01 May 2024 09:05
158
SİYASƏT
A- A+

Sülhə gedən yol...

 

Artıq 35 sərhəd dirəyi quraşdırılıb

 

Azərbaycanın sülhə nail olmaq yolunda göstərdiyi təşəbbüslər, atdığı addımlar uğurlu nəticələrini verir. Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin yaydığı  məlumata görə, Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin yarısından çoxu 2024-cü il aprelin 29-dək yerinə yetirilib, 35 sərhəd dirəyi quraşdırılıb. Məlumatda hər iki dövlətin ekspert qruplarının işinin davam etdiyi bildirilib.
Xəbər verildiyi kimi, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycan Respublikası Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Ermənistan Respublikası Komissiyasının 8-ci görüşünün yekunlarına əsasən əldə edilmiş razılaşmalara müvafiq olaraq, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası sərhədində iki ölkənin ekspert qrupları ərazidə geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıblar.
1990-cı illərin əvvəllərində ermənilərin işğal etdiyi ilk yaşayış məntəqələri olan Qazax rayonunun 4 kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin azad edilməsi ilə bağlı razılaşma iki ölkə arasında normallaşma istiqamətində atılan ilk mühüm addımlar oldu.
Prezident İlham Əliyev hələ 2020-ci ildə qeyri-anklav kəndlərin qaytarılması məsələsini qaldırmışdı. Bu mühüm məsələ ötən müddətdə daim gündəlikdə oldu. Bu ilin əvvəlində yerli televiziya kanallarına müsahibəsində isə dövlət başçısı həmin kəndlərin qeyd-şərtsiz qaytarılmalı olduğunu bir daha vurğuladı: "O ki qaldı işğal altında olan kəndlərə, hesab edirəm ki, bizim təklifimiz də çox məntiqlidir. Bildiyiniz kimi, orada anklav və qeyri-anklav kəndlər var. O kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır".
Azərbaycanın təkidi ilə delimitasiyaya məhz bu istiqamətdən başlanıldı. Qeyd edək ki, tərəflərin gəldikləri razılığa əsasən, delimitasiya prosesi 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqdır. 
Ermənistanla Azərbaycan arasında delimitasiya prosesi ilə bağlı razılığı Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç alqışlayıb. Baş katib bildirib: "Ermənistanla Azərbaycan arasında 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında delimitasiya prosesinin başlamasına dair bu yaxınlarda əldə olunan razılaşmanı alqışlayıram".
Bir zaman haqq səsinin dünyada eşidilməsinə əngəllər yaradılan, əraziləri işğal edilmiş ölkə olduğu bütün dövlətlər və nüfuzlu təşkilatlar tərəfindən bilindiyi halda beynəlxalq səviyyədə heç bir tədbir görülməyən Azərbaycan özü məsələni ədalətli şəkildə həll etməkdədir. 
İllərlə iki ölkə arasında münaqişənin aradan qaldırılması yolunda müsbət nəticə əldə etməmiş vasitəçilər olmadan Ermənistan və Azərbaycan birgə qarşılıqlı anlaşma şəraitində məsələni həll etdilər. Baş verən hadisələr yalnız bu iki ölkə üçün deyil, ümumilikdə Cənubi Qafqaz üçün olduqca əhəmiyyətlidir. Hadisələrin inkişafı bölgəmizdə tezliklə dayanıqlı sülhə nail olunacağına böyük ümid yaradır. 

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video