Stokholmda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş klassik musiqi konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, Stokholm Tarix Muzeyinin “Barokko” zalında keçirilən tədbirdə Azərbaycanın İsveçdəki səfirliyinin əməkdaşları, Şimali Kipr Türk Cümhuriyyətinin Stokholmdakı nümayəndəliyinin rəhbəri Hakan Aksoy, İsveçin müxtəlif şəhərlərindən Azərbaycan diasporunun nümayəndələri, Danimarkadan gələn qonaqlar və İsveçin klassik musiqi həvəskarları iştirak ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Qobustan” Azərbaycan ziyalıları cəmiyyəti tərəfindən təşkil olunan tədbir İsveçdə yaşayan azərbaycanlı pianoçu Aynur Məlikovanın təşəbbüsü ilə baş tutub.
Konsertdən əvvəl çıxış edən “Qobustan” cəmiyyətinin sədri Səadət Kərimi bildirib ki, Heydər Əliyev Azərbaycanın müstəqilliyinin və beynəlxalq nüfuzunun möhkəmlənməsində mühüm rol oynamış lider kimi tarixə düşüb. O, Heydər Əliyevin incəsənətin inkişafına və Azərbaycanın mədəni irsinin qorunmasına verdiyi töhfələrini xüsusi qeyd edib. Bildirilib ki, Heydər Əliyev mədəniyyəti milli kimliyin mühüm hissəsi hesab edirdi.
Konsert proqramında Aynur Məlikovanın, isveçli fleyta ifaçısı Katrin Sponberqin və azərbaycanlı tarzən Səxavət Məmmədovun ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib. Proqram çərçivəsində Qara Qarayevin “İldırımlı yollarla” baletindən parça, Fikrət Əmirovun “6 miniatür” əsəri, Niyazinin “Arzu” romansı, Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletindən “Türk qızlarının rəqsi”, həmçinin Vittorio Montinin “Çardaş”, Astor Pyatsollanın “Libertanqo” və digər əsərləri ifa olunub.
Konsert proqramı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.