Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) aprelin 16-da, mayın 1-də və 7-də 94 dövlət orqanında inzibati vəzifələrin V-VII təsnifatlarına uyğun olan 1005 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan etmişdir. Aprelin 16-da və mayın 1-də elan edilmiş müsabiqələr üzrə qeydiyyat başa çatmışdır. Mayın 7-də elan edilmiş müsabiqə üzrə qeydiyyat isə iyunun 6-da başa çatacaqdır.
Dövlət Komitəsindən AzərTAc-a bildirmişlər ki, indiyə kimi 5446 namizəd qeydiyyatdan keçmişdir. Ən çox namizəd qeydə alınan dövlət orqanları Ekologiya və Təbii Sərvətlər Nazirliyi (502 nəfər), Əmlak Məsələləri Dövlət Komitəsi (446 nəfər), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (429 nəfər), Təhsil Nazirliyi (394 nəfər), İqtisadi İnkişaf Nazirliyi (324 nəfər) və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (390 nəfər) olmuşdur.
Vakant vəzifə üzrə ən böyük müsabiqə vəziyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2 saylı Bakı "ASAN xidmət" mərkəzinin vətəndaşların qəbulu işinin təşkili sektorunda baş məsləhətçi (250 namizəd), vətəndaşların hüquqlarının təminatı sektorunda baş məsləhətçi (145 namizəd), Təhsil Nazirliyinin ali və orta ixtisas təhsili şöbəsində aparıcı məsləhətçi (215 namizəd), İqtisadi İnkişaf Nazirliyinin daxili nəzarət şöbəsi, daxili audit və monitorinq sektorunda aparıcı məsləhətçi (145 namizəd), DQMK-nın dövlət qulluğuna kadrların seçilməsi şöbəsində aparıcı məsləhətçi (133 namizəd), Mədəniyyət və Turizm Nazirliyinin elm və təhsil şöbəsinin elmi-metodiki sektorunda məsləhətçi (117 namizəd) və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin magistratura üzrə yoxlama-ölçmə materiallarının işlənməsi sektorunda məsləhətçi (108 namizəd) vəzifələri üzrə olmuşdur.
Müsabiqənin test imtahanı 2013-cü il iyunun 6-dan ilk olaraq DQMK üzrə başlayır. Test imtahanlarının keçirilmə ardıcıllığı ilkin mərhələdə inzibati vəzifələrin V təsnifatları üzrə, sonrakı mərhələdə isə inzibati vəzifələrin VI-VII təsnifatı üzrə nəzərdə tutulmuşdur. Test imtahanı qrafiki komissiyanın rəsmi internet saytında (www.dqmk.gov.az) yerləşdirilmişdir.
Təqdim edilən qrafikdə namizədlər dövlət orqanları üzrə iddia etdikləri inzibati vəzifələr üçün nəzərdə tutulmuş test imtahanı tarixini və vaxtını aktiv etməklə öz adlarını tapa bilərlər. Komissiyada mobil telefon nömrəsi və elektron poçt ünvanı qeydə alınmış namizədlərə test imtahanının keçirilmə vaxtı barədə qısa SMS və elektron məktub göndəriləcəkdir.
Test imtahanının kompyuter vasitəsilə keçirilməsini təmin etmək məqsədi ilə namizədlər komissiya tərəfindən hazırlanmış "Test imtahanı" sistemi ilə www.dqmk.gov.az saytında ətraflı tanış ola bilərlər.
Müsabiqənin test imtahanı mərhələsi zamanı namizədlərin Azərbaycan dili, tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri, qanunvericilik, informasiya texnologiyaları sahələri və məntiqi düşünmə qabiliyyəti üzrə bilikləri yoxlanılacaqdır.
Namizədlərin imtahana daha yaxşı hazırlaşmaları üçün komissiyanın tərtib etdiyi test imtahanı proqramları və metodiki vəsait, eləcə də onların tərtib edilməsində istifadə olunan ədəbiyyat siyahısı komissiyanın rəsmi internet saytında yerləşdirilmişdir.
Test imtahanlarının nəticələri imtahan başa çatdıqdan sonra qısa müddət ərzində namizədlərə təqdim ediləcəkdir. Eyni zamanda, nəticələr komissiyanın rəsmi internet saytında yerləşdiriləcəkdir.