“Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı Azərbaycanın regionda yaratdığı yeni reallıqların və yürütdüyü qətiyyətli siyasətin beynəlxalq ictimaiyyətə təqdim edilməsi baxımından mühüm hadisə oldu. Prezident İlham Əliyev bu tədbirdə videobağlantı formatında etdiyi çıxışda Cənubi Qafqazdakı postmünaqişə mərhələsinin reallıqlarını, ölkəmizin sülh və əməkdaşlıq gündəliyinə verdiyi töhfələri diqqətə çatdırdı, habelə Azərbaycanın ikili standartlara, bir sıra təsisatların qərəzli mövqelərinə qarşı barışmaz olduğunu bəyan etdi.
Qeyd edək ki, Azərbaycan Respublikası həyata keçirdiyi qətiyyətli və milli maraqlara söykənən siyasət nəticəsində beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, sabitliyin təminatçısı və əməkdaşlığa töhfələr verən dövlət kimi mövqeyini möhkəmləndirib. Cənab Prezident İlham Əliyevin mötəbər beynəlxalq tədbirlərə dəvət olunması, o cümlədən, “Avropa Siyasi Birliyi”nin Zirvə toplantılarında iştirakı da dövlətimizin başçısının yüksək nüfuzunun və Azərbaycanın qlobal siyasətdə söz sahibinə çevrilməsinin bariz göstəricisidir.
“Avropa Siyasi Birliyi” platforması Avropa qitəsində siyasi dialoqun genişləndirilməsi, təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyan mühüm siyasi təşəbbüslərdən biridir. Azərbaycanın bu formatda fəal iştirakı ölkəmizin Avropa məkanı ilə münasibətlərinin yalnız enerji və iqtisadi əməkdaşlıqla məhdudlaşmadığını, həm də siyasi dialoq müstəvisində inkişaf etdiyini göstərir.
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış etdi. Dövlətimizin başçısının çıxışı bir daha nümayiş etdirdi ki, Azərbaycan regionda yeni reallıqları formalaşdıran və sülh gündəliyini irəli aparan əsas aktordur. Məlumdur ki, ərazilərimizin işğaldan azad edilməsi ilə başa çatan İkinci Qarabağ müharibəsindən sonra qalib Azərbaycan həm də sülh təşəbbüsünü irəli sürüb. Müharibədən sonra rəsmi Bakı sülhlə bağlı konstruktiv və beynəlxalq hüquq prinsiplərinə söykənən mövqe ortaya qoyub. Ötən ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalardan sonra Azərbaycanla Ermənistan arasında sülh prosesi daha da sürətlənib. Bu prosesin mühüm detallarından biri Azərbaycanın Ermənistana tətbiq etdiyi bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırmasıdır. Bu gün Azərbaycanın Ermənistana benzin və dizel göndərməsi, habelə digər ölkələrdən Ermənistana Azərbaycan ərazilərindən keçməklə məhsul göndərilməsi sülh prosesinin yeni keyfiyyət mərhələsinə qədəm qoyduğunu göstərir. O cümlədən, Azərbaycanını əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizi də (Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu) də iki dövlət arasındakı sülh prosesini və bütövlükdə etimad mühitinin möhkəmlənməsini təmin edən mühüm amillərdən biridir. Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışında bu barədə ətraflı məlumat verdi və dövlətimizin başçısının qeyd etdiyi kimi həm Ermənistan, həm Azərbaycan sülhün əyani nəticələrini artıq görürlər.
Qeyd edək ki, Avropa Komissiyası Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə münasibətdə obyektiv mövqe nümayiş etdirir və Prezident İlham Əliyev çıxışında bu quruma təşəkkürünü bildirdi. Lakin dövlətimizin başçısının da qeyd etdiyi kimi heç də bütün Avropa təsisatları eyni yanaşmanı sərgiləmirlər. Bu baxımdan Avropa Şurası Parlament Assambleyasının və Avropa Parlamentinin Azərbaycana qarşı münasibətləri göstərir ki, bu qurumlar erməni lobbisinin maraqlarından çıxış edərək ədalətin və əsil həqiqətlərin nədən ibarət olduğunu görməzdən gəlirlər. Məlum olduğu kimi erməni lobbisinin sifarişlərini yerinə yetirən AŞPA-da Azərbaycan nümayəndə heyətinə məhdudiyyətlər tətbiq edilib. Avropa Parlamenti isə 2021-ci ilin may ayından 2026-cı ilin aprel ayına qədər respublikamıza qarşı iftira və böhtanla dolu 14 qətnamə qəbul edib. “İndi isə Avropa Parlamentini götürək. Bu qurum sülh prosesinə dəstək vermək əvəzinə ona qarşı sabotajla məşğul olur. İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra - 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Sadəcə, təsəvvür edin: beş il ərzində 14 qətnamə aludəçilikdir” -deyə dövlətimzin başçısı bildirib.
Bu təşkilatlarda erməni lobbisinin sifarişlərini yerinə yetirənlər düşünürlər ki, bununla Azərbaycana təzyiq edə və onu öz yolundan döndərə bilərlər. Lakin yanılırlar. Çünki Azərbaycan özünün qətiyyətli yolu və siyasəti olan dövlətdir. Azərbaycan sözügedən təşkilatlarla əməkdaşlığa son qoymaqla göstərdi ki, heç bir qüvvə respublikamızın siyasi iradəsinə təsir göstərə bilməz.
Bütövlükdə, “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı Azərbaycanın regionda yaratdığı yeni reallıqların və yürütdüyü qətiyyətli siyasətin beynəlxalq ictimaiyyətə bəyan edilməsi baxımından mühüm hadisə oldu. Prezident İlham Əliyevin çıxışı ölkəmizin prinsipial mövqeyini, beynəlxalq hüquqa əsaslanan siyasətini və sülhə yönəlmiş strateji baxışını bir daha Avropa siyasi elitasının diqqətinə çatdırdı.
Müşfiq MƏMMƏDLİ,
Milli Məclisin deputatı