Dövlət proqramından sonra rayonda balıqçılığa maraq artıb
Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin icrasının təmin edilməsi üçün Tovuzda ardıcıl tədbirlər görülür.
Belə tədbirlərdən biri də balıqçılığın inkişafıdır. Bu günlər rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov Azaflı kəndində fəaliyyət göstərən balıqçılıq təsərrüfatında olmuşdur. Təsərrüfatın rəhbəri Qəzənfər Yusifov görülən işlər, istehsal prosesi, burada yetişdirilən əlvan farel balıqları barədə qonağa məlumat vermişdir.
Görüş zamanı dövlət proqramından irəli gələn vəzifələrin icrası, balıqçılıq və akvakultura sahəsində dövlət dəstəyi mexanizmlərindən səmərəli istifadə, istehsalın genişləndirilməsi, müasir texnologiyaların tətbiqi və təsərrüfatın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır. Təsərrüfatın mövcud potensialının artırılması, istehsal həcminin genişləndirilməsi və dövlət proqramında nəzərdə tutulmuş tədbirlərdən maksimum səmərəli istifadə edilməsi istiqamətində söhbət getmiş, problemlər araşdırılmışdır.
Təsərrüfatın rəhbəri müəssisənin fəaliyyəti, istehsal imkanları, yetişdirilən balıq növləri və gələcək inkişaf planlarından danışmış, təsərrüfatın genişləndirilməsi, istehsal gücünün artırılması və yeni layihələrin həyata keçirilməsi ilə bağlı təkliflərini çatdırmışdır. Bildirmişdir ki, Prezident İlham Əliyevin aqrar sahənin inkişafına göstərdiyi xüsusi diqqət və bu istiqamətdə həyata keçirilən dövlət siyasəti regionlarda kənd təsərrüfatının, o cümlədən balıqçılıq və akvakultura sahəsinin inkişafına geniş imkanlar yaratmışdır. Dövlət tərəfindən təqdim olunan subsidiyalar, güzəştli kreditlər və digər dəstək mexanizmləri istehsalın artırılmasına, sahibkarlığın inkişafına və yeni iş yerlərinin yaradılmasına imkan verir. Bu dəstəyin nəticəsidir ki, təsərrüfatda yüksəkkeyfiyyətli əlvan farel balıqları yetişdirilir və istehsalın genişləndirilməsi istiqamətində imkanlar açılır.
S.YUNİSOĞLU,
"Azərbaycan"