29 İyul 2026 08:00
746
SİYASƏT
A- A+
Etibarlı tərəfdaş, lider dövlət, sülhün ünvanı

Etibarlı tərəfdaş, lider dövlət, sülhün ünvanı


Ölkəmiz böyük təşkilatlara üzvlüyü və sədrliyi, dünyamiqyaslı tədbirlərin uğurlu məkanı olması ilə qlobal səviyyədə diqqət çəkir


Azərbaycanın beynəlxalq platformalara uğurlu sədrliyi qlobal müzakirə mövzularına və əməkdaşlıq formatına yeni məzmun, dinamika və etimad mühiti gətirən strateji missiyadır. Bakı sədrlik etdiyi hər bir beynəlxalq təşkilatı qlobal həmrəyliyin və tərəfdaşlığın unikal platformasına çevirir. Bu yanaşma ölkəmizin yalnız regionda deyil, qlobal miqyasda sülhün, təhlükəsizliyin və çoxşaxəli əməkdaşlığın həlledici mərkəzi olduğunu bir daha təsdiqləyir. Azərbaycanın 2024-cü ildən etibarən Asiyanın ən böyük dialoq platformalarından biri sayılan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) uğurla sədrlik etməsi də bu uğurlu xarici siyasət kursunun məntiqi davamıdır.


Artan beynəlxalq nüfuz 


Bu gün Azərbaycan beynəlxalq miqyasda həlledici qərarların verildiyi, strateji təşəbbüslərin irəli sürülüb icra olunduğu və dünyamiqyaslı mötəbər tədbirlərin keçirildiyi önəmli mərkəzə çevrilib. Ölkəmizdə regional və beynəlxalq səviyyəli forumların, sammitlərin təşkili artıq ənənə halını alıb. Bu ənənə, təbii ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən məqsədyönlü və uzaqgörən xarici siyasət kursunun, Azərbaycanın sürətlə artan beynəlxalq nüfuzunun və qlobal miqyasda qazanılmış böyük etimadın parlaq göstəricisidir.

Beynəlxalq müstəvidə qazanılan uğurlar təsadüfi olmayıb, illər boyu ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilən strateji fəaliyyətin, uğurlu sədrlik təcrübəsinin nəticəsidir. 2012-2013-cü illərdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və bu dövrdəki sədrlik fəaliyyəti diplomatiyamızın böyük uğurlarındandır. Həmin dövrdə Azərbaycanın sədrliyi ilə terrorizmlə mübarizəyə dair yüksəksəviyyəli iclaslar keçirilib, qlobal sülh və təhlükəsizliyin qorunmasında hüququn aliliyi prinsipi qətiyyətlə müdafiə olunub. 

2014-cü ildə Avropa Şurası Nazirlər Komitəsinə altıaylıq sədrliyi dövründə Avropanın hüquqi və humanitar məkanında mühüm gündəlik formalaşdıran Azərbaycanın sədrliyinin əsas prioritetləri korrupsiya ilə mübarizə, mədəniyyətlərarası dialoq və gənclər siyasəti idi.

2019-2021-ci illərdə Türk Dövlətləri Təşkilatına sədrlik dövrü türk dünyasının birliyinin möhkəmlənməsində mühüm mərhələ oldu.  

Ölkəmiz bəşəri qərarların qəbuluna və icrasına birbaşa töhfələr verir. Buna dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatının (QH) da məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşaması nümunədir.

2019-cu ildə Bakıda QH-nin Zirvə toplantısını müvəffəqiyyətlə həyata keçirən Azərbaycan 2022-ci ilə qədər sədrliyi üzərinə götürdü. Yenə də ölkəmizə böyük hörmət və yüksək etimadın nəticəsi olaraq 120 ölkənin yekdil qərarı ilə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi 2023-cü ilin axırınadək uzadıldı. Hərəkata sədrlik etdiyi dövrdə Prezident İlham Əliyevin təşəbbüsü ilə təşkilat tərəfindən mühüm qlobal tədbirlər həyata keçirildi. Xüsusən dövlətimizin rəhbərinin təşəbbüsləri ilə QH-nin pandemiya ilə mübarizə tədbirləri qlobal səviyyədə təqdir olundu. 2021-ci ilin dekabr ayında BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində assambleyanın plenar iclasında hərəkatın sədri qismində Prezident İlham Əliyevin təşəbbüsü ilə hərəkat üzvləri adından irəli sürülmüş "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi" adlı qətnamə BMT-yə üzv dövlətlərin mütləq əksəriyyətinin dəstəyi ilə qəbul edildi.

Bu uğurlu xarici siyasət kursunun məntiqi davamı olaraq, ölkəmiz 2024-cü ildən etibarən Asiyanın ən böyük dialoq platformalarından biri sayılan AQEM-ə uğurla sədrlik edir. 28 üzv dövlətin yekdil konsensusu ilə rəhbərliyə seçilən Azərbaycan öz fəaliyyətini "Daha güclü AQEM: rəqəmsallaşma, bağlantılar və Asiyada dayanıqlı inkişaf" konseptual xətti üzərində qurub. Azərbaycan bu il keçiriləcək Zirvə görüşünədək təşkilatın məşvərətçi platformadan tamhüquqlu beynəlxalq təşkilata çevrilməsi üçün Nizamnaməni yekunlaşdırmağı və institusiyalaşmanı tamamlamağı hədəfləyir.


Qlobal etimadın təzahürü


Ölkəmizin beynəlxalq müstəvidə artan çəkisi və diplomatik nüfuzu yalnız təşkilatlara sədrlik etməsi ilə bitmir. Dünya siyasətinin əsas güc mərkəzləri və strateji alyansları Azərbaycanı öz sıralarında görməkdə yekdildirlər. Son dövrlər əldə olunan tarixi üzvlük uğurları bunun bariz sübutudur. 

30 ilə yaxın fəaliyyət göstərən, 8 böyük müsəlman ölkəsini  və 1,2 milyarddan çox əhalini bir araya gətirən D-8 təşkilatı yarandığı gündən bəri öz sırasına heç bir əlavə üzv qəbul etməmişdi. Təşkilatın tarixi boyunca genişlənmə haqqında birinci qərarı və qəbul etdiyi ilk tamhüquqlu üzv məhz Azərbaycan oldu.  

Bütün üzv dövlətlərin yekdil konsensusu ilə qəbul edilən bu tarixi qərar islam dünyasının və böyük iqtisadi potensiala malik dövlətlərin Azərbaycana, onun iqtisadi modelinə və geosiyasi çəkisinə olan sonsuz etimadının göstəricisidir. Azərbaycanın D-8-ə qoşulması təşkilatın coğrafiyasını Qafqaz və Xəzər regionuna qədər genişləndirməklə yanaşı, Orta dəhliz və qlobal ticarət marşrutları üzərində Bakının əvəzsiz rolunu bir daha təsdiqləyir.  

Ötən il Azərbaycanın tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə qəbul edilməsi ölkəmizin növbəti diplomatik uğurudur. Regional çərçivədən kənarda yerləşməsinə baxmayaraq, ölkəmizin bu formata tamhüquqlu iştirakçı kimi daxil edilməsi Cənubi Qafqaz ilə Mərkəzi Asiyanın vahid bir geostrateji və iqtisadi məkan kimi birləşdiyini, Azərbaycanın isə bu iki böyük region arasında əvəzolunmaz körpü və lokomotiv rolu oynadığını rəsmiləşdirir.

Ölkəmizin ardıcıl və məqsədyönlü sədrlik təcrübəsi Azərbaycanı həm də qlobal miqyaslı nəhəng tədbirlərin təşkil olunduğu etibarlı məkana çevirib. 

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ilə bağlı beynəlxalq ictimaiyyət tərəfindən yekdil qərar verilməsi də ölkəmizə göstərilən böyük etimadın təzahürü idi. 

Bütün bu tarixi nailiyyətlər göstərir ki, Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən və çevik diplomatiya sayəsində Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində özünəməxsus mövqeyini qətiyyətlə möhkəmləndirib. BMT Təhlükəsizlik Şurasından Qoşulmama Hərəkatına, TDT-dən AQEM-ə qədər müxtəlif coğrafiyaları və siyasi qütbləri əhatə edən nəhəng platformalara uğurlu sədrlik təcrübəsi ölkəmizi qlobal dialoqun aparıcı mərkəzinə çevirib. 

Bütün bu uğurlu sədrliklər və qlobal fəaliyyət Azərbaycanın dünya miqyasında etibarlı tərəfdaş, lider dövlət və sülhün ünvanı olduğunu bir daha sübut edir.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən ay fiziki şəxslərin müddətli əmanətləri 129,6 milyon manat artıb

12:55
29 İyul

“Telegram”ın həmtəsisçisi Rusiyada ömürlük həbs cəzasına məhkum edilə bilər

12:48
29 İyul

Qazaxıstanla Orta Dəhliz üzrə əməkdaşlığın genişləndirilməsi dəyərləndirilib

12:41
29 İyul

Dövriyyədə olan ödəniş kartlarının sayı artıb

12:34
29 İyul

Azərbaycanın yeniyetmə qadın güləşçiləri dünya çempionatında mübarizəyə başlayırlar

12:27
29 İyul

Nazir: Qarabağla Şərqi Zəngəzurun yaşıl texnologiyalar əsasında inkişafı nümunəvi modelə çevrilib

12:20
29 İyul

Azərbaycan və Pakistan arasında əməkdaşlıq çərçivəsində Bakıda beynəlxalq təlim təşkil olunub

12:13
29 İyul

Neft qiymətləri bahalaşıb 

12:05
29 İyul

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

11:59
29 İyul

Bu gün Beynəlxalq Pələng Günüdür

11:52
29 İyul

ABŞ təhlükəli biotibbi tədqiqatlara federal dəstəyi dayandırıb

11:45
29 İyul

Macarıstan pasportu dünyanın ən güclü pasportlarından biri seçilib

11:38
29 İyul

"Sabah"ın uğuru

11:31
29 İyul

Yaponiyada güclü zəlzələdən sonra onlarla insan itkin düşüb

11:24
29 İyul

ABŞ və Səudiyyə Ərəbistanı İraqda iranpərəst qüvvələrə zərbələr endirib

11:17
29 İyul

Kinomuzun "ana"sı

09:05
29 İyul

Toğrul Sadıqzadənin yaradıcılıq dünyası

09:00
29 İyul

Müğənni ömrünün izləri mahnılarıdır

08:55
29 İyul

Mina terroruna qarşı mübarizəyə beynəlxalq səviyyədə dəstək verilməlidir

08:50
29 İyul

Qəhrəmanlar zamanın deyil, tarixin övladlarıdır - şəhid Rafiq Heydərov kimi

08:45
29 İyul

Zəfər alın yazımızdır

08:40
29 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!