12 Iyun 2024 08:30
1504
CƏMİYYƏT
A- A+

“İlham Əliyev Xocalıda cənnət yaradıb”

 

Xəyalları gerçəkləşən Xocalı sakinləri yurda qayıdışın xoşbəxtliyini bölüşürlər

 

Xocalı küçələri başdan-başa Azərbaycan bayrağına bürünüb...
Hər addımda Zəfərin, Böyük qayıdışın şanlı rəmzlərini, qürur doğuran izlərini görürük. 
Amma onu da unutmuruq ki, ayağımızı basdığımız torpağın hər qarışında günahsız körpələrin, qız-gəlinlərin, qocaların qan izi olan şəhərdəyik...
Bir gecədə yandırılaraq, insanlığa sığmayan cinayətin qurbanına çevrilən məkandayıq...
Atasız-anasız qalan körpələrin, ailə üzvlərini itirənlərin, qollarında əzizləri can verən xocalılıların yurd yerindəyik...
32 il öncə yandırılıb külü göylərə sovrulan şəhər indi tam başqa mənzərə ilə canlanır qarşımızda. Şanlı Zəfərin memarı İlham Əliyev cəmi 8 aya burada elə möhtəşəm şəhər yaradıb ki...
İllər öncə soyuq fevral gecəsində ayaqyalın, başıaçıq qaçıb canlarını salamat qurtaran xocalılılarla yurda qayıdış xoşbəxtliklərini bölüşürük... 

 

"Xocalını görəndə gözlərimə inanmadım"

 

Xocalı adı çəkiləndə illərlə ürəyimiz qan ağladı. Sağalmaz yaraya çevrilmişdi bu ad... 30 il dünyadan "Xocalıya ədalət!" istədik. Harayımıza səs verən az oldu. Dünya erməni vəhşiliklərini, azərbaycanlıların Xocalıda yaşadıqları dəhşətləri görməzdən gəldi. Bir xristian uşağının burnu qanayanda dünyanı ayağa qaldıran böyük güclər, beynəlxalq təşkilatlar susqun qaldılar. 
Təbii ki, Azərbaycan üçün qisas günü var idi. 2020-ci il Vətən müharibəsindəki Zəfər və 2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirlərindən sonra Qarabağ və Şərqi Zəngəzur, o cümlədən Xocalı da azadlığına qovuşdu. Erməni vandallarının izi torpaqlarımızdan silindi. Bu gün isə üçrəngli bayrağımızın qürurla dalğalandığı yerdir Xocalı...
 Artıq Xocalı sakinləri yurda qayıdırlar. Doğma elinə-obasına ilk dönənlərdən biri də Elmira Allahverdiyevadır. 32 ildən sonra uşaqlığını, gəncliyini, bəlkə də ömrünün ən gözəl illərini qoyub gəldiyi yurduna qovuşub. 
Bizi görən kimi evinə dəvət edir və sevinc göz yaşları ilə danışmağa başlayır: "Xocalının bu gözəlliyini görəndə gözlərimə inana bilmədim. Mənə elə gəldi ki, Xocalıdan çıxdığımız bu illərdə burada möcüzə baş verib. Səkkiz ayda belə bir şəhəri yenidən tikib, bu cür gözəllik yaratmağın mümkün olacağını heç ağlımızdan belə keçirə bilməzdik. İllərlə Xocalının həsrəti ilə yaşadıq. Deyirdik ki, kaş Xocalıya qayıda bilək, çadır qurub quru torpağın üstündə yatsaq da, şikayətlənmərik. Tanrı səsimizi eşitdi, dualarımızı qəbul etdi. Xocalıda öz evimdəyəm. Hər səhər açılanda, hər yeni gün doğanda Xocalını düşmən əsarətindən qurtaran, bizi yenidən ev sahibi edən Prezidentimizə dualar edirəm". 
Elmira Allahverdiyeva deyir ki, illərdir qaçqınlıq həyatı ilə yanaşı, məğlubiyyətin, gücsüzlüyün də əzabını çəkiblər. Müzəffər Ali Baş Komandanımız İlham Əliyev Qarabağı xilas etməklə üstümüzdən məğlub xalq ləkəsini silib, bizi müzəffər xalq kimi dünyaya tanıtdı. Ermənilərin qanla, qırğınla aldığı Xocalını siyasətlə geri qaytardı.
"Amma 32 il öncə baş verənləri xatırlayanda az qalıram dəli olam. Tank var idi, yanacağı yox idi. Əsgərin avtomatı var idi, atmağa gülləsi yox idi. Azərbaycan müstəqilliyini elan etsə də, rəhbəri yox idi. Bütün bunlar Xocalının faciəsi ilə nəticələndi. Ardınca bütün Qarabağ işğal olundu... Bu faciənin acısını  bütün xalqımız çəksə də, mən iki əzizini qurban verən ailələrdənəm. O gecə yoldaşım Novruz Allahverdiyev, oğlum Mahir şəhid oldular. Sinəmdə şəhid yarası var. Hələ də onları axtarıram. Gözüm yollarda qalıb".
Şanlı Zəfərimiz Elmira xanıma qol-qanad verib. Xocalının bu gününü görüb qürur duyur. Dörd ailə üzvü ilə birlikdə Xocalıya qayıdıblar. Evinin açarlarını Prezident İlham Əliyev təqdim edib: "Dövlət başçımızla Xocalıda görüşümüz həyatımızın ən yaddaqalan günü oldu. Yaradılan bu gözəl şəraitə görə dövlət başçısına minnətdaram. Prezidentimizin Xocalıda ucaltdığı Zəfər bayrağını hər görəndə ordumuza, bu ordunu quran və onu qələbəyə aparan Ali Baş Komandana min alqış deyirəm. Düşməndən qisasımızı alan sərkərdə Qarabağı cənnətə, gülüstana döndərməklə bu yurdun əsl sahibi olduğunu bütün dünyaya sübut etdi. Nə qədər ömrümüz var, o qədər də Prezidentimizə duaçı olacağıq. Allahın nəzəri həmişə üstündə olsun".

 

"Bizə bu xoşbəxtliyi yaşadan İlham Əliyevə "yaşa, var ol" deyirik!

 

Digər həmsöhbətimiz Xocalı sakini Zülfi Muradov oldu. Zülfi kişi ömrünün ahıl çağlarını yaşayır. Bizi görcək fərəhlə evinə dəvət edir. 
"Faciə, qan, qırğın görsək də, qaçqınlıq həyatı bizə çox şey öyrətdi. Bu da bir sınaqmış. Görünür, biz  bu imtahandan  keçməliymişik. İnsanlar bizə evlərinin qapısını açdı, son tikələrini bizimlə bölüşdü, dərdimizə ortaq oldular. Dərd paylaşanda azalar. Çox şükür ki, dərdə də, düşmənə də qalib gələ bildik. Yenə Xocalıda, öz yurdumuzdayıq. Açığını deyəcəyəm, biz bu gözəllikdə Xocalı qoyub getməmişdik...
Xocalı indi cənnətə bənzəyir. Bizi əhatə edən bu dağları, gurultu ilə axıb gedən Qarqar çayını tanımasaydım, deyərdim ki, bizi Xocalıya yox, başqa yerə qaytarıblar".
Zülfi kişi deyir ki, Xocalının ilk şəhidi qardaşı Zahid Muradov olub. Milli Ordunun ilk əsgərlərindən olan Zahid 1991-ci il sentyabrın 10-da gecə postda olarkən ermənilər tərəfindən snayperlə vurulub. 
Zülfi Muradovun sözlərinə görə, mayın 28-də Xocalıya ilk dönən 20 ailənin hamısı şəhid ailəsidir: "Prezidentimiz bizimlə görüşüb problemlərimizlə maraqlandı. Evlərimizin açarlarını özü təqdim etdi. Bu, dövlətimizin, Prezidentimizin şəhid ailələrinə, keçmiş məcburi köçkünlərə, qaçqınlara göstərdiyi diqqətin göstəricisidir. Dövlət başçısının indiyədək xocalılılara göstərdiyi xüsusi diqqətə görə ona çox minnətdar idik. İndi isə bizə bu dünyada cənnəti yaşatdığına görə ömür boyu borcluyuq. Xocalıda, Qarabağda gedən abadlıq-quruculuq işləri dövlətimizin gücünü, qüdrətini bütün dünyaya göstərir. Biz də vətəndaş olaraq bu dövləti quran, onu dünyada tanıdan, regionun lider respublikası edən İlham Əliyevə "yaşa, var ol" deyirik!"

 

"Nə qədər nəfəsim var, Xocalıda yaşayacağam"

 

Xocalı sakini, ehtiyatda olan polis polkovniki Müşfiq Aslanov da Xocalıya qayıdışın sevincini bölüşür. Prezident İlham Əliyevlə Xocalıda keçirilən görüşdə iştirak edən Müşfiq Aslanov deyir ki, dövlət başçısının nə qədər insansevər, qayğıkeş Prezident olduğuna bir daha bu görüşdə şahidlik edib: 
"1968-ci ildə Xocalıda anadan olmuşam. 1990-1991-ci illərdə Əhaliyə Məişət Xidməti Kombinatında sürücü işləyirdim. Xocalı soyqırımından əvvəl Ağdama ərzaq dalınca getmişdik. Geri dönəndə bizi Əsgərandan buraxmadılar. Erməni silahlıları Xocalıdan Əsgərana gələn yolu bağlayıb ağır texnika ilə yolu kəsmişdilər. Mühasirədə qalan yerlərdən hər gün dəhşətli xəbərlər eşidirdik. Hakimiyyətsizlik idi, gücsüz idik. SSRİ hələ dağılmamışdı. İllərlə can qoyub qulluq etdiyimiz SSRİ silahlı qüvvələrinin silahları ilə bizi öldürüb torpaqlarımızdan zorla didərgin saldılar. Ermənilərə bir söz deyən olmurdu. Əksinə, bizi borclu çıxarırdılar. Bunun da yeganə səbəbi ölkəyə təsadüfi adamların rəhbərlik etməsi idi". 
Xocalı faciəsi baş verəndə Müşfiq Aslanov Ağdamda olub. Həmin  günü  yadına salanda onu dəhşət bürüyür: "Faciə zamanı 13 yaşlı bacım Elnarə itkin düşdü. Hər yerdə onu axtarırdım. Allaha yalvarırdım ki, bir nəfər Elnarənin "öldü" xəbərini mənə deyəydi... Bu gün də Xocalıdan kütləvi məzarlıqlar tapılanda gözləyirəm ki, çağırıb deyəcəklər ki, bu cəsəd ona aiddir..."
1996-cı ildə hüquq-mühafizə orqanlarında işə qəbul olunan Müşfiq Aslanov çavuşluqdan polkovnik rütbəsinə qədər yüksəlib. 2023-cü ildə qüsursuz xidmətlə təqaüdə çıxıb. Tək istəyi Xocalını bir dəfə də olsa, görmək olub: "Çox şükür ki, ordumuzun qüdrəti, Prezidentimizin fəaliyyəti nəticəsində nəinki Xocalını görmək, bu gözəl məkanda yaşamaq da mənə nəsib oldu. Qürurluyam ki, mayın 28-də Xocalıya dönən ilk 20 ailənin biri də bizim ailədir. 
İllərin həsrətindən sonra Xocalını bu gözəllikdə görmək çox sevindiricidir. Nə qədər nəfəsim var, Xocalıda yaşayacağam. İllərdir həsrətini çəkdiyimiz Xocalını yenidən bizlərə qaytardığı üçün Prezidentimizə minnətdaram".

 

"Prezidentimiz ağlımıza gəlməyənləri, düşünə bilmədiklərimizi etdi"

 

"Xocalısız yaşadığımız bu illərdə əlim Allaha uzanılı qalmışdı. Dua edirdim, Yaradana yalvarırdım ki, bir möcüzə göstər, bir saatlıq gedim Xocalını görüm, sonra canımı al. Prezidentimiz ağlımıza gəlməyənləri, düşünə bilmədiklərimizi etdi. Qarabağı bizə, bizi də Xocalıya qaytardı. Ayaqyalın, başıaçıq çıxmışdıq Xocalıdan. Heç nəyimiz yox idi. Biz çıxanda düşmən Xocalıya od vurub odlamışdı. Xocalı yanırdı. Geri qayıdanda yanan Xocalının yerində gözəl, cənnətə bənzər şəhər gördük..."
Xocalıya qayıdan Ruzigar Əliyeva da həm kədərini, həm də sevincini bizimlə bölüşüb paylaşdıqca göz yaşlarına hakim ola bilmir: 
"Yoldaşım Mirzə Milli Ordunun əsgərlərindən idi. Həmin gecə Yenikənd istiqamətində postda idi. Mirzə ilə qardaşı Elşəni ermənilər əsir götürmüşdülər. Əsgər olduğu üçün tətik çəkən barmağını kəsib, dişlərini kəlbətinlə çıxarıb bədənini siqaretlə  dağ-dağ etmişdilər. Xocalı soyqırımı baş verəndən 20 gün sonra əsirlikdən azad edilib gələndə tanınmaz halda idi. Dili söz tutmurdu, danışa bilmirdi. Qaynanam ayağından tanıdı...".
Xocalı sakini deyir ki, qaçqınlıq həyatları da yüngül keçməyib, öncə Bakıya, orada yaşaya bilməyib sonra Naftalana köçüblər: "Deyirdik kaş Xocalını lentə çəkib bizə göstərən ola... Xocalını görüb bu dünyadan köçəydik. Çox şükür ki, göydə Allah, yerdə Prezidentimiz bizə bu xoşbəxtliyi yaşatdı. İndi Xocalıdayıq və çox xoşbəxtik. Yoldaşım xəstə olsa da, deyir ki, Xocalının havası, qələbəmiz mənə ağrı-acını unutdurur. Daha ölsək belə dərdsiz öləcəyik". 
Söhbət əsnasında bəlli olur ki, Ruzigar Əliyevanın ailəsi mayın 29-da Xocalıya köçüb. Həyətə çatanda ilk nəzərinə çapran iki tut ağacı olub: "İlk dəfə həyətə girəndə tut ağacına sarılıb, hönkürüb ağladım. Bu tut ağacı xoşbəxt günlərimizə çox şahidlik edib. Mənə elə gəlirdi ki, biz geri dönəndə o da bizi görüb sevinirdi...
Bütün ailəmiz, övladlarım, Xocalıya dönən və hələ dönməyən xocalılılar adından da bizə bu xoşbəxtliyi yaşadan, bizi qurulu evlərə qaytarıb ev sahibi edən Prezident İlham Əliyevə minnətdarıq. Əgər Allah qismət etsə, Prezidentimizi yaxından görə bilsəm, deyəcəm ki, Allah bu uca dağlar qədər sizi uca etsin, saf sular qədər ömrünüz olsun!" 
...Xocalıda həyat qaynamağa başlayıb. 32 ildən sonra sakinlərinə qovuşan şəhər yenidən xoşbəxt günlərini yaşamağa başlayıb. Xocalı artıq xalqımızın qəlbində qara yara deyil. Şanlı Zəfərimiz həm də yaralarımızın məlhəmi olub. 
Bu fəxarət, bu qürur hissi ilə Xocalını qarış-qarış gəzib tikinti-quruculuq işləri ilə tanış olur, yeni yaradılan infrastrukturlarla maraqlanırıq...

(ardı var)

Rəşad BAXŞƏLİYEV,
Elşən QƏNİYEV,
"Azərbaycan"

Bakı-Xocalı-Bakı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video