Novruz bayramında bir-birindən rəngarəng oyun və tamaşalar göstərilir. Bunların içərisində atçapma, qılıncoynatma, kəməndatma, zorxana, əyləncə, kəndirbaz, sim pəhləvanı, masqara və fərdi tamaşalar xüsusi yer tutur. Həmin tamaşalarda oxunan nəğmələr özünəməxsus oynaq vəznə malikdir.
"Cıdır tamaşaları" Novruzda xüsusi yer tutur. Bu tamaşaların icraçıları əsasən igid, cəngavər cavanlar olardı. Onlar arasında yaxşı at çapmaq igidlik hesab edilərdi. Yaxşı atçapanların baxışına elat çıxardı. Cıdırda qalib gələnə el içində böyük ehtiram bəslənərdi. Sonralar xalqın bir sıra mərasimləri - adqoyma, bəylikvermə, qızseçmə və s. cıdır tamaşaları ilə sıx əlaqələndirilmiş, cıdır xalq məişətini geniş lövhələrdə əks etdirən kütləvi meydan tamaşasına çevrilmişdir.
Novruz bayramında cıdır həvəskarları, xüsusən atları cıdıra hazırlayan cavanlar, onların yaxın adamları, bəzən də sevdiyi qızlar müxtəlif nəğmələr oxuyardılar. Bu nəğmələrdə uğur dilənər, ata yaxşı qaçış arzulanardı.
Cıdır nəğmələrinin elələri var ki, onlar cıdır tamaşalarının etnoqrafik cizgilərini əks etdirir.
Hər ovqatlı,
Yel qanadlı,
Asta tullat
Çapanları.
Bər-bəzəkli,
Ər şövkətli
Ağ köhlənim,
Dağ köhlənim,
Çap tozuna
Yel yetişsin.
Sığallayıb
Gözlərini,
Görüşünə
El yetişsin.
Yarıda qoy
Çapanları.
Qoy sancsınlar
Xan ağamın
Yapıncına
Xan cıdırın
Çələngini,
Qız-gəlinlər
Yarı yolda
Qoysun yerə
Səhəngini,
Hər övqatlı,
Yel qanadlı,
Çap, köhlənim,
Çap, köhlənim...
Növruz günlərində keçirilən cıdıra hazırlıq kiçik çillədən başlanardı. Deyərdilər ki, kiçik çillənin ilk günü sübhdən suvarılan at cıdırda dala qalmazmış.
Cıdırqabağı atlar qaşovlanar, təmizlənər, nallanar və bəzədilərdi. Cıdır atları üçün xüsusi mis zınqırovları olan yüyənlər düzəldilər, qotazlı yəhərüstülər, xalçalar toxunardı. Saçaqlı və qotazlı toxumalar cıdır atlarına xüsusi gözəllik verərdi. Cıdır atlarını bəzəyən əsas rənglərdən biri qırmızı rəng idi. Qırmızı qotazlar və parçalar üzərinə üzərlik sancılardı.
Cıdır ya səhər, ya da günortadan sonra başlanardı. Daha əvvəllər cıdırlar çay kənarında, düzən yerlərdə keçirilərdi. Həmin gün elat bayram edərdi. Xonçalar düzülər, şamlar yandırılardı. Novruza düşən cıdırlar daha təmtəraqlı keçirilərdi. Cıdır vaxtında zurna, balaban, qaval çalınar, bəzən də tüfəng atılardı.
Cıdır tamaşaları atçapma ilə başlanardı. Atçapma qurtarandan sonra atoynatma başlayardı. Məşhur atçapanlar öz atlarını oynadardılar. Tamaşaları daha maraqlı etmək üçün cıdırçılardan sonra ox atanlar meydana çıxardı. Oxatanlar da at üstündə çapar, at çapa-çapa hədəfi nişan alardılar. Oxatanlar cıdıra yüngül geyimdə çıxar, atlarını bəzəyər, başlarına qırmızı və mavi fəs qoyardılar. Oxatanların atlarının zər-zibalı zınqırovundan və oxlarından qırmızı parça asılardı. At üstündə oxatanlar da müxtəlif oyunlar göstərərdilər. Qırx oxu bir həlqədən keçirmək, göyə alma atıb onu havada vurmaq peşəkar oxatanların məharətini nümayiş etdirməyin yaxşı nümunələrindən olmuşdur. Bu vaxt cıdıra çıxan cavanlar öz nişanlarını tərifləyən nəğmələr oxuyardılar.
Cıdır tamaşalarında oxatanlar içərisində bəzən qızlar da olardı. Lakin onlar kişi paltarında olduğundan başqa oxatanlardan o qədər də seçilməzdilər. Bu tamaşalarda oxatanların yaxın adamları tərəfindən oxunan bu nəğmələrdə oxatana uğur arzulanardı:
Naz satan oğlan,
Ox atan oğlan,
Oxun hədəfə dəysin,
Boşalmasın kamanın,
Sevinməsin yamanın,
Uğur gəlsin baxtına,
Qurban kəsim taxtına.
Hazırladı:
İradə ƏLİYEVA,
"Azərbaycan"