21 May 2024 08:30
556
SİYASƏT
A- A+

Şərqi Zəngəzurda quruculuq təntənəsi

 

İlham Əliyev bu diyarı dünyanın cənnətməkanlarından birinə çevirir

 

"Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq - ən müasir, ən rahat, ən gözəl. Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Elə bir gözəl şəhər yaradılır ki, əminəm, hər birimiz, hər bir azərbaycanlı bununla fəxr edəcək". 
Mayın 10-da - Ulu Öndərin doğum günündə Şuşaya ilk köçən sakinlərlə görüşü zamanı Prezident İlham Əliyevin vurğuladığı kimi, son üç il yarım müddət ərzində düşmən tapdağından qurtarılan ərazilərimizdə quruculuq zəfərləri, tarixi yurdlarımıza möhtəşəm qayıdış təntənəsi yaşanır. 
Qarabağ və Şərqi Zəngəzura Böyük qayıdışı milli hədəfimiz kimi müəyyənləşdirən Prezident İlham Əliyevin şəxsi əzmi, qətiyyəti sayəsində dünyada misli bərabərinə rast gəlinməyən quruculuq və bərpa işləri həyata keçirilən bu ərazilərdə həyat qaynayır. Artıq yeddi yaşayış məntəqəmizə - Zəngilanın Ağalı, Tərtərin Talış, Laçının Zabux və Sus kəndlərinə, eləcə də Füzuli, Laçın və Şuşa şəhərlərinə minlərlə insan qayıdış karvanları ilə dönərək dədə-baba torpaqlarında dövlətimizin onlar üçün yaratdığı təhlükəsiz və layiqli şəraitdə yaşamağa başlayıblar. 

 

Milli hədəf

 

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda əksini tapan "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış" Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı" qəbul edilib. Hazırda bu proqram böyük müvəffəqiyyətlə icra olunur və azad edilmiş torpaqlarda vüsət alan genişmiqyaslı quruculuq işləri dövlətimizin öz hesabına həyata keçirilir. Buna görədir ki,  dövlət büdcəmizin əsas prioritetlərindən biri də milli hədəfimizə - Böyük qayıdışa nail olunması istiqamətindədir.
Bu gün Qarabağ və Şərqi Zəngəzur xarabalıqlar üzərində qurulan müasir və möhtəşəm abadlıq məkanı kimi görənləri heyrətə gətirir. Xarici ölkələrdən bu ərazilərə səfər edən sadə insanlardan tutmuş, ən ali səviyyəli qonaqlara qədər hər kəs, daşı-daş üstündə qalmayan kənd, qəsəbə və şəhərlərin dirçəlişinə şahidlik edir, bu quruculuqdan vəcdə gələrək heyrətini dilə gətirir. 
Müasir infrastruktur layihələri həyata keçirilən, avtomobil və dəmir yolları çəkilən, nəhəng tunellər salınan,  elektrik enerjisi, su təchizatı və digər mühüm işlər görülən, "ağıllı kənd və şəhərlər" yaradılan Qarabağ və Şərqi Zəngəzur, sözün əsl mənasında, dünyanın möcüzəsinə çevrilib. 
Heydər Əliyev Fondu tərəfindən tarixi, dini, mədəni irsi, ənənələri uğurla bərpa olunan Qarabağ və Şərqi Zəngəzurun ruhu özünə, əvvəlki şöhrətinə qaytarılır. 
Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyeva ilə birlikdə mütəmadi olaraq Qarabağa və Şərqi Zəngəzura səfər etmələri zamanı isə bu yerlərin getdikcə dəyişən simasını daha aydın görüb şahidi oluruq. 
İşğaldan azad edilən ərazilərə yollanan dövlət başçısı İlham Əliyev hər dəfəsində burada yaşayış məntəqələrinin təməlini qoyur, yeni açılışlar edir, əzəli yurdlarına qayıdan sakinlərə açarlarını təqdim edir, onları öz evlərində ziyarət edir, qayıdış sevinclərini bölüşür. 

 

Cəbrayılda 4 kəndin təməli qoyuldu

 

Bu il mayın 18-də isə qurucu lider İlham Əliyev yolunu yenidən Şərqi Zəngəzurdan salaraq bu cənnətməkan torpaqlarda yeni təməllər atdı, bünövrələr qoydu, açılışlar etdi. 
Həmin tarixdə İlham Əliyev Cəbrayılda Böyük Mərcanlı kəndinin təməlini qoydu. Bildirildi ki, Böyük Mərcanlının baş planına əsasən, kəndin ümumi sahəsi 362 hektar təşkil edir. 2040-cı ilədək 6230 nəfər kənd əhalisi üçün 1074 fərdi ev və bir neçə mərtəbəli yaşayış binaları layihələndirilib. 2026-cı ilədək dövrü əhatə edən "Böyük Qayıdışa dair I Dövlət Proqramı"na müvafiq olaraq, birinci mərhələdə layihələndirilən ərazinin sahəsi 41 hektardır. Bu mərhələdə Böyük Mərcanlıya 542 nəfərin köçürülməsi üçün 149 fərdi ev tikiləcək. İnşa ediləcək evlər iki, üç, dörd və beşotaqlı olacaq.
Prezident İlham Əliyev həmin gün Cəbrayıl rayonunun Karxulu kəndinin də təməlinin qoyulması mərasimində iştirak etdi. Dövlət başçısına kənddə görüləcək işlər barədə məlumat verildi.
2040-cı ilədək kəndin layihələndirilən ərazisi 313 hektar təşkil edir və bu müddət ərzində 4428 sakin üçün 940 fərdi ev və bir neçə mərtəbəli bloklu evlərin layihələndirilməsi, eləcə də tikintisi nəzərdə tutulur.
Sözügedən tarixdə həmçinin dövlət başçısı rayonun Sarıcallı və Maşanlı kəndlərinin də təməllərini qoydu. 
Baş planda Sarıcallı kəndinin ümumi sahəsi 330 hektar təşkil edir. 2040-cı ilədək 4740 nəfər əhali üçün 1185 fərdi evin və bir neçə mərtəbəli bloklu binaların layihələndirilməsi nəzərdə tutulur. 
2040-cı ilədək Maşanlı kəndinin layihələndirilən ərazisi 157,54 hektar olacaq. Həmin müddətdə kənddə 2360 sakin üçün 590 fərdi evin layihələndirilməsi, eləcə də tikintisi nəzərdə tutulub.

 

Yeni açılışlar

 

Mayın 18-də Zəngilan rayonunda da mühüm açılışlar edildi, yeni təməllər qoyuldu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmin tarixdə rayonun Ağalı kəndində "Ağalı" hotelinin açılışında iştirak etdilər. 
Bildirildi ki, "Ağalı" hoteli Zəngilan şəhər mərkəzindən 20 kilometr məsafədə, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində yerləşir. Hotelin binası üç mərtəbədən ibarətdir. 
Eyni zamanda sözügedən tarixdə dövlət başçısı "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin "Zəngilan" və "Şayıflı" Su-Elektrik stansiyalarının açılışlarını etdi.
Ölkə rəhbəri tərəfindən Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli də qoyuldu. Layihə üzrə şəhərdaxili yolların ümumi uzunluğu 31 kilometrdir. Layihənin birinci mərhələsində ümumilikdə 17,14 kilometr uzunluğunda yollar salınacaq. İki və dörd hərəkət zolaqlı bu yolların eni 18-34 metr olacaq. Yolboyu velosiped və piyada zolaqları yaradılacaq, yaşıllıqlar salınacaq.
Həmin gün Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyan Prezident İlham Əliyevə məlumat verildi ki, qəsəbənin sahəsi 301,51 hektardır. 2040-cı ilədək qəsəbədə 9088 nəfər üçün 630 fərdi ev və bir neçə mərtəbəli yaşayış binalarının tikilməsi nəzərdə tutulub. Mincivan qəsəbəsində yaşayacaq əhalinin məşğulluğunun təmin olunması məqsədilə idarəetmə, mədəniyyət və əyləncə, iqtisadi inkişaf obyektləri, xidmət və kommersiya müəssisələri yaradılacaq. 

 

Əzəli sahibləri bu torpaqlara əbədi dönüblər

 

İşğal ərəfəsində vandal ermənilər tərəfindən vəhşicəsinə dağıdılan, təhqir olunan dini abidələrimiz, məscidlərimiz də müvəffəqiyyətlə bərpa olunur. Düşmən vəhşiliyinə tuş gələn məscidlərimizdən biri olan Zəngilan məscidi də yenidən inşa olunaraq xalqımızın ixtiyarına verildi. 
Mayın 18-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak etdilər. 
Zəngilanda yeni məscidin təməli şəhər işğaldan azad edildikdən sonra - 2021-ci il aprelin 26-da Prezident İlham Əliyev tərəfindən qoyulmuşdur. Məscidin tikintisini Heydər Əliyev Fondu "PAŞA Holdinq" MMC-nin dəstəyi ilə həyata keçirmişdir.
İşğal dövründə ermənilər Zəngilan şəhərindəki tarixi məsciddən tövlə kimi istifadə etmişdilər. XIX əsrdə inşa edilmiş və memarlıq abidəsi kimi inventarlaşdırılan məscid dağıdılmış, ilkin görkəmini 70 faizə qədər itirmişdir.
Konservasiya olunan tarixi məscidin yanında yeni məscid inşa edilib. İşğal dövründə dağıdılmış tarixi Zəngilan şəhər məscidinin ərazisində açıq səma altında sərgi yaradılıb. Sərgi Qarabağ və Şərqi Zəngəzur ərazilərində mövcud olmuş bir sıra dini abidələrimizə qarşı törədilmiş vandalizmin ümumi mənzərəsini əks etdirir. 
Mayın 18-də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın instaqram sosial şəbəkəsindəki hesabında Zəngilan səfəri ilə bağlı etdiyi paylaşım isə Prezident İlham Əliyevin quruculuq səfərinin üzlərdə sevinc, çöhrələrdə nikbinlik yaradan məntiqi sonluğu oldu. Bu əraziləri azadlığına qovuşduran qalib lider İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura həyatı qaytarmasını, yenidən bu torpaqlarda çayların çağladığını, bulaqların qaynadığını, meşələrin pöhrələdiyini, bir sözlə, əzəli sahiblərinin öz yurdlarına əbədi qayıdışını əks etdirdi. 

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video