23 Oktyabr 2024 08:05
3103
PARLAMENT
A- A+
Minatəmizləmə fəaliyyəti ilə bağlı qanun layihəsi müzakirəyə çıxarıldı

Minatəmizləmə fəaliyyəti ilə bağlı qanun layihəsi müzakirəyə çıxarıldı


Oktyabrın 22-də Milli Məclisin növbəti plenar iclası keçirilib. Əvvəlcə iclasda cari məsələlərin müzakirəsi keçirilib. Müzakirələrdə Milli Məclis Sədrinin müavini Ziyafət Əsgərov, komitə sədrləri Fazil Mustafa, Zahid Oruc, Siyavuş Novruzov, deputatlar Qüdrət Həsənquliyev, Tural Gəncəliyev, Əziz Ələkbərov, Aydın Mirzəzadə, Müşfiq Cəfərov, Razi Nurullayev, Ramil Həsən çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Azərbaycanın Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində əldə etdiyi qələbə və suverenliyimizin tam bərpasından sonra da düşmən xalqımıza qarşı mina terrorunu və informasiya müharibəsini davam etdirir. Qərbi Azərbaycandan vəhşicəsinə qovulmuş azərbaycanlıların öz doğma evlərinə qayıtmasına razılıq vermir. Vurğulanıb ki, belə həlledici məqamda Prezident İlham Əliyevin 2022-ci ilin dekabrında Qərbi Azərbaycan İcmasına gəlişi və orada etdiyi tarixi çıxış soydaşlarımızın öz doğma yurdlarına qayıdışı ilə bağlı mübarizəsində yeni səhifə açdı. Dövlət başçısının diqqət və qayğısı sayəsində Qərbi Azərbaycan məsələsinin beynəlxalq aləmdə siyasi və insan hüquqları kontekstində ciddi şəkildə qəbul olunması təmin edildi.

Bu məsələdə Milli Məclisin də fəaliyyəti xüsusi qeyd edilərək, parlamentin Sədri Sahibə Qafarovanın təşəbbüsü ilə Qərbi Azərbaycana qayıdışla bağlı dəfələrlə ictimai dinləmələrin keçirildiyi, bunun müxtəlif aspektlərinin geniş müzakirə edildiyi diqqətə çatdırılıb. Bununla yanaşı, bildirilib ki, Milli Məclisin Sədri Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın doğma torpaqlarına qayıtmaq hüququnun gerçəkləşməsinə dəstək vermək məqsədi ilə parlamentdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun yaradılması barədə sərəncam imzalayıb. Bu mövzunun cəmiyyətdə də böyük maraq doğurduğu, bu istiqamətdə parlament səviyyəsində işlərin daha da gücləndirilməsinə təkan verəcəyi qeyd olunub. 

Məsələyə münasibət bildirən Milli Məclisin spikeri Sahibə Qafarova bununla əlaqədar  ölkə Prezidentinin atdığı addımları yüksək qiymətləndirib. Parlamentin Sədri imzaladığı sərəncamda Təşəbbüs Qrupunun səlahiyyətlərinin və vəzifələrinin öz əksini tapdığını söyləyib, deputatları bu qrupda iştirak etməyə çağırıb.

Müzakirələrdə çıxış edən vitse-spiker Ziyafət Əsgərov bu günlərdə ABŞ Prezidentinin Azərbaycan Prezidentinə ünvanladığı məktubla bağlı fikirlərini açıqlayıb. O, məktubda qısa müddətdə sülh müqaviləsinin imzalanmasının qeyd edildiyini söyləyib. Bildirib ki, Prezident İlham Əliyev Ermənistana sülh təklifi irəli sürüb və burada beynəlxalq hüququn 5 əsas prinsipinin olmasının vacibliyini vurğulayıb. Ziyafət Əsgərov sülh müqaviləsinin bağlanması üçün Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarının götürülməsinin vacibliyindən bəhs edib, Ermənistanın isə sülh müqaviləsini əngəllədiyini qeyd edib. O, ölkə Prezidentinin bu məsələdə mövqeyinin Azərbaycan xalqının iradəsinə uyğun olduğunu deyib.

Çıxışlarda ölkəmizdə şəhid ailələrinin dövlətin diqqət və qayğısı ilə əhatə olunduğu, bununla bağlı qanunvericiliyin təkmilləşdirildiyi bildirilib.

Müzakirələr zamanı deputatlar həmçinin Avropa Parlamentində ölkəmizə qarşı davam edən qarayaxma kampaniyasını, bu qurumun ikiüzlü və riyakar siyasətini pisləyiblər. Azərbaycana 44 günlük Vətən müharibəsi nəticəsində vurulmuş zərərlə bağlı müvafiq kompensasiyanın tələb edilməsinin vacibliyindən bəhs ediblər. Millət vəkilləri bir sıra digər aktual mövzulara da toxunublar.


Siyasi partiyalarla bağlı hüquqi məsələlər daha dəqiq və şəffaf qaydada tənzimlənəcək


Sonra gündəlikdəki məsələlərin müzakirəsi başlayıb. Əvvəlcə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında", "Konstitusiya Məhkəməsi haqqında" və "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə" qanunlarda dəyişiklik edilməsi haqqında,  "Turizm haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin Sədri Sahibə Qafarova növbəti iki məsələnin uyğunlaşdırma və dəqiqləşdirmə xarakteri daşıdığını və "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun tələbinə əsasən, bu qanun layihələrinin bir oxunuşda qəbul ediləcəyini deyib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Elşən Musayev "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirilib ki, sənəd siyasi partiyaların hüquqi tənzimlənməsi ilə bağlı mövcud qanunvericilikdə prosessual qaydaların "Siyasi partiyalar haqqında" qanuna uyğunlaşdırılmasını təmin edəcək. Layihədə əks olunmuş dəyişikliklər siyasi partiyaların dövlət qeydiyyatı, onların fəaliyyətinin dayandırılması və ləğv edilməsi kimi mühüm hüquqi məsələlərin daha dəqiq və şəffaf qaydada tənzimlənməsini nəzərdə tutur. Bu, siyasi partiyaların qeydiyyatı və fəaliyyət prosedurlarının beynəlxalq standartlara uyğunlaşdırılmasına və hüquqi çərçivənin aydınlaşdırılmasına imkan yaradacaq.

Sənəd "Siyasi partiyalar haqqında" qanunda aparılmış dəyişikliklərin müvafiq normativ-hüquqi aktlarda əks etdirilməsini təmin etməklə, siyasi partiyaların fəaliyyətində mövcud olan hüquqi boşluqların aradan qaldırılması və onların qanunvericilik çərçivəsində şəffaf fəaliyyət göstərməsinin hüquqi əsaslarını yaradır.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məsələ barədə bəzi fikirlərini açıqlayıb və rəhbərlik etdiyi komitənin layihəni dəstəklədiyini söyləyib. Müzakirələrdə komitə sədri Siyavuş Novruzov, deputatlar Razi Nurullayev, Hikmət Məmmədov, Azay Quliyev, Aydın Mirzəzadə, Məlahət İbrahimqızı çıxış ediblər, bir sıra qeydlərini fikirlərini söyləyiblər.

Qaldırılan məsələlərə aydınlıq gətirildikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini təqdim edib. Qeyd olunub ki, layihə terminlərin dəqiqləşdirilməsi məqsədilə təklif olunur. Sənədə əsasən, məcəllənin 164.1.20-ci maddəsində "qurumun" sözü "orqanın (qurumun)" sözləri ilə əvəz edilir.

Qanun layihəsi səsə qoyularaq qəbul olunub.


İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prioritetdir


Spiker Sahibə Qafarova gündəliyin digər 12 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu bildirib. O, gündəliyin növbəti iki məsələsinin ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu deyib.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev "Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikası qanununun layihəsini (birinci oxunuş) təqdim edib. O bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun tarixi qələbəsindən sonra işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prioritet məsələlərdən biridir. Komitə sədri minaların insanların həyat və sağlamlığı üçün təhlükə yaratdığını, torpaqlardan istifadəni əngəllədiyini və ümumilikdə Böyük qayıdış prosesinə ciddi maneələrdən biri olduğunu qeyd edib. O, müzakirəyə təqdim olunan qanun layihəsinin humanitar minatəmizləmə əməliyyatına aid olduğunu, onun hərbi əməliyyatlar başa çatdıqdan sonra mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün həyata keçirildiyini deyib. 

Arzu Nağıyev diqqətə çatdırıb ki, qanun layihəsi qanunvericilik təşəbbüsü qaydasında ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim edilib. 3 fəsil, 14 maddədən ibarət olan qanun Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin hüquqi, iqtisadi, sosial və təşkilati əsaslarını müəyyən edir. Bildirilib ki, ümumi müddəaların təsbit edildiyi birinci fəsildə qanunda istifadə olunan əsas anlayışların mənası, qanunvericilik və bu qanunun tətbiq dairəsi müəyyən edilir. İkinci fəsildə mina əleyhinə fəaliyyətin təşkili və həyata keçirilməsi sahəsində dövlət siyasətinin istiqamətləri, minatəmizləmə fəaliyyətinin subyektləri və bu fəaliyyətə dair tədbirlər, habelə təhlükəli ərazilərdə minatəmizləmə subyektləri və bununla bağlı tələblər öz əksini tapıb. Üçüncü fəsildə isə yekun müddəalar, o cümlədən minatəmizləyənlərin təminatları, mina əleyhinə fəaliyyətin maliyyələşdirilməsi, qanunun pozulmasına görə məsuliyyətlə bağlı maddələr ehtiva olunur.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. 

Bildirilib ki, layihə "Minatəmizləmə fəaliyyəti haqqında" yeni qanun layihəsinin 7-ci maddəsində nəzərdə tutulan müddəadan irəli gəlir və uyğunlaşdırma məqsədilə hazırlanıb. Sənəddə "Yol hərəkəti haqqında" qanunda "operativ nəqliyyat vasitələri" anlayışında "yerinə yetirilməsi" sözlərindən sonra "minatəmizləmə fəaliyyəti üzrə səlahiyyətli qurumun minatəmizləmə əməliyyatlarında təcili və təxirəsalınmaz tədbirlərinin yerinə yetirilməsi və partlayıcı sursatların daşınması" sözlərinin əlavə edilməsi təklif olunur.

Komitə sədri Arzu Nağıyev bu məsələ ilə bağlı rəhbərlik etdiyi komitənin rəyini diqqətə çatdırıb. 

Müzakirələr zamanı Milli Məclis Sədrinin birinci müavini Əli Əhmədov, sədrin müavini Rafael Hüseynov, komitə sədrləri Fazil Mustafa, Sadiq Qurbanov, Tahir Rzayev, deputatlar Razi Nurullayev, Vüqar Bayramov, Sahib Alıyev, Fatma Yıldırım çıxış ediblər. Çıxışlarda minatəmizləmə prosesinin mühüm əhəmiyyəti qeyd olunub, bu sahədə beynəlxalq əməkdaşlığın həyata keçirilməsinin vacibliyi vurğulanıb. Millət vəkilləri məsələ ilə bağlı bəzi qeyd və təkliflərini də nəzərə çatdırıblar. 

Sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.


Bələdiyyələr qrant ala biləcəklər


Qısa fasilədən sonra Milli Məclis öz işini davam etdirib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov "Qrant haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. O, sənədin yerli özünüidarəetmə orqanı kimi bələdiyyələrin potensialının, maliyyə əsaslarının gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. 

Diqqətə çatdırılıb ki, layihə bələdiyyələrin maliyyə resurslarına çıxışının artırılması məqsədilə onlara qrant verilməsinin, o cümlədən dövlət tərəfindən qrant verilməsinin hüquqi əsaslarının yaradılması və bundan irəli gələn məsələlərin tənzimlənməsi məqsədilə hazırlanıb.

Müzakirələrdə komitə sədri Siyavuş Novruzov, deputatlar Məlahət İbrahimqızı, Aydın Mirzəzadə çıxış edərək sənədin təqdirəlayiq olduğunu bildiriblər, bəzi qeydlərini səsləndiriblər.

Qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Komitə sədri Azər Əmiraslanov "Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsini də təqdim edib. Bildirilib ki, adıçəkilən qanunun 21-ci maddəsi ilə daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması zamanı reyestrə daxil edilən bildirişdə göstərilən məlumatların dairəsi təsbit edilir. Təklif edilən qanun layihəsi həmin məlumatların sırasına daşınar əmlakın seriya nömrəsinin də əlavə edilməsinin hüquqi əsaslarını yaradır. Belə ki, daşınar əmlakın seriya nömrəsi olduqda bu məlumat yüklülük haqqında bildirişi reyestrə  daxil edən şəxs tərəfindən əlavə olunacaq. Bu məlumatın reyestrə daxil edilməsi yüklülüyün predmetini təşkil edən əmlakın eyniləşdirilməsini asanlaşdıracaq, bildirişlər üzrə daha çevik axtarışın aparılmasını və reyestrdən çıxarışların verilməsini təmin edəcək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamran Bayramov "Arbitraj haqqında" Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. Qeyd olunub ki, "Arbitraj haqqında" qanunun qəbulu ilə yerli arbitraj institutunun yenidən formalaşdırılması, beynəlxalq və daxili arbitrajın həyata keçirilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi, arbitraj vasitəsilə həll olunan mübahisələrə dair qərarların dövlət tərəfindən tanınması və icrası üçün yeni mexanizmin yaradılması qanunvericilikdə müvafiq dəyişiklikləri zəruri edir. Bununla əlaqədar təqdim olunan layihədə ümumilikdə 5 məcəllədə və 6 qanunda  dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Diqqətə çatdırılıb ki, dəyişikliklərdə Əmək Məcəlləsi, Ticarət Gəmiçiliyi Məcəlləsi, "İcra haqqında", "Banklar haqqında", "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında", "Mediasiya haqqında" qanunların müvafiq maddələrindən "münsiflər" termini çıxarılır, "münsiflər məhkəməsi" termini "arbitraj məhkəməsi" termini ilə əvəz olunur. 

Bununla yanaşı, Cinayət Məcəlləsinin müvafiq maddəsində arbitrlərin "yerli, xarici və beynəlxalq arbitrlər" bölgüsü "arbitr" termini ilə əvəz edilir, Cinayət-Prosessual və İnzibati Xətalar Məcəllələrinin şahidlərlə bağlı maddələrinə arbitrlər barədə yeni bənd əlavə olunur. 

Habelə "İcra məmurları haqqında" və "İcra haqqında"qanunlarda "beynəlxalq arbitrajlar", "xarici dövlətlərin arbitrajları" terminləri çıxarılır, müvafiq olaraq, "Azərbaycan Respublikasının və xarici dövlətlərin məhkəmələri", "xarici və yerli arbitraj məhkəmələri" ifadələrindən istifadə edilir. "Dövlət rüsumu haqqında" qanuna arbitraj institutu ilə bağlı rüsumlar barədə, "İcra haqqında" qanuna isə arbitraj məhkəmələrinin icra sənədlərinin icraya yönəldilməsi müddətləri barədə yeni maddələr əlavə edilir.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bu məsələ ilə bağlı rəhbərlik etdikləri komitələrin müsbət rəy verdiyini bildiriblər. 

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. Bildirilib ki, təklif olunan dəyişikliyə əsasən, layihənin müxtəlif maddələrinə "orta ixtisas təhsili" sözləri əlavə edilir. Qeyd olunan dəyişikliyin əsas məqsədi ölkədə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsil müəssisələrinin sayının artırılması və həmin təhsil pilləsinin təkmilləşdirilməsidir. 

Dəyişikliyə uyğun olaraq, müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və ya intizamsızlıqlarına görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric edilən kursantlarla yanaşı, xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrindən xaric edilən kursantların da müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilməsi təklif edilir. Eyni zamanda hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsil sisteminin təkmilləşdirilməsi, tələbələrin həmin təhsil müəssisələrinə daxil olmaqda marağının artırılması məqsədilə gizirlərin və miçmanların tutmalı olduqları vəzifələrin həmçinin hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini bitirmiş hərbi qulluqçularla komplektləşdirilməsi təklif edilir.

"Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna müvafiq olaraq təklif edilən 150-1-ci və 42-1-ci maddələrdə nəzərdə tutulan hallarda hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində onların hazırlanmasına çəkilmiş xərclərin əvəzinin hərbi qulluqçular tərəfindən ödənilməsinin əsasları nəzərdə tutulur.  Layihədə bir sıra uyğunlaşdırma və dəqiqləşdirmə xarakterli texniki dəyişikliklər də aparılıb.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinin mahiyyətini diqqətə çatdırıb. Bildirilib ki, layihə "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli sərəncamının icrasının təmin edilməsi məqsədi ilə hazırlanıb. Qeyd edilib ki, layihədə göstərilən tələblər müəssisələrdə xidmətlərin təşkili, yaşayış şəraiti, qidalanma, sağlamlığın mühafizəsi, təlim-tərbiyə və asudə vaxtın təşkili sahələrini əhatə edir. Azərbaycan Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli fərmanı ilə təsdiq edilmiş "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası"na əsasən, uşaq müəssisələrində keçirilən monitorinqlərdə həmin tələblərdən istifadə edilməsi nəzərdə tutulur.

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc məsələ barədə bəzi qeydlərini səsləndirib,  layihə ilə bağlı bu komitənin müsbət rəy verdiyini bildirib.

Məsələ ətrafında aparılan müzakirələrdə Milli Məclis Sədrinin birinci müavini Əli Əhmədov, deputatlar Razi Nurullayev, Ceyhun Məmmədov, Səyyad Salahlı, Tənzilə Rüstəmxanlı, Elnarə Akimova, Mehriban Vəliyeva öz fikirlərini açıqlayıblar.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.


Valideynlərini itirmiş uşaqlar ilk dəfə işə düzələndə 6 min manat kompensasiya alacaqlar


Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev  "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib. Bildirib ki, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, sözügedən kateqoriyadan olan uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə (5017,5 manat), habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalara uyğun paltar, ayaqqabı, yumşaq ləvazimat, avadanlıq və ya öz arzularına əsasən, onların əvəzinə verilən pul kompensasiyası ilə (265 manat) təmin olunurlar.

Daha effektiv sosial təminat prinsipinin tətbiq edilməsi və digər qanunvericilik aktlarına uyğunlaşdırılması məqsədilə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqların və ya onların əvəzinə verilən pul kompensasiyasının məbləğinin də sözügedən müavinətin tərkibinə daxil edilməklə birdəfəlik müavinətin hazırda ölkə üzrə orta aylıq nominal əməkhaqqının məbləği nəzərə alınmaqla 6000 manat müəyyən edilməsi təklif olunur. 

Sonra Ailə qadın və uşaq məsələləri komitəsi sədrinin müavini Jalə Əliyeva məsələ ilə bağlı təmsil etdiyi komitənin müsbət rəyini açıqlayıb. Deputat Elman Nəsirovun da fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.    

Gündəliyin növbəti məsələsi olan "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Prokurorluq orqanlarında qulluq-keçmə haqqında", "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında" Əsasnamənin təsdiq edilməsi barədə, "Ədliyyə orqanlarında qulluqkeçmə haqqında", "Miqrasiya orqanlarında qulluqkeçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə" və "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) haqqında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə məlumat verib. Bildirilib ki, qanun layihəsi dövlət qulluğunun xüsusi növündə qulluq keçən şəxslərin bir orqandan digərinə işə qəbul edilərkən onların xüsusi, hərbi və diplomatik rütbələrinin öz aralarında da qarşılıqlı olaraq uyğunlaşdırılmasını tənzimləmək məqsədi daşıyır.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafanın məsələ barədə fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib. 

Gündəliyin 17-ci məsələsi olan  "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) haqqında Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev məlumat verib. Komitə sədri bildirib ki, qanuna təklif edilən dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır. Belə ki, Silahlı Qüvvələrin tərkib hissəsinə Azərbaycan Ordusu ilə yanaşı, başqa silahlı birləşmələr də daxil olduğundan layihədə "başqa silahlı birləşmələr" ifadəsinin çıxarılması təklif edilir. Digər dəyişikliyə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə xarici dövlətlərin xüsusi xidmət və hüquq-mühafizə orqanları ilə müvafiq proqramlar çərçivəsində kadrların hazırlanması, təkmilləşdirilməsi və ixtisaslarının artırılması sahəsində də əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.

Layihə səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib. Komitə sədri bildirib ki, təklif olunan dəyişikliklərin mahiyyəti prosessual müddətlərin dəqiqləşdirilməsi yolu ilə lüzumsuz olaraq məhkəmə prosesinin uzanmasının qarşısını almaqdan ibarətdir.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Gündəliyin sonuncu - 19-cu məsələsi olan "Kredit büroları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) haqqında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məlumat verib. Bildirib ki, təklif olunan dəyişiklik kredit tarixçəsi məlumatlarının təchizatçılarının dairəsini genişləndirir, kredit tarixçəsi məlumatları üçün yeni platforma yaradır və bu platformada məlumatların ən müasir texnologiyalarla mübadiləsini təmin edir.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.


Milli Məclisin Aparatı "Gündəlik" adlı mobil tətbiq hazırlayıb


Sonra spiker Sahibə Qafarova bildirib ki, Milli Məclisin Aparatı öz resursları hesabına "Gündəlik" adlı mobil tətbiq hazırlayıb. Bu tətbiqdən istifadə edilməsi Milli Məclisin və komitələrin iclaslarının vaxtı və gündəlikləri, müzakirə edəcəkləri sənədlər ilə vaxtında və operativ tanış olmağa imkan yaradır. Artıq xeyli sayda deputatımız bu tətbiqdən istifadə edir.

Spiker xatırladıb ki, Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq, sənədlər və qanun layihələri iclaslardan 3 gün öncə deputatlara təqdim edilir. Milli Məclisin Sədri bildirib ki, həmin tətbiqdən hamının istifadə etməsi işin səmərəsini artırmağa kömək edər. Spiker mobil tətbiqin digər deputatların da telefonlarına quraşdırılması üçün onların Milli Məclis Aparatının İnformasiya resursları və texnologiyaları şöbəsi ilə əlaqə saxlamalarını tövsiyə edib.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pedaqoji Universitetdə Bəkir Çobanzadənin 130 illiyi qeyd edilib  

22:25
10 Dekabr

Londondakı Azərbaycan məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib  

22:23
10 Dekabr

Rəis müavini: Xankəndi Hidrometeoroloji Stansiyası işğal zamanı salamat qalan yeganə stansiyadır  

22:22
10 Dekabr

Azərbaycan Serbiya ilə energetika sektorunda birgə layihələrin həyata keçirilməsini müzakirə edib  

22:21
10 Dekabr

Milli Məclisin plenar iclasında 15 məsələ müzakirə olunub YENİLƏNİB  

22:20
10 Dekabr

“Heydər Əliyevin böyük siyasət yolu” monoqrafiyasının təqdimat mərasimi keçirilib  

22:18
10 Dekabr

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNİB 

21:51
10 Dekabr

Salonikidə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

21:47
10 Dekabr

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrini ziyarət edib  

20:54
10 Dekabr

Azərbaycan Xarici İşlər Nazirliyi Suriyada son vəziyyət barədə bəyanat yayıb  

19:33
10 Dekabr

Müdafiə Nazirliyi: Komando bölmələrinin döyüş hazırlığı yüksək səviyyədə saxlanılır 

19:32
10 Dekabr

Keçmiş məcburi köçkünlərin Böyük Qayıdışla bağlı müraciətləri dinlənilib

19:32
10 Dekabr

“Qarabağ” Avropa Liqasının oyunu üçün İsveçə yollanıb

19:31
10 Dekabr

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

18:17
10 Dekabr

İƏT Komissiyasının Azərbaycanla bağlı hesabatının təqdimatı olub

18:15
10 Dekabr

AMADA dəyirmi masa keçirib

18:06
10 Dekabr

Salah noyabrın ən yaxşı futbolçusu seçilib

18:04
10 Dekabr

Həbsxana arxivləri Əsəd rejiminin cinayətlərinin açılması üçün çox vacibdir  

18:02
10 Dekabr

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti müxalifətin planlarını açıqlayıb

18:01
10 Dekabr

Cənubi Koreya parlamenti prezidentinin həbsilə bağlı qətnaməni təsdiqləyib

17:58
10 Dekabr

Sürücüsüz yük avtomobili təqdim edilib

17:50
10 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!