Yüz illərin, min illərin təcrübəsi göstərir ki, gənclər cəmiyyətin aparıcı qüvvəsi, təkcə bu günün deyil, həm də sabahın qurucularıdır. Buna görə də dövlətimiz gənclər siyasətinə böyük önəm verir, bütün sahələrdə onların fəaliyyətinə diqqət və qayğı göstərir.
Gənclər siyasəti bu təbəqənin siyasi proseslərə inteqrasiyası, qabiliyyətli, istedadlı, vətənsevər gənclərin biliyinin, bacarığının cəmiyyətin müxtəlif inkişaf sahələrinə tətbiqini təmin edən və tənzimləyən tədbirlər sistemidir. Ulu Öndər Heydər Əliyev deyirdi: "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir". Bu düşüncə zaman-zaman azərbaycançılıq, vətənpərvərlik və insana mənəvi güc verən milli ruhun əsasında formalaşdırılıb.
Gənclər siyasəti dövlətimizin daxili siyasətinin ən başlıca istiqamətlərindən biridir. Gənc nəslin daha geniş dünyagörüşə malik olmasının təmin edilməsi, formalaşması dövlətin gənclər siyasətinin başlıca məqsəd və amalıdır. Azərbaycan Prezidenti İlham Əliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətini daim davam etdirir. Məhz elə bunun nəticəsidir ki, bu gün Azərbaycan gəncləri cəmiyyətin bütün sahələrində həm fəallığı ilə fərqlənir, həm də dövlətimiz üçün, dövlətçiliyimiz üçün gərəkli və zəruri təşəbbüslərin gerçəkləşməsində böyük rol oynayır, inamlı addımlar atırlar.
Gənclərimiz fəaliyyət göstərdikləri bütün sahələrdə dövlətin onlara bəslədiyi ümidləri yüksək səviyyədə doğruldurlar. Ölkəmizin həyatının elə bir sahəsi yoxdur ki, orada gənclərin təşəbbüslərinin, fəallıqlarının şahidi olmayaq. Azərbaycan gəncləri bir qayda olaraq daim müasirliyə, elm və təhsilə böyük maraq göstərirlər. Gənclərimiz vətənpərvərdirlər, xalqımızın tarixdən gələn ənənələrinin, milli-mənəvi dəyərlərimizin daşıyıcısıdırlar.
Prezident İlham Əliyev Gənclər Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda çıxışı zamanı bu təbəqənin cəmiyyətdəki fəaliyyətindən, aparıcı rolundan bəhs edərək demişdir: "Bu gün Azərbaycan təbii ki, inamla irəliyə baxır, ölkə qarşısındakı əsas vəzifələr öz həllini tapmışdır. Mən, əlbəttə, Qarabağ məsələsini nəzərdə tuturam. Digər sahələrdə inamla addımlayırıq. Mən son illərin əsas hadisələrini sadalamağa başlasam, bir neçə saat vaxt lazım olacaq. Sadəcə olaraq, demək istəyirəm, indiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar. Mən bu sözləri deməklə, eyni zamanda Azərbaycan gənclərinə həm ürək sözlərimi deyirəm, həm də təşəkkür sözümü deyirəm. Çünki bir çox hallarda, xüsusilə Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik".
Müstəqillik illərində ölkəmizdə aparılan gənclər siyasətinin ən böyük yaddaqalan uğurlarından biri də gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılmasıdır. Prezident İlham Əliyev daim gənclərə müraciət edərək onları ana Vətəni sevməyə, torpaqlarımızı göz bəbəyi kimi qorumağa çağırıb. Ən başlıcası isə dövlətimizin başçısı şəxsi nümunəsi ilə gənclərə Vətənə necə xidmət etməyi öyrədib. Gənclərimiz də Prezident İlham Əliyevin tarixin səhifələrinə böyük hərflərlə yazılmış geniş fəaliyyətini, müdrik və olduqca dəyərli çağırışlarını özlərinin həyat kredosuna çeviriblər. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən İkinci Qarabağ müharibəsində erməni işğalçıları üzərində qazanılan böyük Zəfər bir daha dünyaya göstərdi ki, Azərbaycan gəncləri vətənpərvərdirlər.
Prezident İlham Əliyev Şuşaya səfəri çərçivəsində Cıdır düzündə olarkən gənclərin qələbəmizin təmin olunmasındakı xüsusi roluna yüksək dəyər verərək demişdir: "On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi".
Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir. Bu gün Azərbaycan gənci elm, mədəniyyət, incəsənət, idman və s. sahələrdə böyük uğurlar qazanır. Bütün bunlar isə onlara göstərilən böyük diqqətin nəticəsidir. Dövlətin hərtərəfli diqqət və qayğısını daim öz üzərində hiss edən Azərbaycan gəncliyi göstərilən etimadı əməli işi və uğurları ilə doğrultmağa çalışır. Belə yüksək münasibətə cavab olaraq ölkəmizin işıqlı gələcəyinin təminatçısı olan gənclər Azərbaycan naminə bütün güc və bacarıqlarını səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışırlar. Onlar Prezident İlham Əliyevin uğurlara hesablanmış bütün daxili və xarici siyasətini daim dəstəkləyirlər.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"