Heydər Əliyev Fondu Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə ölkəmizdə keçirilən Vaqif Poeziya Günləri Qazax və Gəncədən sonra iyulun 16-da Ağdam şəhərində davam edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam Muğam Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhminin aparıcılığı ilə keçirilən musiqili poeziya axşamı ədəbiyyat və mədəniyyət həvəskarlarının böyük marağına səbəb olub.
Mədəniyyət Nazirliyinin şöbə müdiri Vasif Qurbanzadə Vaqif Poeziya Günlərinin əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, Vaqif Poeziya Günlərinin təməli Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə Şuşada qoyulub. 1991-ci ilə qədər hər il təşkil olunan bu poeziya bayramı ənənəvi olaraq şairin vətəni Qazaxdan başlayır və Azərbaycanın mədəniyyət mərkəzi Şuşada başa çatırdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şanlı Qələbəsi nəticəsində Şuşa şəhəri işğaldan azad olunduqdan sonra Vaqif Poeziya Günlərinin keçirilməsi yenidən bərpa olundu.
“Biz Azərbaycan tarixinin ən gözəl anlarına şahidlik edirik. İyulun 14-də Molla Pənah Vaqifin doğulduğu Qazax rayonundan start götürən Vaqif Poeziya Günləri iyulun 15-də Nizami yurdu Gəncə şəhərində, bu gün isə Ağdamda davam edir. Bu gün biz 30 il həsrətində olduğumuz bir yurdda möhtəşəm tədbirin işığına toplaşmışıq”, - deyə Vasif Qurbanzadə bildirib.
Filologiya üzrə fəlsəfə doktoru Sabir Məmmədov, şair-publisist Yusif Millətoğlu, şairlər Nadir Qədimli və Zahid Avşar Molla Pənah Vaqifin yaradıcılığından danışıb, şeirlər söyləyiblər. Tədbir boyu Ağdam Musiqi Kollecinin müəllimlərinin iştirakı ilə musiqi nömrələri təqdim olunub.
Qeyd edək ki, Vaqif Poeziya Günləri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yekunlaşacaq.