Azərbaycanın iqtisadi gücü artdıqca ölkə
vətəndaşlarının sosial həyat şəraiti, maddi rifah halı da yaxşılaşır. Bu sırada
tələbə-gənclərə göstərilən qayğı xüsusi önəm daşıyır. Dövlət başçısının istəyi odur
ki, müasir gənclik dünya standartlarına uyğun
yaraşıqlı binalarda, geniş və rahat auditoriyalarda ali təhsil almaqla yanaşı,
maddi cəhətdən də korluq çəkməsinlər.
Ölkə rəhbəri tərəfindən "Azərbaycan Respublikasının
ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci
il 3 sentyabr tarixli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalaması da
buna xidmət edir. Sənədə əsasən, ali məktəb tələbələri üçün Prezident təqaüdünün
185 manatdan 210 manata qədər artırılması nəzərdə tutulur. Bu fərman 2019-cu il
martın 1-dən qüvvəyə minəcəkdir. Redaksiyaya daxil olan teleqramlardan, müraciətlərdən
və telefon zənglərindən məlum olur ki, ölkənin tələbə-gəncləri, eləcə də onların
valideynləri və yaxınları bu fərmanı minnətdarlıq hissilə qarsılayıblar.
Ölkə rəhbərinin "Doktorantlara, ali təhsil,
orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin AMEA-nın magisturatura səviyyəsində
təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” sərəncamı da ictimaiyyət
tərəfindən rəğbətlə qarşılanıb. Sərəncama əsasən, dövlət büdcəsinin vəsaiti hesabına
doktorantura pilləsi üzrə, elmlər doktoru hazırlığı üzrə doktorantlara 300 manat,
fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara 180 manat, ali təhsil müəssisələrində
və Milli Elmlər Akademiyasında təqaüd alan tələbələrə 170 manat təqaüd təyin edilib.
Magistratura səviyyəsi üzrə akademik göstəriciləri
91-100 bal olan tələbələr - 145 manat, 71-100 bal olan tələbələr - 120 manat,
51-100 bal olan tələbələr isə 80 manat alacaqlar. Bakalavr səviyyəsi üzrə akademik göstəriciləri
91-100 bal olan tələbələrə 130 manat, 71-100 bal olan tələbələrə 110 manat,
51-100 bal olan tələbələr isə 75 manat təqaüd müəyyən edilib.
Orta ixtisas təhsili müəssisələrində akademik
göstəriciləri 91-100 bal olan tələbələrə 75 manat, 71-100 bal olan tələbələrə
60 manat, 51-100 bal olan tələbələrə 50 manat təqaüd veriləcək. Peşə təhsili müəssisələrinin
tələbələrinə isə 50 manat təqaüd təyin edilib.
Sərəncamda bildirilir ki, təqaüdlərin ödənilməsi,
doktorantura pilləsində, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin
Azərbaycan Milli Elmlər Akademiyasının magistura
səviyyəsində dövlət sifarişi və dövlət hesabına təhsilalanların sayı saxlanılmaqla,
dövlət büdcəsindən təqaüd üçün ayrılan vəsait həddində həyata keçiriləcək. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn digər məsələləri
həll etmək tapşırılıb. Bu sərəncam cari il
martın 1-dən qüvvəyə minəcək.
Dövlət başçısı ali təhsil müəssisələrində
təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə də sərəncam
imzalayıb. Sərəncam yüksəkixtisaslı, peşəkar kadrların hazırlanmasına dövlət qayğısının
artırılmasına və təhsildə yüksək nəticələr əldə edən tələbələrin təqaüd almaları
üçün əlavə imkanların yaradılmasına şərait yaradacaq.
Sərəncama əsasən, ali təhsil müəssisələrində
müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin
sayı 2019-cu il martın 1-dən 16 min vahid artırılıb. Təqaüd alan tələbələrin sayının
tələbələrin hazırkı 31 faizdən 2019/2020-ci tədris ilində 45 faizə, 2020/2021-ci
tədris ilindən başlayaraq 50 faizdən az olmayan səviyyəyə çatdırılması qərara alınıb.
Nazirlər Kabinetinə tapşırılıb ki, bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş
tədbirlərin müəyyənləşdirilməsi məqsədilə cari ilin və növbəti illərin dövlət büdcəsinə
maliyyə təminatı məsələlərinin həlli ilə bağlı zəruri tədbirlər həyata keçirsin.
Nazirlər Kabineti Prezidentin aktlarının bu sərəncama uyğunlaşdırılmasına dair təkliflərini
bir ay müddətində hazırlayıb ölkə rəhbərinə təqdim etməlidir.
Ölkə vətəndaşlarına məlumdur ki, son bir
neçə ildə Azərbaycan Prezidentinin göstəriş və tövsiyələrinə əsasən təqaüdlər və
pensiyalar artırılır. Yeri gəldikcə digər sosial problemlər də həllini tapır. Tələbələrin
təqaüdlərinin artırılması isə Azərbaycan Prezidentinin ölkə gəncliyinə diqqət və
qayğısının göstəricisidir. Bu, eyni zamanda gənclərin təhsilinin inkişafına və keyfiyyətinə
təsir edəcək əsas amildir. Ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanan bu sərəncamlar
respublikamızın gənc oğlan və qızlarının yaxşı oxumalarına, yüksək bilik və təhsil
almalarına səbəb olacaqdır.
Rəhman SALMANLI,
"Azərbaycan”