Son zamanlar həm Azərbaycanın, həm də bütövlükdə Cənubi Qafqazın qlobal geosiyasi proseslər çərçivəsində təhlilinə maraq daha da artıb. Burada iki tendensiya diqqət çəkir. Onlardan biri Azərbaycanın dövlət olaraq nüfuzunun daha da artmasıdır. Bunu Prezident İlham Əliyevin liderlik fəaliyyətinə müxtəlif beynəlxalq dairələr tərəfindən verilən yüksək qiymətin nəticəsi kimi dəyərləndirmək olar. Digər məqam isə geosiyasi strateqlərin Cənubi Qafqazın siyasi statusunun daha geniş miqyasda müəyyən edilməsi ilə bağlı söylədikləri fikirlərlə əlaqəlidir. Bu iki yanaşma kontekstində Azərbaycanın xarici siyasətinin bir sıra xüsusiyyətlərinin təhlili vacibdir.
Cənubi Qafqaz: tarixi-geosiyasi dəyişikliklər
Ekspertlər Cənubi Qafqazın dərin siyasi transformasiyalar mərhələsinə daxil olduğunu, regionda yeni strateji güc balansı və geosiyasi qüvvələr nisbətinin Azərbaycanın xeyrinə dəyişdiyini vurğulayırlar. Onların buna tam əsası var. Regionumuz həqiqi mənada geosiyasi yeniləşmənin növbəti mərhələsinə qədəm qoyub. Bununla Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi qələbənin təsiri ilə formalaşan regional geosiyasi yeniləşmənin bir mərhələsinin başa çatdığını və eyni zamanda proseslərin yeni dinamika aldığını demək olar. Ekspertlər də, əslində, postmüharibə dönəmində regional miqyasda geosiyasi transformasiyanın ikinci mərhələsindən bəhs edirlər. Bu mərhələləri politoloji olaraq belə xarakterizə etmək olar: ilk növbədə, qeyd edək ki, "birinci mərhələ" adlandırdığımız dövr 2020-2025-ci illəri əhatə edir. Regiondaxili geosiyasi mühitdə onun başlıca əlamətinə diqqət yetirməliyik. Belə ki, Azərbaycanın qalib gəldiyi 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda sülh, sabitlik, əməkdaşlıq və təhlükəsizliyin yeni prinsiplərinin formalaşması başa çatıb. Həmin prinsiplərə əsaslanan münasibətlərin yeni sisteminin təsiri ilə Cənubi Qafqaza yönələn kənar pozucu təsirlər, faktiki olaraq, neytrallaşdırılıb. Bununla geosiyasi kontekstdə tarixi dəyişiklik baş verib: Cənubi Qafqazın geosiyasi konfiqurasiyası regionun maraqları üzərində bərqərar olmağa başlayıb. Təşəbbüsün regiondaxili proseslərin nüfuzetmə potensialına keçməsi növbəti mərhələ üçün lazımi baza yaradıb.
İkinci mərhələ 2025-ci ilin payızından başlayıb. Hələlik onun ümumi əlamətlərindən və əsas məqsədindən danışmaq olar. İndiki mərhələnin əsas əlaməti Azərbaycanın Cənubi Qafqazın lider dövləti kimi regional təhlükəsizlik arxitekturasını regionlararası aktor statusunda daha geniş geosiyasi məkanın konfiqurasiyasına sintez etməsidir. Prosesin ümumi geosiyasi əlamətləri sırasında "C6+1" formatının yaradılması və Zəngəzur dəhlizinin (TRIPP) Orta dəhliz kontekstində regional maraqlarla qlobal maraqların uyğunlaşdırılması funksiyasını stimullaşdırmasını qeyd etmək olar.
Yuxarıda deyilənləri ümumi siyasi məntiq çərçivəsində birləşdirmək olar. Birincisi, ekspertlərin bəhs etdikləri yeni geosiyasi transformasiyanın memarı Azərbaycan Prezidenti İlham Əliyevdir. Dövlət başçısının təşəbbüsləri sayəsində həyata keçirilən müxtəlif əməkdaşlıq və təhlükəsizlik formatları beşillik gərgin mübarizədən sonra, demək olar ki, dünyanın böyük gücləri tərəfindən qəbul edilib.
İkincisi, Azərbaycan Cənubi Qafqazın müasir tarixində ilk dövlətdir ki, regional əməkdaşlıq və təhlükəsizlik aspektlərini özündə ehtiva edən vahid "Cənubi Qafqaz evi"nin arxitekturasını yaradır. İndi Gürcüstanın Azərbaycan və Ermənistana və Ermənistanın Azərbaycan və Gürcüstana münasibətinin dinamikasını hər iki dövlətin (yəni, Gürcüstan və Ermənistanın) Zəngəzur dəhlizinə və regional tranzit-nəqliyyat təşəbbüslərinə olan münasibətilə ölçülür. Bu, Azərbaycanın regionda yaratdığı yeni münasibətlər sisteminin motivəedici parametridir. Təbii ki, geosiyasi baxımdan regional münasibətlər sisteminin mərkəzi faktoru Azərbaycanın əsas rolunun təsbit edilməsidir. Bu ümumi prosesin müxtəlif aspektlərinin geosiyasi özəlliklərinə nəzər salaq.
Mərkəzi Asiya: yeni inteqrasiya platforması
2025-ci il noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündəki çıxışında Azərbaycan Prezidenti İlham Əliyev qarşılıqlı münasibətlərə aid bir neçə strateji tezis ifadə edib. Birincisi, "Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər xüsusi xarakter daşıyır". Bu xüsusda dövlətimizin başçısı "çoxəsrlik ortaq tarix, mənəvi və mədəni irs"i ayrıca göstərir. Bu möhkəm və sarsılmaz təməl üzərində "qardaşlıq, dostluq, həmrəylik" bərqərar olub.
İkincisi, Azərbaycan nəinki bu dəyərləri qoruyub saxlayıb, həm də "onlara strateji tərəfdaşlıq xarakterinə malik olan yeni dinamika" verib. Eyni zamanda "Azərbaycan Mərkəzi Asiya ölkələri ilə müttəfiqlik və strateji tərəfdaşlıq" əlaqələrini inkişaf etdirir. Nümunə kimi "birgə investisiya fondlarının yaradılması haqqında müqavilə və bəyannamələr"i göstərmək olar.
Üçüncüsü, bütün bunların məntiqi və real nəticəsi olaraq "Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiondur".
Onu vurğulayaq ki, sonuncu tezis ekspertlərin böyük əksəriyyəti tərəfindən əhəmiyyətli hesab edilir. Amma onu xüsusi qeyd etmək gərəkdir ki, "Azərbaycan+C5" vahid geosiyasi və geoiqtisadi regionunun yaranması Bakının "enerji, əməkdaşlıq və dəhliz" diplomatiyasının sayəsində mümkün olub.
İllərdir ki, Azərbaycan Prezidenti diplomatiyanın bu iki aspektini birləşdirən proqram və layihələr reallaşdırır. Həmin sırada enerjidaşıyıcılarının Qərbə çatdırılmasına yönələn ortaq layihələr xüsusi rol oynayır. Məsələn, "Cənub qaz dəhlizi" (TANAP/TAP) layihəsi Mərkəzi Asiya ölkələrindən təbii qazın Avropaya çatdırılmasını nəzərdə tutur. Bundan başqa, Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) marşrutu üzrə nəqli həyata keçirilir. Son zamanlar Mərkəzi Asiyadan gətirilən malların dəmir və avtomobil yolları ilə Gürcüstana, Ermənistana və Türkiyəyə daşınması xeyli intensivləşib.
Vahid geosiyasi və geoiqtisadi məkanın enerji aspekti ilə yanaşı, dəhliz istiqaməti də intensiv şəkildə gündəmdədir. Orta dəhliz kontekstində Mərkəzi Asiyadan Azərbaycana müxtəlif təyinatlı məhsulların nəqli ayrıca dinamika ilə genişlənir. Bu baxımdan, Prezident İlham Əliyevin Daşkənddə çıxışı zamanı səsləndirdiyi fikir xüsusi əhəmiyyət kəsb edir. Ölkə rəhbəri deyib: "Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir. İlkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik bu dəmir yolu Orta dəhlizin əsas arteriyasına çevriləcək".
"Orta dəhlizin əsas arteriyası"
Azərbaycan Prezidentinin bu ifadəsi bir sıra maraqlı məqamları əks etdirir. İlk növbədə, Zəngəzur dəhlizi Orta dəhliz kontekstində qlobal miqyasda geosiyasi dəyərə malikdir. Buna görədir ki, ona "TRIPP" - "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" da deyilir. Yəni bu yanaşma müstəvisində Zəngəzur regionun coğrafi hüdudlarını aşaraq qlobal əlaqələr miqyasında məna kəsb edir. Bu keyfiyyətdə həmin ərazi həm "Zəngəzur", həm də "TRIPP"-dir. Lakin tarixi-siyasi baxımdan o yalnız Zəngəzurdur. Zəngəzurun bu anlamı onun nəqliyyat dəhlizi kimi özəlliyinə tam uyğundur. Çünki əsrlər öncə Zəngəzur Azərbaycan ərazisi kimi böyük İpək yoluna daxil olub. Hazırkı mərhələdə həmin funksiya yenidən bərpa edilir.
Digər tərəfdən, Zəngəzurun "Orta dəhlizin əsas arteriyası" funksiyasını alması regionda alternativlərin mövcudluğuna da dəlalət edir. Bu kontekstdə Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə ifadə etdiyi aşağıdakı fikir çox əhəmiyyətlidir. Dövlət başçısı demişdir: "Zəngəzur dəhlizi həm Orta dəhliz, həm də "Şimal-Cənub" dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir".
Zəngəzur dəhlizinin işə düşməsi Cənubi Qafqazda işlək tranzit marşrutlarını kənara atmır, əksinə, onlarla birlikdə daha güclü nəqliyyat dəhlizini təşkil edir. Azərbaycan Gürcüstan istiqamətində nəqliyyat-logistikanı, enerji mübadiləsini yeni səviyyəyə yüksəltməyi hədəfləyib. Məsələn, bərpaolunan enerji sferasında Xəzər hövzəsinin imkanlarından Gürcüstan istiqamətində istifadə daha geniş xarakter almaqdadır.
Geniş coğrafiyanı əhatə edən nəqliyyat-logistika sistemində Cənubi Qafqazı xüsusi infrastruktur məkanına çevirmək böyük siyasi-diplomatik hadisədir. Bu prosesi "C5" formatı ilə əlqələndirmək və əslində, onu "C6"-ya çevirmək regional əməkdaşlıqla təhlükəsizlik arxitekturasının yeniləşməsinin sintezinə nail olmaq baxımından əhəmiyyətli nümunədir.
Politoloji aspektdə vurğuladığımız xüsusiyyətlər xarici siyasətin digər istiqamətləri ilə harmoniya təşkil edir. Həmin kontekstdə bir neçə mühüm məqama nəzər salaq.
Diplomatiya: regional miqyasdan qlobal miqyasa keçid nümunəsi
Hər hansı bir dövlətin diplomatik fəaliyyəti yalnız çoxtərəfli olduqda qlobal miqyasda təsir gücünə çevrilir. Bununla yanaşı, müasir diplomatiyada hansı dəyərə üstünlük verilməsi ilə strateji məqsəd arasında sıx bağlılıq olmalıdır. Məsələn, əgər bir dövlət çoxaspektli diplomatiya həyata keçirirsə, həmin aspektlər üçün ortaq məqsədin mahiyyəti vacib faktordur.
Qlobal miqyasda diplomatiyada danışıqlar, dialoq və kompromislər vasitəsilə münaqişələrin dinc yolla həllinə nail olmaq məqsədi qarşıya vəzifə kimi qoyula bilər. Və ya əsas məqsəd milli maraqların qorunması ola bilər. Strateji alyansların yaradılması və beynəlxalq siyasətin koordinasiyası məqsədi də bu sırada ön plana çıxarıla bilər.
Azərbaycanın qlobal miqyasda çoxşaxəli fəaliyyəti əməkdaşlıq və təhlükəsizliyi sülh naminə harmonik təmin etməyə yönəlib. Məlum Vaşinqton razılaşması məhz bu müstəvidə müxtəlif çalarları olan mühüm hadisədir. Azərbaycanın qlobal diplomatiyası sayəsində həm regional miqyasda uzun sürən münaqişəyə son qoyuldu, həm də Azərbaycanın Qərb dövlətləri ilə əməkdaşlığında yeni era başladı. Bu, ABŞ və Avropa istiqamətlərində aydın görünür.
Azərbaycan: ABŞ və Avropanın strateji korrektələri
2025-ci ilin 8 avqustunda Vaşinqtonda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına dair məlum razılaşmalar əldə edildikdən sonra ekspertlər tərəflər arasında yeni bir münasibətlər mərhələsinin başlandığını vurğulayan təhlillər apardılar. Bununla bağlı Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin sosial şəbəkədə paylaşdığı belə bir fikri maraq doğurdu: "Prezident İlham Əliyev müharibədə qalib gəldi - indi isə sülhü qazanır!"
Müharibədə qalib gələn tərəfin postmüharibə mərhələsində sülhü qazanması çox vacib məsələdir. Bu o deməkdir ki, hərb meydanında əldə edilən tarixi zəfəri (tam haqlı və ədalətli bir hadisə idi) diplomatiya cəbhəsində əməkdaşlıq və təhlükəsizlik naminə davamlı prosesə çevirməkdə qətiyyət nümayiş etdirilir. Keçən müddətdə müşahidə etdiyimiz proseslər Hikmət Hacıyevin haqlı olduğunu göstərir. Bu, çoxsaylı faktlarla əsaslandırılan bir hadisədir. Ancaq burada iki nümunəyə diqqət yetirək.
2025-ci ilin sentyabrında Hikmət Hacıyevin Vaşinqtona səfəri oldu. O zaman Azərbaycan Prezidentinin köməkçisi senator Stiv Deyns və Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri, konqresmen Brayan Mastla görüşmüşdü. Müzakirələrdə ABŞ tərəfi "Prezident
İlham Əliyevlə ABŞ Prezidenti Donald Tramp arasında avqustun 8-də Vaşinqtonda keçirilmiş sammitin strateji əhəmiyyətini" ayrıca qeyd etmişdi. Amerika konqresmenləri bununla iki dövlət arasındakı münasibətləri "907-ci düzəliş"dən başlayan böhran dönəminə son qoyub, münasibətlərdə yeni konstruktiv səhifə açmaq niyyətində olduqlarını bəyan etmişdilər. Onlar əmindirlər ki, dəyişiklik "Azərbaycan-ABŞ münasibətləri, həmçinin regional sülh üçün müsbət nəticələr" verəcəkdir.
Digər nümunə, 2025-ci il noyabrın 18-də Bakıda tarixdə ilk dəfə olaraq "Ortaq baxışlar: Strateji tərəfdaşlıq naminə Azərbaycan-ABŞ dialoqu" mövzusuna həsr edilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin Forumunun keçirilməsidir. Bu, birinci forumdur və təbii ki, sonuncu deyildir.
Beyin mərkəzlərinin forumunun keçirilməsi bizim üçün iki aspektdə əhəmiyyətlidir. Vaşinqton, əvvəla, uzun müddətdir Azərbaycana və bütövlükdə türk dövlətçiliyinə qarşı aparılan siyasətə strateji korrektələr edir, ikincisi, bu prosesi əsaslı şəkildə beyin mərkəzlərinin təhlilləri və proqnozları bazasında yenidən şəkilləndirməyə çalışır. Bu zaman Azərbaycanın beyin mərkəzlərinin mövqeyini ciddi surətdə nəzərə alır.
Deməli, ABŞ iki dövlət arasındakı münasibətlərin sonrakı məzmunlaşdırılmasını artıq əlaqələrin qarşı tərəfin mövqeyi fonunda reallaşması xəttinə üstünlük verir. Həmin kontekstdə forumda səsləndirilən iki fikrə nəzər salaq.
Atlantik Konsul Beyin Mərkəzinin Avrasiya şöbəsinin baş direktoru Con Herbst deyib: "Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında keçirilmiş görüşlərin nəticələri həm Azərbaycan, həm də regionun qonşu dövlətləri üçün olduqca uğurlu hesab edilir. ABŞ-Azərbaycan münasibətlərində dönüş nöqtəsi isə Prezident İlham Əliyev, Prezident Donald Tramp və Baş nazir Nikol Paşinyan arasında imzalanan vacib sənəd oldu. Bu, Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin imzalanması üçün mühüm bir zəmin yaradıb".
Avrasiya Təhlükəsizlik və Rifah Proqramının baş direktoru Kamran Bokhari isə müzakirə edilən məsələyə regional kontekstdə yanaşıb. Cənubi Qafqazda geosiyasi güc balansının ciddi şəkildə dəyişdiyini ifadə edən K.Bokhari deyib: "Azərbaycanın müharibədə qazandığı Zəfər regionda yeni reallıqlar yaradıb. Artıq Cənubi Qafqaz özü geniş geosiyasi dəhlizə çevrilə biləcək potensiala malikdir. Bu isə olduqca mühüm məsələdir".
Cənubi Qafqaz "geniş geosiyasi dəhliz" statusunda
Azərbaycandan kənarda yerləşən bir beyin mərkəzinin bu geosiyasi qənaəti çox düşündürücüdür. Bu, hər şeydən öncə, Azərbaycan Prezidentinin postmüharibə mərhələsində həyata keçirdiyi xarici siyasətin uğurlu olduğunun etirafıdır. Yəni dövlət başçısı İlham Əliyev regional miqyasda liderliklə qlobal səviyyədə uğurlu liderliyi sintez edə bilən zəkaya və diplomatik məharətə malikdir. Bu, artıq etiraf edilməkdədir.
Digər tərəfdən, Cənubi Qafqazın "geniş geosiyasi dəhliz" kimi təsnifi yenidir və araşdırılmalıdır. Məsələnin bir tərəfi regionun hansı mənada geosiyasi dəhliz ola biləcəyinin aydınlaşdırılması ilə bağlıdır. Qısa desək, bizcə, yuxarıda adıçəkilən beyin mərkəzi Azərbaycanın Mərkəzi Asiya ilə Qafqaz arasında bütöv geosiyasi mühit yaratdığını nəzərdə tutur və bu mühitin təsiri qlobal miqyasda əhəmiyyətli sayılır. Burada Şərqdən başlayan əməkdaşlıq dəhlizinin Qərbə qədər vahid geosiyasi məkan halına gəlməsi nəzərdə tutula bilər.
Bu məqamı K.Bokharinin forumda ifadə etdiyi aşağıdakı fikrindən duymaq olur. Avrasiya Təhlükəsizlik və Rifah Proqramının (Vaşinqtondakı Nyu Lines İnstitutunun tərkibində fəaliyyət göstərir) baş direktoru vurğulayır ki, Azərbaycan regionda söz sahibi olan bir aktora çevrilib və əlavə edir: "Şimal və Cənub qonşularının strateji çətinliklərlə üzləşdiyi bir zamanda Azərbaycanın xüsusilə vasitəçilik sahəsində mühüm rol oynadığını görürük. Çünki ətraf ölkələr müharibələr və müxtəlif geosiyasi çaxnaşmalardan əziyyət çəkirlər. Azərbaycanın ətrafında proseslər sürətlə dəyişir və bu vəziyyət ölkə üçün yeni imkanlar yaradır. Düşünürəm ki, Azərbaycan bu imkanlardan uğurla istifadə edir".
Xatırladaq ki, K.Bokhari fəlsəfə doktorudur və uzun müddətdir ki, ABŞ-də strateji araşdırmalarla məşğuldur, bir neçə maraqlı əsərin müəllifidir. Geosiyasi tədqiqat sahəsində kifayət qədər təcrübəyə malikdir.
Mühüm geosiyasi mövqe
Azərbaycan Prezidentinin fəaliyyətinin bütövlükdə Cənubi Qafqazı yeni geosiyasi status səviyyəsinə yüksəltdiyi artıq hər kəs tərəfindən etiraf olunan gerçəklikdir. Bu proses şərq, qərb, cənub və şimal istiqamətlərində böyük dövlətlər tərəfindən qəbul olunur və ona münasibətləri də ümumilikdə konstruktivdir. Bu sırada ABŞ və Avropanın Azərbaycana yönəlik siyasətində müsbətə doğru dəyişikliklər göz qabağındadır. Rusiya kifayət qədər ehtiyatlı mövqe nümayiş etdirir.
İran ümumən Azərbaycana münasibətdə daha pozitiv mövqe tutmağa meyillənib. Türkiyə isə strateji müttəfiq və tərəfdaş kimi Azərbaycanın regional miqyasda daha böyük uğurlar qazanması üçün mümkün olan hər şeyi etməkdədir. Pakistan getdikcə daha sıx şəkildə Azərbaycan-Türkiyə tandemini dəstəkləyir və bu proses yüksələn xətlə inkişaf edir.
Mərkəzi Asiya vahid "6" formatında Azərbaycanla bütövləşməklə strateji niyyətini ifadə etmiş oldu. Bu formatın Cənubi Qafqazın "genişlənmiş geosiyasi dəhliz" statusuna yüksəlməsində prinsipial əhəmiyyəti danılmazdır.
Beləliklə, Azərbaycan müasir dövlətçilik tarixində mühüm geosiyasi mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin titanik fəaliyyətinin sintezi olan bu nəticə ölkəni növbəti uğurlara aparacaq. Azərbaycan xalqı və türk dünyası bu uğuru çox yüksək qiymətləndirir!
Kamal ADIGÖZƏLOV,
siyasi analitik