19 Aprel 2024 08:05
179
İQTİSADİYYAT
A- A+

Şirvan kanalı bölgələrdə ekoloji tarazlığı və kənd təsərrüfatının inkişafını təmin edəcək

 

Ölkəmizdə həyata keçirilən infrastruktur layihələr bir çox sahələri əhatə edir. Bu layihələr zəruriliyinə və miqyasına görə xüsusi əhəmiyyət kəsb edir, nəqliyyat, enerji, su, yol da daxil olmaqla, əhatə olunan sahələrin inkişafı ölkəmiz üçün olduqca vacibdir.
Xüsusilə də işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələr sürətinə və keyfiyyətinə görə dünyada icra olunan oxşar məzmunlu layihələrdən seçilir. Nəticə etibarı ilə Ermənistanın daşı-daş üstündə qoymadığı ərazilərə həyat qayıdır, evlər, xəstəxanalar, məktəblər tikilir, avtomobil yolları, enerji təchizatını təmin edən müəssisələr açılır. Qarabağda və Şərqi Zəngəzurda aparılan irimiqyaslı tikinti işləri ilə yanaşı, ekoloji tarazlığın qorunması və kənd təsərrüfatının inkişafı dövlət başçısının gündəliyində mühüm yer tutur.
Kənd təsərrüfatı sahəsinin inkişafı bu gün bir çox dövlətlər, eləcə də ölkəmiz  üçün olduqca vacibdir. Azərbaycan dünyadakı azsaylı ölkələrdəndir ki, bir çox kənd təsərrüfatı məhsullarını idxal etmir, əksinə, ölkəmiz meyvə və tərəvəzin ixracı ilə məşğuldur. İxracın əsas səbəbi də torpağımızın məhsuldar, xalqımızın zəhmətkeş olması ilə birbaşa bağlıdır.
Lakin bu gün dünyada baş verən ekoloji tarazlığın pozulması fonunda ölkəmizdə də su ehtiyatlarında azalmalar baş verir. Quraqlığın artması gələcəkdə torpaqların şoranlaşmasını, sahələrdən səmərəli istifadə üçün yarana biləcək təhlükələri qaçılmaz edir.
Belə bir vəziyyətdə dövlət başçısı tərəfindən Şirvan suvarma kanalının əsasının qoyulması barədə imzalanmış sərəncam və eləcə də ölkə Prezidentinin bu kanalın təməlqoyma mərasimində iştirakı bu sahədə baş verə biləcək problemlərin qarşısını almağa xidmət edir. 1958-ci ildə əsası qoyulmuş Yuxarı Şirvan kanalı torpaqməcralı olması səbəbindən ötən illər ərzində öz məhsuldarlığını itirmiş, nəticədə ciddi su itkiləri yaranmışdır. Belə bir vəziyyətdə kanalın inşası olduqca ümidverici bir layihədir, belə ki, yeni kanal özündən əvvəlkindən həm məhsuldarlığına, həm də daha çox ərazini əhatə etməsinə görə fərqlənəcək.
Yuxarı Şirvan kanalı 8 rayonu əhatə etməklə 120 kilometrlik ərazidə idisə, yeni salınacaq kanal 10 rayonu əhatə edərək, əvvəlkindən 2 dəfəyə qədər böyük olacaq, ümumilikdə 200 kilometrdən artıq əraziyə xidmət edəcək. Bu ölkəmizdə meliorasiya sahəsində həyata keçirilən meqalayihədir.
Kanalın əsas təyinatı kənd təsərrüfatının inkişafını, suvarma işlərinin aparılmasını təmin etməkdən ibarətdir. Kanalın salınması ilə həm də Hacıqabul gölünün ekosisteminin yenidən qurulacağı proqnozlaşdırılır. Belə ki, bu göl 10 ildən artıqdır ki, quruyub və bu, özündə həm də ekosistemin məhvinə gətirib çıxarıb.
Ümumiyyətlə, bu sahələrə göstərilən diqqət, ekoloji tarazlığın qorunması, meliorasiya işlərinin aparılması istiqamətində görülən işlər kənd təsərrüfatının daha da inkişafına təsir göstərir. Əvvəllər açılışları həyata keçirilmiş kanallar, eləcə də su anbarları bölgənin hərtərəfli inkişafına töhfə verir. Növbəti il isə inşası planlaşdırılan Qarabağ kanalı kanalın əhatə edəcəyi ərazilərdə inkişafı sürətləndirəcək.
Torpaqlarımızın bir hissəsi işğal altında olduğu dövrdə Ermənistanın su resurslarını daim zəhərləməsi, habelə bu sahədə də yaratdığı əngəllər nəticəsində Ağdam, Tərtər və  ətraf rayon və kəndlərimiz susuzluqdan əziyyət çəkirdilər, yekunda torpaqlar şoranlaşır, əkin-biçində çətinlik çəkirdilər. 
Şanlı Zəfərimizlə başa çatan Vətən müharibəsi və antiterror tədbirləri ilə torpaqlarımızın düşmən işğalından azad olunması ilə həm də bu problem həllini tapdı. Belə ki, bu gün ölkəmizin su ehtiyatlarının 25 faizinin Qarabağ və Şərqi Zəngəzurun ərazisinə düşməsi kənd təsərrüfatının və sənayenin inkişafına xüsusi stimul verəcəkdir.
Sözügedən sahələrə diqqətin ayrılması həm məhsuldarlığın inkişafına, həm də ekologiyaya yüksək töhfə verəcək, yaxın gələcəkdə bu layihələrin uğurlarının şahidi olacağıq.

Adil ƏLİYEV,
Milli Məclisin Sədr müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video