Kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib. Görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev iştirak edib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, nazir görüşdə “Yüksəliş” müsabiqəsini ölkədə idarəçilik potensialına malik şəxslərin aşkarlanması, onların inkişafının dəstəklənməsi və insan kapitalının gücləndirilməsi baxımından mühüm platforma kimi dəyərləndirib. Qeyd olunub ki, bu kimi təşəbbüslər fərdi inkişafı təşviq etməklə yanaşı, ölkədə idarəetmə sahəsinin daha da təkmilləşməsinə, müxtəlif istiqamətlər üzrə güclü idarəçilik bacarıqlarına malik kadrların önə çıxmasına da xidmət edir.
Nazir rəhbərlik etdiyi sahədə həyata keçirilən fəaliyyətlərdən söz açaraq kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, aqrar sahədə müasir yanaşmaların tətbiqi, regionlarda istehsal və məşğulluğun təşviqi istiqamətində görülən işləri diqqətə çatdırıb.
Görüş zamanı ötən ilin qaliblərinin kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbir və təşəbbüslərdə yaxından iştirakı da qeyd olunub. Bildirilib ki, onların aqrar sahə ilə bağlı görüşlərdə, müzakirələrdə və müxtəlif fəaliyyətlərdə iştirak etməsi həm bu istiqamət üzrə biliklərinin genişlənməsinə, həm də praktik idarəetmə baxımından yeni baxışlar qazanmasına töhfə verib. Bu baxımdan Mentorluq Proqramının qaliblərin həm şəxsi, həm də peşəkar inkişafında mühüm rol oynadığı vurğulanıb.
Eyni zamanda, görüşdə qalibləri maraqlandıran suallar cavablandırılıb, kənd təsərrüfatı sahəsində mövcud prioritetlər, gələcək inkişaf perspektivləri, aqrar innovasiyaların tətbiqi, regionların inkişafı və institusional idarəetmənin gücləndirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 2025-ci il dekabrın 10-da müvafiq Sərəncam imzalanıb.