Tovuz Rayon İcra Hakimiyyətində 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Yığıncaqdan əvvəl iştirakçılar Ulu Öndərin abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər. Sonra Nizami adına Mədəniyyət evində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən stendlər, kitab sərgisi, eləcə də ötən il rayonda istehsal edilən kənd təsərrüfatı məhsulları ilə tanış olmuşlar.
Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edildikdən sonra rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədovun il ərzində görülən işlərə dair hesabat məruzəsi dinlənilmişdir. Bildirilmişdir ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 2025-ci ildə də davamlı inkişaf yolunda mühüm addımlar atmışdır: "Dövlət başçısının məqsədyönlü siyasəti nəticəsində ölkədə idarəetmənin səmərəliliyi artırılmış, sosial rifahın yüksəldilməsi və regionların inkişafı istiqamətində ciddi nəticələr əldə olunmuşdur. İl ərzində Tovuzda dövlət proqramları və Prezidentin sərəncamlarından irəli gələn tapşırıqların icrası istiqamətində ardıcıl işlər həyata keçirilmişdir. Dövlət və özəl sektor arasında əməkdaşlıq genişlənmiş, həyata keçirilən tədbirlər rayon əhalisinin rifahının yaxşılaşdırılmasına, sosial müdafiənin gücləndirilməsinə və dayanıqlı inkişafın təmin olunmasına yönəldilmişdir".
Qazax-Tovuz Regional Təhsil İdarəsinin rayon üzrə sektor müdiri Aysel Quliyeva, Tovuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Nəsrəddin Aslanov, Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Emin Eyvazov, Vətən müharibəsi iştirakçısı Eyvaz Süleymanov, rayon Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü Mücaməddin Axundov çıxış edərək keçən il görülmüş işləri təhlil etmiş, qarşıda duran vəzifələrlə əlaqədar fikirlərini səsləndirmişlər.
Yığıncaqda Prezident Administrasiyasının sektor müdiri Elvin Azadəliyev, Milli Məclisin deputatları Nizami Səfərov və Arzu Nağıyev çıxış edərək qeyd etmişlər ki, Azərbaycanın bugünkü inkişafının əsasında Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası dayanır. Bu siyasi xətti müasir dövrün tələblərinə uyğun davam etdirən Prezident İlham Əliyev ölkəmizin suverenliyini, milli maraqlarını və beynəlxalq mövqeyini uğurla möhkəmləndirmişdir.
Yığıncağın sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsə Tovuz Rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunmuşdur.
"Azərbaycan"