03 Fevral 2026 08:30
506
CƏMİYYƏT
A- A+
Sumqayıt: inkişafın və uğurların ünvanı

Sumqayıt: inkişafın və uğurların ünvanı


Şəhərin yüksəlişi davamlı, sürətli və hərtərəflidir


Geridə qoyduğumuz 2025-ci il Azərbaycan Respublikasının tarixində olduqca əlamətdar dövr kimi yadda qaldı. Möhtərəm Prezident İlham Əliyevin müdrik rəhbərliyi və qətiyyətli siyasəti nəticəsində ötən il qarşıda dayanan siyasi, iqtisadi və sosial vəzifələr layiqincə yerinə yetirildi, dövlətimiz özünün əsas məqsədləri ilə bağlı tarixi uğurlar əldə etdi. Xüsusilə ötən il avqust ayının 8-də Vaşinqton şəhərində Azərbaycanla Ermənistan arasındakı sülh sazişi layihəsinin paraflanması respublikamızın mühüm siyasi uğuruna çevrilərək, 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatları nəticəsində regionda yaranan yeni reallıqların və Prezident İlham Əliyevin müəllifi olduğu sülh prosesinin qlobal səviyyədə qəbul olunduğunu, böyük dəstək qazandığını və rəğbətlə qarşılandığını təsdiq etdi.

Ötən il Vaşinqtonda Zəngəzur dəhlizinin açılması istiqamətində əldə olunan tarixi razılaşma, Azərbaycanın dünyanın aparıcı siyasi və iqtisadi gücləri olan ABŞ və Çin kimi dövlətlərlə münasibətlərin yeni mərhələyə qədəm qoyması və strateji məzmun alması, Prezident İlham Əliyevin regionda sülh və əməkdaşlığı təmin edən siyasətinin beynəlxalq nümunəyə çevrilməsi dövlətimizin növbəti siyasi uğurları oldu.

2025-ci il dövlətimizin milli prioriteti olan işğaldan azad edilmiş ərazilərimizin bərpası və "Böyük qayıdış" proqramının həyata keçirilməsi baxımından da yaddaqalan mərhələ oldu. Ötən il keçmiş məcburi köçkünlərin qayıtdığı şəhər və kəndlərin sayının 32-yə çatması, Qarabağ və Şərqi Zəngəzurda yaşayan, işləyən və təhsil alan vətəndaşlarımızın sayının 70 min nəfəri ötməsi Böyük qayıdışın sürətli və dinamik olduğunu göstərir.


İnnovativ və rəqəmsal çağırışlara əsaslanan tərəqqi


Respublikamızın iqtisadi prioritetlərinin reallaşması və regionların inkişafı baxımından da 2025-ci il mühüm uğurlarla zəngindir. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində qeyd etdiyi kimi, biz əldə olunmuş uğurlarla fəxr edə bilərik. Prezident İlham Əliyev 5 yanvar 2026-cı il tarixdə yerli televiziya kanallarına verdiyi müsahibədə də bununla bağlı prinsipial məqamlara toxunmuşdur. Hazırda Azərbaycanın valyua ehtiyatları 83-84  milyard ABŞ dolları səviyyəsindədir. Ölkəmizin xarici borcu isə tarixdə ən aşağı səviyyədə, ÜDM-in 6,3-6,4 faizi həcmindədir. Maliyyə  ehtiyatlarımız xarici borcu 16-17 dəfə üstələyir ki, bu da Azərbaycanın iqtisadi təhlükəsizliyinin mühüm təminatlarından biri kimi özünü göstərir.  Ötən il Azərbaycan iqtisadiyyatının güclü dayanıqlıq nümayiş etdirməsi beynəlxalq səviyyədə də diqqəti cəlb edib və "Moody's" və "Fitch" agentlikləri respublikamızın kredit reytinqini yeniləyiblər. 

2025-ci ildə ölkəmizdə 129,1 milyard manatlıq ümumi daxili məhsul istehsal olunmuş, qeyri-neft-qaz sektorunda 2,7 faiz artım baş vermişdir. Böyük fəxrlə qeyd edə bilərik ki, əldə olunan bu uğurlarda dinamik inkişaf yolunda olan, ən müasir şəhərsalma standartları əsasında gündən-günə gözəlləşən, o cümlədən sənayedə böyük nailiyyətlərə imza atan Sumqayıt şəhərinin də payı və özünəməxsus yeri var.

Sumqayıtın əldə etdiyi nailiyyətlərin, o cümlədən sənaye şöhrətini bərpa etməsinin, möhtəşəm abadlıq və quruculuq məkanına çevrilməsinin təməlində Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı, xalqımızın Ulu Öndəri Heydər Əliyevin şəhərlə bağlı qarşıya qoyduğu vəzifələrin layiqincə davam etdirilməsi dayanır. Cənab İlham Əliyevin Sumqayıtın inkişafı ilə bağlı məsələləri xüsusi diqqət mərkəzində saxlamasını ötən 22 ildə şəhərə 35 dəfə səfər etməsi də təsdiqləyir. Bu səfərlərin hər biri ali qayğının təsəssümü olmaqla şəhərin tarixində əlamətdar hadisəyə çevrilib və Sumqayıtın inkişafına töhfə verib. Vaxtilə  xalqımızın Ulu Öndəri Heydər Əliyev Sumqayıtı intibah yoluna çıxarmış, şəhərimizi dünyaya tanıtmışdı. Bu gün isə möhtərəm Prezident İlham Əliyevin diqqəti və qayğısı ilə Sumqayıtın yeni tarixi yazılır. Sumqayıtın müasir və innovativ çağırışlar əsasında inkişafı, gözoxşayan quruculuğu və sənaye şöhrətini bərpa etməsi müasir Azərbaycanın yüksəlişinin ən gözəl nümunələrindən biri kimi özünü göstərir. 

Sumqayıtın tərəqqisi həm də Prezident İlham Əliyevin müəyyən etdiyi strateji iqtisadi prioritetlərdən biri olan regional inkişafın bariz təzahürüdür. Belə ki, şəhərin sosial-iqtisadi inkişafı istiqamətində atılan addımlar regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının tərkib hissəsi olmaqla şəhər üzrə kompleks tədbirlərin həyata keçirilməsinə şərait yaradıb və bütün bunlar öz növbəsində şəhərin əsas sosial-iqtisadi göstəricilərinin ilbəil artan dinamika ilə hərəkətinə imkan verib. Bu baxımdan son illərin göstəriciləri şəhərdə iqtisadi sferada nə qədər böyük dəyişikliklərin baş verdiyini görməyə imkan yaradır. Təkcə 2015-2025-ci illərin statistikası bu sahədəki möhtəşəm dinamikadan xəbər verir. Belə ki, bu dövrdə;

Ümumi məhsul buraxılışının həcmi  6 dəfə artaraq 850 milyon manatdan 5 milyard 250 milyon manata;

- sənaye məhsulunun  həcmi  9 dəfə artaraq 500 milyon manatdan 4 milyard 500 milyon manata;

- şəhərin gəlirləri 3 dəfə artaraq 84 milyon 818 min 557 manatdan 248 milyon 303 min 952 manata;

- əsas kapitala  yönəldilmiş vəsait 2,5 dəfə artaraq 140 milyon manatdan 350 milyon manata;

- şəhər əhalisinin hər bir nəfərinə düşən gəlir 1,6 dəfə artaraq 3400 manatdan 5600 manata;

- şəhər üzrə  işçilərin orta aylıq əməkhaqqı 2,2 dəfə artaraq 400 manatdan 935 manata;

- şəhərdə məşğul olan əhalinin sayı 1,9 dəfə artaraq 100 min nəfərdən 190  min nəfərə çatmışdır.

Bu rəqəmlər göstərir ki, Sumqayıt iqtisadi sahədəki göstəricilərinə görə respublika üzrə aparıcı mövqedən çıxış edir. Ən əsası, bu rəqəmlər möhtərəm Prezident İlham Əliyevin müdrik rəhbərliyi nəticəsində Sumqayıtın timsalında Azərbaycanın iqtisadi inkişafının möhtəşəm təcəssümlərindən biridir. Bir mühüm faktı da xüsusi qeyd etməliyik ki, Sumqayıt 2012-ci ildən etibarən dövlət büdcəsindən dotasiya almır. Bu gün də Sumqayıtın büdcəsi şəhərin özünün iqtisadiyyatı əsasında formalaşır.


Müasir sənaye mərkəzi


Sumqayıtın yüksəlişinin iqtisadi tərəflərindən bəhs edərkən yada düşən ilk məsələ şəhərin sənaye potensialının hərəkətə gətirilməsi olur. Sumqayıt sənaye şəhəri kimi yaranıb, inkişaf edib. Hələ sovet dövründə şəhərdə böyük kimya, neft-kimya, metallurgiya, maşınqayırma, elektroenergetika sənayesi formalaşmış, o cümlədən yüngül sənaye sahələri yaradılmışdı. Xüsusən Ulu Öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə Sumqayıtın sənayesi daha da inkişaf etmiş, şəhərdə yeni müəssisələr fəaliyyətə başlamışdı. O dövrdə şəhərin sürətlə böyüməsi və yeni mikrorayonların salınması da sənayenin inkişafı ilə birbaşa bağlı idi.

Tarixi ənənələrə və mövcud potensiala söykənərək Sumqayıt bu gün də sənaye şəhəri kimi inkişaf edir. Möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasətinin tərkib hissəsi kimi burada yeni sənaye komplekslərinin formalaşdırılması xüsusi diqqət mərkəzində saxlanılıb və nəticə etibarilə Sumqayıt regionun ikinci böyük sənaye mərkəzinə çevrilib. Hazırda şəhərdə onlarca kimya və neft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma, elektroenergetika, yeyinti və yüngül sənaye, tikinti materiallarının istehsalı müəssisələri fəaliyyət göstərir. Onların hər biri nəinki Sumqayıt şəhərində, eləcə də Azərbaycan iqtisadiyyatında böyük rol oynayan aparıcı istehsal müəssisələridir.

Şəhərdəki yeni sənaye müəssisələrinin böyük bir qismi Sumqayıt Sənaye Parkında fəaliyyət göstərir. Ümumi sahəsi 640 hektar olan Sumqayıt Sənaye Parkında hazırda 40 rezident fəaliyyət göstərir, layihələrin ümumi dəyəri 6,7 milyard manat, faktiki investisiya həcmi isə 5,5 milyard manat təşkil edir. Layihələr çərçivəsində 8800-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Faktiki olaraq 6135 nəfər işlə təmin edilib. Rezidentlərin ümumi satış həcmi 15,4 milyard manata çatıb ki, bunun da 5,7 milyard manatı ixracın payına düşür.

2015-2025-ci illər ərzində Sumqayıt Kimya Sənaye Parkında Bakı Əlvan Metallar və Ferro Ərintilərı Zavodu, "Tabaterra" QSC-nin tütün məmulatları istehsalı fabriki, Peşə Təhsil Mərkəzi, "Bakı Textil Fabriki" MMC tərəfindən tibbi maska istehsalı müəssisəsi, "Azmonbat" MMC-nin qurğuşun turşulu akkumulyator batareyalarının utilizasiyası istehsal sahəsi, "Azərsulfat" MMC-nin Sulfat turşusunun istehsalı  sahəsi, "Glassica" QSC-nin məhsullarının (butulka) istehsalı sahəsi, "Novus Plastica" MMC-nin Polimer materialların emalı müəsisəsi,  "Azərbaycan Vanhong Ceramics Co." MMC-nin Keramik plitələrin istehsalı müəssisəsi, "Azərxalça" ASC-nin xalça istehsalı müəssisəsi, "UPI - Universal Packing Industry" QSC-nin Qablaşdırma məhsullarının (qofro karton, fayl və s.) istehsalı zavodu tikilib istifadəyə verilib.

Prezident İlham Əliyev bu il yanvarın 27-də Sumqayıt Sənaye Parkında "Azermirror" MMC-nin güzgü vərəqələrin istehsalı zavodunun, "Bakı Karton və Qutu Fabriki" MMC-nin karton və qutu taralarının istehsalı müəssisəsinin  açılışında iştirak edib və  "Nun" MMC-nin polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlini qoyub. Ötən il aprelin 30-da isə Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında "Kartaş Kimya" MMC-nin tikinti kimyəvilərinin və "Az-Tex-İmport" MMC-nin "IVECO" markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodlarının açılışında iştirak etmişdi. 

Göründüyü kimi, Sumqayıtda sənaye müəssisələrinin yaradılması prosesi davamlıdır. Son 10 ildə şəhərdə fəaliyyət göstərən sənaye müəssisələrinin sayı 124-dən 327-yə çatıb. Bütün bunlar Azərbaycandakı əlverişli biznes mühitinin təzahürü olmaqla, respublikamızın inkişafına, ixracın böyüməsinə və yeni iş yerlərinin açılmasına böyük töhfələr verir.  Əgər 2015-ci ildə şəhərin bütün sənaye müəssissələrində çalışan işçilərin sayı 11 min 946 nəfər idisə, 2025-ci ildə bu rəqəm 17 min 750 nəfərə çatıb.

Sumqayıt Sənaye Parkında fəaliyyət göstərən "SOCAR Karbamid" və "SOCAR Polymer" kimi zavodlar isə respublikamızın iqtisadiyyatına və ixracına böyük töhfələr verən müəssisələrdir.  

Sumqayıtdakı sənaye müəssisələrinin bir qismi Sumqayıt Texnologiya Parkında (STP) yerləşir. STP-nin ən əsas hədəflərindən biri keyfiyyətli və çoxçeşidli məhsulları və xidmətləri ilə Azərbaycanı Yaxın Şərq və Avropa ölkələrində uğurla təmsil etməkdir. 

Prezident İlham Əliyevin dediyi kimi, Sumqayıt müasir sənaye mərkəzidir: "Bu müəssisələrin yaradılmasının və təməlinin qoyulmasının çox böyük əhəmiyyəti var, ilk növbədə Sumqayıt şəhərinin inkişafı üçün. Sumqayıt hazırda nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir və müasir sənaye mərkəzidir. Eyni zamanda son illər ərzində Sumqayıtda yaradılmış bütün müəssisələr ən yüksək ekoloji standartlara cavab verir. Sumqayıt üçün bunun xüsusi əhəmiyyəti var. Çünki əvvəllər Sumqayıt ekoloji fəlakət zonası idi. Biz isə Sumqayıtı müasir sənaye mərkəzinə çevirərək ilk növbədə insanların sağlamlığını nəzərə almışıq".

Sumqayıtda sənayenin inkişafı həm də ən müasir və innovativ texnologiyalara, rəqəmsal və "yaşıl çağırış"lara əsaslanır. Ona görə sənaye şəhəri olmasına baxmayaraq, Sumqayıt həm də ekoloji baxımdan təmiz yaşıl məkan kimi inkişaf edir.


Quruculuq məkanı, yaranan yeni ünvanlar


Bu gün Sumqayıt Cənubi Qafqazın sənaye mərkəzi kimi tanınsa da, şəhərin nailiyyətləri həm də onun quruculuğunda, müasir şəhərsalma standartları ilə inkişafında, habelə elm, təhsil, səhiyyə, mədəniyyət, şəhər təsərrüfatı və digər sahələrdə əldə etdiyi uğurlarda görünür.

Sumqayıtın əsas nailiyyətlərindən biri şəhərdə həyata keçirilən quruculuq, o cümlədən yenidənqurma işləridir. Müasir və milli memarlıq xüsusiyyətləri əsasında aparılan quruculuq işləri son illərdə şəhərin simasını daha da gözəlləşdirib. Buna misal olaraq Heydər Əliyev Mərkəzini, Yeni Azərbaycan Partiyasının inzibati binasını, Bayraq muzeyini, Gənclər mərkəzini, Şahmat məktəbini, Muğam mərkəzini, Sumqayıt Məhkəmə Kompleksini, Olimpiya və Paralimpiya İdman komplekslərini, Əlillərin Bərpa Mərkəzini, 1 və 2 saylı "ASAN xidmət" mərkəzlərini göstərmək olar.  Bu inzibati binalar həm də şəhərimizin son illərdə yaranan yeni ünvanlarıdır.

Sumqayıtın yeni və gözəl ünvanlarından biri də Dənizkənarı bulvardır. Dəniz sahilində yerləşsə də, Sumqayıtda Dənizkənarı bulvar yox idi. Bu baxımdan şəhərdə həyata keçirilən ən nəhəng və əzəmətli quruculuq işlərindən biri Dənizkənarı bulvarın yaradılmasıdır. Bu gözəl və yaraşıqlı məkan hazırda həm şəhər sakinlərinin, həm də qonaqların üz tutduğu əsas ünvanlardan biridir. Prezident İlham Əliyev Sumqayıt bulvarını möcüzə adlandıraraq deyib: "Sumqayıt bulvarı isə hesab edirəm ki, bir möcüzədir.  Sumqayıt bulvarının yaradılması ilə bağlı mən hələ bir neçə il bundan əvvəl şəhər rəhbərliyi qarşısında vəzifə qoymuşdum. Sumqayıtlılar yəqin ki, xatırlayırlar, hətta bir neçə il bundan əvvəl mənim üçün təqdimat da keçirilmişdi. Hər zaman maraqlanırdım ki, işlər necə gedir. Məlumat verilirdi ki, orada çətinlik, burada çətinlik var. Ancaq bu gün Sumqayıt bulvarı artıq açılıb. Bu bulvarın yaradılmasında şəhər rəhbərliyinin xüsusi rolu, Sumqayıt sakinlərinin böyük rolu var. Mən çox istəyirdim ki, Sumqayıtda Bakı bulvarına bənzər bir bulvar olsun. Bu gün biz buna nail olduq". 

Onu da fəxarət hissi ilə qeyd etmək istərdim ki, Madrid və Paris şəhərlərində keçirilən "Global Trade Leaders Club"un XXIV Beynəlxalq Üstünlük və Liderlik forumlarında Sumqayıt bulvarı "İnternational Award for Excellence & Leadership" mükafatına layiq görülüb.

Qeyd olunanlarla yanaşı, son illərdə həm də sovet dövründə inşa edilmiş binaların təmiri və restavrasiyası həyata keçirilib. Prezident İlham Əliyevin şəhərimizə olan diqqətinin nəticəsi kimi "Kimyaçılar" Mədəniyyət Sarayı, Dram teatrı, "Nizami" kinoteatrı, Mehdi Hüseynzadə adına şəhər stadionu, Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksi ən müasir standartlar səviyyəsində yenidən qurulub. 

2015-ci ildən Sumqayıt Səhiyyə şöbəsinin tabeliyində olan tibb müəssisələrinin əsaslı təmir işlərinə başlanılıb. 1 və 2 nömrəli doğum evləri, Onkoloji xəstəxana, Uşaq xəstəxanası, 5 nömrəli uşaq poliklinikası, Narkoloji Dispanser, 1 nömrəli uşaq poliklinikası, 1 nömrəli poliklinika, 2 nömrəli qadın məsləhətxanası, 2 nömrəli uşaq poliklinikası, 4 nömrəli şəhər poliklinikası əsaslı şəkildə təmir edilib. 1 nömrəli doğum evi 2018-ci ildən III səviyyəli perinatal mərkəz kimi fəaliyyət göstərir.  Oftalmoloji xəstəxana, Ruhi-əsəb xəstəxanası, Sumqayıt Səhiyyə şöbəsinin inzibati binası, 4 nömrəli xəstəxana və Təcili Tibbi Yardım Stansiyasında  isə cari təmir işləri aparılıb. Tibb müəssisələrinin hər biri yüksək tələblərə cavab verən tibbi avadanlıqlarla təmin edilib. 2 saylı Sumqayıt Şəhər Xəstəxanasının yeni binası da şəhərimizin son illərdə həyata keçirilən möhtəşəm quruculuq nümunələrindən biridir. 

Aparılan abadlıq və quruculuq işləri şəhərin Şəhidlər xiyabanını da əhatə etmişdir. 1992-ci ildə salınan Şəhidlər xiyabanı 2021-ci ildə əsaslı şəkildə təmir olunmuş, ərazisi genişləndirilərək 1,2 hektara çatdırılmışdır. Yenidən qurulan Şəhidlər xiyabanında "Qalib Əsgər" abidəsi ucaldılıb, hündürlüyü 30 metr olan yeni bayraq dirəyi quraşdırılıb, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə "Zəfər ağacı" abidəsi yaradılıb.

Şəhərin əsas giriş yolu olan Sülh prospekti 10 metr genişləndirilib,  burada 3 km uzunluqlu yaşıllıq zolağı salınıb. Şəhərin mənzil fonduna daxil olan 1200 çoxmənzilli yaşayış binasının dam örtüyü dəyişdirilib, 795 yaşayış binasının, 4 yataqxana binasının fasadları əsaslı təmir edilib, 47 yaşayış binasının fasadları aqlay üzlük daşları ilə üzlənib və işıqlandırılıb, istismar müddətini keçmiş 580 ədəd köhnə lift yeni elektron tipli müasir liftlərlə əvəz olunub. Sumqayıt şəhərində Qafqazda ilk dəfə olaraq, liftlər "onlayn" rejimində işləyən intellektual idarəetmə sisteminə qoşulub. Sumqayıt şəhərinə 250 ədəd müasir, ekoloji təmiz avtobuslar gətirilərək marşrut xətlərinə buraxılıb.

Ümumiyyətlə, kompleks abadlıq işləri, yeni infrastrukturun və şəhər təsərrüfatının qurulması Sumqayıtda müasir və işgüzar ab-hava yaradıb. Müasir infrastruktur və şəhər təsərrüfatı həm də şəhər sakinlərinə ən yüksək standartlar səviyysində xidmət göstərilməsini təmin edir. 

Bunlardan başqa, şəhərdə 80-nə yaxın "nümunəvi" məhəllə salınaraq sakinlərin istifadəsinə verilib. Heydər Əliyev adına park yenidən qurulub, ərazisi genişləndirilib, burada Ulu Öndərin ağ mərmərdən abidəsi ucaldılıb, uzunluğu 76 metr olan bayraq dirəyi quraşdırılıb. Əgər Sumqayıtda 2015-ci ildə yaşıllıq ərazilər 619,39 hektar təşkil edirdisə, indi bu rəqəm 1163,57 hektar təşkil edir.

Bu gün Sumqayıt inkişafın və uğurların ünvanı kimi tanınır. Şəhərin yüksəlişi isə davamlı, sürətli və hərtərəflidir. Qarşımızda dayanan vəzifələr isə bundan sonra da məsuliyyətlə, layiqincə yerinə yetiriləcək və Prezident İlham Əliyevin diqqət və qayğısı ilə qarşıdakı dövrdə də Sumqayıtın yüksəliş salnaməsi yazılacaq.


Zakir FƏRƏCOV,

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Keçmiş məcburi köçkünlərin Böyük Qayıdışla bağlı müraciətləri dinlənilib

16:24
03 Fevral

Ermənistan vətəndaşlarının məhkəməsi fevralın 5-də davam etdiriləcək  

16:22
03 Fevral

Geosiyasi proseslərə neft bazarı ucuzlaşma ilə reaksiya verir  

16:18
03 Fevral

“AnewZ” telekanalının yeni sənədli filmi - “Liviya Qəddafinin devrilməsindən 15 il sonra”  

16:16
03 Fevral

Baş prokuror İmişli rayonunda vətəndaşların müraciətlərini dinləyib  

16:15
03 Fevral

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib  

16:14
03 Fevral

Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Əbu-Dabidə “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimini izləyiblər  

16:12
03 Fevral

Cənubi Koreyada Afrika donuz taununa 6-cı yoluxma faktı təsdiqlənib

16:09
03 Fevral

Daha üç məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib  

16:05
03 Fevral

Rütte: Ukrayna üçün hava hücumundan müdafiə raketlərinin 90 faizi ABŞ-dan alınır  

16:05
03 Fevral

DSX: Xidmət zamanı fövqəladə hal yaranarsa, zəruri koordinasiya tədbirləri həyata keçirilir  

16:04
03 Fevral

“Azexport” portalı Yaxın Şərq bazarlarına ixrac imkanlarını genişləndirir  

16:01
03 Fevral

Əlcəzairdə 4 silahlı öldürülüb

16:00
03 Fevral

Gürcüstanın Baş naziri: Orta Dəhliz sabit, etibarlı tranzit marşrutudur  

15:59
03 Fevral

Azərbaycanda nağdsız ödənişlərin həcmi 100 milyard manata yaxınlaşıb - STATİSTİKA 

15:56
03 Fevral

DSX: Cari ilin yanvarında dövlət sərhədini pоzduqlarına görə 17 nəfər saxlanılıb

15:53
03 Fevral

Dövlət Agentliyi: Həkim və tibb personalı yeni tələblər barədə məlumatlandırılacaq

15:51
03 Fevral

Venesuela Vaşinqtona diplomatik missiya göndərəcək

15:50
03 Fevral

Azərbaycan ərazisində son dövrün ən güclü palçıq vulkanı püskürmələrindən biri baş verib  

15:49
03 Fevral

Sabah qar yağacaq, güclü külək əsəcək

15:47
03 Fevral

Rusiyada hərbi uçota düşməkdən imtina edən əcnəbi uşaqları vətəndaşlıqdan məhrum ola bilərlər  

15:46
03 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!