15 İyun 2025 08:35
1046
SİYASƏT
A- A+
Milli Qurtuluşdan böyük Zəfərə

Milli Qurtuluşdan böyük Zəfərə


32 il əvvəl Azərbaycan xalqının taleyini dəyişən, tariximizə yeni istiqamət verən möhtəşəm bir hadisə baş verdi. 1993-cü il iyunun 15-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Müstəqillik yollarında ilk kövrək addımlarını atan dövlətimiz məhv olmaq, parçalanmaq, dünya xəritəsindən silinmək təhlükəsindən məhz həmin gün qurtuldu, inkişafa, yüksəlişə doğru uzun, şərəfli bir yola çıxdı.

Bu qayıdış Azərbaycanın müstəqilliyini dünya müstəvisində reallığa çevirdi. Əsrlərin sınağından keçərək min bir əziyyətlə, amma dönmədən öz məqsədinə doğru addımlayan millətin özünün özünə qayıdışı idi. Bu, dilimizin, milli-mənəvi dəyərlərimizin, unudulmuş, yaddan çıxmış bir çox həqiqətlərin, eyni zamanda bizə öz real gücümüzü, mənəvi bütövlüyümüzü dərk etməyimizin qayıdışı idi və bununla ölkəmiz özünün müstəqillik tarixinin daha əzəmətli bir mərhələsinə qədəm qoydu. Azərbaycanı regionun ən inkişaf etmiş dövlətinə çevirə bildi. 


Xilaskar


Tarixin bütün böyük insanları kimi zaman keçdikcə Heydər Əliyevin qərar tutduğu ucalıq hər bir kəsə daha aydın görünür. Bu ucalığın təməlində sülh, əmin-amanlıq, rifah, sabitlik və davamlı inkişaf durur. Ulu Öndər məhz bu dəyərlərə söykənərək, "Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir" deyirdi. Bu ifadələr təkcə bir niyyət, bir bəyanat olaraq qalmadı. Bütün canı, qanı, varlığı ilə milli ruha bağlı Heydər Əliyevin dünyanın yeni siyasi düzənində Azərbaycanın yerini və rolunu dəqiq müəyyənləşdirməsi idi. Ölkəmizin və xalqımızın hansı bəşəri dəyərlərə əsaslanaraq dünya xəritəsində əbədiliyini təmin edəcəyini aşkara çıxardı. 

Azərbaycan xalqı 1980-ci illərin sonlarından başlayaraq müstəqillik mübarizəsinə Heydər Əliyevin hələ sovet Azərbaycanına rəhbərliyi dövründə yaratdığı möhkəm təməllərdən güc alaraq başlamışdı. O illərdə azadlıq uğrunda mübarizlərin çoxu Ulu Öndərin ölkəyə rəhbərliyi dövründə cəmiyyətdə görünməkdə olan milli oyanış ruhunun yetişdirdiyi gənclik idi. Həmin tarixi günlərdə xalqın önündə dayanan insanların çoxu bu böyük şəxsiyyətin sovetlər vaxtı təzyiqlərdən qoruduğu, yaradıcılığına istiqamət verdiyi ziyalılar idi.

Bir fakt da xüsusi qeyd olunmalıdır ki, Ulu Öndər xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda ölkə rəhbərliyinə gəldikdə vəziyyət çox ağır idi. Bir çox imkanlar əldən verilmişdi. Naşı idarəçilərin yanlışları üzündən Azərbaycan xaosa sürüklənmiş, vətəndaş müharibəsi təhlükəsinin bir addımlığına gəlib çatmış, bütün qonşularla münasibətlər pozulmuş, Ermənistan vəziyyətdən istifadə edərək torpaqlarımızı tutmuşdu. Hərbi güc balansı ilə yanaşı, informasiya müharibəsində də durum Ermənistanın xeyrinə idi. Erməni yalanları beynəlxalq dairələrdə o qədər təsir gücü qazanmışdı ki, ABŞ işğala məruz qalan tərəfə - Azərbaycana yardım imkanlarını məhdudlaşdıran 907-ci düzəlişi qəbul etmişdi və onu aradan qaldırmaq fikrində deyildi. Belə şəraitdə müharibəni davam etdirməyin heç bir perspektivi görünmürdü. Heydər Əliyev hər zaman olduğu kimi özünəməxsus müdrikliklə durumu obyektiv qiymətləndirdi. İlk addım kimi, atəşkəsin əldə edilməsinə nail oldu və əsas diqqəti, mövcud resursları ölkə daxilindəki problemlərin həllinə yönəltdi. Müharibədə lüzumsuz yerə vətəndaşlarımızın həyatını itirməsinin qarşısını aldı. Azərbaycanda aparılan demokratik islahatlara, hüquqi dövlət quruculuğu proseslərinə, sosial-iqtisadi inkişaf tədbirlərinə və ordu quruculuğuna paralel olaraq beynəlxalq ictimai rəyi dəyişmək, ölkə reallıqlarını dünyaya olduğu kimi çatdırmaq, böyük dövlətlərin mövqeyində haqqa-ədalətə doğru dönüş yaratmaq uğrunda da mübarizə başlandı. 

Ulu Öndər uzunmüddətli hədəflər müəyyənləşdirdi. Bütövlükdə regionun geosiyasi xəritəsini yenidən qurdu. Bura çox güclü iqtisadi amillər əlavə etdi. Cənubi Qafqazın "Böyük İpək yolu"nda çox mühüm strateji məntəqə olmaq imkanını, nəinki təkcə Azərbaycanın, həm də bütövlükdə Orta Asiyanın təbii sərvətlərinin daşınmasında nəqliyyat dəhlizi rolunu oynamaq şansını getdikcə reallığa çevirməyə başladı. Bu prosesə Gürcüstanın da qatılması, Ermənistanın isə təcavüzkar siyasətindən əl çəkməyərək özünü kənarda tutması ilə işğalçı qonşumuz tədricən blokada vəziyyətinə düşdü. Kommunikasiya imkanlarından məhrum edildi. İrəvan Azərbaycanın təşəbbüskarı olduğu qlobal layihələrdən faydalanıb əhalinin rifahını düzəltmək imkanlarını itirdi. İqtisadi amil getdikcə həlledici rol oynamağa başladı. Beləliklə, regionda iqtisadi maraqların intensivliyini artırmaq və böyük dövlətləri kor-koranə ermənipərəstlikdən uzaqlaşdıraraq iqtisadi maraqlar müstəvisinə dəvət etmək planı uğur qazandı.

Bütün bunlar öz-özünə və qısa zamanda baş vermədi. Azərbaycanın son onilliklərdə əldə etdiyi nailiyyətlərin hər biri strateji baxımdan bir-birini tamamlayırdı. Onların hərəsinin tarixi Zəfərimizdə böyük payı var. "Əsrin müqaviləsi" də, "Böyük İpək yolu"nun bərpası strategiyası da, Bakı-Tbilisi-Ceyhan layihəsi də, bir-birini əvəz edən neçə-neçə beynəlxalq neft-qaz kontraktları da, "Qafqazda təhlükəsizlik paktı" ideyası da böyük müdrikliklə düşünülmüş və bu gün Azərbaycan Respublikası Prezidentinin əzmlə, qətiyyətlə yerinə yetirdiyi vahid strateji planın ayrı-ayrı parçalarıdır.


Bizi güclü edən dəyərlər


Hər bir cəmiyyətdə olduğu kimi, bu illərdə respublikamızda mənəvi axtarışlar milli taleyə və tərəqqiyə yol göstərməkdən çox insanların mühüm, ciddi dəyişikliklərə hazırlığı xarakteri daşıyırdı. Əsl yolları isə yenə də tarix və onu yaradan böyük şəxsiyyətlər müəyyənləşdirirdi.

1993-cü ilin iyununda Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanda yeni dəyərlər sisteminin və yeni ideyaların meydana çıxmasına stimul yaratdı. Bu dəyərlər və ideyalar müstəqil Azərbaycan dövlətinin təməl prinsiplərini müəyyənləşdirən baxışlar sistemi kimi nəzərdən keçirilirdi. Ümummilli Lider uçurumun bir addımlığında dayanan millətin öz dövlətini yaşatmasını təmin etmək üçün dövlətçilik ideologiyasının ictimai şüurda möhkəmlənməsinə nail oldu, bununla da cəmiyyəti ümumi bir məqsəd ətrafında birləşdirdi. Heydər Əliyev ölkəni iflasdan, fəlakətdən qurtardı, onu xain əllərdən, çevriliş, qiyam cəhdlərindən hifz etdi. Bu qayıdış əsrlərin sınağından keçərək min bir əziyyətlə məqsədinə doğru addımlayan  milləti tərəqqi yoluna çıxartdı,  Azərbaycan müstəqillik tarixinin daha işıqlı mərhələsinə qədəm qoydu. 

Ulu Öndərin müdrik fəaliyyəti ilə cəmiyyətdə özünəinam hissi bərpa edildi, sabitlik və firavanlığa ciddi təminat yaradıldı. Azərbaycanın sosial-iqtisadi və diplomatik sahədə üzləşdiyi bir çox problemlərin həlli məhz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı mərhələdə mümkün oldu. Böyük siyasi xadimin irəli sürdüyü dövlətçilik konsepsiyası mahiyyət etibarilə Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni bir inkişaf modeli kimi özünü doğrultdu. Heydər Əliyev cəmiyyətdə dayanıqlı milli birliyə nail olmaq üçün insan hüquq və azadlıqlarının maksimum təminatı məsələsinə xüsusi diqqət yetirdi. Özünəməxsus müdrikliklə bəyan etdi ki, siyasi sabitlik yaratmadan yeni idarəetmə sisteminə keçidi reallaşdırmaq, demokratiya kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün deyil. 

Ulu Öndər Heydər Əliyev cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görərək bunun üçün bütün zəruri tədbirləri reallaşdırdı. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirdi, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxardı.

Ümummilli Lider yeni neft strategiyasının işlənib hazırlanmasına və uğurla həyata keçirilməsinə nail oldu. 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 11 transmilli neft şirkətinin iştirakı ilə çağdaş tariximizə "Əsrin müqaviləsi" adı ilə düşmüş qlobal neft müqaviləsinin təntənəli imzalanma mərasimi keçirildi. 

Elmin, təhsilin inkişafı, milli-mənəvi dəyərlərə həssas münasibət bütün dövrlərdə Ulu Öndərin fəaliyyətinin əsas istiqamətini təşkil etmişdir. Bu illərdə elmi intellektual sferada hökm sürən tənəzzülün qarşısı alındı, təhsilin öz məcrasına düşməsi üçün əlverişli iqtisadi şərait, hüquqi və mənəvi-əxlaqi mühit formalaşdı. Sağlam təfəkkürlü insanları öz ətrafında topladı, Azərbaycanın elmi potensialının dağılmasının qarşısını aldı. 

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan hüquqi və demokratik islahatlar ilk növbədə qanunun aliliyinə əsaslanan ictimai münasibətlər sisteminin formalaşmasına gətirib çıxardı, ölkədə dövlət quruculuğu prosesini uğurla həyata keçirməyə  şərait yaratdı. Sosial həyatın ayrı-ayrı sahələrini tənzimləyən qanunların qəbulu, aparılan tədbirlər, görülən işlər cəmiyyətin təhlükəsizliyinin təmin olunmasında, Azərbaycanın modern bir dövlət olaraq beynəlxalq aləmdə tanınmasında müstəsna rol oynadı. Böyük rəhbərin dövlətçilik ideyaları həm də xalqımızın tarixi ənənələrinə, milli-mənəvi dəyərlərinə söykənirdi.

Ümummilli Lider Azərbaycanda iki sivilizasiyanın konseptual parametrlərini özündə təkmil bir formada birləşdirən unikal bir dövlət modeli yaratdı. Məhz bu model Azərbaycanı dünyanın ən inkişaf etmiş dövlətlərinin strateji tərəfdaşına çevrilməsində, Cənubi Qafqazın nüfuzlu ölkəsi kimi  tanınmasında və böyük uğurlara imza atmasında həlledici təsirə malik oldu.


Böyük vətənpərvər


Ulu Öndər Heydər Əliyevin təlqin etdiyi düşüncə, yaratdığı nümunə hər birimiz üçün mükəmməl vətənpərvərlik məktəbi, vətənə sədaqət dərsidir. "Hər bir insanın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" deyən Ümummilli Lider öz mənəvi irsi ilə insanın vətəninə sevgisinin həm də onun mənəviyyat göstəricisi olduğunu təlqin edir. Bildirir ki, vətənpərvərlik insanın daxilindəki duyğulardır. "Əgər bunlar yoxdursa, o insanın mənəviyyatından danışmağa dəyməz. Milli mənlik hər bir adamın özünün milli mənsubiyyətini ətraflı dərk etməsinə imkan yaradır. Milli mənliyi olan şəxs həyatın heç bir hadisəsinə laqeyd qalmır". Vətən, torpaq məhəbbəti, millətin və xalqın qayğıları onun şəxsi istək və arzularını üstələyir. Onu xalq üçün müəyyən fəaliyyət göstərməyə sövq edir.

Ulu Öndər deyirdi: "Xalqımız böyük xalqdır. Böyük tarixə, böyük mədəniyyətə malikdir. Bu mədəniyyətimizi, onun qədimliyini, dünya miqyasında böyük şöhrətə malik olduğunu hər kəsə nə qədər dərindən anlada bilsək, bir o qədər də xalqımızda vətənpərvərlik, vətəndaşlıq hissini, azərbaycançılığı yüksəldərik".1993-cü ildə, Azərbaycanın çətin günlərində xalqın təkidli tələbi ilə ölkənin gələcəyinə görə məsuliyyəti üzərinə götürəndən sonra Heydər Əliyev azərbaycançılıq ideologiyasını dövlətimizin əsas  qayəsinə çevirdi. Ən böyük azərbaycanlı kimi hər kəsə nümunə yaratdı, milli mənsubiyyətindən, dilindən, dinindən, siyasi baxışından, yaşadığı məkandan asılı olmayaraq özünü Azərbaycana qəlbən bağlı sayan bütün dünya azərbaycanlılarını azərbaycançılıq ideologiyası işığında bir araya gətirdi. Azərbaycançılıq məfkurəsini milli həmrəyliyin inkişafında aparıcı amilə çevirməklə cəmiyyətin möhkəmlənməsi istiqamətində səy göstərdi. 

Böyük rəhbər azərbaycançılığın tarixən inkişaf etmiş komponentlərini dövlət idarəçiliyinin elmi-nəzəri əsaslarına daxil etdi, onları bir-birinə bağlı harmonik sistem və konsepsiyada birləşdirdi. Heydər Əliyev müstəqillik illərində azərbaycançılıq ideyasına yeni məzmun qazandırdı və onun praktiki olaraq həyata keçirilməsinə şərait yaratdı. Bununla da Ulu Öndərin xalqımız və dövlətimiz qarşısında ən mühüm xidməti  azərbaycançılıq düşüncəsini bütün dünya azərbaycanlılarını birləşdirən ideologiyaya, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevirməsi oldu.

Heydər Əliyevin baxışlarına görə, azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının birlikdə mənimsədiyi ənənə və dəyərlərin, Azərbaycan hüdudlarından kənarda yaşayan soydaşlarımızın hüquqlarının qorunması və tarixi vətənə olan münasibətlərini ehtiva edən, azərbaycanlı düşüncəsini müəyyənləşdirən böyük bir konsepsiyadır. Bu ideologiya dünyanın müxtəlif səmtlərində yaşayan on milyonlarla azərbaycanlını bir araya gətirən işıqdır. Ümummilli Lider deyirdi: "Siz düşünməyin ki, Azərbaycan bizim üçün nə edib, düşünün ki, biz Azərbaycan üçün nə etmişik. Onda Azərbaycan da irəli gedər, Azərbaycan diasporu da inkişaf edər... Harada doğulmağın fərqi yoxdur, əsas odur ki, sən azərbaycanlısan, Azərbaycan dilinin, mədəniyyətinin daşıyıcısısan".


Mətbuata həssas münasibət


Heydər Əliyev mətbuatın gücünü yüksək qiymətləndirərək deyirdi: "Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. "Əkinçi"dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik".   

Azərbaycanın müasir tarixinin qurucusu olan Ümummilli Lider cəmiyyət həyatının bütün vacib sahələrində olduğu kimi, mətbuat və informasiya siyasətinin formalaşmasında da misilsiz işlər görmüşdür. Böyük şəxsiyyətin siyasi iradəsi və uzaqgörənliyi nəticəsində Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoymuş, söz və fikir azadlığı prinsipləri dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Heydər Əliyevin mətbu sözə həssas münasibəti, qəzetlərdə, televiziyada, radioda qaldırılan məsələlərə reaksiyası cəmiyyətdə jurnalistlərin ictimai nüfuzunu yüksəldirdi.

Həmin illərdə mətbuat orqanlarının azad fəaliyyətinə yaradılan şərait, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər ölkədə plüralizmi genişləndirdi. Müstəqil kütləvi informasiya vasitələrinin təsis olunması milli mətbuat ənənələrinin davam etdirilməsinə yol açdı. Və nəhayət, Ümummilli Liderin rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında bu böyük dövlət adamının mətbuata verdiyi yüksək qiymət öz əksini tapdı. 

1998-ci ildə ölkəmizdə senzuranın ləğvi Azərbaycan milli mətbuatının inkişafında daha bir dönüş nöqtəsi oldu. Ümummilli Liderin müvafiq fərmanı ilə ölkədə mətbuat üzərindən dövlət nəzarəti tam aradan qaldırıldı.

1999-cu ildə qəbul edilmiş "Kütləvi informasiya vasitələri haqqında" qanun mətbuatda demokratik prinsipləri daha da möhkəmləndirdi. Yeni qanun ölkədə azad mətbuatın inkişafına mane olan bir sıra bürokratik əngəlləri də ortadan götürdü. Kütləvi informasiya vasitələrinin dövlət qeydiyyatı ləğv olundu, yeni mətbuat orqanlarının təsis olunması prosedurları asanlaşdı. 2000-ci ildə Ulu Öndərin sərəncamı ilə "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqamı" təsdiqləndi.


15 İyun Qurtuluş Günündən başlanmış tarix 


1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilmiş Ümummilli Lider Heyər Əliyev andiçmə mərasimindəki nitqində demişdi: "Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm". 

Ulu Öndər bu andına hər zaman sadiq qaldı. Azərbaycanın dövlət müstəqilliyinin memarına çevrildi. Milli birliyə nail oldu. Ölkəmizin beynəlxalq aləmdəki mövqelərini möhkəmləndirdi. İrəli sürdüyü qlobal təşəbbüslərlə dövlətimizi regionun əsas söz sahibinə çevirdi. 

Prezident İlham Əliyevin bu gün tarixinin ən qüdrətli mərhələsinə yetirdiyi Azərbaycan Ümummilli Liderin arzularındakı Azərbaycandır. İndi azad yurdlarımıza həyat qayıdır, insanlarımız illərin həsrətindən sonra doğma torpaqlara qovuşur. Bütün bunlar 1993-cü ilin 15 İyun Qurtuluş Günündən başlanmış tarixdir.

Heydər Əliyev Azərbaycanın istiqlalını əbədi etmiş qüdrətli liderdir!


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

QMİ sədri Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri ilə görüşüb  

23:23
17 İyul

UNESCO-nun Dünya İrs Komitəsinin 47-ci sessiyası başa çatıb  

22:20
17 İyul

“Qərargah zabiti kursu”nun buraxılış mərasimi keçirilib  

22:16
17 İyul

Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada birgə nahar ediblər  

22:07
17 İyul

“Bizim həyət” layihəsi çərçivəsində yenilənmiş növbəti həyət sakinlərin istifadəsinə verilib  

21:39
17 İyul

"Qarabağ" növbəti transferini həyata keçirib

21:14
17 İyul

Ermənistan silahlı qüvvələri tərəfindən əsir və girov götürülmüş, xəsarətlər almış zərərçəkmişlər məhkəmədə ifadə veriblər  

20:12
17 İyul

II və III ixtisas qrupları üzrə ikinci cəhd qəbul imtahanlarının nəticələri açıqlanıb  

19:17
17 İyul

Hesablama Palatası ASOSAI İdarə Heyətinin 62-ci toplantısına ev sahibliyi edib 

19:16
17 İyul

Roma Papası Qəzzada kilsəyə edilən hücumu pisləyib

19:13
17 İyul

ADA Universiteti dövlət sifarişli yerlərə tələbə qəbuluna başlayır  

19:12
17 İyul

Türkmənistan mətbuatı Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfərini geniş işıqlandırıb  

19:05
17 İyul

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin BƏƏ-nin Hesablama Qurumunun nümayəndə heyəti ilə görüşü olub  

17:04
17 İyul

Dövlət Komissiyası narkomaniya ilə bağlı maarifləndirmə tədbirlərini genişləndirir  

17:00
17 İyul

NATO: Ukraynaya “Patriot” sistemlərinin göndərilməsinə başlanılıb  

16:59
17 İyul

Rektor: ADA Universitetində tələbələrin 30 faizi ödənişsiz oxuyur

16:58
17 İyul

Dünyanın ən iri almaz istehsalçılarından biri böhranla üzləşib  

16:57
17 İyul

Həlak olan minlərlə insanın cəsədi Ukraynaya qaytarılıb  

16:56
17 İyul

ADA Universitetində dövlət sifarişi ilə təhsil alan tələbələrə təqdim olunan imkanlar açıqlanıb  

16:55
17 İyul

ADA Universitetində dövlət sifarişli yerlərin sayı açıqlanıb  

16:54
17 İyul

Qurbanqulu Berdiməhəmmədova Cıdır düzündə “Dostluq” adlı Qarabağ atı hədiyyə edilib

15:47
17 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!