Ümummilli Lider Heydər Əliyevin 103-cü
ildönümü Azərbaycan xalqı üçün böyük tarixi və mənəvi əhəmiyyət daşıyan xüsusi
günlərdən biridir. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu olan dahi şəxsiyyət
Heydər Əliyev bütün həyatını xalqına və dövlətinə xidmətə həsr edib, ölkəmizin
müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi və Azərbaycanın
dünyada layiqli yer tutması üçün misilsiz xidmətlər göstərib.
Heydər Əliyev siyasi fəaliyyətinin hər bir mərhələsində,
fərqli ictimai-siyasi, iqtisadi, mədəni və ideoloji şəraitdə xalqımıza və Azərbaycana
ləyaqətlə xidmət edib. Ona görə də xalqımız ən çətin günlərində yenə də Heydər
Əliyevə üz tutdu. 1993-cü il iyun ayının 15-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan
Ali Sovetinin sədri seçilməsi Azərbaycan tarixinə "Milli Qurtuluş
Günü" kimi daxil oldu. 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə
qayıdışı xilaskarlıq misssiyası idi.
1993-cü ilin iyun ayına qədər ölkəmizdə baş
verən hadisələr bir daha Ümummilli Lider Heydər Əliyevin belə bir fikrini təsdiq
edir ki, "müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun
saxlanılması, daimi və əbədi olması bundan da çətindir". Bu çətin və şərəfli
missiyanı öz üzərinə götürən Ümummilli Lider Heydər Əliyev atdığı cəsarətli
addımlarla Azərbaycanı onun müstəqilliyi və suverenliyi üçün yaranmış ən ağır
böhranlı vəziyyətlərdən çıxarmağı bacardı və onun yaşamasını təmin etdi.
Məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində
ölkədə sabitlik yaradıldı, qanunçuluq bərpa olundu və dövlət institutlarının
formalaşdırılmasına başlanıldı.
Ulu Öndərin həyata keçirdiyi müdrik siyasət nəticəsində
Azərbaycan qısa müddət ərzində inkişaf yoluna qədəm qoydu. İqtisadiyyatın dirçəldilməsi,
xarici investisiyaların cəlb olunması, beynəlxalq əlaqələrin genişləndirilməsi
və ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. 1994-cü ildə imzalanan
və tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft müqaviləsi Azərbaycanın gələcək
iqtisadi inkişafının əsasını qoydu. Bu müqavilə sayəsində ölkəmiz dünya
iqtisadi sistemində mühüm mövqeyə sahib oldu, xalqın rifah halının
yaxşılaşdırılması üçün geniş imkanlar yarandı. Heydər Əliyevin müəyyən etdiyi
neft strategiyası bu gün də Azərbaycanın iqtisadi gücünün əsas dayaqlarından
birini təşkil edir.
Heydər Əliyev yalnız siyasi lider deyil, həm də
milli ideologiyanın banisi idi. O, "Azərbaycançılıq" ideyasını dövlət
siyasətinin əsas istiqamətinə çevirdi, milli birlik və həmrəyliyin möhkəmləndirilməsinə
xüsusi önəm verdi. Ana dilimizin qorunması, milli-mənəvi dəyərlərin
yaşadılması, mədəniyyətin və təhsilin inkişafı daim onun diqqət mərkəzində
oldu. Gənclərə xüsusi qayğı göstərən Ulu Öndər onların vətənpərvər ruhda yetişməsini
Azərbaycanın gələcəyi üçün ən mühüm amillərdən biri hesab edirdi.
Bu gün Heydər Əliyev siyasi kursu Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam
etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın sürətlə
inkişaf edən və güclənən dövlətlərindən birinə çevrilib. Son illərdə ölkəmizin
iqtisadi, siyasi və hərbi qüdrəti daha da artıb, beynəlxalq arenada Azərbaycanın
nüfuzu əhəmiyyətli dərəcədə yüksəlib. Dövlət başçısının məqsədyönlü siyasəti nəticəsində
regionların inkişafı təmin edilib, mühüm infrastruktur layihələri həyata
keçirilib, sosial rifah proqramları genişləndirilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən uğurlu ordu quruculuğu siyasəti Azərbaycanın hərbi gücünü ən yüksək səviyyəyə
çatdırdı. Məhz bunun nəticəsində 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük
Vətən müharibəsində Azərbaycan Ordusu tarixi Zəfər qazandı. Ali Baş Komandan
İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan əsgərinin qəhrəmanlığı və
xalqın birliyi nəticəsində torpaqlarımız işğaldan azad edildi. Füzuli, Cəbrayıl,
Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın və xüsusilə Şuşanın azad olunması xalqımızın
qürur mənbəyinə çevrildi. Şuşa şəhərinin azad edilməsi yalnız hərbi deyil, həm
də mənəvi və siyasi baxımdan böyük əhəmiyyət daşıyırdı. 2020-ci il noyabrın
10-da Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu və Azərbaycan öz
tarixi Qələbəsini bütün dünyaya nümayiş etdirdi.
44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm
Qələbə Heydər Əliyevin əsasını qoyduğu güclü dövlət və güclü ordu siyasətinin
parlaq nəticəsi idi. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, bu Zəfərin
təməlində məhz Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf yolu dayanır.
Azərbaycanın ərazi bütövlüyünün və dövlət
suverenliyinin tam bərpası istiqamətində növbəti mühüm addım 2023-cü ildə həyata
keçirilən lokal antiterror tədbirləri oldu. Bir gündən də az davam edən uğurlu əməliyyat
nəticəsində Qarabağ bölgəsində qanunsuz erməni silahlı birləşmələri zərərsizləşdirildi,
separatizmə son qoyuldu və ölkəmizin konstitusiya quruluşu bütün ölkə ərazisində
tam təmin edildi. Bununla da Azərbaycan öz dövlət suverenliyini tam şəkildə bərpa
etmiş oldu. Bu tarixi nailiyyət Prezident İlham Əliyevin qətiyyətli siyasətinin,
Azərbaycan Ordusunun peşəkarlığının və xalq-iqtidar birliyinin növbəti möhtəşəm
təzahürü idi.
Bugünkü müstəqil Azərbaycan ömrünü xalqımızın
xoşbəxt gələcəyinə həsr edən Heydər Əliyevin şah əsəridir. Ərazi bütövlüyü və
suverenliyi tam təmin olunmuş bugünkü qüdrətli Azərbaycan isə İlham Əliyevin əsəri,
Heydər Əliyev ideyalarının təntənəsidir.
Bu gün Azərbaycan Heydər Əliyev ideyaları əsasında
uğurla inkişaf edən, güclü iqtisadiyyata, qüdrətli orduya və yüksək beynəlxalq
nüfuza malik qalib dövlətdir. Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf xətti
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz yeni zəfərlərə
doğru inamla irəliləyir. Azərbaycan xalqı öz böyük Liderinin əziz xatirəsini
daim böyük hörmət və ehtiramla yad edir, onun siyasi irsini gələcək nəsillərə
çatdırmağı müqəddəs vəzifə hesab edir.
Vasif
Qafarov,
Milli
Məclisin deputatı