19 Aprel 2024 08:40
207
SİYASƏT
A- A+

Paris Cənubi Qafqazda suları bulandırmağa çalışır

 

Fransa anti-Azərbaycan fəaliyyətində növbəti addım ataraq ölkəmizdəki səfiri Ann Buayonu məsləhətləşmələr üçün geri çağırıb. Parisin bu addımı onun Azərbaycana qarşı qərəzli siyasətini davam etdirdiyini göstərir. 
Necə deyərlər, Fransa köhnə mərəzindən əl çəkmək istəmir. Hadisələrin gedişatı aydın göstərir ki, Fransanın həyata keçirdiyi xarici siyasət kursu bu ölkənin beynəlxalq münasibətlər sistemində nüfuzunu getdikcə aşağı salır. Bizim üçün ən çox təəssüf doğuran odur ki, Fransa son illər Cənubi Qafqazda sülh və davamlı sabitliyin təmin olunmasına yönəlmiş faydalı təşəbbüslərə əngəl törədir. Paris regionda gərginliyin qalmasında olduqca maraqlı görünür. Bunun arxasında isə həyata keçirmək istədiyi çirkin məqsədlər dayanır.
Bir anlıq geri dönüb ötən illər ərzində Qarabağ probleminin sülh yolu ilə həll edilməsi üçün Fransanın atdığı addımlara nəzər salanda görürük ki, bu ölkə  proseslərə xeyirdən çox zərər verib. Daim Ermənistanın tərəfini saxlayıb, sülh üçün heç bir təşəbbüs göstərməyib. Həmişə danışıqlar prosesinə əngəl törətməyə çalışıb. Amma Azərbaycan rəhbərliyinin qətiyyətli addımları nəticəsində geri addım atmalı olub. Bu gün Fransa yenə də anti-Azərbaycan siyasətini davam etdirir. İki ölkə arasında münasibətlərin korlanmasına gətirib çıxaran hərəkətlərdən çəkinmir. Fransa bu gün səfirini ölkəmizdən geri çağırmaqla yanlış siyasi kurs götürdüyünü sübut edir. Parisin səfirini geri çağırmasının ölkəmiz üçün heç bir əhəmiyyəti yoxdur. Burada yenə də itirən Fransa olacaq. Bəlkə də Fransa Azərbaycandakı səfirini geri çağırmağını diplomatik gediş hesab edir. Ola bilər ki, Paris burada başqa məqsədlər də güdsün. Amma siyasətçilər bunu düzgün olaraq ağılsız qərar, səhv bir gediş hesab edirlər. Fransa münasibətləri normallaşdırmaq üçün siyasətində dəyişiklik etməlidir. Çünki səhv atılan belə addımlar Parisin gələcək siyasətinə ağır zərbələr vuracaq.
Rusiyalı politoloq Sergey Markov hadisə ilə bağlı fikrini açıqlayaraq deyib ki, Azərbaycan Fransa casuslarından ibarət şəbəkəni ifşa edib. Bundan əlavə, Fransa ilə Azərbaycan arasındakı münasibətlər Parisin günahı ucbatından pisləşir. Bu şəraitdə Fransa öz səfirini bundan sonra hansı siyasəti həyata keçirəcəklərini müəyyənləşdirmək üçün geri çağırıb.
Azərbaycanla münasibətləri gərginləşdirmək xəttini tutan Parisdir. Fransa parlamentinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini sual altına qoyan, artıq mövcudluğuna son verilmiş separatçı rejimə dəstək ifadə edən qərarları, eləcə də bu ölkənin müxtəlif səviyyəli dövlət rəsmilərinin səsləndirdiyi qərəzli bəyanatlar Parisin günahı ucbatından iki ölkə arasında münasibətləri getdikcə soyutmuşdur. Azərbaycan hər zaman tərəfdaşları ilə əlaqələrdə səmimi və açıq olub. Ölkəmizin beynəlxalq münasibətlər sistemində rolunu gücləndirən, regional proseslərə təsir imkanlarını əhəmiyyətli dərəcədə artıran əsas amillərdən biri də məhz etibarlı tərəfdaş olmasıdır. Parisin siyasi kursunda isə bunların heç biri müşahidə olunmayıb. Fransa haqq-ədalətə göz yumaraq daim erməni separatizmini, işğalı dəstəkləyib. Son 3 il yarım ərzində Makron hökumətinin Cənubi Qafqazla bağlı yürütdüyü siyasət göstərir ki, Fransa işğalçı dövlətin yanındadır, onun arxasında dayanır. Təbiidir ki, Parisin atdığı səhv addımlar hadisələri belə bir məcraya gətirib çıxarıb.
Azərbaycanın Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Fransanın Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmasına münasibət bildirərək deyib ki, bu ölkənin BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqı, Frankofoniya kimi təşkilatlarda və digər beynəlxalq platformalarda dəfələrlə Azərbaycan əleyhinə sənəd layihələrinin təşəbbüskarı olması onun bitərəf vasitəçi iddialarının tamamilə əsassız olduğunu sübut edib: "Məhz Fransada hakim partiyanın nümayəndələrinin təşəbbüsü ilə parlamentdə Azərbaycana qarşı çoxsaylı əsassız ittihamlar, təhqir və təhdidlərin əks olunduğu qətnamələr qəbul olunub ki, bu sənədlərdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi sual altına qoyulub. Bu müddət ərzində Fransada azərbaycanofob mühit yaranıb. Nəticədə səfirliyimizə dəfələrlə hücumlar edilib, səfirliyin binasına zərər yetirilib. Nəhayət, ağlasığmaz addım kimi XIX əsr görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın büstünə qarşı vandallıq aktlarının törədilməsi və hökumət tərəfindən bunun qarşısının alınması üçün tədbirlər görülməməsi Fransanın Azərbaycan əleyhinə kampaniyasının tərkib hissələridir. Eyni zamanda Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyini və evsahibliyini hədəf alan çağırışlar edən Fransanın Azərbaycanı birtərəfli addımlarda təqsirləndirməsi tam əsassızdır.
Aparılan müşahidələr onu göstərir ki, Azərbaycan İkinci Qarabağ müharibəsində Ermənistan üzərində həlledici hərbi-strateji qələbə qazandıqdan sonra Fransa regional siyasətini xeyli radikallaşdırıb. Paris Ermənistana dəstək olmaqla Azərbaycana qarşı ən müxtəlif təxribatlardan çəkinməyib. Avropa məkanının ən müxtəlif platformalarında ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirib. Amma bütün bunların da heç bir nəticəsi olmayıb. Çünki Azərbaycan öz haqq işi uğrunda, tarixi əraziləri uğrunda mübarizə aparıb. Parisin yürütdüyü səhv siyasətə görə bu gün münasibətlər korlanıb, körpülər uçurulub. Azərbaycan-Fransa münasibətlərinin pozulmasına yönəlmiş bütün addımların səbəbkarı Parisdir. Yelisey sarayında tərtib edilən planlar çirkin məqsədlərə xidmət edir. Paris daim Cənubi Qafqazda suları bulandırmağa çalışır. Azərbaycan isə yürütdüyü qətiyyətli, düzgün və şəffaf siyasəti ilə Parisin bütün çirkli planlarının qarşısını alır. Regionda söz sahibi olduğunu dünyaya göstərir. 

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video