Azərbaycan TDT-nin qlobal mövqeyinin güclənməsində və nüfuzlu təşkilata çevrilməsində müstəsna rol oynayır
Türk dünyasında inteqrasiya son illərdə mahiyyətcə yeni mərhələyə daxil olub. Ortaq tarix, dil, mədəniyyət və mənəvi bağları paylaşan türk dövlətləri arasındakı münasibətlər sadəcə humanitar çərçivə ilə məhdudlaşmır. Birgə əməkdaşlıq təhlükəsizlik, enerji, nəqliyyat, investisiya, siyasi koordinasiya, gənclər siyasəti və başqa önəmli sahələri də əhatə edir. Günümüzün sürətlə dəyişən reallıqlarında Türk Dövlətləri Təşkilatının (TDT) gücünü və imkanlarını artırmaq zərurəti hər zamankından daha qabarıq şəkildə üzə çıxır.
Azərbaycan bu təşkilatın formalaşmasında, tərəqqisində və aparıcı beynəlxalq mərkəzə çevrilməsində müstəsna və dinamik rol oynayır. Ölkəmizin TDT üzvləri üçün fəal, etibarlı və əlaqələndirici platforma təmin etməsi türk dünyasının birliyini, həmrəyliyini uğurla formalaşdırır. Bu baxımdan, bir neçə gün ərzində Bakının mühüm sahələri əhatə edən mötəbər tədbirlərə ev sahibliyi etməsi heç də təsadüfi deyil. Sentyabrın 15-də TDT-yə üzv dövlətlərin dini liderlərinin, ayın 18-də isə Təhlükəsizlik Şuralarının katiblərinin 5-ci iclasının məhz Azərbaycanda təşkil edilməsi ölkəmizin təşkilat çərçivəsindəki münasibətlərinin yüksək səviyyəsini, sistemli və çoxşaxəli xarakterini nümayış etdirir. Bu dinamika Azərbaycanın türk dünyasında dialoq, təhlükəsizlik və strateji əməkdaşlıq üçün birləşdirici mövqeyinin nə qədər möhkəm olduğunu göstərir.
Bu strateji xəttin əyani təzahürü olaraq, Prezident İlham Əliyev Bakıda TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib. Dövlətimizin başçısı ardıcıl görüşlərin əhəmiyyətinə diqqət çəkərək təşkilatın artan nüfuzunu xüsusi vurğulayıb: “Cəmi bir neçə gün əvvəl ölkələrimizi təmsil edən dini liderləri qəbul etmişdim. Bu gün isə təşkilatın təhlükəsizlik şuralarının katibləri şuranın 5-ci iclasını keçirmək üçün Bakıda toplaşıblar. Bütün bunlar təşkilatımız çərçivəsində fəal qarşılıqlı əlaqənin göstəricisidir. Həmçinin onu göstərir ki, Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan bir təşkilatdır”. Prezident İlham Əliyev qeyd edib ki, TDT-nin gündəliyi geniş miqyas alaraq qlobal məsələləri əhatə edir: “Müxtəlif formatlarda müzakirə olunan məsələlər beynəlxalq gündəliyi, beynəlxalq təhlükəsizliyi, multikulturalizm, ticarət, nəqliyyat, ümumilikdə humanitar əməkdaşlıqla bağlı məsələləri əhatə edir”.
Bakı yalnız tədbirlərin keçirildiyi məkan deyil, həm də TDT daxilində ortaq maraqların uyğunlaşdığı və regional təhlükəsizlik arxitekturasının formalaşdığı mühüm platformaya çevrilir. Hazırda qarşıda duran əsas hədəflərdən biri təşkilatın beynəlxalq arenadakı çəkisinin və nüfuzunun daha da artırılmasıdır. Dövlətimizin başçısı üzv dövlətlərin bu məsələdə vahid mövqeyə malik olduğunu bildirib: “Biz hamımız bunda maraqlıyıq. Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var. Ölkələrimizin potensialı kifayət qədər böyükdür və güclənməkdə davam edir”.
Bu məqsədə xidmət edən mühüm addımlardan biri də siyasi təmasların intensivləşdirilməsi və çevik mexanizmlərin yaradılmasıdır. Ənənəvi Zirvə görüşləri ilə yanaşı, Azərbaycanın təşəbbüsü ilə qeyri-rəsmi Zirvə görüşləri formatının yaradılması və ilk belə tarixi toplantının Şuşada keçirilməsi təşkilatın fəaliyyətinə böyük təkan verib. Prezident İlham Əliyev bu təşəbbüsün zərurətini belə izah edib:
“Azərbaycanın təşəbbüsü ilə yaxın vaxtlardan etibarən qeyri-rəsmi Zirvə görüşləri də keçirməyə başlamışıq. Çünki hesab etdik ki, dövlət başçılarının ildə bir dəfə məhz bu formatda görüşməsi kifayət deyil. Lakin dediyim kimi, ölkələrimizin hər birinin üzv ölkələrlə ikitərəfli gündəliyi kifayət qədər fəaldır. Ancaq biz birlikdə ildə bir dəfə toplaşırıq və hesab etdik ki, bu azdır. Həmkarlarımız da bunu dəstəklədilər və ilk qeyri-rəsmi Zirvə görüşü Şuşada, daha sonra isə digər ölkələrdə də keçirildi”.
Azərbaycanın türk dünyası ilə inteqrasiyası tarixi köklərə və milli maraqlara söykənən konseptual xarici siyasət kursuna əsaslanır. Rəsmi Bakı Türk Dövlətləri Təşkilatının güclənməsini regional sabitliyin, təhlükəsizliyin və inkişafın əsas zəmanətlərindən biri kimi görür. Dövlətimizin başçısı bu strateji xətti vurğulayaraq bildirib ki, ölkəmizin ikitərəfli gündəliyi ilk növbədə türk dünyası ölkələrinə yönəlib: “Bu, açıq çıxışlarımda dəfələrlə ifadə etdiyim kimi, bizim əsas xarici siyasət prioritetimizdir. O cümlədən demişəm ki, türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur”. Bu bariz yanaşma Azərbaycanın qardaş ölkələrlə münasibətləri ən yüksək səviyyədə, müttəfiqlik müstəvisində inkişaf etdirmək əzmindən xəbər verir. Bakının bu tərəfdaşlıq siyasəti türk dünyasının vahid iqtisadi, hərbi və mənəvi güc mərkəzinə çevrilməsini hədəfləyir. Nəticədə, Azərbaycanın atdığı ardıcıl və məqsədyönlü addımlar təşkilat daxilində sarsılmaz həmrəyliyin formalaşmasına xidmət edir.
Ölkəmizin TDT siyasəti çoxtərəfli əməkdaşlıqla yanaşı, üzv dövlətlərlə ikitərəfli müttəfiqlik münasibətlərinin dərinləşdirilməsinə əsaslanır. Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla imzalanmış müttəfiqlik sənədləri bu əlaqələrin möhkəm siyasi-hüquqi bazasını formalaşdırır. Siyasi sahədəki bu yaxınlaşma iqtisadi mexanizmlərlə də dəstəklənir. Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlarının yaradılması türk dünyası daxilində kapital axınını və qarşılıqlı sərmayələri stimullaşdırır.
Müasir geosiyasi şərait göstərir ki, təhlükəsizlik anlayışı yalnız hərbi-siyasi müstəvi ilə məhdudlaşa bilməz. Enerji resurslarının təhlükəsizliyi və nəqliyyat dəhlizlərinin dayanıqlılığı da regional təhlükəsizliyin ayrılmaz hissəsidir. Azərbaycanın coğrafi mövqeyi, Avropa ilə Asiyanın qovşağında yerləşməsi və inkişaf etmiş infrastrukturu ölkəmizi TDT daxilində strateji bağlantı mərkəzinə çevirir. Mərkəzi Asiyanı Xəzər dənizi üzərindən Cənubi Qafqaz və Türkiyə ilə, oradan isə Avropa bazarları ilə birləşdirən Şərq-Qərb nəqliyyat dəhlizi və Orta dəhliz çərçivəsində Azərbaycan əvəzolunmaz mərkəzdir. Eyni zamanda Zəngəzur dəhlizi Orta dəhliz və Şimal-Cənub marşrutları çərçivəsində regionun iqtisadi və logistik imkanlarını genişləndirən yeni marşrutdur. Dövlətimizin başçısı müasir dövrdə bu amillərin həlledici xarakter daşıdığını bildirib: “Bu gün enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları olmadan, ümumiyyətlə təhlükəsizlikdən danışmaq mümkün deyil”.
Təhlükəsizlik arxitekturasının digər mühüm tərkib hissəsi milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin olunması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsidir. İnformasiya və kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi dövrdə sabitliyi pozmaq istəyən qüvvələrin əsas hədəfi gənclər olur. Bu baxımdan, gənc nəslin milli soykökə və mənəvi ənənələrə bağlı yetişməsi böyük əhəmiyyət daşıyır. TDT çərçivəsində gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, birgə layihələrin icrası türk dünyasının gələcək nəsilləri arasında həmrəylik körpüsünü gücləndirir. Azərbaycan Prezidentinin çıxışında vurğuladığı kimi gənc nəslin vətənpərvərlik, milli prinsiplərə və mənəvi dəyərlərimizə sadiqlik ruhunda tərbiyə olunması çox vacibdir: “Əlbəttə, bu, TDT-nin fəal çalışmalı olduğu geniş sahədir, o cümlədən gənclər siyasəti ilə bağlı tədbirlər çərçivəsində”.
Ümumilikdə, Azərbaycanın türk dünyasının tərəqqisi yönündə addımları siyasi koordinasiya, hərbi və ideoloji təhlükəsizlik, enerji və nəqliyyat şəbəkələri, birgə investisiyalar və mənəvi-mədəni inteqrasiya kimi bir-birini tamamlayan sütunlar üzərində yüksəlir. Bakıda ardıcıl olaraq keçirilən yüksəksəviyyəli TDT tədbirləri Azərbaycanın təşkilat daxilindəki lokomotiv rolunun əyani sübutudur. Prezident İlham Əliyevin vurğuladığı kimi, qarşıda duran əsas məqsəd bu böyük potensialı vahid gücə çevirməkdir. Azərbaycan özünün qətiyyətli xarici siyasəti, zəngin resursları və strateji təşəbbüsləri ilə Türk Dövlətləri Təşkilatının qlobal miqyasda söz sahibinə çevrilməsi yolunda öz tarixi missiyasını şərəflə yerinə yetirməkdədir.
İsmayıl QOCAYEV,
“Azərbaycan”