Pandemiya başladıqdan sonra insanlar bu iki xəstəliyi bir-biri ilə qarışdırırlar
Koronavirusa yoluxmanın davam etdiyi hazırkı aylar həm də kəskin respirator virus infeksiyalarının mövsümi artımının daha çox müşahidə edildiyi dövrdür.
COVID-19 pandemiyası başlayana qədər hər ilin payız, yaz aylarında özündə əzələ ağrısı, temperaturun yüksəlməsi, burun axıntısı, boğaz ağrısı kimi əlamətləri görənlər ilk olaraq, qripə, o cümlədən paraqrip, adenovirus kimi kəskin respirator virus infeksiyalarına yoluxmadan şübhələnərdilər. Lakin pandemiya başladıqdan sonra insanlar çox zaman bu iki xəstəliyi bir-biri ilə qarışıq salırlar. Artıq qeyd edilən simptomları daşıyan hər kəs özünə bu sualı verir - görəsən, koronavirusa, yoxsa qripə yoluxmuşam?
Fərq nədədir?
Türkiyənin Tibb Elmləri Universitetinin ağciyər xəstəlikləri üzrə mütəxəssisi Berna Eren Kömürcüoğlu deyir ki, əslində, koronavirus hər il qış aylarında qrip epidemiyası yaradan viral infeksiyadır: “Onlardan biri ancaq daha yeni və mutantdır. Bütün bu xəstəliklərin viral bir infrastrukturu var və buna görə də qarşısının alınması tədbirləri bir-birinə bənzəyir”.
Yeri gəlmişkən qeyd edək ki, insanlar koronavirus, qrip və soyuqdəymənin əlamətlərini bir-birinə bənzətsələr də, həkimlər onların bəzi xüsusiyyətlərinə görə fərqləndiyini açıqlayırlar. Məsələn, koronavirusun simptomları bədən temperaturunun yüksəlməsi, nəfəs darlığı, sinə ağrısı, quru öskürək, iştahsızlıq, yorğunluq, dad və qoxu itkisi, burun tutulması, boğaz, baş, əzələ və ya oynaq ağrısı, ishal, ürəkbulanma və ya qusmadır. Bu simptomlar xəstəliyin gedişatına, orqanizmin fərdi xüsusiyyətlərinə görə dəyişə bilər. Qripin simptomları isə temperaturun yüksəlməsi, baş, boğaz, əzələ ağrısı, yorğunluq, öskürək, burun axmasıdır.
Qrip və koronavirusun simptomları arasındakı ən böyük fərq tənəffüs çətinliyidir. COVID-19-a yoluxmuş şəxsin nəfəs almaqda çətinliyi olur. Koronavirus xəstəliyinin başlanğıcı qrip və soyuqdəymə kimidir. Koronavirus və qrip arasındakı digər fərq birincinin ağciyərlərə çox tez təsir etməsidir, lakin qrip virusunun ağciyərlərə enməsi üçün vaxt lazım gəlir. Koronavirus ağciyərlərə sürətlə endiyi üçün insanda pnevmaniya sürətlə yaranır.
İnsanların qrip kimi bildiyi soyuqdəymənin simptomları daha yüngül olur. Qripin başlanğıcı ani olsa da, soyuqdəymənin simptomları tədricən ortaya çıxır. Temperaturun olması qripdə geniş yayılan simptomdur. Temperatur bir neçə gün ərzində 38 dərəcədən yuxarı qalxa bilər, ancaq soyuqdəymə zamanı nadir hallarda qızdırma müşahidə olunur. Qripə yoluxma zamanı öskürək şiddətli olur, soyuqdəymədə isə öskürək nadir hallarda müşahidə edilir. Əgər müşahidə edilərsə də, o, orta dərəcədə olur. Qrip zamanı baş ağrısı çox olur, soyuqdəymədə isə nadir hallarda müşahidə edilir. Əzələ ağrısı qripə yoluxma zamanı soyuqdəymədən daha çox, eyni zamanda, daha güclü olur.
Qripə yoluxma zamanı geniş rast gəlinən və uzun sürən halsızlıq vəziyyəti soyuqdəymə hallarında çox yüngül olur. Burun axması, asqırma və boğaz ağrısı kimi simptomlara soyuqdəymə zamanı daha çox rast gəlinsə də, qripdə bəzi hallarda ortaya çıxır. Həkimlər soyuqlamanı ciddi xəstəlik saymırlar. Soyuqlama zamanı xəstə dərman qəbul etmədən, istirahətə üstünlük verməklə də sağala bilir. Ancaq xəstədə qrip və koronavirus simptomları daha şiddətli olur və bu zaman həkimin təyinatı üzrə müalicəyə ehtiyac yaranır. Başqa bir əhəmiyyətli fərq odur ki, asqırma, burun tutulması və burun axması kimi əlamətlərə koronaviruslu xəstələrdə çox nadir hallarda rast gəlinir. Koronavirus simptomları bəzən mövsümi allergiya simptomları ilə də qarışdırıla bilər. Onların aralarındakı ən böyük fərq koronavirusa yoluxmuş insanların yüksək hərarətə sahib olmasıdır. Lakin mövsümi allergiyası olan insanların belə bir simptomla qarşılaşması gözlənilmir. Mövsümi allergiyası olan insanların tez-tez asqırdığını, gözlərinin sulu olmasını, burnunun tutulduğunu və ya axdığını görürük. Bu simptomların koronavirusa yoluxmuş insanlarda baş vermə ehtimalı çox azdır.
Hazırkı dövrdə ölümlə nəticələnmə riski daha yüksək olduğu üçün insanlar koronavirusa yoluxmadan daha çox ehtiyat edirlər. Lakin həkimlər qripin də simptomlarına əhəmiyyətsiz baxmamağı tövsiyə edirlər. Çünki bu simptomlar immuniteti aşağı, hər hansı bir xroniki xəstəliyi olan insanlarda, xüsusilə yaşlılarda daha ciddi nəticələrə səbəb ola bilər. Qripə yoluxan insanlar, adətən, 1-2 həftə ərzində sağalırlar. Ancaq xəstəlik kəskinləşdikdə bu, bəzilərində sətəlcəm, bronxit, qulaq infeksiyası kimi digər xəstəliklərə də çevrilə və sonda ikinci bir xəstəlik yaranaraq inkişaf edə bilər.
“Koronavirusa yoluxdumsa, qripə yoluxmaram” deyənlər yanılırlar
Digər tərəfdən, koronavirus kimi qrip də ağır virus hesab edilir, çünki o da sürətlə yayıla, onun da yeni növləri ortaya çıxa bilir. İndiyədək tarixdə üç qrip pandemiyası baş verib ki, bunlar 1918-ci ildə qeydə alınan “İspan qripi”, 1957-ci ildə müşahidə edilən “Asiya qripi” və 1968-ci ildə yayılmış “Honk Kong qripi”dir. Ümumdünya Səhiyyə Təşkilatının koronavirusdan qabaq - 2009-cu ildə elan etdiyi pandemiya da qriplə bağlı olub. A (H1N1) qripinin pandemiyası həmin zaman son 40 ildə ilk dəfə baş verən pandemiya sayılıb. Yeni A (H1N1) qripi virusu ilə törənən qrip əvvəllər heç vaxt insanlar arasında dövr etməyib. Bu virus insanlar arasında daha çox “Donuz qripi” və ya “Kaliforniya qripi” kimi tanınıb. Nəzərə alaq ki, koronavirusla müqayisədə qripdən ölüm nisbəti çox aşağıdır. Buna baxmayaraq, hər il yarım milyondan çox insan qripdən birbaşa və ya dolayı yolla ölür. Buna görə də hazırda qripə də yüngül bir xəstəlik kimi baxmaq lazım deyil. Gələcək aylarda da COVID-19-a yoluxmanın davam edəcəyi proqnozlaşdırıldığı üçün bu xəstəliklərin koronavirusla eyni zamanda yayılmasına yol verilməməsinə çalışmaq lazımdır. Əks halda, bu, daha təhlükəli nəticələrə gətirib çıxarar.
Lakin son zamanlar hər kəsi düşündürən məqamlardan biri də budur - əgər qeyd edilən simptomları özündə müşahidə edən insanların çoxunda COVID-19 xəstəliyi aşkarlanırsa, onda belə çıxır ki, bu halda qripə yoluxma halları azalıb?
Əslində, Ümumdünya Səhiyyə Təşkilatı bu ilin əvvəlində - payız-qış mövsümündə mövsümi qripə yoluxma hallarının rekord səviyyədə azaldığını açıqlamışdı. Qurum bu vəziyyəti COVID-19-un yayılmasının qarşısını almaq üçün dünyada görülən tədbirlər - maska taxmaq, insanların toplaşmasına məhdudlaşdırmanın qoyulması kimi qaydaların tətbiqi ilə izah edib.
Lakin qripə yoluxmanın azalması bu virusun yayılması təhlükəsini yox etməyib. Mütəxəssislər hazırkı pandemiya dövründə koronavirusla qripə yoluxmanın eyni zamanda baş verməsini mümkün sayırlar. Bu halda hər iki xəstəlik daha ağır keçir. Avropa ölkələrində və ABŞ-da belə halların aşkarlandığı zamanlarda klinik mənzərənin daha ağır olduğu öz təsdiqini tapıb.
İngiltərə İctimai Səhiyyə Agentliyi eyni vaxtda həm qripə, həm də koronavirusa yoluxmanın COVID-19-dan ölüm riskini təxminən iki dəfə artırdığını açıqlayıb.
ABŞ alimləri isə soyuq aylarda həm yeni növ koronavirusa, həm də qripə tutulanların sayının artdığını bildirir. Onlar da xəstəxanalardan topladıqları məlumatlar əsasında qripə yoluxmuş koronavirus xəstələrində ölüm nisbətinin iki dəfə artmasını təsdiqləyirlər.
Mütəxəssislər yüksək ölüm nisbətlərinin xüsusilə ciddi risk qrupuna aid olan insanlara şamil edildiyini söyləyirlər. Ancaq bunu da xəbərdar edirlər ki, eyni zamanda həm koronavirusa, həm də qripə yoluxanlar ciddi problemlərlə üzləşə bilərlər. Buna görə də hazırkı vəziyyətdə insanların özünü həm də qripə yoluxmadan qoruması vacibdir.
Həkimlərin qənaətinə görə, “koronavirusa yoluxdumsa, qripə yoluxmaram” deyərək düşünənlər böyük səhv edirlər. Əksinə, virus infeksiyası insanın yuxarı və aşağı tənəffüs yollarının müqavimətini azaldır. Bu səbəbdən tənəffüs yollarında qrip olan xəstənin müqaviməti aşağı düşür. Bu isə onun koronavirusa yoluxduğu zaman aşağı tənəffüs yollarında pnevmaniyanın yaranması imkanlarını artırır.
İlhamə İSABALAYEVA,
“Azərbaycan”