Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azərbaycan Hava Yolları” QSC, “Təmiz Şəhər” ASC, “Azərişıq” ASC, “AzərEnerji” ASC, SOCAR, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti və Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nümayəndələri iştirak ediblər.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev işğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdışa dair Dövlət Proqramının icrası işləri çərçivəsində həmin ərazilərdə sakinlərin məşğulluğunun təminatı sahəsində aparılan işlər barədə məlumat verib. Bu sahədə işəgötürənlərlə sıx əməkdaşlığın əhəmiyyətinə toxunan nazir müavini işğaldan azad edilmiş ərazilərdə işçi və işəgötürənlər üçün əmək münasibətləri ilə bağlı həyata keçirilən stimullaşdırıcı dəstək tədbirlərini, onlar üçün nəzərdə tutulmuş güzəşt və imtiyazları da diqqətə çatdırıb.
İclasda həmin bölgələrdə məskunlaşan və məskunlaşması nəzərdə tutulan vətəndaşların məşğulluqlarının təmin olması sahəsində görülmüş işlər, bu sahədə tədbirlərin daha da gücləndirilməsi istiqamətində atılacaq birgə addımlar müzakirə olunub.