17 Aprel 2024 18:59
284
İQTİSADİYYAT
A- A+

Tatarıstanla iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

 

Azərbaycan və Tatarıstan arasında ticarət, energetika, turizm, sənaye, innovasiyalar, KOB və humanitar sahələrdə əlaqələrin inkişafı barədə müzakirələr aparılıb.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir Mikayıl Cabbarov Azərbaycanda səfərdə olan Tatarıstanın Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenko ilə görüşüb. Tərəflər Azərbaycan-Tatarıstan iqtisadi tərəfdaşlığının inkişaf istiqamətləri, sənaye parkları çərçivəsində birgə fəaliyyətin dəstəklənməsi, sərmayələrin təşviqi üçün mövcud potensialdan istifadənin genişləndirilməsi və ticarət əlaqələrinin gücləndirilməsi məsələlərini müzakirə ediblər.

Bakıda Azərbaycan ilə Rusiyanın Tatarıstan Respublikası arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçirilib.

İclasda iqtisadiyyat naziri, komissiyanın Azərbaycan tərəfdən həmsədri Mikayıl Cabbarov, Tatarıstan Respublikasının Baş nazirinin müavini, sənaye və ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Oleq Korobçenko hər iki ölkədən aidiyyəti dövlət qurumlarının təmsilçiləri iştirak ediblər.

Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin, o cümlədən Tatarıstanla bir çox sahələrdə möhkəm dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi qeyd olunub. Vurğulanıb ki, iqtisadi-ticarət sahəsində əməkdaşlığımız ikitərəfli tərəfdaşlıqda mühüm rol oynayır. Ticarət dövriyyəsinin artırılması üçün hər iki tərəfdə böyük potensial mövcuddur. Tərəfdaşlığın digər perspektivli sahəsi sənaye zonaları üzrə əməkdaşlıq, birgə istehsalın təşkilidir.

Bundan başqa, incəsənət, təhsil sahələrində, o cümlədən tələbə mübadiləsi istiqamətində perspektivlər böyükdür. Qeyd edilib ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri “ağıllı şəhər və kəndlər” konsepsiyası əsasında aparılır. Bütün layihələr ən müasir texnologiya və standartlar əsasında həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzur, Naxçıvan yaşıl enerji zonası elan edilib və bu ərazilərdə alternativ enerji mənbələrindən istifadəyə xüsusi diqqət yetirilir.

İclasda ikitərəfli əməkdaşlığın prioritetləri, ticarət, nəqliyyat-logistika, energetika, kənd təsərrüfatı, turizm, tikinti, sənaye, innovasiyalar, KOB və humanitar sahələrdə əlaqələrin perspektivləri dəyərləndirilib, Tatarıstan şirkətləri ölkəmizin əlverişli investisiya mühitindən yararlanmağa dəvət olunub. Tədbirdə təhsil və mədəniyyət sahələrində əməkdaşlıq imkanlarına dair təqdimatlar olub.

İclas çərçivəsində Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri tərəfindən 4-cü iclasın yekunlarına dair Protokol imzalanıb.

Ölkəmizdə səfərdə olan Tatarıstan nümayəndə heyəti Ələt Azad İqtisadi Zonasına (Ələt AİZ) səfər edib, AİZ-də aparılan işlərlə, yaradılan şəraitlə yaxından tanış olublar. Səfər çərçivəsində Tatarıstan nümayəndə heyətinin İqtisadi Zonaların İnkişafı Agentliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO-da işgüzar görüşləri, həmçinin “Bakı KOB evi”nə səfəri nəzərdə tutulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video