05 Mart 2024 09:05
897
Mədəniyyət
A- A+
"Ocaq çərşənbəsi" - Günəş və ucalıq rəmzi

"Ocaq çərşənbəsi" - Günəş və ucalıq rəmzi

 

Od çərşənbəsi Boz ayın çərşənbələrindən biridir. Od ünsürünü, adətən, təbiətin, eləcə də, insanın yaradılış prosesinin ikinci mərhələsi kimi götürürlər. Məhz buna görə də ikinci çərşənbə od ilə bağlanır. 
Bu çərşənbə "Üskü/Üsgü çərşənbə", "Üskü gecəsi", "Adlı çərşənbə", "Ocaq çərşənbəsi", "Atəş çərşənbə", "Xıs çərşənbə", "Xızır çərşənbə" adları ilə də tanınır. Od işıq, güc, qüvvət, nurlu sabahdır. Od insana sağlamlıq, paklıq və gözəllik gətirir. Od Günəş və ucalıq rəmzidir. Qədim zamanlardan bəri od türkün ağlında, düşüncəsində müqəddəsliyin, Günəşin rəmzi olmuşdur. Azərbaycanda Tunc dövrü dini əqidələrindən biri də Günəşə pərəstiş idi. Bu dövrün dulusçuluq məmulatlarında Günəşin müxtəlif rəmzi təsvirlərinə də rast gəlmək mümkündür. Hətta o dövrdəki qəbirlərdə Günəşin rəmzi təsvirlərinə-oxra boyalarına, oxra ilə boyanmış qırmızı daşlara, çıraqlara, ocaq qalıqlarına rast gəlinir. Əcdadlarımız Günəşi andıran müxtəlif vasitələrdən istifadə edərək qəbri işıqlandırdıqlarına inanmışlar. "Qəbrin nurla dolsun" ifadəsini də bu ayinlə bağlamaq olar.
Əski türk dünyagörüşünə görə, odu insanlar ilk olaraq ağac koğuşunun dibindən əldə etmişlər. Bəlkə də bundan qaynaqlanaraq insanlar müqəddəs hesab etdikləri ağacları da "ocaq" adlandırmışlar. Ocağa and ən güclü və etibarlı mövqe hesab olunmuşdur. Əcdadlarımızın ən qədim andı Günəşlə, od-ocaqla bağlı olmuşdur: "Günəş haqqı, Od haqqı"- demişlər. "Odu su ilə söndürmək olmaz", "Od çərşənbəsində ocağı boş qoymazlar" kimi ifadələr də əcdadlarımızın inanclarından doğmuşdur. "Oddan pay olmaz" - demiş babalarımız. Od çərşənbəsində ocaq kürədən qonşuya nəinki borc od-alov, heç kül belə verməzlərmiş. Onlar inanmışlar ki, həmin axşam kim bunu etsə, il boyu bəxti gətirməz, əzaba düçar olar.  

 

Atəş tanrısı odu və ocağı qoruyur

 

Digər inanca görə isə, çərşənbə axşamı təndirlərdəki, soba və manqallardakı külləri yığıb ev-eşikdən uzaq bir yerə: divar dibinə, yolayrıcına, küçəyə tökərlərmiş. Bədxah qüvvələrin, cinlərin ocağın, tonqalın külünə yığışdığına inanan  əcdadlarımız bu yolla şər qüvvələrdən azad olduqlarını hesab etmişlər. Kül tökən adamın evə qayıdarkən qapını döyməsi, evdəki adamın "haradan gəlirsən" sualına "toydan-bayramdan gəlirəm", "nə gətirmisən" sualına isə "şadlıq, salamatlıq" cavabını verməsi bu ayinin ən maraqlı cəhətidir.
Gün doğmadan evdən çıxıb qayıdana kimi "lal olmaq" adəti bu çərşənbənin də ayinlərindəndir. Rituala görə, ev sahibi xoruz banı eşitmədən, bir kimsəylə danışmadan evdən çıxar, bağçadakı fındıq və ya heyva ağacından bir çubuq kəsib arxaya baxmadan evə qayıdarmış. İnanarmışlar ki, o çubuqdan hazırlanan gözmuncuğu ailəni, mal-qaranı bəd-nəzərdən, bədxah ruhlardan qoruma gücündə olur.
Atəş tanrısı odu və ocağı qoruyur. Od insanı yaşadığı yerə-yurda, el-obaya bağlayır. Babalarımız insanın məskən saldığı yerə  ocaq demişlər. Ocaq evin, soyun davamını təmsil edir. Atəşə su tökülməz, ona pis söz deyilməz. İnanclara görə, insan odu, ocağı, Günəşi əzizləsə, çətinlikləri azalar, təbiət tez isinər, sular qızar, buzlar əriyər. 
Od türk xalqlarında müqəddəsliyi qoruyan varlıqlardan biridir. Od çərşənbəsinin mahiyyətində odun qədimdən müqəddəs sayılması, odun insanı hər cür pisliklərdən təmizləyəcəyinə, şərdən qoruyacağına, xeyrin qələbə çalacağına inam ifadə olunur. Ulularımız od, ocaq qarşısında səcdəyə durmuş, ətrafında oyun və ayinlər icra etmişlər. Qobustan qayaüstü rəsmlərindəki ocaq ətrafında "yallı" gedən insan təsvirləri bunun bariz nümunəsidir. Od çərşənbəsində bir çox mərasimlər keçirilir.  Odla bağlı ritual və mərasimlər sakral mahiyyət daşıyır. Hələ qədim dövrlərdən insanlar ocağı qoruyub, oda hörmət etmişlər. Qalanan tonqal isə həmişə nəyəsə işarə olmuşdur. Azərbaycanın bir sıra bölgələrində gəlin oğlan evindəki ocağın başına üç dəfə fırlanıb, ona bir fincan yağ atır, bununla da ocağa rəmzi olaraq qurban verir. Ocağa qurban vermə ayini Od çərşənbəsində də icra olunur. 
Bir çox bölgələrimizdə ata evindən çıxan gəlinin ardınca xoşbəxtlik rəmzi hesab olunan çıraq aparılması, yaxud gəlinin toy günü çıraq ətrafında üç dəfə fırlanması adəti ocaqla bağlı rituallardandır.
Bu çərşənbədə də kifayət qədər ocaqla, odla bağlı ayinlər icra olunur. Tonqal qalama  mərasimi o biri çərşənbələrə nisbətən canlı keçir. Tonqal hündür bir yerdə yandırılır ki, hər tərəfdən görünə bilsin. İnsanlar isə öz qapılarında, evlərinin qarşısında və məhəllələrində tonqal qalamaq üçün əllərinə taxtadan məşəllər alaraq həmin böyük tonqalın yanına gedib oradan alov götürürlər. Tonqalın ətrafında nəğmələr, dualar oxunur, şeirlər deyilir. 

Pərdə aldım, tül oldu,
Taxılım sünbül oldu.
İkinci çərşənbənin
Eldə adı kül oldu.

Bu çərşənbədə keçirilən qədim mərasimlərdən olan "pülənbəri" və ya "yanar körpü" zamanı  qaranlıq düşəndə insanlar evlərin damına çıxaraq kənd ağsaqqalının həyətindəki, yaxud meydandakı tonqalın yanmasını gözlər, ilk qığılcımdan hər kəs öz qaladığı tonqallara od vurar, "Çalış, alış tonqalım, yeddi qarış tonqalım, qoy alovun gur olsun, üzümüzə nur dolsun" və bu kimi nəğmələr oxuyarlarmış. Uca bir təpə başında quru ağac və kötüklərdən aşırımlı körpü düzəldilərək  od vurulmuş, "yanar körpü" altından bütün kənd əhli, mal-qarası, toyuq-cücəsi keçirilərmiş. "Aynaçəkmə/aynaçağırma" mərasimində uşaqlar tonqaldan qızarmış kösövü qaldırıb "hurrey" çağırarlarmış. Tonqal yanıb sona çatanda onun ətrafına qızdırılmış dəmir şişlə üç dəfə cızıq çəkərlərmiş. Bu ayin ev-eşikdən bərəkətin dağılmaması üçün edilmişdi.

 

Oda olan inam

 

Çərşənbə tonqalı yaş, acı tüstülü ağacdan qalanmaz. Əcdadlarımız inanmışlar ki, yaş və acı tüstülü ağacdan tonqal qalayan adama sədəm toxunar.  Tonqal quru odun, kol-kos və ya çırpıdan hazırlanmalı, tikan və təmiz ağac budaqlarından çatılmalıydı.  İnanmışlar ki, şər qüvvələr qaratikanın batmasından qorxub tonqala yaxın gəlmirlər. Bəzi bölgələrdə tonqala üzərlik də atarlarmış. Bununla da bəd-nəzərdən qorunacaqlarına inanarlarmış. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən atlanmaqla daxildəki bütün çirkabı və azar-bezarı "öldürürlər". Böyükdən kiçiyədək hamı yeddi dəfə tonqalın üzərindən atlanır və deyir: "Ağırlığım, uğurluğum odda yansın". Tonqalın yandırılması həmin ilin isti və bərəkətli keçməsi üçün yerinə yetirilən rituallardandır. 

Mən aşiqəm, çökərlər,
Sındırarlar, sökərlər.
Novruzda ağırlığı,
Tonqal üstə tökərlər.

Od çərşənbəsində ailə üzvlərinin adına şamlar yandırılır. Bəzi bölgələrdə ölənlərin ruhu üçün bir şam  ayrılır. Çalışırlar ki, süfrənin küncündə kimsə oturmasın. Əcdadlarımız inanırmışlar ki, ölənlərin ruhları küncdən yaxınlaşaraq süfrədəki nemətlərdən dadırlar. Od çərşənbəsi qədim insanların Günəşə, oda olan inamından qaynaqlanmışdır. 
Digər çərşənbələrdə olduğu kimi, Od çərşənbəsində də  süfrələr bəzənməli, ocağın üstü boş olmamalıdır. Süfrəyə şirniyyatlarla bəzənmiş xonçalar qoyular, plov dəmlənər, xörəklər bişirilər.  İnanca görə, Od çərşənbəsində ocağı yandırıb, qazanı qaynadanda, ilin sonuna qədər "ocaq yanar, qazan qaynayar", il bərəkətli olar. 

Səhər ORUCOVA,
filologiya elmləri doktoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun tabeliyindəki idarələrə tələb olunan avtoşinlərin satın alınması məqsədilə MÜSABİQƏ ELAN EDİR

01:48
13 Oktyabr

"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu qızıl medal qazanıb

20:58
12 Oktyabr

Azərbaycan Kuboku: “Şahdağ Qusar” və "Şəfa" növbəti mərhələyə yüksəlib

20:56
12 Oktyabr

"Şuşa şəhərinin İslam memarlıq irsi" adlı simpoziumun ikinci gününə yekun vurulub

20:27
12 Oktyabr

Dmitri Savelyev: Rusiya-Azərbaycan əməkdaşlığının bütün səviyyələrdə inkişafına böyük diqqət göstərilir

19:55
12 Oktyabr

Dünya çempionatında medal qazanmış Azərbaycan atıcıları təltif ediliblər

19:52
12 Oktyabr

“Yüksəliş” qalibləri Qarabağ Universitetinin tələbələrinə təlim keçib

19:47
12 Oktyabr

Şahdağın yüksəkliklərinə qar yağıb

19:06
12 Oktyabr

“Qalatasaray”ın iki futbolçusu Türkiyə millisinin heyətindən çıxarılıb

18:57
12 Oktyabr

Daşaltı kəndindəki məscidin tikintisi başa çatmaq üzrədir

18:41
12 Oktyabr

Milli futbol liqaları FIFA-nı məhkəməyə verəcək

18:29
12 Oktyabr

COP29 Azərbaycan Əməliyyat Şirkəti Pre-COP çərçivəsində brifinq keçirilib

18:17
12 Oktyabr

Azərbaycanda quşların qış sayğısının nəticəsinə əsasən 704 min fərd qеydə аlınıb

18:03
12 Oktyabr

Şuşada bu günə qədər 20-yə yaxın abidələrimiz tam olaraq bərpa olunub - Aydın Kərimov

17:52
12 Oktyabr

İrakli Kobaxidze: Gürcüstanda seçkilər azad, şəffaf, demokratik və rəqabətli olacaq  

17:43
12 Oktyabr

Azərbaycanın batut gimnastları beynəlxalq yarışda finala yüksəliblər  

17:32
12 Oktyabr

Santuşun mətbuat konfransının vaxtı bəlli olub

17:21
12 Oktyabr

Yaponiyanın baş naziri İşiba Xirosima və Naqasakiyə atılan atom bombalarını xatırladıb

17:09
12 Oktyabr

İtaliya nəşri Pre-COP29 konfransından yazıb

16:53
12 Oktyabr

Yardımlıda narkokuryer qohumlar saxlanılıblar

16:41
12 Oktyabr

“Euronews”: Bakıda keçiriləcək COP29 iqlim sammitinin gündəliyi zəngindir

16:30
12 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!