26 Iyun 2022 02:24
419
Mədəniyyət

Şuşanın səsini dünyaya çatdıran Bülbül

 

Sevgi və pərəstiş dolu alqışlar, təriflər, təltiflər... Sənətkara bütün mükafatlar, fəxri adlar verildi. Layiq görüldüyü SSRİ Xalq artisti, "Stalin" mükafatı, "Lenin" ordeni (iki dəfə) isə dövrünün ən yüksək təltifləri hesab olunurdu. Ancaq o, bənzərsiz səsinə görə, qeyri-rəsmi də olsa, birinci fəxri adını, ilk mükafatını hələ uşaq ikən doğma şəhəri Şuşada almışdı...

 

Sənətdə ilk sınağı

 

Onda səkkiz yaşındaydı. Uşaqlıq çağlarının qayğısız günlərini yaşayırdı. 1897-ci il iyunun 22-də Şuşa yaxınlığında, Xan bağında dünyaya göz açan Murtuza Məşədi Rza oğlu Məmmədov təbiəti gözəl, insanları istedadlı bir məkanda böyüyürdü. Şuşanın musiqi mühiti onu da öz təsirinə salırdı. Qarabağın adlı-sanlı xanəndələrinin ifasında dinləyib sevdiyi Azərbaycan muğamları, xalq mahnıları dilinin əzbəriydi. İlk dinləyiciləri, pərəstişkarları hələ ki həmyaşıdları olurdu. Tez-tez onların təkidi, xahişi ilə oxuyurdu.

Şuşa toyları o zamanlar əsl sənət meydanına çevrilirdi. Şuşalılar məşhur xanəndələrin ustalıqla ifa etdikləri muğamları, xalq mahnılarını heyranlıqla dinləyirdilər. Hətta balaca sakinlər də belə məclisləri həsrətlə, həyəcanla gözləyirdilər. O gün Şuşada yenə toy-büsat vardı. Murtuza məclisdə olanları yaxşı görmək üçün yaşıdları ilə birlikdə yaxınlıqdakı iri tut ağacının şaxələnmiş budaqları arasında özünə yer seçdi. Məclis başladı. Bu zaman ustad xanəndələrdən biri  muğamdan-muğama keçid edir, hamı susub onu dinləyirdi. Sanki balaca Murtuzanın ürəyi köksünə sığmırdı. Yaşıdları da bir yandan onu ürəkləndirirdilər: "Sən də oxu", - deyirdilər. Murtuza oxumağa başladı. Artıq onun üçün nə zaman, nə də məkan vardı. Xanəndənin də susub toy əhli ilə birgə onu dinlədiyindən xəbərsiz idi. Bir də gördü ki, toybəyi özündən çıxıb. Ağacdan düşüb qaçmaq istədi. Ancaq imkan vermədilər. Xanəndə onu yanına çağırıb dedi: "Bu ki, əsl bülbüldür". Murtuza bu dəfə xanəndənin istəyi ilə bütün toy iştirakçılarının qarşısında oxudu.

Azərbaycan muğamlarını, Azərbaycan xalq musiqisini dərindən, bütün incəliklərinə qədər bilənlərin yaşadığı Şuşada tanınmaq asan məsələ deyildi. Balaca Murtuza həmin gecə toy məclisindəki ifası ilə şuşalı musiqisevərlər qarşısında sanki sənət imtahanı verdi və sınaqdan uğurla keçərək istedadını təsdiqlədi. İlk dəfə o məclisdə alqışlandı. Və həmin gündən öz adı unuduldu. O, Şuşanın, sonralar isə Azərbaycanın Bülbülü oldu.

İlk təhsilini Şuşada mollaxanada aldı. 1909-cu ildə Gəncəyə köçdü. Gənc xanəndə şöhrətlənməyə başladı. 1911-ci ildə ictimai yığıncaqlar keçirilən yay binasında çıxış etmək üçün Tiflisə dəvət olundu. 1916-cı ildən səhnə fəaliyyətinə başladı.

1920-ci ildə "Əsli və Kərəm" muğam operasında baş rolu ifa etmək üçün Bakıya, Opera Teatrına dəvət edildi. Kərəm rolu ilə opera səhnəsində ilk yaradıcılıq uğurunu qazandı. Səhnəyə çıxdığı ilk tamaşadan ifası ilə fərqlənə bildi. Onu gördülər, tanıdılar və sevdilər.

Bülbül 1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamankı Birləşmiş Dövlət Teatrı Opera truppası) solisti oldu. Üzeyir bəy Hacıbəylinin "Leyli və Məcnun" (İbn Səlam), "Əsli və Kərəm" (Kərəm), Zülfüqar Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operalarında rol aldı.

 

Vokal üzrə təhsil alan ilk azərbaycanlı tələbə və ilk professor

 

 1921-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olan Bülbül həmin ali məktəbdə vokal üzrə təhsil alan ilk azərbaycanlı tələbə idi. 1927-ci ildə konservatoriyanı müvəffəqiyyətlə bitirdi. Vokal bacarığını təkmilləşdirmək üçün Azərbaycan hökumətinin qərarı ilə İtaliyaya, Milan Konservatoriyasında təhsilini davam etdirməyə getdi.

1931-ci ildə təhsilini tamamlayıb Bakıya döndü. Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başladı. Bir il sonra - 1932-ci ildə Bülbülün təşəbbüsü ilə yaradılan Azərbaycan Dövlət Konservatoriyası nəzdində Elmi-Tədqiqat Musiqi Kabinetində musiqi folklorumuzun ən yaxşı nümunələrinin toplanması, tətbiqi, tədrisi ilə məşğul oldu. Qara Qarayev xatırlayırdı: "Elmi-tədqiqat kabinetinin rəhbəri Bülbül məni xalq musiqisi üzrə işləməyə cəlb etdi. Mən aşıq yaradıcılığını, muğamları, xalq mahnılarını və oyun havalarını fonovaliklərə yazıb onların üzərində işləyirdim. Şəki şəhərində ekspedisiyada olduğum zaman bir sıra qeydlər etmişdim. Bu səfərin nəticəsi çox əhəmiyyətli oldu. Çünki mənim eşitdiyim xalq mahnılarından biri Rəsul Rzanın sözlərinə yazılmış "Könül mahnısı" kantatamın əsasını təşkil etdi. Bu əsərin yüksək bədii dəyərə malik olması onun ən kiçik detallarına qədər Azərbaycan xalq musiqisi ilə bağlılığından irəli gəlirdi".

Bəstəkarların yaradıcılığında əhəmiyyətli rol oynayan Elmi-Tədqiqat Musiqi Kabinetinin bazası əsasında sonralar Azərbaycan Milli Elmlər Akademiyasının İncəsənət və Memarlıq İnstitutu yaradıldı.

1933-cü ildə Bülbül pianoçular, skripkaçılar, violonçel ifaçıları və vokalçıların Birinci Ümumittifaq Moskva Müsabiqəsində iştirak etdi və ilk azərbaycanlı laureat oldu.

O, opera studiyasının, səsyazma kabinetinin, not nəşriyyatının yaradılması, istedadların üzə çıxarılması üçün Azərbaycanda I Musiqi Olimpiadasının çağırılması, musiqişünaslığa vahid rəhbərliyi təmin etmək məqsədilə SSRİ-nin ən məşhur musiqişünaslarının geniş müşavirəsinin keçirilməsinin təşəbbüsçüsü və təşkilatçısı oldu. Bülbül milli musiqi mədəniyyətimizin inkişafında xidmətlərinə görə 1935-ci ildə Əməkdar artist adına layiq görüldü.

Müğənninin repertuarı olduqca zəngin idi. O, Azərbaycan xalq mahnılarını, ariyaları, dünya və Azərbaycan klassik əsərlərini, opera səhnəsində müxtəlif xarakterli, rəngarəng rolları ustalıqla ifa edirdi. "Koroğlu" operasında Koroğlu rolu isə Bülbülün yaradıcılıq zirvəsi oldu. 1938-ci il aprelin 5-də Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyü də "Koroğlu" operası ilə açıldı. İlk andan Bülbül tamaşaçıları öz ifası ilə heyran qoydu. Moskva mətbuatında onun çıxışından bəhs edən məqalələr dərc olundu. Həmin il Bülbül opera sənətinin inkişafı sahəsində görkəmli fəaliyyətinə görə SSRİ Xalq artisti adına layiq görüldü.

Onun adı Azərbaycan musiqi tarixinə həm də simfonik muğamların yaradılmasının təşəbbüskarı və iştirakçısı kimi yazıldı. Fikrət Əmirovun "Şur" və "Kürd-ovşarı" simfonik muğamları Bülbülün təşəbbüsü ilə yarandı. Müəllif  Bülbülə ünvanladığı "Şur" və "Kürd-ovşarı" partituralarının üzərində qeyd etdi: "Mən Bülbülə iri simfonik əsərlərin yeni forması - simfonik muğamların yaranmasına görə borcluyam". Bu simfonik muğamlardan sonra Niyazi "Rast", Süleyman Ələsgərov "Bayatı-Şiraz" simfonik muğamlarını bəstələdilər.

1938-ci ildən ömrünün sonunadək Azərbaycan SSR Ali Sovetinə bütün çağırışlarda deputat seçilən Bülbül seçicilərinə əlindən gəldiyi qədər kömək göstərir, xahişlərini, şikayətlərini əlaqədar təşkilatlara, məsul şəxslərə çatdırır, sonra məsələni diqqətdə saxlayır, həll edilib-edilmədiyi ilə maraqlanırdı.

1941-ci ildə İkinci Dünya müharibəsi başlayandan Bülbül döyüş bölgələrində, arxa cəbhədə, hospitallarda, çağırış məntəqələrində çıxış edir, insanları qələbəyə ruhlandırırdı.

1950-ci ildə o, uzun illik zəhmətinə, konsert fəaliyyətinə görə "Stalin" mükafatı ilə təltifləndi.

"Sənsiz", "Sevgili canan", "Ölkəm", "Segah təsnifləri", "Xumar oldum", "Süsən sünbül", "Yaxanı düymələ", "Qara gözlər", "Çal-oyna" romans, təsnif və xalq mahnıları Bülbülün avazında könüllərə yol tapdı. Deyirlər ki, Bülbül dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin cənazəsi önündə onun "Sənsiz" romansını müşayiətsiz, elə yanıqlı oxuyub ki, ifası Azərbaycanın ozamankı rəhbəri Mircəfər Bağırovu da ağladıb.

Azərbaycanın zəngin musiqi xəzinəsinin dərindən öyrənilməsində onun xidmətləri böyük oldu. Konservatoriyada vokal üzrə ilk azərbaycanlı professor olan Bülbül istedadlı müğənnilər yetişdirdi. Görkəmli rus bəstəkarı Dmitri Şostakoviç bildirirdi: "Bülbül yerli bəstəkarların opera və romanslarının geniş təbliği üçün nələr etmir! Sözsüz, Azərbaycan bəstəkarları bu baxımdan daha münasib şəraitdə yaşayırlar".

İllər öncə Bülbülün həyat yoldaşı Adilə xanım bizimlə söhbətində demişdi: "Bülbül təkliyi sevmirdi. Evimiz həmişə qonaqla dolu olurdu. Akademik Yusif Məmmədəliyev, Məmməd Səid Ordubadi, Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Rəşid Behbudov, Tofiq Quliyev, Süleyman Ələsgərov və o illərin bir sıra görkəmli şəxsiyyətləri evimizin əziz qonaqları olardılar. Gənc bəstəkarlar üçün də qapımız həmişə açıq idi. Bakıda qonaq olan dünyanın ən məshur sənət adamları da mütləq bizim evə gələrdilər". Adilə xanım Bülbülün düzgünlüyü sevdiyini və yalanı bağışlamadığını deyirdi: "Bülbül dostluqda möhkəm idi. Kiminlə dostluğu kəsirdisə, demək, orada yalan axtarmaq lazım idi".

Bülbül qastrol səfərlərinə gedər, bəzən də istirahət üçün müxtəlif ölkələrə səyahət edərdi. Ancaq Şuşa onun üçün dünyanın ən gözəl məkanı idi. Bitib-tükənməyən işlərinin arasında Şuşaya getməyə həmişə vaxt tapırdı. Adilə xanım xatırlayırdı ki, Bülbül ölümündən bir az əvvəl də Şuşaya baş çəkib. O, 1961-ci il sentyabrın 26-da vəfat etdi. Bülbül yalnız ifasında lentə alınmış bənzərsiz mahnılarla yaddaşlarda qalmadı, o həm də məktəb yaratdı. Gənc müğənnilər bu məktəbdən təkcə ifaçılıq sənətini deyil, səhnə mədəniyyətini, tamaşaçıya hörmət etməyi də öyrənə bilərlər.

1982-ci ildə Şuşada və 1983-cü ildə Bakıda Bülbülün memorial ev-muzeyi açıldı. Bakıda onun adını daşıyan prospekt var. Müğənninin adını daşıyan musiqi məktəbi uzun illərdir ki, fəaliyyət göstərir.

1992-ci ildə Şuşa erməni təcavüzkarları tərəfindən işğal olundu. Dini, tarixi, mədəni abidələrimiz düşmənlər tərəfindən məhv edildi. Bülbülün Şuşada dünyaya gəldiyi, uşaqlıq illərini keçirdiyi, 1982-ci ildən ev-muzeyi kimi fəaliyyət göstərən ata ocağı qarət olundu, dağıdıldı. Erməni vandallarının güllələdiyi üç abidədən biri də Bülbülün büstü idi.

Şuşa şəhəri də daxil olmaqla ərazilərimizin iyirmi faizi otuz ilə yaxın erməni istilasına məruz qaldı. 2020-ci ildə Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini məğlub edərək torpaqlarımızdan qovdu. Ata yurdu, doğma evi, ocağı düşmənlərdən geri alınanda Bülbülün də ruhu rahatlıq tapdı.

Ötən il avqustun 29-da Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı oldu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak etdilər.

Ev-muzeyinin həyətində Bülbülün yeni hazırlanan büstü ucaldıldı. Artıq  Şuşa öz azad günlərini yaşayır. Bülbül kimi böyük sənətkarlar yetişdirən bu şəhər yenidən Azərbaycanın musiqi beşiyinə çevrilir...

 

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video