D.TRAMP: "Onların heç vaxt nüvə silahı olmayacaq"
Ötən həftə İraqın ABŞ-yə səfər etmiş Baş naziri Əli Zeydi cümə axşamı Tehrana atəşkəs təklifi təqdim edib, lakin rədd cavabı alıb. Bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən məlumat verib.
"İran cümə axşamı ABŞ Prezidenti Donald Trampın İraqın Baş naziri tərəfindən Tehrana təqdim edilən atəşkəs təklifini rədd edib", - deyə məlumatda bildirilir.
Zeydi ötən həftənin əvvəlində Ağ Evdə Trampla görüşəndən sonra iyulun 23-də İrana səfər edib. Nəşr qeyd edir ki, Tehrana təqdim olunan atəşkəs təklifinin təfərrüatları məlum deyil. "The New York Times" izah edir: "Lakin İran rəsmiləri bunun masada olan yeganə təklif olduğunu və hökumətlərinin Hörmüz boğazına nəzarəti həll edilməmiş qoyacaq müvəqqəti razılaşmada maraqlı olmadığını bildiriblər".
Bu arada ABŞ hərbi qüvvələri İrana qarşı iki saatdan çox davam edən ardıcıl 13-cü gecə hücumlarını başa çatdırıblar. Məlumat ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının (CENTCOM) Yaxın Şərqdəki açıqlamasında yayılıb. Açıqlamada deyilir: "CENTCOM qüvvələri İranın Hörmüz boğazından keçən mülki dənizçilər və kommersiya gəmiləri üçün yaratdığı təhlükəni daha da azaltmaq üçün İran hərbi komandanlıq mərkəzlərini, dron saxlama obyektlərini, rabitə şəbəkələrini, sahil müşahidə məntəqələrini və dəniz obyektlərini hədəfə alıb". Həmçinin qeyd olunub ki, ABŞ qüvvələri Hörmüz boğazından keçən kommersiya gəmilərinə kömək etməyə davam edir. "İran İslam İnqilabı Keşikçiləri Korpusunun son hücumlarına baxmayaraq, beynəlxalq su yolu tranzit üçün açıq olaraq qalır. Ticarət gəmiləri ABŞ qüvvələrinin dəstəyi ilə boğazdan sərbəst şəkildə keçməyə davam edir", - deyə komandanlıq bildirib.
ABŞ Prezidenti Donald Tramp İrana təzyiqlərin davam etməli olduğunu vurğulayıb və Amerika hücumlarının dayanmayacağını deyib. Qeyd edib ki, islam respublikasının hakimiyyəti ilə "bundan sonra da eyni cür davranmaq lazımdır".
Vaşinqtonda Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA) qərargahında məlumat mərkəzlərinə həsr olunmuş tədbirdə çıxış edən D.Tramp İranla bağlı vəziyyətə də toxunub. "İran İslam Respublikası ilə bağlı vəziyyət bizim üçün çox yaxşı gedir", - deyən Amerika lideri əlavə edib ki, onun fikrincə, İran "nəsə planlaşdırır, amma hələ hazır deyil". İran rəhbərliyini "pis niyyətlərdə" günahlandıran D.Tramp deyib: "Onlarla eyni cür davranılmağa davam edilməlidir. Onlar hələ hazır deyillər. Onların pis niyyətləri var idi. Biz onların nüvə silahına sahib olmasına icazə verə bilmərik".
ABŞ-də yüksək texnologiyalı infrastrukturun inkişafından danışan D.Tramp zaldakı investorlara və yerli hökumət nümayəndələrinə sualla müraciət edib: "İran və müttəfiqləri icmaları bir-bir məhv etməyə başlayanda bütün bu məlumat mərkəzi layihələrini davam etdirməyimiz vacib deyilmi?" ABŞ Prezidenti bir daha təkrarlayıb ki, Vaşinqton İranın nüvə silahı əldə etməsini düşünməsinə belə "heç vaxt icazə verməyəcək". "İndi baş verənlər də məhz budur. Onların heç vaxt nüvə silahı olmayacaq", - deyə D.Tramp bildirib.
Rizvan CƏFƏROV,
"Azərbaycan"