İnsan arzusuna işıq tutanda, qarşısına bir məqsəd qoyanda istəyinə çatır. Bunun üçün qətiyyətli olmalısan. İlk növbədə özünə güvənməlisən. Ən başlıcası isə məqsədinə çatmaq üçün inamlı olmalısan. İnam insana güc verir. Arzu isə yuxu kimi bir şeydir. Onu reallaşdırmaq üçün gərək əziyyət çəkəsən, gecəni gündüzünə qatasan. Nə uğrunda mübarizə apardığını biləndə qarşına çıxan maneəni aşmaq da çətin olmur. Nəhayət, uğur insanın üzünə gülür.
O, danışdıqca həvəslənir, gələcəyinə böyük ümidlə baxır. Həm də deyir ki, tez məşhurlaşmaq yox, elmimlə vətənimə daha çox xidmət etmək istəyirəm.
Həmsöhbətimiz Mehriban Nağıyeva kimya üzrə fəlsəfə doktorudur. Elm və təhsil sahəsində xüsusi fərqləndiyinə görə, bu il Prezident mükafatına layiq görülüb. Gənc alim deyir ki, indiyədək ən yüksək diqqət və qayğıya layiq görülüb və bundan sonrakı fəaliyyətində bu etimadı doğrultmaq üçün bütün səy və bacarıqlarını əsirgəməyəcək. M.Nağıyeva daha sonra əlavə edir: "İşimin ən sevdiyim yönü - çoxsahəli olmasıdır. Kimya sənayesində - müxtəlif kimyəvi proseslərlə yanaşı, proseslərin proqramlaşdırılmasını, optimallaşdırılmasını, avtomatlaşdırılmasını təmin edən və dünya standartlarına uyğun olan ümumi texnoloji avadanlıq və üsullar haqqında öyrənmək və yeni bilik və bacarıqlara yiyələnmək imkanı olmasıdır".
Mehriban Vidadi qızı Nağıyeva əslən Goranboy rayonunun Qaşaltı kəndindəndir. 2011-ci ildə Bakı şəhərində 32 saylı orta məktəbi bitirib. Elə həmin ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının Kimya fakültəsinə qəbul olub. 2015-2017-ci illərdə magistratura pilləsində təhsilini davam etdirib. Dövlət xətti ilə Moskva şəhərinə ezam olunan gənc kimyaçı Rusiya Elmlər Akademiyasının A.V.Topçiyev adına Neft-Kimya Sintezi İnstitutunda "Neft qatranlarının hopdurulmuş sənaye və hopdurulmamış nanoölçülü heterogen katalizatorlar üzərində hidrogenləşməsi" mövzusunda elmi işi üzərində tədqiqatlar aparıb. Gənc alimin elmi məqalə və tezisləri yüksək indeksli jurnallarda dərc olunub.
Mehriban Nağıyeva daim elmi axtarışdadır. "Elmin zirvəsinə gedən yolun tez və asan olmadığını bildiyimə görə, gecəmi-gündüzümə qatıram. Çalışıram ki, mənə olan inamı, ümidi və etmadı doğruldum", - deyə o bildirir.
2018-ci ildə AMEA NKPİ-nin doktoranturasının əyani şöbəsinə daxil olan Mehriban Nağıyeva "Fenolun tsikloheksenkarbon turşularının metil (etil) efirləri ilə alkilləşmə məhsullarının azot, fosfor tərkibli törəmələrinin sintezi və xassələrinin tədqiqi" elmi işi üzərində çalışaraq tədqiqatlarında fenolun yeni katalitik sistemlərdə mürəkkəb tsiklik efirlərlə tsikloalkilləşmə reaksiyalarının tədqiqi və alınmış məhsulların azot və fosfortərkibli törəmələrinin sintezi və müxtəlif yağlarda və yanacaqlarda antioksidant kimi sınaqları uğurla yerinə yetirərək vaxtından qabaq 12 oktyabr 2021-ci ildə neft kimyası ixtisasında kimya elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Biz AMEA-da olanda Neft-Kimya Prosesləri İnstitutunun aparıcı elmi işçisi vəzifəsində çalışan gənc alim Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Rusiya Federasiyasının Xantı-Mansiysk Muxtar Vilayətində təşkil olunmuş "VI Beynəlxalq Gənclərin" elmi-praktiki forumundan yenicə qayıtmışdı. Öyrəndik ki, 29 yaşlı gənc alim Mehriban Nağıyeva iştirak etdiyi forumda daha bir uğura imza atıb. Alimin "Dizel yanacağı və yağlara yüksək effektiv kimyəvi əlavələrin alınması üçün aşağı oktanlı benzinin pirolizinin C4-C5 fraksiyalarının istifadəsi" adlı təqdim etdiyi lahiyə və aparılan tədqiqatların nəticələri Rusiya Federasiyasının nüfuzlu ekspertləri tərəfindən dəyərləndirilərək mükafata layiq görülüb.
Elmin zirvəsinə doğru uğurla addımlayan gənc kimyaçı alimin indiyə kimi 53 elmi əsəri, o cümlədən 4 Azərbaycan və 1 Avrasiya patenti, 3 monoqrafiyası, 21 məqaləsi dərc olunub. Apardığı tədqiqat işlərinin nəticələri müxtəlif beynəlxalq və respublika səviyyəli konfranslarda məruzə olunub.
Mehriban Nağıyeva deyir ki, bəlkə də ona vaxtında lazımi diqqət, qayğı göstərilməsəydi, bu uğurları qazana bilməzdi, həvəsdən düşərdi: "Bu gün gənc alim kimi mənə göstərilən diqqət və qayğıya, əldə etdiyim bu nailiyyətlərə görə Neft-Kimya Prosesləri İnstitutunun rəhbərliyinə, Elm və Təhsil Nazirliyinə, eləcə də Gənclər və İdman Nazirliyinə təşəkkür edir və minnətdarlığımı bildirirəm".
Elşən QƏNİYEV,
"Azərbaycan"