Erməni cəmiyyəti bunlardan hansını seçəcək?
Cənubi Qafqaz bu gün tarixinin ən həlledici kəsişmələrindən birindədir. Azərbaycanın liderliyi və qətiyyəti sayəsində regionda yaranmış de-fakto sülh artıq real iqtisadi və siyasi bəhrələrini verməyə başlayıb.
Lakin bu sülhün daimi olması və Ermənistanın bir dövlət kimi gələcək taleyi yaxın vaxtlarda keçiriləcək parlament seçkilərində erməni xalqının verəcəyi qərardan da asılı olacaq. Yəni bəlli olacaq ki, erməni cəmiyyəti sülhü seçib rifaha addım atacaq, yoxsa xəstə təfəkkürün arxasınca düşüb özünü yenə uçuruma sürükləyəcək.
Tarixi fürsət
Azərbaycan 2020-ci il Vətən müharibəsindən sonra Ermənistana təkcə sülh deyil, həm də xilas yolu təklif etdi. Ötən il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ermənistan ilə Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması, sülh sazişi mətninin paraflanması həm də bölgənin inkişaf və tərəqqisi üçün atılan təməl addım oldu. Həmin zaman açılması ilə bağlı razılıq əldə olunan Zəngəzur dəhlizi (TRIPP) təkcə regional deyil, beynəlxalq əhəmiyyəti ilə də diqqət çəkir. Ermənistanın konstitusiyası dəyişdirilərək ölkəmizə qarşı ərazi iddiası ortadan qaldırılandan sonra qısa müddətdə sülh müqaviləsi də imzalanacaq. Bölgədə dayanıqlı sülhə nail olmaq üçün proseslər, sadəcə, siyasi müstəvidə aparılmır. Sülhün vacib şərti olan qarşılıqlı etimad quruculuğu istiqamətində də əməli addımlar atılır.
Qətiyyət və səyləri ilə Cənubi Qafqazda faktiki olaraq sülhü bərqərar edən ölkəmiz bununla onilliklər boyu yürütdüyü işğalçılıq siyasəti ilə özünü dalan ölkəyə çevirən Ermənistanın ağır vəziyyətdən qurtulması üçün də mühüm tarixi fürsət yaradıb. Azərbaycanın Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırması, iki ölkə arasında ticari əlaqələr qurulması da buna nümunədir.
Ötən ilin oktyabrında Prezident İlham Əliyev Ermənistana tranzit məhdudiyyətlərinin aradan qaldırıldığı barədə məlumat verərkən demişdir: "Zənnimcə, bu, həmçinin Azərbaycan ilə Ermənistan arasında sülhün yalnız kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir".
Azərbaycanın sülhməramlı liderliyinin ən mühüm göstəricilərindən biri də "Sülh körpüsü" təşəbbüsüdür. Belə ki, vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoq 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə keçirilmiş üçtərəfli sammitdə təsdiqlənmiş ikitərəfli sülh gündəliyi çərçivəsində aparılır.
Amma hələ qarşıda normallaşma ilə bağlı qət ediləsi xeyli yol var. Ermənistan cəmiyyətinin burada hansı istiqamətə üz tutacağı da vacib rol oynayır. Nədən ki, son altı ildə regionda proseslərin sülhə doğru yön almasının fonunda Ermənistandakı revanşist qüvvələrin baş qaldırması, onların yenidən Cənubi Qafqazı münaqişə ocağına çevirmək cəhdləri müşahidə olunur. Həmin qüvvələr ki, onların arasında kilsə də baş rol oynayır, onilliklər boyu sərsəm ideyalarla beyinlərini zəhərləyib müharibəyə, faciələrə sürüklədikləri erməni xalqını yenidən eyni üsulla uçuruma yuvarlamağa çalışıblar.
"Miatsum", "dənizdən-dənizə böyük Ermənistan" yaratmaq kimi xəstə təfəkkürün məhsulları olan ideyalar ortaya ataraq Ermənistanı bir dövlət kimi yox olmaq təhlükəsi ilə üz-üzə qoyan, demoqrafik böhrana, xalqın səfalətinə səbəb olanların özlərinin ötən illər ərzində sərvətlərinə sərvət qatmaları da gerçəklikdir.
İndi də revanşistlərin təklif etdiyi yol Cənubi Qafqazın yenidən qan-qada ocağına çevrilməsini və Ermənistanın dövlət olaraq yox olmasını vəd edir. O da bir ayrı gerçəklikdir ki, iqtisadi bataqlıqda çabalayan Ermənistanın nə bu gün, nə də qarşıdakı illərdə Azərbaycanla müharibə etmək iqtidarı var. Bu reallığı revanşistlərin özləri də yaxşı anlayırlar.
Buna görə də erməni xalqı yeni müharibə haqqında deyil, öz gələcəyi, sosial-iqtisadi inkişafı barədə düşünsə, daha yaxşı olar.
Revanşizmi dəstəkləmək "dalan ölkə" statusunun əbədiləşməsi deməkdir
Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş, dünyanın enerji və nəqliyyat qovşağına çevrilmiş nüfuzlu dövlətdir. İşğaldan azad edilmiş torpaqlarda həyata keçirilən "Böyük qayıdış" proqramı ölkəmizin gücünü dünyaya nümayiş etdirir. Bu mənada Cənubi Qafqazda cərəyan edən hər hansı hadisənin də ölkəmizin inkişaf dinamikasına təsir göstərməsi mümkün deyil.
Ermənistan üçün isə bunu demək olmaz. Bu ölkənin qarşısında konkret olaraq iki seçim var: ya Azərbaycanın təklif etdiyi sülh modelini qəbul edib inkişaf etmək, ya da revanşist xülyalarla uçuruma yuvarlanmaq.
Bir məqamı da vurğulayaq ki, ABŞ-də paraflanan sülh sazişi mətni və əldə olunan razılaşmalar göstərir ki, dünya artıq yeni reallığı qəbul edir.
Nəhayət, Ermənistan cəmiyyəti də anlamalıdır ki, otuzillik işğalçılıq siyasəti onları regiondakı bütün böyük iqtisadi layihələrdən kənarda qoyub. Hazırda gündəmdə olan Zəngəzur dəhlizi (TRIPP) həmçinin Ermənistanın blokadadan çıxması və iqtisadi dirçəlişi üçün yeganə şansdır. Sülhü seçmək iqtisadi yüksəliş, yeni iş yerləri və qonşularla normal münasibətlər deməkdir. Revanşizmi seçmək isə daha dərin səfalət, demoqrafik böhran və "dalan ölkə" statusunun əbədiləşməsi deməkdir.
Qarşıdakı seçkilərdə Ermənistan vətəndaşı seçkiyə gedərkən düşünməlidir ki, revanşistləri dəstəkləmək Ermənistanı bir dövlət kimi intihara sürükləməkdir.
Bir daha vurğulayırıq ki, Azərbaycan üçün dəyişən heç nə olmayacaq. Bakı öz şərtlərini diktə edib və sülh gündəmini müəyyənləşdirib. Əgər İrəvan yenidən münaqişə yolunu seçsə, iqtisadi blokada daha da sərtləşəcək və Ermənistan bütün qlobal layihələrdən təcrid olunacaq.
Bir sözlə, erməni cəmiyyəti ya sülhü seçib sözün əsl mənasında süfrəsinə gələn Azərbaycan çörəyini və iqtisadi inkişafı qazanacaq, ya da xəstə təfəkkürlərin qurbanı olub tarixin tozlu səhifələrində yox olacaq. Seçim zamanıdır.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"