiyə səsləyir. Şairin əsərlərində elm, mədəniyyət məsələləri bu baxımdan mühüm yer tutur.       
Azərbaycan ədəbi dilinin inkişafında da Məhəmməd Füzulinin müstəsna xidmətləri var. Dahi şair Azərbaycan dilində yazdığı mükəmməl ədəbi nümunələrlə ana dilimizi yeni bir səviyyəyə yüksəltmişdir.  
Dövlət rəhbərimizin sərəncamında da qeyd edildiyi kimi, Məhəmməd Füzuli istedadlı nümayəndələri ilə tanınan bütöv bir ədəbi məktəb formalaşdırmış, öz müasirlərindən başlayaraq sonrakı dövrlərdə Füzuli ənənələrinin davamçısı olmuş bütün görkəmli sənətkarlar bu nəhəng söz ustasının adını hər zaman ehtiramla yad etmişlər.
Məhəmməd Füzulinin 500 illik yubileynin necə böyük təntənə ilə qeyd edildiyi ölkə ictimaiyyətinin yaxşı xatirindədir. Milli-mənəvi dəyərlərimizi qoruyan və bütün dünyada təbliğ edən Ümummilli Lider Heydər Əliyevin səyləri nəticəsində Məhəmməd Füzulinin 500 illik yubileyi UNESCO səviyyəsində qeyd edilmiş, yubiley tədbirləri müstəqil Azərbaycan Respublikasında keçirilən ilk dünya miqyaslı möhtəşəm mədəniyyət və sənət bayramı kimi yaddaşlara əbədi yazılmışdır.
Füzuli kimi şəxsiyyətlər xalqın mənəvi dünyasına nur saçan işıqdır. Onların irsinə dəyər verildikcə bu nur daha da artır və Azərbaycan xalqı olaraq bizi dünyaya layiq olduğumuz ucalıqda göstərir.

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu peşələr 10 il ərzində yox olacaq

17:11
08 Oktyabr

Qiymətləndiricilərin ixtisas imtahanına qeydiyyatı başa çatıb

17:08
08 Oktyabr

Londonda “COP29: İqlim dəyişmələri, sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masa keçirilib

17:07
08 Oktyabr

TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclasında Birgə Bəyannamə qəbul edilib

17:03
08 Oktyabr

Avropa Parlamenti Gürcüstandakı vəziyyəti müzakirəyə çıxarır 

16:58
08 Oktyabr

İtaliyada orqan transplantasiyası sürətlə artır

16:54
08 Oktyabr

Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilir  Prezident İlham Əliyev iclasda iştirak edir YENİLƏNİB

16:53
08 Oktyabr

ABŞ-də fövqəladə vəziyyət elan edildi

16:46
08 Oktyabr

Ali Məhkəmənin hakimləri təyin edilib – QƏRAR

16:40
08 Oktyabr

“Milan”ın futbolçusu iki oyunluq diskvalifikasiya edilib

16:37
08 Oktyabr

Kuba Rusiyaya rəsmi müraciət göndərib 

16:19
08 Oktyabr

X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Şuşaya həsr olunan sərgilərin təqdimatı keçirilib

16:03
08 Oktyabr

Bu il istehlakçılara 130,6 milyon manat ƏDV qaytarılıb

15:57
08 Oktyabr

Təhsilin İnkişafı Forumu keçirilib YENİLƏNİB

15:49
08 Oktyabr

RF Prezidentinin köməkçisi: Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü nəzərdə tutulmur

15:41
08 Oktyabr

Azərbaycanın ən ağır çəkidə çıxış edən cüdoçusu dünya reytinqində liderliyi ələ keçirib

15:31
08 Oktyabr

Şuşada Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası keçirilib YENİLƏNİB 

15:22
08 Oktyabr

Odessada həbs edilən gəmidəki Azərbaycan vətəndaşları ölkəmizə təxliyə olunub

15:19
08 Oktyabr

Moskvada Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə görüşü olub YENİLƏNİB - 2 

15:18
08 Oktyabr

Daha 16 ailə Şuşaya köçüb, onlara yeni evlərinin açarları təqdim olunub

15:15
08 Oktyabr

Fizika sahəsində Nobel mükafatına layiq görülən alimlərin adları açıqlanıb

15:03
08 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!