23 May 2024 12:54
197
CƏMİYYƏT
A- A+

Şəhid Cavid Ələkbərovun nəşi 30 ildən sonra Sumqayıtda torpağa tapşırılıb  

 

Bu gün Sumqayıtdakı Şəhidlər Xiyabanında Birinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə Murovdağ yüksəkliyində itkin düşmüş, hazırda nəşi tapılan Qubadlı rayon Novlu kənd sakini şəhid Ələkbərov Cavid Fazil oğlu ilə vida mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə şəhidin ailə üzvləri, Milli Məclisin deputatları, YAP Qubadlı rayon təşkilatı, hüquq mühafizə orqanları, Qubadlı Rayon İcra Hakimiyyəti, Sumqayıt Şəhər İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri, həmçinin şəhid ailələri, müharibə veteranları iştirak edirdilər.

Bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin ifasında Dövlət Himni səsləndirilib.

Mərasimdə bildirilib ki, 1992-ci ildə rayonun ilk şəhidlərindən olan Ələkbərov Cavid Fazil oğlu 1975-ci il aprelin 25-də Zəngəzur mahalı Qubadlı rayonunun Novlu kəndində anadan olub, Novlu kənd orta məktəbini bitirib. 1993-cü ildə ordu sıralarında həqiqi hərbi xidmətdə olub, Kəlbəcərdə, Murovdağ və ətraf yüksəkliklər uğrunda erməni işğalçılarına qarşı gedən şiddətli döyüşlərdə əsl igidlik və fədakarlıq nümunəsi göstərərək, düşmənə sarsıdıcı zərbələr vurub. Son döyüşü 1994-cü il fevralın 16-da Murovdağ yüksəkliyində olub.

Qeyd edilib ki, həmin gün Murovdağın ətəklərində və yüksəkliklərində şiddətli döyüşlər gedib, qəhrəman əsgərlərimiz düşmənə sarsıdıcı zərbələr endirib. Xalqımızın igid oğlu Cavid Ələkbərov da həmin döyüşdə itkin düşüb.

Çıxışlarda bildirilib ki, şəhidin ailə üzvlərindən də Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunanlar var. Belə ki, Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda erməni quldurlarına qarşı gedən döyüşlərdə həyatını itirən Cavidin əmisi Ələkbərov Rafiq Qaçay oğlu və əmisi oğlu Ələkbərov Füzuli Hidayət oğlu da burada uyurlar. O cümlədən şəhidin adını daşıyan Birinci Qarabağ müharibəsi veteranı Aqil Ələkbərovun oğlu Cavid Ələkbərov 44 günlük Vətən müharibəsində Hadrut istiqamətində gedən döyüşlərdə ağır yaralanıb, müharibə veteranıdır. O, Prezident İlham Əliyevin Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Daha sonra Ələkbərov Cavid Fazil oğlunun nəşi torpağa tapşırılıb. Ruhuna dualar oxunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video