OPEC-in Baş katibi Haysam Əl-Qaysın Dünya Neft İcmalı hesabatına dair şərhində qeyd olunur ki, qlobal enerji tələbatı 2050-ci ilə qədər iqtisadi artım, əhali artımı və yeni texnologiyalar hesabına artmağa davam edəcək.
AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, proqnozlara görə, 2050-ci ilə qədər qlobal enerji tələbatı 23 faiz artacaq, çünki daha çox ölkə öz infrastrukturunu və enerji çıxışını genişləndirir. Əl-Qays vurğulayıb ki, enerji tarixi əvəzetmələrə deyil, əlavələrə əsaslanır: neft, qaz və kömür hələ də qlobal enerji qarışığının təxminən 80 faizinə bərabərdir və bütün enerji mənbələri bir-birini tamamlamaqda davam edir.
Baş katib əlavə edib: “Müsbət kontekstdə götürdükdə, son illərdə bir çox siyasətçilərə getdikcə aydın oldu ki, neftin və qazın sürətlə ləğv edilməsi haqqında rəvayət işlək olmayan fərziyyə və fantaziyadır. Bir çox ilkin xalis sıfır siyasətlər qeyri-real vaxt qrafiklərini təşviq etdi və ya enerji təhlükəsizliyinə və ya qazıntı yanacaqlarından istifadənin azaldılmasının mümkünlüyünə çox az əhəmiyyət verdi. Hazırda bu düşüncə tərzi dəyişir”.
OPEC-in rəhbəri onu da qeyd edib ki, neft nəqliyyat və tikintidən tutmuş qida sistemləri və səhiyyəyə qədər müasir həyat fəaliyyəti üçün vacib olaraq qalır. Belə ki, 2050-ci ilə qədər qlobal neft tələbatının gündəlik 123 milyon barelə çatacağı proqnozlaşdırılır.
İcmalda enerji sistemlərinə böyük sərmayə qoyulmasının vacibliyi vurğulanır. Tələbin ödənilməsi və emissiyaların azaldılması, habelə səmərəlilik səylərini dəstəkləmək üçün 2050-ci ilə qədər neft sektoruna təxminən 18,2 trilyon dollar investisiya tələb olunacaq.
Əl-Qays bununla bağlı deyib: “Bu investisiyaların hər yerdə istehlakçılar və istehsalçılar, eləcə də ümumən qlobal iqtisadiyyatın effektiv işləməsi üçün qoyulması həyati əhəmiyyət kəsb edir. Çünki aydındır ki, dünyanın arzuladığı enerji təhlükəsizliyini və əlçatanlığını təmin etmək, eyni zamanda, emissiyaların azaldılmasına nail olmaq üçün ən müasir texnologiyalara ehtiyac var”.
O, şərhinin sonunda dayanıqlı enerji gələcəyinin qurulmasının sabit bazarlar, məlumatların şəffaflığı və dünyanın enerji ehtiyaclarını real şəkildə dərk edən bütün sənaye oyunçuları arasında əməkdaşlıq tələb etdiyini vurğulayıb.