19 Aprel 2024 09:55
926
Səhiyyə
A- A+

Vitaminsiz qalmayaq

 

İnsan orqanizminin normal inkişafı üçün tələb olunan vacib elementlərdən biri də vitaminlərdir. Əsasən bitkilər tərəfindən sintez edilən vitaminlər maddələr mübadiləsini sürətləndirmək və immunitet sistemini dəstəkləməkdən, sağlam dərini qorumaq və qidanı enerjiyə çevirməyə qədər bir çox bədən funksiyasında mühüm rol oynayır.
Vitamin çatışmazlığı ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Bu, qanazlığı və həzm problemləri kimi sağlamlığa təsir edən müxtəlif fəsadlara gətirib çıxarır.

 

D vitamini əskikliyi dövrün "tələbi"dir

 

Mütəxəssislər bildirirlər ki, A, B, C, D, E və K vitaminlərinin hər biri dəyərlidir, ancaq prioritet D vitaminidir. Möcüzəli molekul olan D vitamini həm bədənə, həm də ruha dərindən təsir edir və sağlamlığı hərtərəfli yaxşılaşdırır. Onun sayəsində beyin sağlamlığından ürək sağlamlığına, immunitet gücündən sümüyə, dişlərə, əzələ və oynaq gücünə, emosional və fiziki enerjiyə qədər bir çox funksiya yerinə yetirilə bilər.
D vitamini ehtiyacını, təəssüf ki, yalnız qida ilə, süd məhsulları, yumurta və ya balıq yeməklə ödəmək mümkün deyil. Qidalar gündəlik D vitamini ehtiyacının ən çox 2-3 faizini ödəyə bilir. Qalanını isə dərini günəşə verməklə qazanmaq olar. Günəş işığı ilə dərimizdə istehsal olunan və körpəlikdə ana südü sayəsində əldə etdiyimiz vitamin ən təhlükəsiz və zəmanətli D vitamini molekullarıdır. İnək südündəki D vitamini də təbii və mükəmməldir, lakin süd bəzi sənaye proseslərinə məruz qaldıqda əhəmiyyətli dərəcədə zədələnir.
Günəşin köməyi ilə orqanizmdə istehsal edilən təbii D vitamini sulfatlıdır. Ona görə də həm suda, həm də yağda həll olunmaq qabiliyyətinə malikdir. Nəticədə bədənin hər hüceyrəsinə, hər toxumasına və orqanına asanlıqla daxil ola bilir. Süni D vitamini isə sulfatsızdır. Buna görə də ilk seçim günəşdən alınan təbii D vitamini olmalıdır.
Bəzən belə bir halla rastlaşırıq ki, bir müddət öncə D vitamini səviyyəmiz 50-dən yuxarı olduğu halda sonradan 15-20-yə düşüb. Bunun səbəbi D vitamininin digər vitaminlər kimi daim istifadə olunan və istehlak edilən komponent olmasıdır. Hüceyrələrimiz öz funksiyalarını yerinə yetirərkən ondan xammal kimi istifadə edirlər. Bu sərfiyyat vaxtında bərpa edilməlidir. Orqanizmimizə daxil olan D vitamininin miqdarı istifadə olunan miqdardan aşağı olmamalıdır. Xüsusilə qış aylarında günəşdən uzaq durduğumuz üçün istehsal ya dayanır, ya da minimuma enir. Bu hal xroniki xəstəlikləri olanlarda, kök və tünd dərili insanlarda özünü daha çox büruzə verir. Əgər D vitamini əskikliyi yaşayırıqsa və bunu günəş işığı ilə bərpa edə bilmiriksə, həkim təyinatı ilə  müvafiq dərmanların qəbulu həyata keçirilməlidir.

 

A vitamini yalnız qida vasitəsilə orqanizmə daxil olur

 

Sağlamlıq üçün önəmli olan vitaminlərdən biri də A vitaminidir. O, görmə, dəri, saç, dırnaq və dişlərin normal inkişafı üçün vacibdir. A vitamini çatışmazlığı özünü ən çox gözün fəaliyyətində göstərir. Bu zaman gözün qidalanması və görmə qabiliyyəti zəifləyir.
İnsan orqanizmi A vitamini istehsal edə bilmir. Bu vitamin yalnız qida vasitəsilə orqanizmə daxil ola bilir. Kök, balqabaq, kabak, ispanaq, bibər, kahı, pomidor, sarı meyvələr, yumurta sarısı, balıq və mal qaraciyərini gündəlik qida rasionuna əlavə etməklə bu vitamin əskikliyini bərpa etmək mümkündür.  Əgər bu effekt verməsə, kapsula təyin olunur. Amma unutmayın ki, A vitamini qəbul edən zaman E vitamini də olmalıdır ki, bağırsaqda retinolun turşulaşmasının qarşısını alsın. Bu vitaminin az miqdarda bitki yağı ilə birgə qəbul olunması məsləhət görülür. 

 

E və C vitaminləri orqanizmin normal fəaliyyəti üçün vacibdir

 

Bədənin normal fəaliyyəti üçün E vitamini mühüm əhəmiyyət kəsb edir. O, yağda həll olunan ən vacib vitaminlərdən biridir və bədəndə qaraciyərdə olur. Bu vitamin güclü antioksidantdır və orqanizmi həm zəhərli təsirlərdən, həm də sərbəst radikallardan qoruyaraq, daha güclü hüceyrə quruluşunu təmin edir. E vitamini xalq arasında pis xolesterol adlanan LDL xolesterolunun oksidləşməsinin qarşısını alaraq, orqanizmi xərçəng və buna bənzər pis xəstəliklərdən qoruyur. Onun çatışmazlığı az inkişaf etmiş populyasiyada və tarazsız qidalanmalarda özünü daha çox göstərir.
İmmunitetin gücləndirilməsi üçün isə C vitamininin qəbulu vacibdir. Yüksək dərəcədə antioksidant olan bu vitamin orqanizmdə E vitamini ilə birləşərək güclü qoruyucu təsirə çevrilir. Daha çox qreyfurt, limon, portağal, kivi, naringi kimi sitrus meyvələrin tərkibində mövcuddur. Qırmızı acı, şirin, yaşıl bibər C vitamini qaynaqlı tərəvəzlərdən hesab edilir. Mövsümü yaxınlaşan qarpız və çiyələyin tərkibində az da olsa, bu vitamin mövcuddur.
Son illərdə C vitamininin diabet üzərindəki effektiv təsiri haqqında məlumatlar geniş yayılıb. İnsulin bu vitaminin hüceyrəyə daxil olmasını təmin edir. Bu səbəbdən diabet və insulin müalicəsində C vitamini əhəmiyyətli rola sahibdir. Astma, yüksək təzyiq, infeksiyalar, ekzema, hepatit, mədə yarası, katarakta kimi bir çox xəstəliklərdə məhz bu vitaminin azlığı müşahidə edilir. 
Streslər və emosional gərginliklər də immun sisteminin zəifləməsinə səbəb olur. Unutmamalıyıq ki, hər bir insan özünün həkimi olmalıdır. Sağlam həyat tərzinə və balanslı qida rasionuna əməl edilsə, orqanizm xəstəliklərdən xilas olar və ya onun qarşısı tamamilə alınar.

Ülkər XASPOLADOVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video