Pakistan paytaxtında keçirilən ilk üzbəüz danışıqlarda ABŞ və İran nümayəndə heyətləri heç bir razılığa gələ bilməyiblər. Əslində,vitse-prezident Cey Di Vensin İrandan güzəştlər əldə edə bilməməsi təəccüblü deyildi: görüşdən əvvəl belə iki tərəf o qədər ziddiyyətli açıqlamalar vermişdi ki, danışıqların mövzusunun dəqiq nə olacağı bəlli deyildi.
Analitiklər qeyd edirlər ki, İslamabad danışıqları fevral ayında Cenevrədə iflasa səbəb olan eyni sxem üzrə dalana dirənib - fərq indi Tehranın əlində güclü silah olan Hörmüz boğazının İranın nüvə proqramına əlavə edilməsi ilə bağlıdır.
İndi Tramp administrasiyası xoşagəlməz variantlar arasında seçimlə üzləşir: Tehranla nüvə proqramının gələcəyi ilə bağlı uzadılmış danışıqlar və ya artıq böyük enerji böhranına səbəb olan müharibənin yenidən başlaması, eləcə də Hörmüz boğazına nəzarət uğrunda uzunmüddətli mübarizə perspektivi.
Bu ssenarilərin hər biri əhəmiyyətli strateji və siyasi mənfi cəhətlərə malikdir.
ABŞ və İran İslamabadda keçirilən danışıqlarda müharibəyə son qoymaq üçün razılığa gələ bilməyiblər və Vens Pakistanı tərk edib. O, danışıqlar barədə az məlumat verərək, iranlılara nüvə proqramına birdəfəlik son qoyulmasını tələb edən bir təklif çatdırdığını, lakin onların bunu rədd etdiyini bildirib.
Vens jurnalistlərə deyib ki, "qırmızı xətlərimizin harada olduğunu və hansı güzəştlər edə biləcəyimizi çox aydın şəkildə bildirmişik, lakin onlar şərtlərimizi qəbul etməmək qərarına gəliblər." O əlavə edib ki, "buradan çox sadə bir təkliflə ayrılırıq: anlamalıdırlar ki, bu, bizim son və ən yaxşı təklifimizdir. Görək iranlılar bunu qəbul edəcəklərmi."
ABŞ Prezidenti Donald Tramp İslamabad danışıqlarına sosial media platforması “Truth Social”da iki paylaşımla cavab verib. Onlarda o, ABŞ-nin "Hörmüz boğazına girməyə və ya çıxmağa çalışan bütün gəmiləri blokada etməyə" başlayacağını və "blokadanın tezliklə başlayacağını" bildirib.
O, "müəyyən bir məqamda" boğazdan sərbəst naviqasiya ilə bağlı razılaşma əldə ediləcəyini, lakin "İran sadəcə "Haradasa bir mina ola bilər" deyərək bunun qarşısını aldı ki, bunu onlardan başqa heç kim bilmir".
Tramp həmçinin "ABŞ Hərbi Dəniz Qüvvələrinə beynəlxalq sularda İrana rüsum ödəmiş hər bir gəmini müəyyən etməyi və saxlamağı əmr etdiyini" və ABŞ Hərbi Dəniz Qüvvələrinin "İranlılar tərəfindən boğaza qoyulmuş minaları məhv etməyə" başlayacağını yazıb.
"İran Hörmüz boğazını açacağına söz verdi, lakin bu vədi qəsdən yerinə yetirmədi", - deyə Tramp bildirib. "Bu, dünyanın bir çox insanı və ölkəsi üçün narahatlıq, pozuntu və əzab yaratdı. Onlar vəd verdikləri üçün bu BEYNƏLXALQ SU YOLUNUN açılması prosesinə ən qısa zamanda başlamalıdırlar!"
Tramp yazıb ki, "görüş yaxşı keçdi, əksər məsələlərdə razılıq əldə edildi, lakin həqiqətən vacib olan bir məsələdə - NÜVƏ - heç bir razılıq əldə olunmadı". "Təxminən 20 saatlıq" danışıqlardan sonra "yalnız bir şey vacibdir - İRAN NÜVƏ AMBISIYALARINDAN İMTİNA ETMƏYƏ HAZIR DEYİL!"
Pakistanda keçirilmiş danışıqlara münasibət bildirən İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İslamabadda razılaşmanın bir addımlığında onlar həddindən artıq tələblər, daim dəyişən məqsədlər və blokada təhlükəsi ilə üzləşiblər.
Əraqçi bu açıqlamanı Amerikanın X şirkətinin sosial media hesabında verib.
Onun sözlərinə görə, İran müharibəyə son qoymaq üçün ABŞ ilə xoş niyyətlə danışıqlara başlayıb.
"Görünür, heç bir dərs çıxarılmayıb. Xoşməramlılıq xoşməramlılıq, düşmənçilik isə düşmənçilik yaradır", - deyə Əraqçi əlavə edib.
Son məlumata görə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran limanlarına daxil olan və ya çıxan bütün gəmilərə qarşı dəniz blokadası elan edib.
Bəyanatda deyilir: "Prezident Donald Trampın göstərişinə uyğun olaraq, CENTCOM qüvvələri 13 aprel Şərq vaxtı ilə saat 10:00-dan etibarən İran limanlarına daxil olan və çıxan bütün dəniz nəqliyyatına qarşı blokadanı tətbiq etməyə başlayacaq".
Onlar tədbirlərin Fars körfəzi və Oman körfəzi də daxil olmaqla, İran limanlarına daxil olan və ya çıxan istənilən ölkənin bütün gəmilərinə "neytral" tətbiq ediləcəyini vurğulayıblar.
Həmçinin, CENTCOM qüvvələrinin İran xaricindəki limanlara gedən və ya çıxan gəmilərin Hörmüz boğazından keçməsinə mane olmayacağı da aydınlaşdırılıb.
"The Wall Street Journal" (WSJ) qəzeti yazır ki, İslamabadda keçirilən danışıqlardan sonra ABŞ və İran arasında razılaşma əldə olunmasa da, diplomatiya qapıları açıq qalır və danışıqların ikinci mərhələsi bir neçə gün ərzində baş tuta bilər.
Nəşr qeyd edir ki, regional ölkələr ABŞ və İranı danışıqlar masasına qaytarmaq üçün səylərini davam etdirirlər. Qeyd olunur ki, danışıqlarda əsas mübahisəli məqamlar Hörmüz boğazından pulsuz gəmiçiliyin bərpası, İranda nüvə proqramının gələcəyi və Tehranın dondurulmuş aktivlərinin azad edilməsidir.
Rizvan CƏFƏROV,
“Azərbaycan”