Qara dəniz regionunda son günlər baş verən hadisələr Rumıniyanın enerji təhlükəsizliyi ilə bağlı uzun illər diqqətdən kənarda qalan problemlərini yenidən gündəmə gətirib. Rumıniyalı siyasi və hərbi analitik Aleksandru Qrumaz hesab edir ki, mövcud geosiyasi şərait Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu daha da artırır və Bakı üzərindən keçən alternativ marşrutların inkişafı artıq strateji zərurətə çevrilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Rumıniyanın “National” nəşrində dərc olunan məqalədə qeyd olunub.
Aleksandru Qrumaz qeyd edir ki, Rumıniya istifadə etdiyi neftin böyük hissəsini Qazaxıstandan idxal etsə də, həmin neft əsasən Xəzər Boru Kəməri Konsorsiumu (CPC) vasitəsilə Rusiyanın Novorossiysk limanına çatdırılır və oradan Qara dəniz üzərindən Avropaya göndərilir. Onun fikrincə, bu logistika modeli Rumıniyanın enerji təhlükəsizliyini dolayısı ilə Rusiyanın nəzarətində olan infrastrukturdan asılı vəziyyətdə saxlayır.
Analitik bildirir ki, Novorossiysk yaxınlığındakı enerji infrastrukturuna pilotsuz uçuş aparatları ilə hücumlar və Qara dənizdə təhlükəsizlik risklərinin artması enerji bazarının nə qədər həssas olduğunu nümayiş etdirib. Onun sözlərinə görə, söhbət yalnız neft tədarükünün həcminin azalmasından getmir. Belə hadisələr sığorta tariflərinin yüksəlməsinə, dəniz daşımalarının bahalaşmasına, logistikanın ləngiməsinə və nəticədə Avropada enerji qiymətlərinin artmasına səbəb olur.
Qrumaz vurğulayır ki, Qazaxıstanın ən böyük yatağı olan Tengiz təkcə regional deyil, qlobal əhəmiyyət daşıyan enerji layihəsidir. Yatağın əsas səhmdarları sırasında ABŞ-nin “Chevron” və “ExxonMobil” şirkətlərinin yer alması göstərir ki, bu marşrutda yaranan istənilən problem təkcə Rumıniya və Qazaxıstana deyil, ABŞ və Avropa İttifaqının enerji maraqlarına da təsir edir.
Müəllif hesab edir ki, Avropa son illər Rusiya qazından asılılığını azaltmaq istiqamətində mühüm addımlar atsa da, neft nəqli sahəsində hələ də oxşar risklərlə üzləşir. Onun fikrincə, əsas məsələ neftin hansı ölkədən alınması deyil, onun Avropaya hansı marşrutla çatdırılmasıdır. Bu baxımdan enerji dəhlizlərinin təhlükəsizliyi artıq iqtisadi deyil, milli təhlükəsizlik məsələsi kimi qiymətləndirilməlidir.
Aleksandru Qrumaz Azərbaycanın bu prosesdə xüsusi yer tutduğunu vurğulayır. Onun sözlərinə görə, Xəzər dənizi üzərindən Azərbaycanın limanlarına daşınan Qazaxıstan nefti Bakı–Tbilisi–Ceyhan boru kəməri vasitəsilə Türkiyənin Aralıq dənizi sahillərinə, oradan isə Avropa bazarlarına çatdırıla bilər. Bu marşrut Rusiya ərazisindən yan keçdiyi üçün geosiyasi baxımdan daha etibarlı alternativ hesab olunur.
Analitik qeyd edir ki, Rumıniya da bu yeni geosiyasi reallıqdan istifadə etməlidir. Onun qənaətinə görə, Konstansa limanının imkanlarının artırılması, Qara dənizdə logistika infrastrukturunun modernləşdirilməsi və Azərbaycan üzərindən keçən alternativ marşrutlara inteqrasiyanın gücləndirilməsi Rumıniyanın enerji təhlükəsizliyini əhəmiyyətli dərəcədə möhkəmləndirə bilər.
Aleksandru Qrumaz hesab edir ki, Ukraynada davam edən müharibə Avropaya mühüm dərs verib: Əgər enerji təhlükəsizliyi yalnız iqtisadi amillərlə qiymətləndirilsə, gələcəkdə oxşar böhranlar yenidən təkrarlana bilər. Buna görə də enerji siyasəti geosiyasi risklər nəzərə alınmaqla yenidən formalaşdırılmalı, alternativ marşrutların inkişafı isə Avropa üçün prioritet istiqamətlərdən biri olmalıdır”.
Qeyd edək ki, son aylarda Azərbaycan ilə Qazaxıstan arasında Xəzər dənizi üzərindən yükdaşımaların artırılması, Orta Dəhlizin inkişafı və enerji əməkdaşlığının genişləndirilməsi istiqamətində həyata keçirilən layihələr Avropanın alternativ enerji marşrutlarının formalaşdırılması baxımından strateji əhəmiyyət daşıyır.