Orta əsrlər klassik Şərq şeirinin təməl xüsusiyyətlərinin
əsasında təsəvvüfi düşüncə sistemi dayanır
(təsəvvüf - dini və fəlsəfi cərəyandır. İslam dinindəki mənəvi həyatın və əxlaqi
dəyərlərin adıdır). Təsəvvüf təliminin, ona aid məcazlar sistemi və terminlərin
divan şeirinin formalaşmasına böyük estetik təsiri olmuş, poeziyanın xəyal gücü
və dilinin zənginləşməsində sərhədsiz imkanlar açmışdır. Təsəvvüf ədəbiyyatında
yalnız ariflərin bələd olduğu dualist təbiətə malik xüsusi rəmzi obrazlardan istifadə
yolu ilə Allaha bəndəlik, aşiqlik ifadə olunurdu.
Klassik Şərq şeirində təsəvvüf təliminin
məna qazandırdığı yüzlərlə rəmzdən mütəfəkkir şair İmadəddin Nəsimi də geniş istifadə
edərək Yaradıcı qüdrətə, insana, bütün yaradılışa, təriqətə olan sevgi və vurğunluğunu
ifadə etmişdir. Təsəvvüfdə özünün müstəqim mənasından çox fərqli anlamlarda mənalandırılan
məfhumlar sırasında dəniz, sərv, mah-ay, şəbnəm, günəş, bənövşə, gülzar, bülbül
və s. kimi təbiətlə bağlı olan onlarla simvol da yer alır və bunlardan ən geniş
yayılanı gül-qızılgül simvolik obrazıdır. Nəsiminin bütünlüklə eşq və irfanın cazibəsinə
bürünmüş lirikasında bu obrazın ifadəsinə sıx-sıx rast gəlinir:
Nazikim, xubum, lətifim, mehribanım, tazə
gül,
Munisim, canım, rəfiqim, şol vəfadarım mənim.
Yaxud:
Bağrımı
doğrar fəraqın xarı, ey cənnət gülü,
Növbahar olsun, gül olsun, arada xar olmasın.
Dünya mədəniyyəti
və ədəbiyyatında gül-qızılgül simvolu olduqca geniş yayılmış və onlarla bir-birinə
yaxın və tamamilə fərqli mənalandırmalara malikdir. Kulturologiya və ədəbiyyatşünaslıqda
bu simvolika ilə bağlı araşdırmaların nəticələrinə görə belə qənaətə gəlmək olar
ki, qızılgülün dini assosiasiyaları çox vaxt elə mifoloji məna qatı əsasında formalaşır.
Yeri gəlmişkən
qeyd edək ki, klassik Şərq ədəbiyyatında "gül” ifadəsi adətən bizim qızılgül kimi
tanıdığımız çiçəyi bildirir (digər çiçəklər isə öz adları ilə adlanır) və demək
olar ki, yaradıcılığında gül-qızılgüldən bəhs etməyən şair yoxdur. Sonrakı əsrlərdə
düşüncə adamları, ziyalılar tərəfindən tez-tez tənqidlərə məruz qalan "gül” və
"bülbül”ün vəsfi klassik Şərq ədəbiyyatında zahiri gözəllikdən daha artıq ilahi
eşqin tərənnümü üçün vasitə idi.
Gül-qızılgül,
ümumiyyətlə, bütün islami və qeyri-islami mədəniyyətlərdə ilk növbədə sevginin rəmzidir.
İlahi gözəllik və ona duyulan eşqi bildirən gül fiziki gözəlliyin fövqündə, ilahi-metafizik
gözəlliyin, Allahın Camal isminin güldə təcəllisini bildirir. Başqa sözlə, təbiət
(onun bir parçası olan gül) Yaradıcıya işarədir, onun bir zərrəsidir. Nəsimi deyir:
Mövsimi-novruzü neysan aşikar oldu yenə.
Şəhrimiz şeyxi bu gün xoş badəxar oldu yenə.
Qönçədən gül baş çıxardı, saldı üzündən niqab.
Bülbüli-şeyda xətibi-laləzar oldu yenə.
Tədqiqatçı
Səadət Şıxıyeva bu bahariyyəni belə şərh edir: "Novruz günlərinin coşqun əhvali-ruhiyyəsinin
təsiri altında gülün açılmasını üzdən niqabın salınmasına bənzədən şair gizli gözəlliyin
üzə çıxmasının bu şəklini məstlik halı kimi izah edir. Şərabı haram sayan şeyxin
isə məstlik halı təbiətdən alınan və daxili aləmdə duyulan şadlıq hissinin nəticəsidir.
Şair yalnız şeyxi məstliklə əlaqələndirmir, xətib - bülbül də gözəlin eşqinə xütbələr
oxuyur...”
Təsəvvüfə
görə, yeganə mütləq gerçək Yaradandır. Belə olduğu halda onun yaratdıqları sadəcə
Tanrının kölgəsidir. Bu fikir səhihliyi yalnız sufilər tərəfindən qəbul olunan qüdsi
hədislə bağlıdır ki, Davud peyğəmbərin Allaha ünvanlanmış dünyanın yaradılması ilə
bağlı sualına o, belə cavab verir: "Mən gizli bir xəzinə idim, tanınmaq istədim:
insanları və cinləri yaratdım ki, məni tanısınlar”. Bu nöqteyi-nəzərdən yanaşaraq
sufilər dünyadakı bütün yaradılmışları Allahın gizli mahiyyətini üzə çıxarmaq, təcəlli
vasitəsi hesab edirlər. Bu mənada təbiətdə mövcud olan gözqamaşdıran gözəlliyə malik
hər şeydə Yaradanın nurunu görmək mümkündür. Başqa sözlə, dünya onun yaradıcısını
əks etdirən güzgüdür. Aşağıdakı qəzəldə Novruz mövsümü, yəni baharın gəlişi ilə
gülün qönçədən baş çıxarması gerçəklərin gün üzünə çıxması, Tanrı sirrinə vaqif
olmanı bildirir.
Qunc içində qönçə olub dürc olur dürri-Ədən,
Şol çəmən səhnində açılmış baharım xoşmudur?
Vəhdət konsepsiyası
təsəvvüf ədəbiyyatının leytmotivini təşkil edir. Klassik Şərq şeirində qönçənin
vəhdət (birlik), açılmış gülün isə kəsrətə (çoxluğa) işarə etdiyi bəllidir. Kosmoqonik
İslam düşüncəsinə görə, əhədiyyət (birlik, vəhdət) mərtəbəsinin sahibi olan Allah
qönçə kimi sirri yalnız özünə məlum olan gizli aləmdə ikən zatını kəsrətin ilk adı
sayılan Həqiqəti-Məhəmmədiyyə surətində bəlli etmişdir. Beləliklə, beytdə Ədən dürrünün
naz içində qönçə olub sandıqçaya dönməsi tərənnüm olunur və çoxluqda birlik, birlikdə
çoxluq gül simvoluyla ifadə edilir.
"Bahar” kəlməsinin
klassik şeirdəki istifadəsinin sıxlığını vurğulayaraq qeyd edək ki, təbiətin canlanması,
işrət aləmlərinin başlama müjdəsi, yenilik xəbərçisi kimi istifadə edilən bu anlayış
məqamından asılı olaraq müxtəlif cür mənalandırılır: ən geniş yayılanı isə çiçək,
yarpaq, mövsüm, bəzən isə üz-yanaq, ömür mənalarıdır. Bu şeirlərdə "bahar” mövsüm
anlamından daha çox təzəlik və yaşıllıq mənasında işlənir. Təsəvvüfə görə bahar
yalnız təbiətin 4 halından, mövsümlərdən biri deyil; daha çox mənəvi anlam daşıyır.
Belə ki, fiziki mənada təbiətin oyanışı, təzələnmə fəsli olan bahar irfani düşüncədə
ruhun, təfəkkürün yenilənməsi, mənəvi oyanış anlamına gəlir. Bu mənada təsəvvüf
lirikasında baharın seyri bəsirət gözü ilə görülən, batində olana nüfuz ediləndir.
Əgərçi firqətin qışdır ki, əl bərdü ədüvvid-din,
Həqə minnət ki, vəslindən gül açıldı, bahar oldu.
Şair ayrılığı
qış fəslinə bənzədərək, vüsalın təsirindən güllərin açılıb, fəslin bahar olduğunu
qeyd edir. Ümumiyyətlə, təsəvvüf şeirində bahar yenilənmə, qovuşma, sevinc və vüsalı
ifadə etdiyi kimi, qış və payız (xəzan) da əsasən kədər, sonlanma, ayrılıq, ölüm
kimi neqativ hallarla assosiasiya olunur:
Bağrımı doğrar fəraqın xarı, ey cənnət gülü,
Növbahar olsun, gül olsun, arada xar olmasın.
Eşq Yaradanın
atributlarından biri olan gözəllik vasitəsilə təzahür edir. Dünyadakı bütün mövcudat
bu gözəlliyin sübutu, şahididir və varlığı ilə insana hər şeyin yaradanını xatırladır.
Buna görə də gözəllik və sevgi anlayışları təsəvvüf estetikasının vacib aspektləri
olub, bu ədəbiyyatın inkişafını stimullaşdırmağa xidmət etmişlər. Mütəsəvviflər
qızılgüllə yanaşı, bütün çiçəkləri ilahi gözəlliyin təcəllisi olaraq görürlər. Buna
görə də qızılgül qədər olmasa da, digər çiçəklər də klassik Şərq şeirində, o cümlədən
Nəsimi yaradıcılığında müxtəlif müstəqim və rəmzi mənalarda işlənməkdədir:
Ki, çıxdı qönçədən sünbül giriban çak edər məntək,
Dəlindi qüssədən bağrım, sən etmə yürəgim yarə.
Çəmənlər müxtəlif oldu həzar əlvan çiçəklərdən,
Açıldı laləvü nəsrin, şükufə gəldi əşcarə.
Açıldı nərgisü lalə, tutubdur yasəmən çadır,
Söyütlər, ərğəvan titrər, qamışlar mindi ənharə.
Gül-qızılgül
obrazının sevgiliyə - Allah və onun Peyğəmbərinə metafora kimi işlənməsini əsasən
orta əsrlərdən başlayaraq klassik Şərq ədəbiyyatında sıx-sıx izləməkdəyik; üz, yanaq
və dodaqların gülə, qızılgülə, qönçəyə bənzədilməsinə yüzlərlə nümunə var: "gül
üzlü”, "gül yanaqlı”, "gül camalın”, "gül çöhrəli”, "hüsnün güldür” və s. ifadələr
vasitəsilə gülə bənzədilən sima adətən sevgili məhbuba - Allah və onun həbibi Məhəmməd
Peyğəmbərə aid edilir. Nəsimidə də "Şol üzü gül, qaməti sərvü çinarım xoşmudur?”,
"Yanaqları gül, lə'li şəkərbar, kimin var?”, "Səhərdə gül üzün şaha, çü gülşəndə
gülab oynar”, "Ol gözləri nərgis, üzü gül, qaşı kəmanə”, "Ey nərgisi-məstü üzü gül,
bənləri hindu” və bu kimi xeyli sayda digər nümunələrdə bunu müşahidə etmək mümkündür:
Gül yanağın həsrətindən bülbül, ey can aşiqi,
Ah edər gül həsrətindən, biləməz xəndan gəlir.
Və ya:
Can yanağın həsrətindən dəgməniz, olmaz cüda,
Qanda kim görsə güli-tər, bülbüli-zar andadır.
Aşiq məşuqənin
eşqiylə inləsə də, bu sevgidən əsla imtina etməyən, bu əzabları sevgilisinin lütfü
kimi dəyərləndirən fədakar obrazdır. Nə olur-olsun, eşqi uğrunda, vüsal naminə hər
cür əziyyətə qatlaşmağa hazırdır.
Aşiqin divan
ədəbiyyatındakı təmsilçiləri bülbül və pərvanədir. Biri eşqi uğruna inlər, digəri
özünü oda yaxar və uzun sürən çilələr sonda ikisinin də həlakına səbəb olar. Bülbülün
fəryadı sevgilinin camalına həsrət qaldığındandır. Haqq aşiqi vəhdəti simvollaşdıran
gülün bülbülüdür. Bülbül güllə eyni assosiativ cərgəyə aiddir, harada gül varsa,
orada bülbül var. Təsəvvüf poetikasında sonsuz
mənalandırmalara açıq olan gül və bülbül rəmzləri Nəsimi şeirində bəzən rəmzi-irfani, yoxsa real-müstəqim məna daşıdığını
fərqləndirmək çətin olur. Bunun üçün beytləri bütövlükdə mətn kontekstində şərh
etmək lazımdır.
Tədqiqatçı
Y.Babayev gülü təriqət ədəbiyyatında "Tanrı rəhməti və ehsanından insan qəlbində
yaranan fərəh və sevinc” kimi şərh edir. Hz. Peyğəmbərin qızılgül haqqında "Qırmızı
qızılgül Allahın ehtişamının təzahürüdür” fikrini səsləndirdiyi rəvayət edilir.
Başqa bir rəvayətə görə, Hz.Məhəmmədin yerə düşən tər damcısından yaranan qızılgül
onun nişanəsidir. Mötəbər hədis qaynaqlarında gülün-qızılgülün Hz.Peyğəmbərin tərindən
yaradıldığına dair heç bir rəvayətə rast gəlinmir. Ona görə də tədqiqatçıların fikrincə,
güllə bağlı bu yozumlar sadəcə Hz.Məhəmmədə olan sevginin təzahürü olaraq meydana
gəlmişdir. Məşhur "Su” qəsidəsində:
Suya versin
bağiban gülzarı, zəhmət çəkməsin,
Bir gül açılmaz
üzüntək, versə min gülzarə su, -
deyə Füzuli
Hz.Peyğəmbərin üzünü gülə-qızılgülə bənzətməklə bu ehtişam və gözəllikdə gülün bir
daha yetişməsinin mümkünsüzlüyünü bildirir. Nəsimidə isə oxşar fikirlər bu şəkildə
ifadə edilməkdədir:
Nə gül bitdi gülüstanda ki, bənzər uşbu rüxsarə,
Nə bir sərv ola bostanda ki, həmta qəddi-balayə.
Mütəsəvviflər
gülün rənglərinə də fərqli simvolik anlamlar yükləmişlər. Gülün-qızılgülün klassik
şeirdə ən çox alov, yaxud qırmızı rəngin simvolu kimi işlənməsi təsadüfi deyil.
Belə ki, qırmızı qızılgül görünüşü və rəngi etibarilə aşiqin ürəyində açılan yara
kimi simvollaşmışdır. Təsəvvüfdə isə qırmızı qızılgül Allahın izzətinin təzahürünə
bənzədilmiş, ilahi camalın simvoluna çevrilmişdir: bağça və ya çəmənlikdə açılmış
gül alov kimi alqılanır. Çünki yayğın rəvayətə görə, əvvəllər rəngi qırmızı olmamış
qızılgülün ləçəkləri onun tikanından yaralanmış bülbülün qanından qızarmışdır.
Gül-qızılgül
fərqli bir baxış bucağından ömrün qısalığı səbəbiylə dünya həyatının ötəri, keçici,
fani olduğunu da ifadə etməkdədir. Gül bağçası mənasındakı "gülzar” qəlbin fəthi
və açılışını, salikin könlünün mərifət və irfana açılmasını, mənən təmizlənib İlahi
gözəlliyin təcəllisinə hazır hala çatmasını təmsil edir.
Bahar oldu, gəl ey dilbər, tamaşa qıl bu gülzarə,
Buraxdı qönçələr pərdə bəşarət bülbüli-zarə.
Gülzar, gülşən,
gülüstan kimi sözlər gülün olduğu məkanların adıdır və gül bağçası könül açıqlığı,
yaxud kirindən, pasından arınaraq ilahi gözəlliyin yansımasına hazır hala gəlmiş
qəlbi bildirir. Nəsimi qəzəlində də bahar - batində ruhaniyyətin təzahürü, gülzar
- qəlbin səfasıdır.
Təsəvvüf poetikasında
sərvi vəhdəti, gül-qızılgül də kəsrəti təmsil etdiyindən "sərvi-güləndam” kimi ifadələrlə
kəsrət altında gizlənən vəhdət ifadə edilir. Çox sayda olmasa da, Nəsimi lirikasında
da bu ifadəyə rast gəlinir.
Ey gülüstanım, gülüm, sərvi-güləndamım mənim,
Sağərim, şəm'im, şəbistanım, məlayikmənzərim.
Nəticə olaraq
qeyd edək ki, qızılgülün bədii ədəbiyyatda simvol kimi işlənməsi həm Şərq, həm də
Qərb ədəbiyyatında XIX əsrdən etibarən nisbətən azalsa da, müasir dövrə qədər onun
müxtəlif mənalandırmalarına yeri gəldikcə müraciət olunur. Çağdaş dünya ədəbiyyatının
ən məşhur postmodern əsəri hesab olunan "Qızılgülün adı” romanının müəllifi Umberto
Eko romanı haqqında qeydlərində yazır ki, qızılgül simvolik fiqur kimi mənalandırmalarla elə zəngindir ki, demək olar onun mənası yoxdur.
Belə qənaətə gəlmək olar ki, qızılgül simvolu intertekstuallaşaraq sonsuz mənalandırmalara açıq olduğundan bütünlüklə dünya
ədəbiyyatı, xüsusilə poeziyasında, o cümlədən klassik Şərq və Nəsimi şeirində ən
çox müraciət edilən rəmzi obrazlardan olmuşdur.
Baba BABAYEV,
AMEA Nizami
Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru