İndi də Yəmən üsyançı husiləri zərərsizləşdirmək istəyir
Bu gün dünyanın iki mühüm neft-qaz istehsal olunan regionunda savaş gedir. ABŞ-İran müharibəsi Hörmüz boğazından enerji resurslarının daşınmasını çətinləşdirib. Düzdür, bu il fevralın 28-də başlanan savaş dövründə tərəflərin aqressiv bəyanatlarına baxmayaraq, müəyyən qədər neft-qaz və digər malların ixracına imkan verilirdi. Amma son 7 günlük müharibə bir qədər fərqli vəziyyət yaradıb.
İstər ABŞ, istərsə də İran Hörmüz boğazından yüklərin daşınmasına imkan vermir. Boğaz, əslində, iki tərəfdən də mühasirəyə alınıb. İran Hörmüzdən çıxışa imkan vermədiyi kimi, Amerika da boğaza girişi yasaqlayıb. O səbəbdən hazırda dünya mətbuatının ana gündəmi Hörmüz krizidir. Çünki beynəlxalq bazara çıxarılan enerji resurslarının beşdən biri bu boğaz vasitəsilə nəql edilir. Bununla bərabər, şimal qonşumuzun ərazisində də dünyanı çətin duruma salacaq hadisələr baş verir. Ukrayna son həftələr, demək olar ki, Rusiyanın ən mühüm neft emalı zavodlarını sıradan çıxarıb. Hazırda Rusiyada ciddi yanacaq böhranı yaşanır. Yanacaq qıtlığı üzündən yanacaqdoldurma məntəqələrində uzun növbələr var. Rusiya televiziya kanalları həmin növbələrdəki dava-dalaşları xəbərlər kimi yayırlar. Başqa ölkələr isə bu mənzərəni heyrətlə izləyərək düşünür ki, ən zəngin neft ölkəsində vəziyyət belədirsə, onlarda nələr baş verəcək? Həqiqətən, istehsalçı Rusiyanın istehlakçı ölkəyə çevrilməsi qlobal iqtisadiyyatda problemlərin yaranacağına işarədir. Çünki mütəxəssislərin rəyinə görə, Rusiyada benzin və dizel yanacağının istehsalının əvvəlki səviyyəyə çatdırılması xeyli vaxt aparacaq.
Enerji məsələləri üzrə ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın fikrincə, baş verə biləcək üç ssenariyə diqqət yetirmək lazımdır. Birincisi, məhdud enerji şokudur ki, dünya bazarına neft çıxarılması müəyyən qədər məhdudlaşır və bunun sayəsində qiymətlər yüksəlir. İkincisi daha təhlükəlidir. Belə ki, Hörmüz boğazının uzun müddət tranzit üçün riskli olması qlobal səviyyədə enerji resurslarının çatışmazlığını yarada bilər. Sonuncusu isə müharibənin əhatə dairəsinin daha da genişlənməsidir ki, bu, dünya bazarına mənfi təsirsiz ötüşməyəcək.
Ekspertin neftin qiymətinin yüksəlməsindən sonra baş verəcək vəziyyətlə bağlı fikirləri də maraqlıdır. İlham Şaban hesab edir ki, qiymət artımı uzunmüddətli olarsa, dünyada neftin alıcıları azalacaq, nəticədə qiymətlər kəskin ucuzlaşacaq. Ötən illərin təcrübəsi göstərir ki, belə vəziyyət mümkündür, idxalçı dövlətlərdən sonra ixracatçı ölkələr də ziyan çəkir. Qeyd etmək lazımdır ki, indi Körfəz ölkələri az neft ixrac etsə də, qiymət bahalığından müəyyən qədər əlavə gəlir əldə edə bilir. Ancaq unutmayaq ki, İran tərəfindən həmin ölkələrin infrastrukturuna vurulan zərbələr nəticəsində böyük miqyasda dağıntılar meydana gəlib və onun bərpasına milyardlarla dollar vəsait xərclənməli olacaq.
Hazırda hamını düşündürən bir sual var: Yaxın Şərqdə müharibə uzanarsa, neftin qiymətinin son həddi neçə dollar olacaq? Əksər mütəxəssislər pik nöqtə kimi 150 dollar göstərir. Ancaq bundan yüksək olacağını söyləyənlər də var.
Bu arada həyəcanverici xəbərlər də dolaşır. Yəmən dövləti üsyançı husiləri zərərsizləşdirmək üçün hərbi əməliyyatlara başlayacaq. Bu o deməkdir ki, bir müddət Babül-əl-Məndəd boğazından neftin tranziti dayana bilər. İyulun 21-də husilər rəsmən bəyan etdilər ki, Səudiyyə Ərəbistanına öz neftini Qırmızı dənizdəki Yandu limanından dünya bazarına çıxarmağa imkan verməyəcəklər. Belə olan halda Hörmüz boğazından keçməklə qlobal bazara çıxarılan Səudiyyə Ərəbistanı neftinin tranziti dayanacaq. Husilər səbəb kimi bu ölkənin Yəmənin mərkəzi dövlətinə dəstək verməsini göstərirlər.
Şübhəsiz ki, husilərin təhdidi bir ölkə ilə məhdudlaşmayacaq. Onların Babül-əl-Məndəd boğazını tam bağlamaları gözlənilməz deyil. Bu hal baş verərsə, dünya bazarında neftin qiymətinin sürətlə artması ilə yanaşı, dünya ticarətində və təchizatında ciddi qırılmaların baş verməsi qaçılmazdır. Belə ki, dünya ticarətinin 33 faizinə qədəri Babül-əl-Məndəd boğazından keçir.
Rüstəm KAMAL,
"Azərbaycan"