17 Aprel 2024 08:20
136
İQTİSADİYYAT
A- A+

İxracın təşviqi nəticəsiz qalmır

 

"Made in Azerbaijan" brendi getdikcə daha çox tanınır

 

Müasir dünya iqtisadiyyatında dinamikanın yüksək olmasında iki amil mühüm əhəmiyyətə malikdir - istehsal və satış. Onların bir-birini tamamlaması şərtdir. Elə buna görə də hazırda qlobal miqyasda beynəlxalq bazarlar və ticarət marşrutları uğrunda ciddi mübarizə gedir.
Ölkəmizdə istər dövlət, istərsə də özəl sektorda istehsal edilən məhsulların dünya bazarlarında satılması üçün lazım olan bütün tədbirlər görülür. Bunlardan ən önəmlisi ixracın təşviqidir. İxracı artırmaq üçün isə ilk növbədə qeyri-neft məhsullarının xarici bazarlara çıxışını genişləndirmək lazımdır. O səbəbdən ölkəmizdə dövlət və özəl sektorlara hər cür dəstək verilir. Təkcə 2023-cü il ərzində beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirmək məqsədilə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə müvafiq tədbirlər çərçivəsində 12 anlaşma memorandumu və fəaliyyət planı imzalanmışdır. Ötən il həmçinin bir çox sərgidə xarici tərəfdaşlarla aparılan danışıqlar nəticəsində meyvə, tərəvəz, içki və qənnadı məmulatlarının ixracı ilə bağlı 2 milyon 221 min, "Anuga 2023" sərgisində isə 384 min dollar dəyərində fındıq və konserv məhsullarının ixracı ilə bağlı müqavilələr imzalanmış, bir sıra razılaşmalar əldə edilmişdir.
"Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqi və marketinq fəaliyyətinin dəstəklənməsi istiqamətində xarici ölkələrdə təşkil edilən sərgi və yarmarkalarda fərdi qaydada iştirak etmiş ixracatçılara müvafiq dəstək göstərilmişdir. Belə ki, müxtəlif xarici ölkələrdə təşkil olunan sərgilərdə fərdi qaydada iştiraka dair sahibkarların 41 müraciətinə əsasən, onlara dəstək məqsədilə 208 min manat məbləğində vəsait ödənilmişdir.
Xarici bazarların mövcud vəziyyətinin və gələcək perspektivlərinin ətraflı təhlil edilməsi, ənənəvi bazarlarda ölkənin mövqeyinin daha da möhkəmləndirilməsi, həmçinin bazarlara çıxışın təmin edilməsi məqsədilə sahibkarlar tərəfindən daxil olmuş müraciətlər üzrə keçən il noyabrın 30-da keçirilən müsabiqənin nəticələrinə əsasən, 10 yerli şirkət qalib elan olunmuşdur. İxracatçılardan daxil olmuş müraciətlərə əsasən isə Səudiyyə Ərəbistanına ekozibil və təkrar emal qutusu, cır mərsin, zeytun yağı, Birləşmiş Krallığa qara kürü, Yaponiyaya narşərab, şərab, Almaniyaya təzə xurma, İtaliyaya kanalizasiya lyukları (yağış barmaqcıqları), TLX nəqledici (transportyor) və PL qidalandırıcı qurğuları məhsulları üzrə bazar araşdırmaları sifariş edilmişdir. Sözügedən bazar araşdırmaları yekunlaşdırılaraq cari ilin birinci rübündə ixracatçılara təqdim olunacaq. Bunlardan əlavə, ixracın təşviqi məqsədilə Rusiyanın ən böyük market şəbəkəsi olan "X5 Retali Group"un Azərbaycan nümayəndəliyi yerli şirkətlərlə əlaqələndirilmişdir. AZPROMO-nun dəstəyi ilə bir çox şirkətlə "X5 Retali Group" arasında danışıqlar aparılmış və müqavilələr imzalanmışdır.
Ötən il habelə AZPROMO tərəfindən 80-dən çox sahibkara xarici bazara çıxış, ixrac sənədlərinin əldə edilməsi, bazar araşdırmaları, "Made in Azerbaijan" əmtəə nişanından istifadə qaydaları barədə zəruri informasiya dəstəyi göstərilmiş, onlar müvafiq dövlət qurumları ilə əlaqələndirilmiş, aralarında görüşlər təşkil olunmuş, eləcə də geosiyasi dəyişikliklər səbəbindən sahibkarların üzləşdikləri problemlərin müəyyən edilməsi və aidiyyəti üzrə təqdim olunması istiqamətində tədbirlər görülmüşdür. 
Bütün bunlar təbii ki, səmərəsiz qalmamışdır. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər dünyanın 131 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir. 72 ölkəyə məhsul ixrac olunmuş, 124 ölkədən idxal edilmişlər. Gömrük orqanlarında qeydiyyata alınmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın  statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla cari ilin yanvar ayında xarici ticarət dövriyyəsinin dəyəri 3 milyard 270 milyon, o cümlədən ixracın dəyəri 2 milyard 127,9 milyon, idxalın dəyəri 1 milyard 142,1 milyon dollar olmuş, nəticədə 985,5 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 

Rüstəm KAMAL,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video