Onun haqqında düşünəndə istər-istəməz dahi Nizaminin "Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz" misralarını xatırlayıram. Düşünürəm ki, Tanrı sevdiyi üçün elmi, biliyi ona üstünlük, qürurlanmaq, mənəm-mənəmlik üçün yox, xalqına, vətəninə, dövlətinə xidmət üçün əta edib. Müdriklər əbəs yerə deməyiblər ki, elm, həqiqət və mərifət günəş işığı kimidir, bütün dünyaya nur saçar, qüvvət verər. Keçdiyi ömür yoluna yaxşı bələd olduğum Şövqi Göyçaylının yaşadığı kimi.
Ömrünün doqquzuncu onilliyini tamamlayan böyük alim və insan, görkəmli pedaqoq, coğrafiya elmləri doktoru, professor Şövqi Yusifziya oğlu Göyçaylı 20 may 1935-ci ildə Şəki şəhərində ziyalı ailəsində dünyaya gəlib. 1943-1953-cü illərdə Göyçay şəhərində orta təhsil alan Şövqi Göyçaylı 1958-ci ildə ADU-nin Geologiya-coğrafiya fakültəsinin coğrafiya şöbəsini bitirib. Bu gün elmin nuru ilə işıq saçan tanınmış alim 1965-ci ildə namizədlik, 1987-ci ildə isə indiki Sankt-Peterburq Universitetində "Kənd əhalisinin məskunlaşması və onun yenidən qurulması" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
1981-ci ildən BDU-da "Ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə" kafedrasına rəhbərlik edən alim bu gün də həmin kafedranın professorudur. (2015-ci ildən bu kafedra Coğrafi ekologiya kafedrası adlanır). Şövqi müəllimin elmi yaradıcılığının əsasını əhali, eləcə də onun məskunlaşmasının nəzəri və tətbiqi problemləri, təbiətlə cəmiyyət arasındakı qarşılıqlı əlaqələrin coğrafi məsələləri, coğrafi ekologiyanın inkişafı və tədrisinin təkmilləşdirilməsi əhatə edir.
Aqillərin dediyi kimi, dünyada doyulmayan və doyulmayacaq bir şey varsa, o da elm və mərifətdir. Görkəmli alim Şövqi Göyçaylı bütün qüvvəsi, tükənməz enerjisi ilə yoruldum, usandım demədən ömrünü Azərbaycan elminə və xalqına həsr edən nadir işıqlı şəxsiyyətlərdəndir. Seçilmiş insanların, böyük şəxsiyyətlərin ömürləri onların yaşadığı illərlə yox, gördüyü işlərlə ölçülür. Şövqi müəllim də elmin ziyası ilə gələcəyə nur saçan, əbədiyaşarlıq ömrü qazanan alimlərimizdəndir. O, 200-dən çox əsərin, o cümlədən monoqrafiyaların, dərslik və dərs vəsaitlərinin, eləcə də Azərbaycanın irimiqyaslı iqtisadi və əhali xəritələrinin həmmüəllifi və müəllifidir.
Şövqi Göyçaylının adı çəkiləndə adamın gözü qarşısında bütün ruhu, canı ilə xalqına xidmət edən fədakar bir insanın obrazı canlanır. Bəzən özlüyündə düşünürsən ki, onun etdiklərini bir insan ömrünə sığışdırmaq mümkün deyil. Bəlkə də onun uzunömürlülüyünün sirri də bundadır. İnsan xalqı, vətəni və dövləti üçün ürəkdən çalışanda Tanrı da ona arzularını gerçəkləşdirmək üçün möhlət verir.
Professor Şövqi Göyçaylı uzun illər Təhsil və Elm Nazirliyinin Coğrafiya üzrə elmi metodik şuralarının üzvü, Ekologiya və ətraf mühiti mühafizə üzrə Elmi metodik şurasının sədri olmaqla yanaşı, təhsil islahatı dövründə orta məktəblər üçün dərsliklər yazılması ilə əlaqədar yaradılan komissiyanın sədr müavini, AMEA-nın Coğrafiya üzrə müdafiə şurasının həmsədri, BDU-nun Təbiət elmləri üzrə elmi xəbərlərinin redaksiya heyətinin üzvü kimi çətin və şərəfli işləri layiqincə yerinə yetirib. Şövqi müəllim həm də Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında Yer elmləri üzrə ekspert şurasının, Ekologiya və Təbii Sərvətlər Nazirliyində Elm və Texnika Şurasının üzvü, eyni zamanda ekologiyaya həsr edilmiş topluların elmi redaktoru kimi çoxsahəli fəaliyyət göstərir. Professorun fəaliyyətindən söz açarkən onun həm də təbiətin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadəyə dair bir neçə proqramın tərtibinin fəal iştirakçısı olduğunu qeyd etmək yerinə düşər. O, əhali coğrafiyasının tədrisini formalaşdırmaqla yanaşı, Azərbaycan SSR-in 1:200000 və 1:300000-lik xəritələrini tərtib edərək, sonuncunu nəşr etdirərək vətənimiz Azərbaycan qarşısında əsl vətandaşlıq borcunu layiqincə yerinə yetirmişdir.
Şövqi müəllimin ilk mərhələdə həmmüəllifi olduğu elmi-tədqiqat planı "Azərbaycan SSR məhsuldar qüvvələrinin inkişafı və idarə edilməsi" olub. Müəllif 1962-ci illərdən başlayaraq hər beşillikdə SSRİ əhalisinin coğrafiyasına həsr edilmiş konfranslarda "demoqrafik partlayış" problemini çəkinmədən gündəmə gətirən məruzə və tezislərlə çıxış etmişdir. O, Moskva Dövlət Universitetinin (MDU) İqtisadiyyat və Coğrafiya fakültələrinin Əhalinin məskunlaşması, atlas və xəritələrin tərtibi laboratoriyalarının alimləri ilə əməkdaşlıq edərək Azərbaycanda əhalinin artımının problemləri, məskunlaşdırmanın optimallaşdırılması, əhalinin vahid məskunlaşdırılması sisteminin problemləri, Azərbaycan SSR-in kənd təsərrüfatına yararlı torpaqların əsasında məskunlaşdırılmasının təhlillərini verən elm adamıdır.
1969-cu ildə Ulu Öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi Azərbaycanın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. O zaman respublikada baş verən dəyişikliklər, çoxsahəli fəaliyyət proqramına keçid xəritə və atlaslara da ehtiyacı artırdı. Təbii ki, ömrünü elmin inkişafına həsr edən Şövqi Göyçaylı kimi fədakar, əməksevər, çalışqan bir alimi bu proseslərdən kənar təsəvvür etmək mümkün deyildi. O, Azərbaycana daha çox xeyir gətirəcək bir işin qulpundan tutdu. AMEA-ın Coğrafiya İnstitutunun Kartoqrafiya şöbəsi ilə birlikdə çalışdığı kafedrada professor A.Hacızadənin rəhbərliyi ilə Azərbaycanın 1:200000 iqtisadi xəritəsinin həmmüəllifi kimi bu vacib vəzifənin öhdəsindən gəlməyi bacardı.
Şövqi müəllim keçmiş SSRİ məkanında elmi, biliyi və çalışqanlığı ilə tanınan və hörmət edilən alimlərdən idi. O, SSRİ-nin Geodeziya və Kartoqrafiya Komitəsi, MDU Coğrafiya fakültəsi və digər adlarını qeyd etmədiyimiz təşkilatlarla birlikdə SSRİ-nin əhali xəritəsinin tərtib edilməsinə həmmüəlliflik edib. Çoxşaxəli və məhsuldar fəaliyyətini dəyərləndirən elmi-pedaqoji kollektiv onu 1981-ci ildə Ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə kafedrasının müdiri seçir.
1970-ci illərdən respublika miqyasında başlanan yüksəliş təbii resurslardan səmərəli istifadə edilməsinə, ətraf mühitin mühafizəsinə tələbləri ciddi şəkildə artırırdı. Xatırladaq ki, Ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə kafedrasının yaradılmasının ideya müəllifi o zaman AMEA-nın Coğrafiya İnstitutunun direktoru olan akademik Həsən Əliyev idi. Həsən müəllim bütün qüvvə və bacarığını ətraf mühitin, ekosistemin mühafizə olunmasına sərf edirdi. Elə bunun nəticəsi idi ki, kafedra qısa vaxtda strukturlaşdırılaraq ümumtəhsil kafedrasından ixtisas kafedrasına çevrildi. Bu kafedranın elm, təhsil sahəsində uğurlarının başlıca səbəbi sözsüz ki, respublikada idarəetmə sistemində Heydər Əliyevin irəli sürdüyü ideyaların tətbiq edilməsi idi. Həmin illər ekologiya sahəsində kadr hazırlığı ilə bağlı Təhsil Nazirliyi, AMEA-nın Coğrafiya, Botanika institutları, Ekologiya və Təbiəti Mühafizə Komitəsi birgə fəaliyyət göstərirdilər. Elə bunun nəticəsi idi ki, çox keçmədən adıçəkilən qurumlar həmin dövrə uyğun elm-təhsil-innovasiya sisteminin yaradılmasına nail oldular. Qeyd edilən qurumlarla fəaliyyəti daha məqsədyönlü həyata keçirmək məqsədilə müvafiq kafedrada təhsil laboratoriyası da yaradıldı.
Bu məqamda bir məsələni də xatırlatmaq istərdik. 1990-cı ilin mayında BDU-nun təşəbbüsü, təhsil və idarəetmə təşkilatlarının səyi ilə universitetdə Ekologiya və ətraf mühitin mühafizəsi sahəsində kadr hazırlığına dair müəssisələrarası elmi konfrans keçirildi. Qəbul edilən qətnamədə təhsil sistemində ekoloji təhsilin gedişini qiymətləndirməklə yanaşı, gələcək fəaliyyətin istiqamətlənməsinə də tövsiyələr verildi. Kafedranın yaranmasının 10 illiyində keçirilən konfrans göstərdi ki, həmin qurum o dövr, əslində, ekologiya və ətraf mühitin mühafizəsi sahəsində kadr hazırlığında elmi-metodiki mərkəz kimi fəaliyyət göstərib. SSRİ Təhsil Nazirliyinin BDU-nun Ətraf mühiti mühafizə kafedrasının Zaqafqaziya Respublikaları Universitetləri üzrə Elmi-Metodiki Mərkəz olması barədə qərar qəbul etməsi həmin sahədə fəaliyyətin düzgün istiqamət götürdüyünü təsdiq edirdi.
Bu sahədə ilk növbədə elmlərin predmetləşdirilməsi informasiyaların səmərəli transformasiyası ilə birlikdə tələbələrin ekoloji biliklərinin bacarığa çevrilməsinə şərait yaradırdı. Qoyulan şərtlər fənlərin müxtəlif variantlarda proqramlaşdırılmasını tələb edirdi. Tədris prosesi tədris və istehsalat təcrübələrinin elmi tədqiqat institutlarının, nazirliklərin, laboratoriyaların fəaliyyətləri və çöl işləri ilə əlaqələndirilirdi. Həmin müəssisələr diplom mövzularının yazılması məqsədilə informasiyalar toplanmasında çox yararlı olmuşlar. Tədrisin həmin hissəsi yüksək səviyyədə həyata keçirildiyinə görə, məzunlarımız idarə və müəssisələrdə əmək fəaliyyətlərinə başlayanda yeni vəzifələri ilə əlaqədar tələblərə çox tez uyğunlaşırdılar. Ekologiya və ətraf mühitin mühafizəsi sahəsində elmi-nəzəri, metodoloji-metodiki məlumatlar təkmilləşdikcə, həmin sahədə tədrisin və tədris planlarının təkmilləşdirilməsinə şərait yaradılırdı. Göstərilənlər əsasında həmin dövr üçün tədrisin təkmilləşdirilməsinə dair "Dinamiki, dövriyyəli strukturlaşma konsepsiyası" hazırlanmışdır.
Müstəqillik illərində keçmişdən fərqli olaraq, təbiət və cəmiyyət münasibətlərinə daha obyektiv yanaşma imkanı qazanmışıq. İndi göstərilən münasibətlərdə coğrafi determinist ideyalar obyektiv qiymətləndirilir. Deyilənlər ilk növbədə təbiət-cəmiyyət münasibətlərində təbiətə və təbii proseslərə üstünlük verilməsinə, təbiəti mühafizəni önə çəkməyə şərait yaradıb.
Ümummilli Lider Heydər Əliyev irsinə əsaslanmaqla Prezident İlham Əliyev gələcək inkişafımızı, yeni Azərbaycan modelinin qlobal tələblərə uyğunlaşdırılmasını irəli sürüb. Bu istiqamətlərdən biri də Azərbaycanın ekologiyası və ətraf mühiti ilə əlaqədardır. Ekoloji sahədə olan peşəkarlıq özünü bir çox sahədə, ən başlıcası idarəetmədə, təbiət-insan münasibətlərində (bioloji, kimyəvi, geoloji, coğrafi) və s. kimi baxışlarda özünü göstərir. Qeyd olunan sahələr üzrə alimlərimiz təbii şəraitin əsas komponentləri üzrə ekoloji tədqiqatlar aparmaqla onların elmi-metodoloji, tətbiqi sahələrini daha da zənginləşdirirlər. Professor Şövqi Göyçaylının hazırladığı "Müstəqillik illərində Azərbaycanın təbii şəraiti və təbii resurslarının qiymətləndirilməsi" adlı irimiqyaslı xəritəni bu sahəyə verilən qiymətli töhfə hesab etmək olar.
Bu gün çəkinmədən deyə bilərik ki, Ekologiya və torpaqşünaslıq fakültəsi yeni istiqamətdə fəaliyyət göstərir. Ən başlıcası odur ki, artıq böyük ekologiyanın konturları görünməkdədir. Professor Ş.Göyçaylı ölkəmizdə bu sahənin inkişafı yolunda ömrünü sərf edən əsl vətəndaş, fədakar alim kimi Coğrafi ekologiya kafedrasının formalaşmasının əsasını qoyaraq, kafedranın üzvləri ilə birlikdə yaratdığı dərsliklər, dərs vəsaitləri, elmi-metodiki göstərişlər, elmi istiqamətlər bu gün bakalavr və magistr istiqamətlərində kadr hazırlığına tam cavab verir. Kafedranın əməkdaşları Xəzərin ekologiyasına, respublikanın biomüxtəlifliyinə, ekokimyasına, torpaqların ekologiyasına və səmərəli istifadəsinə və s. dair qiymətli elmi, metodoloji mövqeləri formalaşdıraraq Qarabağ və Şərqi Zəngəzurla əlaqədar bərpa işlərinin layihələndirilməsinə dair elmi-praktiki əhəmiyyət kəsb edən tövsiyələr verirlər.
Ümumiyyətlə, Şövqi müəllimin uzun illər rəhbərlik etdiyi kafedra respublikamızda ekoloji siyasətin qloballaşması, fakültəyə, dekanlığa, kafedraya yeni gənc qüvvələrin, alimlərin cəlb edilməsi, ekologiya və ətraf mühitin mühafizəsinin bütün sahələrində ənənələri yaşatmaqla yeni uğurlar qazandırır. Professor Ş.Göyçaylı onun işlərini gələcəkdə layiqincə davam etdirəcək 10-dan çox elmlər namizədi, 4 elmlər doktoru yetişdirib.
Görkəmli alimin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Professor Şövqi Göyçaylı dəfələrlə nazirliklərin fəxri fərmanları ilə mükafatlandırılıb. 2000-ci ildə "Əməkdar müəllim" fəxri adına layiq görülən professor 2009-cu ildə Prezident İlham Əliyevin sərəncamına əsasən "Şöhrət" ordeni ilə təltif edilib.
Vasif BABAZADƏ,
Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik