23 Aprel 2024 08:40
199
SİYASƏT
A- A+

Qətiyyətin, dəmir iradənin müjdəsi

 

Qələbəmiz, sevincimiz, fərəhimiz 30 illik acılarımızın ən gözəl məlhəmidir. Artıq xalqımız Zəfər müjdəli xəbərlərə adətkar olub.
Zəfər salnaməmizə nəzər salanda gözümüzün önündə qürurverici bir mənzərə yaranır. 44 günlük müharibədə qələbə, 2023-cü ilin aprelində Laçın sərhəd-buraxılış mənqəsinin yaradılması, 23 sentyabr 2023-cü ildə ölkəmizin suverenliyinin tam bərpası, rusiyalı sülhməramlıların bölgədən çıxması...
Aprelin 19-u da dövlətimizin diplomatiya tarixində adi günlərdən olmadı. Qətiyyətin, dəmir iradənin tarixə öz möhürünü vurduğu günlərdən biri oldu.
Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın səkkizinci görüşündə 4 qeyri-anklav kəndin - Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı yaşayış yerlərinin bir güllə atılmadan, qan tökülmədən Azərbaycana qaytarılması barədə razılıq əldə olunub. Bu adi hadisə deyil. Azərbaycan diplomatiyasının, dəmir iradənin böyük qələbəsidir. Bu, son illər Azərbaycanın əldə etdiyi uğurların məntiqi davamıdır. Bu hadisə böyüklüyünə, tarixi əhəmiyyətinə görə Şuşanın, Xocalının, Xankəndinin azad olunması ilə müqayisə edilə bilər. Bu hadisə Ermənistanın rəsmən işğalçı dövlət olmasının etirafı, Azərbaycanın haqlı olduğunun dünyaya sübutudur.
İlham Əliyevin dəmir iradəsi, qətiyyəti, apardığı ardıcıl uğurlu siyasət Ermənistanı, onun arxasında duran havadarlarını addım-addım geri çəkilməyə vadar edir. Müzəffər Ali Baş Komandan İlham Əliyev itirilmiş torpaqları addım-addım, qarış-qarış geri qaytarır. Tarix sübut edir ki, praqmatik lider, böyük siyasətçi İlham Əliyev nəyi nə zaman etmək lazım olduğunu çox gözəl bilir. 
Əldə olunmuş razılıq delimitasiya istiqamətində atılan ilk addımdır. Delimitasiyanın məhz bu istiqamətdən başlaması Azərbaycanın təkidi ilə olub.
Hadisələrin bu cür inkişafı Azərbaycanın guya Ermənistana hücum etməyə hazırlaşması barədə uydurmalara da son qoydu. Eyni zamanda Ermənistanın "təhlükəsizliyi" haqqında yalan, uydurma məlumatlar yayan Fransanın və Qərb dövlətlərinin maskalarını cırdı. Azərbaycan qətiyyəti ilə sübut etdi ki, iki dövlət arasında münasibətləri kənar müdaxilə olmadan da normallaşdırmaq mümkündür. Bununla da dövlətimiz problemi həll etməkdən çox, problem yaradan, iki dövləti daha çox qarşıdurmaya vadar edən ABŞ-yə, Aİ-yə, xüsusən də Fransaya öz yerini göstərdi. Artıq bütün dünya anlamaq zorundadır ki, ara qarışdıranlar regionda sülhü, davamlı sabitliyi istəməyənlərdir. Heç şübhəsiz ki, onların da cavabı bir qayda olaraq diplomatik yolla layiqincə verilməkdədir. 
Bu hadisə Azərbaycanın Cənubi Qafqazda sülhün təminatçısı olan böyük güc olduğunu bir daha təsdiqlədi. Artıq Ermənistanda da başa düşürlər ki, Azərbaycanla normal münasibət yaratmaqla düşdükləri ağır durumdan çıxa, özlərini xilas edə bilərlər. 
Azərbaycan regionun yeganə dövlətidir ki, heç bir dövlətin ərazisində gözü yoxdur, hansısa ölkənin ərazi bütövlüyünə qarşı deyil. Eyni zamanda öz ərazi bütövlüyünü də layiqincə qoruyur, haqqı olanı geri almağı bacarır. 
Sülhlə gedilən yol daha qürurlu, bu yolla əldə olunan qələbənin sevinci isə daha böyük olur. 

Elşən QƏNİYEV,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video