Bu gün Maliyyə Monitorinqi Xidmətinin inzibati binasında iqtisadi islahatların dərinləşdirilməsi və maliyyə sisteminin şəffaflaşdırılması istiqamətində mühüm əhəmiyyət daşıyan “Hesabatlılıq və Audit: Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə” adlı kitabın təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadə bildirib ki, Azərbaycan beynəlxalq maliyyə sistemində etibarlı tərəfdaş statusunu ildən-ilə möhkəmləndirir.
O qeyd edib ki, MONEYVAL Komitəsi tərəfindən Azərbaycanın ƏL/TMM sisteminin 2023-cü ildə başa çatmış 5-ci raund qiymətləndirilməsinin uğurla nəticələnməsi ölkəmizin bu sahədə atdığı qətiyyətli addımların beynəlxalq səviyyədə təsdiqidir. Z.Fətizadə maliyyə kəşfiyyatı sahəsində tətbiq olunan müasir texnoloji yeniliklərdən bəhs edərək vurğulayıb ki, Azərbaycan qanunvericiliyində ƏL/TM sahəsində törədilən cinayətlərin ağır cəzalandırılması və bu istiqamətdə ən yüksək səviyyədə təqib mexanizmlərinin tətbiqi dövlətin maliyyə təhlükəsizliyinə verdiyi önəmin bariz göstəricisidir. Onun sözlərinə görə, bu mübarizənin gücləndirilməsi iqtisadi sabitliyin qorunmasına, xarici investisiyaların cəlbinə və ölkəmizin beynəlxalq maliyyə sistemində mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir. Diqqətə çatdırılıb ki, maliyyə təhlükəsizliyinin təmin edilməsi davamlı səylər, güclü hüquqi baza, effektiv inzibatçılıq və beynəlxalq əməkdaşlıq tələb edir və Azərbaycan bu istiqamətdə fəaliyyətini beynəlxalq standartlara uyğun şəkildə ardıcıl davam etdirir.
Tədbirdə geniş məruzə ilə çıxış edən Auditorlar Palatasının sədri Vahid Novruzov kitabın hazırlanmasının aktuallığından və ölkədə həyata keçirilən antikorrupsiya siyasətindən danışıb. O vurğulayıb ki, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına qarşı kəsərli mübarizə aparılmadan əlverişli investisiya mühitinin formalaşdırılması və maliyyə bazarının dayanıqlılığının təmin edilməsi mümkün deyil. Qeyd olunub ki, 2009-cu ildə “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun qəbulundan sonra Auditorlar Palatası tərəfindən auditorların üzərinə düşən öhdəliklərin icrasına nəzarətin təşkili məqsədilə müvafiq metodik göstərişlər təsdiqlənib, sonrakı illərdə isə qanunvericiliyin və dövlət proqramlarının tələblərinə uyğun olaraq qaydalar, təlimatlar və digər normativ sənədlər hazırlanıb.
Daha sonra kitabın müəllifləri – Auditorlar Palatasının Auditin hüquqi tənzimlənməsi və ƏL/TMM-yə qarşı mübarizə idarəsinin rəisi Elnur İbrahimov və sərbəst auditor Şamxal Kərimov nəşrin metodoloji əsasları barədə məlumat veriblər. Bildirilib ki, qlobal iqtisadi mühitdə uğur qazanmaq üçün yalnız texnoloji yeniliklər deyil, həm də idarəetmə fəlsəfəsində çevik və sistemli yanaşmalar tələb olunur. Şamxal Kərimov daxili resursların optimallaşdırılması və kadr potensialının rəqəmsal transformasiyaya uyğunlaşdırılmasının əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, innovasiya təkcə yeni avadanlıqların tətbiqi deyil, eyni zamanda, iş proseslərinin daha səmərəli və çevik qurulması deməkdir.
Elnur İbrahimov isə şəffaflıq və qarşılıqlı etimad prinsiplərinin biznes mühitində əsas dayaqlardan biri olduğunu diqqətə çatdırıb. O bildirib ki, rəqabətədavamlılığın qorunması üçün rəqəmsal həllərlə insani dəyərlərin sintezi vacibdir və tərəfdaşlarla münasibətlər yeni keyfiyyət mərhələsinə yüksəldilməlidir.
Tədbirdə Milli Məclisin deputatı Ziyad Səmədzadə, İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Yadulla Həsənli, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının İdarə Heyətinin sədri Nuriyyə Novruzova, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin nümayəndəsi İlkin Babazadə, eləcə də müvafiq qurumların rəhbər şəxsləri və KİV təmsilçiləri iştirak ediblər. Çıxış edən qonaqlar nəşrin ölkənin elmi-praktik ədəbiyyat bazasına mühüm töhfə olduğunu bildirərək vurğulayıblar ki, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin yeni çağırışlara uyğunlaşdırılması milli təhlükəsizlik baxımından xüsusi əhəmiyyət daşıyır. Qeyd edilib ki, təqdim olunan kitab yalnız nəzəri mənbə deyil, eyni zamanda, praktik fəaliyyətdə qarşıya çıxan məsələlərin həlli üçün konseptual əsas rolunu oynayır. Sonda iştirakçılara kitabın nüsxələri təqdim edilib və mövzu ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, auditorların və maliyyə nəzarəti sahəsində çalışan mütəxəssislərin peşəkar hazırlığının gücləndirilməsi Azərbaycanın beynəlxalq maliyyə reytinqlərində mövqeyinin daha da yaxşılaşmasına və milli iqtisadiyyatın şəffaf əsaslarla inkişafına mühüm töhfə verəcək.