Azərbaycanın balanslaşdırılmış və çoxvektorlu xarici siyasət kursu ölkəmizin regionda və qlobal miqyasda etibarlı tərəfdaş kimi mövqeyini hər zaman möhkəmləndirib. Beynəlxalq münasibətlər sistemində yaranan yeni reallıqlar fonunda Bakı dünyanın aparıcı dövlətləri, o cümlədən Cənubi Asiyanın güc mərkəzləri ilə qarşılıqlı hörmət və milli maraqlara əsaslanan əlaqələrin qurulmasına xüsusi önəm verir. Bu kontekstdə Azərbaycan-Hindistan münasibətlərinin inkişaf dinamikası və tərəflər arasında siyasi-iqtisadi dialoqun dərinləşməsi xarici siyasətin prioriteti olan istiqamətlərdən biridir.
Milli Məclisin deputatı Kamran BAYRAMOV qəzetimizə açıqlamasında dedi ki, Hindistanın xarici işlər nazirinin Azərbaycana rəsmi səfəri iki ölkə arasındakı diplomatik və iqtisadi münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmək baxımından müstəsna əhəmiyyət kəsb edir: “Son illərdə regional geostrateji reallıqlar və tərəflərin fərqli xarici siyasət prioritetləri fonunda Azərbaycan-Hindistan əlaqələrində müəyyən dərəcədə durğunluq və soyuqlaşma müşahidə olunmaqda idi. Lakin beynəlxalq arenada baş verən dinamik dəyişikliklər və yeni nəqliyyat-logistika dəhlizlərinin aktuallaşması tərəflər arasında qarşılıqlı dialoqun bərpa olunmasını zəruri etdi. Bu gün iki ölkə arasında enerji, ticarət, informasiya texnologiyaları və humanitar sahələrdə geniş əməkdaşlıq potensialı mövcuddur. Xüsusilə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi layihəsində Azərbaycanın strateji tranzit qovşağı kimi oynadığı rol Hindistan üçün böyük iqtisadi marşrut imkanları yaradır. Xarici işlər nazirinin səfəri də məhz mövcud fikir ayrılıqlarını aradan qaldırmaq, diplomatik kanalları yenidən fəallaşdırmaq və ikitərəfli münasibətləri konstruktiv məcraya yönəltmək məqsədi daşıyır. Mövcud soyuqlaşma dövrünün arxada qalması və yüksəksəviyyəli kontaktların intensivləşməsi göstərir ki, həm Bakı, həm də Dehli qarşılıqlı maraqlara söykənən praqmatik əməkdaşlıq modelinin tərəfdarıdır. Bu səfər Azərbaycan-Hindistan münasibətlərində yeni bir səhifənin açılmasına və ticarət-iqtisadi əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə zəmin yaradır”.
Deputat diqqətə çatdırdı ki, Azərbaycan və Hindistan arasında əlaqələr, eyni zamanda, dərin tarixi-mədəni əsaslara söykənir. Hər iki ölkə qədim sivilizasiya ənənələrinə, zəngin mədəni irsə və uzunmüddətli tarixi təmaslara malikdir. Əsrlər boyu ticarət yolları vasitəsilə formalaşmış bu münasibətlər xalqlarımız arasında mədəni mübadilənin inkişafına da öz töhfəsini verib. Bu kontekstdə Bakı yaxınlığındakı Atəşgah məbədi Azərbaycan və Hindistan xalqları arasındakı qədim tarixi-mədəni əlaqələrin ən mühüm nümunələrindən biridir. “Ölkələrimiz arasında münasibətlərin inkişafında iqtisadi amilin rolunu nəzərə alsaq, enerji sektoru xüsusi yer tutur. Hindistanın “ONGC Videsh” şirkətinin “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda və Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsində iştirakı ikitərəfli iqtisadi əməkdaşlığın konkret nəticələrindəndir. Bu layihələr Hindistan şirkətlərinin Azərbaycanın enerji sektoruna olan marağını və tərəflərin uzunmüddətli tərəfdaşlıq qurmaq imkanlarını nümayiş etdirir. Eyni zamanda, enerji sahəsində formalaşmış təcrübə gələcəkdə digər iqtisadi istiqamətlər üzrə də əlaqələrin genişləndirilməsi üçün möhkəm bünövrə rolunu oynayır”, – deyə deputat əlavə etdi.
K.Bayramov qeyd etdi ki, Azərbaycan-Hindistan münasibətlərinin gələcək perspektivləri yalnız ənənəvi iqtisadi sahələrlə məhdudlaşmır. Rəqəmsal texnologiyalar, proqram təminatı, elektron xidmətlər və innovasiya sektoru əməkdaşlığın şaxələndirilməsi üçün geniş imkanlar yaradır. Hindistanın informasiya texnologiyaları sahəsində topladığı zəngin təcrübə Azərbaycanın rəqəmsal transformasiya və iqtisadiyyatın modernləşdirilməsi hədəfləri ilə üst-üstə düşür. Bu istiqamətdə mütəxəssis hazırlığı, texnologiya transferi, innovativ həllərin tətbiqi və biznes subyektləri arasında əlaqələrin gücləndirilməsi qarşılıqlı faydalı tərəfdaşlığın inkişafına mühüm təkan verə bilər.
Deputat bildirdi ki, beynəlxalq gündəlikdə baş verən dinamik dəyişikliklər Azərbaycan və Hindistan arasında çoxtərəfli əməkdaşlıq üçün yeni imkanlar yaradır: “Belə ki, Qlobal Cənub ölkələrinin inkişaf prioritetləri ətrafında aparılan müzakirələr tərəflərin ortaq maraqlarını müəyyənləşdirmək və beynəlxalq platformalarda fikir mübadiləsini genişləndirmək baxımından xüsusi əhəmiyyət kəsb edir. Ümumilikdə, Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarın Baş nazir Narendra Modinin tapşırığı əsasında Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini qiymətləndirmək baxımından mühüm siyasi addımdır. Tərəflər qarşılıqlı hörmət və suverenlik prinsiplərinə söykənərək yeni diplomatik və geoiqtisadi prioritetləri müəyyənləşdiriblər. Siyasi təmasların iqtisadi, texnoloji və humanitar sahələrdə konkret nəticələrlə möhkəmləndirilməsi Azərbaycan ilə Hindistan arasında münasibətlərin daha geniş məzmun qazanmasına və uzunmüddətli tərəfdaşlıq imkanlarının artmasına xidmət edəcək”.
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”